525.Az

Tanınmış ədəbiyyatçı və naşir Azər Mustafazadə vəfat edib


 

Tanınmış ədəbiyyatçı və naşir Azər Mustafazadə vəfat edib<b style="color:red"></b>

Azərbaycan ədəbiyyatının böyük təbliğatçısı və təəssübkeşi, dəyərli tərcüməçi, "Şöhrət" və II dərəcəli "Əmək" ordenlərinə, Prezidentin fərdi təqaüdünə layiq görülmüş fəal ictimai xadim Azər Mustafazadə ömrünün 84-cü ilində dünyasını dəyişib. Ömrünün böyük hissəsini Azərbaycan mədəniyyətinə və ədəbiyyatına, milli söz sənətimizin təbliğinə, nəşrinə həsr etmiş A.Mustafazadə ölkəmizin ən təcrübəli və fədakar naşirləri cərgəsində ön yerdə dayanırdı.

1939-cu ildə dünyaya gəlmiş A.Mustafazadə orta məktəbi Bakıda bitirdikdən sonra Moskvada M.Qorki adına Ədəbiyyat İnsitutuna daxil olmuş, təhsilini başa vurandan sonra "Literaturnıy Azerbaydjan" jurnalında şöbə müdiri və məsul katib vəzifələrində işləmiş, 1968-71-ci illərdə SSRİ Yazıçılar İttifaqının orqanı olan "Literaturnaya qazeta"nın Azərbaycan üzrə xüsusi müxbiri təyin edilmişdi. O dövrlərdə Azərbaycan ədəbiyyatını, mədəniyyətini və incəsənətini İttifaq miqyasında geniş təbliğ etmiş, görkəmli yazıçı və şairlərimizi daha geniş tanıtmışdı. 1972-83-cü illərdə Moskvada SSRİ Yazıçılar İttifaqında Azərbaycan Ədəbiyyatı üzrə Şuranın məsul katibi olmuş A.Mustafazadə, bu vəzifəni də ləyaqətlə yerinə yetirmişdi. Bununla bərabər, ədəbi-bədii yaradıcılıqdan və tərcüməçilik fəaliyyətindən də qalmayıb, o illərdə Mirzə İbrahimovun, Süleyman  Rəhimovun, Fərman Kərimzadənin, Sabir Əhmədovun, Kamal Abdullanın, İsa Hüseynovun və digər yazıçılarımızın əsərlərini rus dilinə tərcümə edərək Moskvanın nüfuzlu nəşriyyatlarında nəşrinə nail olub. Onun bu böyük xidmətlərini yüksək qiymətləndirən Ulu öndər Heydər Əliyev A.Mustafazadəni Azərbaycana dəvət edib və o, 1983-cü ilin əvvəllərində Azərbaycan Dövlət Nəşriyyat, Poliqrafiya və Kitab Ticarəti işləri Komitəsinə sədr müavini vəzifəsinə təyin olunub. 1987-ci ildə Azər Mustafazadə ozamankı Azərbaycan KP MK-nın Mədəniyyət şöbəsinə müdir təyin edilib. Orada çalışdığı dövrdə Azərbaycan ədəbiyyatına, mədəniyyətinə, incəsənətinə fədakarlıqla xidmət göstərib. Sonra Şəki Şəhər Partiya Komitəsinə birinci katib təyin olunub. 1990-cı ildən ömrünün sonunadək isə Azərbaycan Dövlət Nəşriyyatı - "Azərnəşr"də direktor vəzifəsində çalışıb. Mustafazadə geniş erudisiya, zəngin ensiklopedik bilik, əhatəli mütaliə sahibi kimi tanınıb. Sonuncu tərcüməsi Yusif bəy Çəmənzəminlinin "Studentlər" əsəri olub. Ölkəmizdə və yaxın xaricdə dəyərli ədəbiyyatşünaş, tərcüməçi, naşir kimi hörmətlə anılan, insan kimi də dərin hörmətə malik Azər Mustafazadənin nurlu xatirəsi onu tanıyan hər kəsin qəlbində əbədi yaşayacaq.

Allah rəhmət eləsin!

 

 





02.02.2023    çap et  çap et