525.Az

Muğam irsimizin yeni səhifələri aşkarlanır


 

Muğam irsimizin yeni səhifələri aşkarlanır<b style="color:red"></b>

Son dövrdə Gallica (gallica.bnf.fr) Fransa Milli Kitabxanasının və onun tərəfdaşlarının rəqəmsal kitabxanasında Azərbaycan xanəndələrinin PATE firmasının 20-ci əsrin əvvəllərində yazdığı qrammofon vallarını axtardıq. Onu qeyd edək ki, Gallica 1997-ci ildən onlayn rejimdə fəaliyyət göstərir və müəyyən sənəd, yazılara onlayn baxmaq, dinləmək imkanı verir. Düzdür ki, kitabxananın səs yazıları bölməsində Azərbaycan xanəndələrinin səhvən başqa ölkələrə aid olduğu yazıldığı, adların, yazıların dilinin (fars, erməni, tacik) düzgün qeyd edilməməsi səbəbindən onların axtarışında böyük çətinliklər yaşanır.

Məlumdur ki, PATE firması Məşədi Məhəmməd Fərzəliyev Şuşalı, Keçəçi oğlu Məhəmməd, Cabbar Qaryağdı oğlu, Məşədi Hilal Zeynalov, Aslan Səfərov, Məşədi Qafar kimi bir çox məhşur xanəndələrimizin səs yazılarını 1907-ci ildə qrammofon vallarına yazıb.

Gallicanın səs yazılarını onlayn dinləmək imkanı verən hissəsinə cədvəldə verilmiş 16 qeydə rast gəldik. Bunlardan sıra nömrəsi 1 və 12-ci səs yazıları Azərbaycan Respublikası Dövlət Səs Yazıları Arxivində mövcuddur. Qalan 14 səs yazısı bizim arxivlərdə yoxdur.

Bəzi dəqiqləşdirmələrə də ehtiyac duyulur. Məsələn, Mamud Behbudov Şuşinski kimi qeyd edilən səs yazılarının Məcid Behbudova, Kasım Abdulov kimi qeyd edilmişin isə Qasım Abdullayevə aid olduğunu düşünürük. Cədvəldə 9-cu sırada yazılmış Məhəmməd Zeynal "Şikəstə" səs yazısının əvvəlində "oxuyur Məhəmməd, tarda çalır Zeynal" kimi səs yazısı olduğu üçün oxuyanın Keçəçi oğlu Məhəmməd, tarzənin Məşədi Zeynal Haqverdiyev olduğu qənaətinə gəldik və ona görə cədvəldə yuxarıda qeyd etdiyimiz adları dəyişdirdik.

Cədvəldən göründüyü kimi, Gallica səhifələrində onlayn dinləmək imkanı olan 16 yazıdan dördü Aslan Səfərova, dördü Məcid Behbudov Şuşalıya, biri Keçəçi oğlu Məhəmmədə, beşi Məşədi Hilal Zeynalova, ikisi Məşədi Qafara (qəzəlləri farsca oxuyur) və biri Qasım Abdullayevə aiddir. Məcid Behbudov və Keçəçi oğlu Məhəmməd muğam tədqiqatçılarımız tərəfindən geniş tədqiq edilib. Qasım Abdullayev haqqında Savalan Fərəcovun  "Elə bil "Zabul" muğamı ilə əkiz yaranmışdı..." adlı məqaləsi var. Çox maraqlıdır ki, səsi xarici formalar tərəfindən yazılıb saxlanlılan, yəni dövrünün məşhur xanədəsi olmuş yuxarıda adı çəkilənlərdən Aslan Səfərov, Məşədi Hilal Zeynalov, Məşədi Qafarın bioqrafiyaları haqqında məlumat, demək olar ki, yoxdur. Bu sahədə məlumatı olanlardan xahiş edərdik ki, bizə bildirsinlər. Son dövrlədə Məşədi Qafarla bağlı müəyyən ipucularımız mövcuddur. Hazırda həmin faktları arxivlərlə dəqiqləşdirmək üçün səy göstəririk. 

Bu tapdıqlarımız Fransa Milli Kitabxanasında saxlanılan PATE firmasının qrammofon vallarının ancaq onlayn baxmağa imkan verilən hissəsidir, əminik ki, bu, fondda olanların kiçicik bir hissəsidir. Qalan valları Fransa Milli Kitabxanasına gedib orada işləyib tapmaq olar.

Sıra №-si

Arxivin adı

Arxiv  №

İstehsal №-si

Fono sənədin adı

İfaçı və müşaiyət edən

1

Fransa Milli Kitabxanası

 AP-1796

25323, 25324

Mənsuriyyə, Söylə bir görək

Aslan Səfərov, tar, kamança  

2

Fransa Milli Kitabxanası

 AP-1792

25360, 25361

Rəhab hindi, Üzzal

Aslan Səfərov, tar, kamança  

3

Fransa Milli Kitabxanası

 AP-1795

25326, 25327

Rəhab, Hicaz

Aslan Səfərov, tar, kamança  

4

Fransa Milli Kitabxanası

 AP-1797

25320, 25321

Zabul, Şüştər

Aslan Səfərov, tar, kamança  

5

Fransa Milli Kitabxanası

 AP-853

25374, 25375

Dəsmalın yar, Vay bir incəbel

Məcid Behbudov Şuşalı

6

Fransa Milli Kitabxanası

 AP-858

25364, 25366

Məndən oldu (təsnif), Şəkər oğlu şikəstə

Məcid Behbudov Şuşalı

7

Fransa Milli Kitabxanası

 AP-849

25367

Yetim segah

Məcid Behbudov Şuşalı

8

Fransa Milli Kitabxanası

 AP-1790

25376, 25377

Abı yaşla bürünmüsən, Su üstündə qamışəm

Məcid Behbudov Şuşalı

9

Fransa Milli Kitabxanası

 AP-851

25805

Şikəstə

Keçəçi oğlu Məhəmməd, tar Məşədi Zeynal

10

Fransa Milli Kitabxanası

 AP-850

25341, 25342

O xal nə xaldır, Leyli Məcnun

Məşədi Hilal Zeynalov, tar, kamança  

11

Fransa Milli Kitabxanası

 AP-849

25343

Maç-maç (təsnif)

Məşədi Hilal Zeynalov, tar, kamança  

12

Fransa Milli Kitabxanası

 AP-1794

25332, 25333

Zabul Seygah, Bayatı Qacar

Məşədi Hilal Zeynalov, tar, kamança  

13

Fransa Milli Kitabxanası

 AP-547

25337, 25340

Sarəng (təsnif),  Axşam oldu (təsnif)

Məşədi Hilal Zeynalov, tar, kamança  

14

Fransa Milli Kitabxanası

 AP-1785

25828, 25829

Məsnəvi, Şüştər

Məşədi Qafar / tar / kamança  

15

Fransa Milli Kitabxanası

 AP-1786

25822, 25823

Rast Arağ, Zəminxarə

Məşədi Qafar / tar / kamança  

16

Fransa Milli Kitabxanası

 AP-1791

25368, 25369

Dəşti, Mahur

Qasım Abdullayev

 

Məşədi Hilal Zeynalovun qrammofon valı (PATE, 1907)

Məşədi Qafarın qrammofon valı (PATE, 1907)

Məcid (Mamud?) Behbudov Şuşalının qrammofon valı (PATE, 1907)

Aslan Səfərovun qrammofon valı (PATE, 1907)

Qasım Abdullayevin qrammofon valı (PATE, 1907)

Keçəçi oğlu Məhəmmədin tarizən Meşədi Zeynalla yazdırdığı qrammofon valı (PATE, 1907)

Gülhüseyn KAZIMLI,
Turan İBRAHİMOV

 

 

 





01.02.2023    çap et  çap et