525.Az

İranın Azərbaycanda ifşa edilən casus şəbəkəsi  


 

FARS REJİMİ CASUSLARI AZƏRBAYCANA NECƏ SIZDIRIB?

İranın Azərbaycanda ifşa edilən casus şəbəkəsi  <b style="color:red"></b>

İran adlanan dövlətin Azərbaycana qarşı açıq düşmənçilik siyasəti, təxribatları, mənfur əməlləri davam edir. Görünən budur ki, şovinist fars rejimi dayanmaq niyyətində deyil. İran rəhbərliyi səfirliyimizdə yanvarın 27-də törədilən, mühafizə xidmətinin rəisi Orxan Əsgərovun qətlə yetirilməsi, iki əməkdaşın isə hücumun qarşısını alarkən yaralanması ilə nəticələnən terror aktına görə Azərbaycandan üzr istəmək əvəzinə, ölkəmiz əleyhinə yeni-yeni planlar qurur. Azərbaycana zərər vurmaq üçün bütün vasitələrə əl atır. Səfirliyimizdə törədilən terror aktı da molla rejiminin ölkəmizə qarşı uzun müddətdir davam edən xain, mənfur siyasətinin nəticəsi idi. Fars rejimi hansı donu geyindirməyə çalışmasından asılı olmayaraq bu silahlı hücum tamamilə siyasidir, dövlət terrorudur və məsuliyyətini də birbaşa İran hakimiyyəti daşıyır.

Molla rejiminin Azərbaycanda təsir rıçaqları yaratmaqla daxildə iğtişaşlar, qarşıdurma, terror aktları törətməyi hədəfləməsi də heç kimə sirr deyil. Son bir neçə gün ərzində Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən ölkə ərazisində İranın casus şəbəkələrinin ifşası bir daha bunu sübut edir. Daxili İşlər Nazirliyinin əməkdaşlarının həyata keçirdiyi xüsusi əməliyyat tədbirləri nəticəsində Azərbaycanda "din pərdəsi" altında təxribat və pozuculuq əməllərini həyata keçirən 39 nəfər müəyyən edilərək saxlanılıb. Rəsmi məlumatlara əsasən, əməliyyat keçirilən məkanlar arasında "SalamNews" informasiya agentliyi və "İnterAz" da var.  Saxlanılanlardan biri də "Hacı Mətləb" kimi tanınan qeyd edilən media qurumlarının sahibi Mətləb Bağırovdur.

Adıçəkilən media vasitələrinin İranın təsiri altında olduğu, bu ölkənin təbliğatçısına çevrildiyi bəlli idi. Amma görünür, onlar bir qədər də "irəli" gedərək molla rejiminin xain planlarına ortaq olublar. Qeyd edilən faktlar molla rejiminin ölkəmizdə media sahəsində təsir imkanlarını və fəaliyyətini genişləndirmək niyyətlərindən xəbər verir. Azərbaycanda fəaliyyət göstərən İranın casus şəbəkəsinin bütün üzvləri aşkar edilərək cəzalarını almalıdırlar. Bu sıraya İranla bağlı olan, terror dövlətini dəstəkləyən, onun təbliğatçısına çevrilən bəzi media qurumlarındakı şəxslər də daxildir. Çünki faktlar göstərir ki, İranın casus şəbəkələrinin kökləri dərinə gedir, terror dövləti regionlarımıza da nüfuz edə bilib.

İranın Azərbaycanda casus şəbəkələri yaratması, onların vasitəsilə terror aktları həyata keçirmək, iğtişaşlar yaratmaq niyyəti birinci dəfə deyil. Dəfələrlə belə qanlı planların qarşısı Azərbaycanın təhlükəsizlik orqanlarının peşəkarlığı, sayıqlığı nəticəsində alınıb. Təkcə ötən ilin noyabrında Azərbaycanda İranın iki böyük casus şəbəkəsi aşkarlanaraq, zərərsizləşdirildi. Rəsmi məlumatlardan aydın oldu ki, İran rejimi Azərbaycanın əsas strateji obyektləri, hərbi imkanları və s. haqqında məlumatlar əldə etmək, gələcəkdə bu məlumatlar əsasında təxribatlar törətmək üçün planlar hazırlayırmış. İranın məlum terror fəaliyyətinin, casus şəbəkələrinin  qarşısının alınması, vaxtında aşkarlanması dövlətimizin və xalqımızın təhlükəsizliyi üçün mühüm əhəmiyyət kəsb edir. İranın əməlləri, ölkəmizdə qarışıqlıq yaratmaq üçün qurduğu planlar, casus şəbəkələri yaratması bu dövlətin nə dərəcədə təhlükəli olduğunu bir daha ortaya qoyur. İran Azərbaycana yanaşmada heç vaxt müsəlman həmrəyliyindən çıxış etməyib. Dindən öz çirkin məqsədləri üçün istifadə edib, gənclərin beyinlərini yumaqla, məzhəb ayrımçılığı yaratmağa çalışmaqla Azərbaycanı təhlükəli vəziyyətə salmağa cəhd göstərib. Təəssüf ki, Azərbaycanın bəzi vətəndaşları pula, yaxud dini duyğularını, hisslərini istismar etməklə İran tərəfindən ələ alınır. Bu, da olduqca narahatlıq doğuran məqamdır.

Xarici medialar da bu məqamlara diqqət çəkir. Məsələn, Türkiyənin "Diriliş Postası" nəşri yazır ki, İran Azərbaycana "şiş informatorları" adı altında 3500 agenti sızdırıb. Onlar ilahiyyat, siyasət, iqtisadiyyat, mədəniyyət, təhlükəsizlik, mülki, hərbi və diplomatik sahələrdə Tehrana xidmət etməli olan şiə agentləri idi.  Azərbaycan kəşfiyyatı 1997-2011-ci illər üçün fəaliyyəti xüsusi proqram çərçivəsində həyata keçirilən agentləri müəyyən edib. Lakin 700 agent Azərbaycanı tərk edə bilib. 1996-cı ildə İranda "Azərbaycan masası" adlı xüsusi bölmə yaradılıb. İlk addım olaraq İran xüsusi xidmət orqanlarının "Şaziman-ı İttilaat" və İran İslam İnqilabı Keşikçiləri Korpusunun əməkdaşlarından Azərbaycanın coğrafiyası, dili və mədəniyyəti üzrə xüsusi təlim keçmiş 4000 kəşfiyyatçı seçilib. Onların hamısı Bakıya azərbaycanlı qadınlarla evlənərək daxil olublar. Azərbaycan qanunlarına əsasən, evləndikdən 5 il sonra vətəndaşlıq almaq hüququ sayəsində daha çox imkanlar əldə edən İran agentlərinin vəzifə təlimatları da dəyişdirilib. Vətəndaşlıq hüququ olanlar daha strateji yerlərə göndərilib. Bəzi agentlər kommersiya sferasında işlədilsə də, digərləri mülki və hərbi diplomatiya, siyasət, QHT-lər, mədəniyyət, incəsənət və ilahiyyat kimi sahələrə nüfuz ediblər. Azərbaycanın Tehrandakı səfirliyinə qanlı basqın həyata keçirən Yasin Hüseynzadənin də həmin komandadan olduğu müəyyənləşib. Urmiyada kitab satıcısı olan qardaşı Rəhman Hüseynzadənin İran İslam İnqilabı Keşikçiləri Korpusunun kəşfiyyatında xüsusi vəzifələri var. Səfirliyə hücum planında bütün əməkdaşların öldürülməsi nəzərdə tutulurdu. Azərbaycan diplomatlarının və təhlükəsizlik qüvvələrinin müqaviməti bu planı alt-üst etdi.

İran daim Azərbaycan əleyhinə xain planlar hazırlayır, ölkəmizə, insanlarımıza zərər vurmağa çalışır. Amma öz vətəndaşlarımız bu planın bir hissəsi olub, vətənə xəyanət etməməlidirlər. Çünki heç bir səbəb insanı vətənə xəyanət etməyə, başqa ölkənin casusuna çevrilməyə vadar edə bilməz. Azərbaycanın xüsusi xidmət, hüquq mühafizə orqanları nə dərəcədə peşəkar, ayıq-sayqı olmalarına baxmayaraq, bu terror dövlətinin ölkəmizə ziyan vurmaması üçün bütün vətəndaşlarımızın  gözü açıq olmalı, şeytan rejiminin fitnə-fəsadına aldanmamalı, hər hansı şirnikləndirici təklifi dövlətin, vətənin maraqlarından, mənafeyindən üstün tutmamalıdırlar.

 

 





02.02.2023    çap et  çap et