525.Az

"Bu terror hücumu iki ölkə arasındakı diplomatik əlaqələrə sarsıdıcı zərbə vurdu"


 

"Bu terror hücumu iki ölkə arasındakı diplomatik əlaqələrə sarsıdıcı zərbə vurdu"<b style="color:red"></b>

İran Azərbaycan dövlətinə qarşı, yumşaq desək, həmişə qısqanc münasibət sərgiləyib. Bu səbəbdən də Azərbaycanın müstəqilliyini əldə etməsindən indiyədək ayrı-ayrı vaxtlarda fərqli müstəvilərdə müəyyən gərginliklər yaşanıb. Ancaq bu gərginlik heç vaxt son terror hadisəsində olduğu qədər pik nöqtəyə çatmamışdı.

Tehrandakı Azərbaycan səfirliyinə basqın, həyata keçirilən terror hadisəsi, səfirliyimizin bir nəfər əməkdaşının şəhid olması, digər iki nəfərin yaralanması faktı təbii olaraq Azərbaycan ictimaiyyətində böyük bir qəzəb yaratdı. Hadisəyə İranın hüquq-mühafizə orqanlarının ötəri yanaşması, şəhidimizin nəşinin Azərbaycana gətirilməsini gecikdirmək cəhdləri kimi faktorlar terror hücumunun arxasında ciddi niyyətlərin dayandığı ehtimalını da xeyli artırdı. Son addım kimi isə Azərbaycan tərəfi Tehrandakı səfirlik əməkdaşlarının təxliyəsinə və səfirliyin fəaliyyətinin müvəqqəti dondurulmasına qərar verdi.

Yaranmış vəziyyəti şərh edən Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri Sədrəddin Soltanın "525"ə verdiyi açıqlamada bildirdiyinə görə, iki ölkə arasında diplomatik münasibətlər yalnız müharibə vəziyyəti və yaxud buna bənzər vəziyyət yarandığı halda dayandırıla bilər: "Səfirliyin fəaliyyətinin müvəqqəti olaraq dayandırılması, hələ ki, iki ölkə arasındakı diplomatik münasibətlərin birdəfəlik kəsilməsi demək deyil. Təbrizdə Azərbaycan Baş konsulluğunun fəaliyyət göstərməsi də onu göstərir ki, bu iki ölkə arasındakı diplomatik münasibətlər birmənalı olaraq kəsilməyib. Hesab edirəm ki, yaxın vaxtlarda İran tərəfi bu gərginliyi aradan qaldırmaq üçün bir sıra ciddi addımlar atmağa məcbur olacaq. Çünki Azərbaycan səfirliyində baş verən insident İranın beynəlxalq nüfuzuna zərbə vurur, onun təhlükəli ölkə olduğunu təsdiqləyir, İran hakimiyyətinin xarici ölkələrin diplomatik missiyalarının təhlükəsizliyini təmin edə bilməyən bir hakimiyyət olduğunu ortaya qoyur. Ona görə də İran mütləq bu məsələnin aradan qalxmasına cəhd göstərməlidir".

Bu məqamda Azərbaycanın hər hansı ciddi cavab tədbiri görməsi ehtimalı varmı? S.Soltan qeyd edib ki, atılan mövcud addımlar indiki şərait üçün yetərlidir: "Azərbaycan tərəfinin diplomatik münasibətləri Baş konsulluq səviyyəsinə qədər endirməsi İran tərəfinə verilmiş çox ciddi bir mesajdır. Fikrimcə, bu indiki şərait üçün yetərlidir. Sonrakı addımlar isə məncə, vəziyyətə uyğun atılacaq. Məsələn, Baş konsulloqda diplomatik heyətin tərkibinin azaldılması variantı da nəzərdən keçirilə bilər. Amma hələ ki buna ehtiyac duyulmur".

Politoloq İlyas Hüseynov isə "525"ə açıqlamasında vurğulayıb ki, bu terror hücumu diplomatik əlaqələrlə yanaşı, regiondakı sülh və sabitliyə də zərər vurub: "Tehranın mərkəzində yerləşən Azərbaycan Respublikasının səfirliyinə qarşı xain terror hücumunun təşkil olunması İran ilə Azərbaycan arasında olan diplomatik münasibətlərə çox böyük zərbə vurdu. Bu terror hücumu beynəlxalq hüquqa, diplomatik əlaqələr haqqında 1961-ci il Vyana konvensiyasına ziddir, onun tələblərinin kobud şəkildə pozulmasıdır. Nəzərə almaq lazımdır ki, dövlətlərarası münasibətlər qurulan zaman diplomatların və səfirliklərin təhlükəsizliyini qəbul edən dövlət öz üzərinə götürür və dövlətlərarası münasibətlər bu əsaslarla tənzimlənir. Lakin biz gördük ki, İran polisi təhlükəsizliyi müvafiq səviyyədə qurmayıb və terrorçu çox rahatlıqla səfirliyə daxil ola bilib. Ona görə də düşünürəm ki, 30 illik diplomatik əlaqələrə sarsıdıcı zərbə vuran bu terror hücumu həm də regionda təhlükəsizliyə, sülhə, sabitliyə də böyük zərbə vurdu və bu gün bizim diplomatlarımızın təxliyə olunması, diplomatik kanalların və yazışmaların dayandırılması Bakı ilə Tehran arasında olan gərginliyin ən üst nöqtəsidir".

İ.Hüseynov İranda son dövrlər baş verən proseslərə, partlayışlara və dron hücumlarına da toxunub. O qeyd edib ki, baş verən bu proseslər Suriya və İraq ərazilərini yeni müharibə meydanına çevirə bilər: "İranın daxilindəki çox çətin ictimai-siyasi vəziyyət də, təbii ki, Tehran tərəfindən böyük narahatlıqla qarşılanır. İranın regional siyasəti nöqteyi-nəzərdən məsələlərə baxanda görürük ki, ölkədə ard-arda partlayışlar baş verdi. Bu raket zərbələri həm də İran ilə İsrail arasındakı çox gərgin və müharibə həddində olan münasibətləri özündə əks etdirir. Düşünürəm ki, çox dərin kök salmış bu ziddiyyətlər, təhdid dolu çıxışlar, bəyanatlar müharibə ehtimalını da gücləndirir. Suriya və İraq əraziləri yeni müharibə və çəkişmələrin əsas meydanına çevrilə bilər və artıq burada uzun illər ərzində toplanan silah-sursat, texnika və digər resurslardan istifadə edilə bilər. Ona görə də İran daxili və xarici siyasətdə həyata keçirdiyi fəaliyyətə, ritorikaya, daxildə mərkəzçi hakimiyyətin, totalitar və teokratik rejimin yaratdığı fəsadlara nəzər salmalıdır".

Fərid SANÇAR

 





02.02.2023    çap et  çap et