525.Az

Şah Abbas və Azərbaycan türk dövlətçiliyi - Mehman Süleymanov yazır


 

Şah Abbas və Azərbaycan türk dövlətçiliyi - <b style="color:red"> Mehman Süleymanov yazır</b>

 Bu yaxınlarda tarix elmləri doktoru Mehman Süleymanovun "Səfəvilər" silsiləsindən 7-ci və 8-ci kitabları çapdan çıxıb. Kitabların hər ikisi Azərbaycan dövlətçilik tarixində xüsusi yeri olan I Şah Abbas Səfəvinin həyatı və fəaliyyətinin arasdırılmasına həsr edilib. Bu mövzu Azərbaycan tarixşünaslığında ilk dəfə geniş tədqiqatın obyektinə çevrilib. Müəllifin həmin tədqiqatı əsasında hazırlanmış məqaləsini oxuculara təqdim edirik.

 

1501-ci ildə Azərbaycan hüdudlarında Şah İsmayıl tərəfindən əsası qoyulan Səfəvi dövlətinin sərhədlərini qısa dövr ərzində xeyli genişləndirmək mümkün oldu. Uğurlu fəthlərdən sonra çox geniş ərazilər mərkəzi Təbriz olan Səfəvilər dövlətinə birləsdirildi. Şah İsmayılın hakimiyyəti illərində bu dövlətin hüdudları şimalda Şimali Qafqaz, cənubda Hind okeanı sahillərinə, şərqdə Herat və Qəndəhar, qərbdə isə Bağdada qədər uzanırdı və Şərqin və islam dünyasının ən böyük və güclü dövlətlərindən biri idi. Şah İsmayılın oğlu Şah Təhmasibin hakimiyyəti illərində də Səfəvi dövləti öz qüdrətini və əzəmətini qoruyub saxlaya bildi. Səfəvi dövləti ilə nəinki onun böyük və güclü qonşuları, hətta Avropanın güclü dövlətləri də hesablaşırdılar və həmin dövlətlər hər vasitə ilə Səfəvi dövləti ilə əlaqələr yaratmağa çalışırdılar. Lakin Şah Təhmasibin dünyasını dəyişməsindən sonra onun varisləri tərəfindən Səfəvi dövlətinin bu əzəmətini və qüdrətini qorumaq mümkün olmadı. Doğrudur, Səfəvi dövləti bölgənin böyük və güclü dövləti olaraq qalmaqda idi. Lakin Şah Təhmasibdən sonra hakimiyyətə gələn övladlar II Şah İsmayıl və sonra da Şah Məhəmməd Xudabəndə hakimiyyət təcrübəsizliyi üzündən səltənətin şərqində və qərbində böyük əraziləri itirmək məcburiyyəti qarşısında qaldılar. Səltənət daxilində ziddiyyətlər və hakimiyyət uğrunda mübarizə gücləndi, Səfəvi dövləti getdikcə zəifləməyə və öz qüdrətini itirməyə basladı. Bu prosesin uzun müddət davam edəcəyi təqdirdə Səfəvi dövlətinin parçalanması dönməz bir xarakter ala bilərdi. Məhz belə bir dövrdə Səfəvi dövlətinin taleyini Şah Abbas öz əlinə aldı. Hakimiyyətə gələndə onun cəmi 17 yaşı var idi. Kifayət qədər gənc və hakimiyyət təcrübəsizliyi olan bir gəncin böyük səltənətə hökmdarlıq etməsi və onu qarşılaşdığı dərin böhrandan çıxarması indi hamı üçün bəlli olan bir tarixi faktdır.

Şah Abbasın hakimiyyət illəri Səfəvi dövlətçilik tarixinin yeni bir dövrüdür və bu dövrün bir neçə xarakterik xüsusiyyəti vardır. Hər şeydən əvvəl Şah Abbas hakimiyyəti ənənəçilik üzərində qurulmuşdu. Bu hakimiyyət Şah İsmayıl tərəfindən əsası qoyulmuş və Şah Təhmasib tərəfindən daha da möhkəmləndirilmiş dövlətçilik dayaqları üzərində inkişaf edirdi. Şah Abbas özünü adları çəkilən bu şahların varisi sayırdı və onların işini davam etdirirdi. Onun qarşısında dayanan başlıca məqsəd də Şah Təhmasib hakimiyyətindən sonra böhran içərisində olan Səfəvi dövlətinin itirdiyi ərazilərin geri qaytarılması, Şah İsmayıldan miras qalmış səltənət hüdudlarının bərpa edilməsi idi. Şah Abbas öz hakimiyyətinin gücünü və möhkəmlənməsini də bunda görürdü. O, Şah İsmayılın qılıncının gücü ilə fəth edilmiş ərazilərin səltənətdən qoparılması ilə razılaşmırdı və Səfəvi dövlətinin ilkin nüfuzunun geri qaytarılması üçün bütün hakimiyyəti illərində mübarizə aparmışdı.

Şah Abbas bir daha göstərdi ki, Səfəvi dövləti onun əcdadları tərəfindən möhkəm özüllər üzərində qurulubdur və əcdadları tərəfindən əsası qoyulmuş dövlətçilik ənənələrinin yaradıcı şəkildə və əzmkarlıqla davam etdirilməsi bu dövlətin inkişafının mühüm şərtlərindən biri idi.

Səfəvi dövlətinin Şah Abbas dövrünün başqa bir xarakterik xüsusiyyəti onun öz etnik-milli mənsubluğunu qoruyub saxlamasıdır. Bu cəhət elə Şah Abbas dövründə də Səfəvi dövlətinin inkişafını şərtləndirən mühüm amillərdən biri idi. Əsasının qoyulduğu dövrdən başlayaraq Şah Abbasın hakimiyyəti illərində də Səfəvi dövləti türklük üzərində qurulmuşdu və türk amili bu dövlətinin mahiyyətinin müəyyənləşdirilməsində xüsusi rol oynayırdı. Məlumdur ki, Səfəvi dövlətinin etnik tərkibi son dərəcə zəngin idi və onun sərhədləri daxilində çoxlu sayda xalqlar yaşayırdı. Onların da dövlətin ictimai həyatında onların rolunu inkar etmək doğru olmazdı. Lakin dövlətin ictimai, siyasi, hərbi həyatının müəyyənləşdirilməsində türk amili aparıcı rol oynayırdı. Səltənətin idarə edilməsi, onun siyasətinin, ideologiyasının müəyyənləşməsi türk amili ilə birbaşa bağlı idi. Səltənətin taleyi məhz türk amili ilə müəyyənləşirdi. Bu amilin səltənət daxilindəki aparıcı rolu dövr üçün sübuta ehtiyacı olmayacaq bir reallıq idi.

Bu baxımdan elmi-tarixi ədəbiyyatda Səfəvi dövlətinin İran məfhumu ilə eyniləsdirilməsi mütəxəssislər tərəfindən heç də birmənalı şəkildə qəbul edilmir. Çünki bəllidir ki, İran məfhumu elmi-tarixi ədəbiyyata məhz coğrafi anlam kimi gəlmişdi və bu coğrafi məkanın bəlli sərhədləri də mövcud idi. Amma son dövrlərin elmi-tarixi ədəbiyyatında hətta orta əsrlərə aid edilən araşdırmalarda belə İran məfhumuna daha çox siyasi məzmun verilir və bu zaman onun coğrafi anlamı siyasi məzmunun kölgəsində qalır. Mütəxəssislərin fikrincə, erkən orta əsrlərdən başlayaraq təxminən altı yüz il İran məfhumunun hansısa bir anlamda istifadə olunması ilə bağlı yazılı ədəbiyyatda rast gəlmək mümkün deyil. Yalnız Elxanilərin hakimiyyəti illərinə aid olan qaynaqlarda İran məfhumunun yenidən canlandırılması ilə qarşılaşmaq mümkündür.

Orta əsr qaynaqlarında, o cümlədən, Səfəvi dövrünə aid olan qaynaqlarda İran məfhumunun bəzi hallarda işlənməsi ilə rastlasmaq mümkündür. Məsələn, mülki-İran, məmləkəti-İran və sair. Sonralar isə bu ifadələr qısaldılaraq sadəcə İran kimi işlədimişdi. Amma bu ifadələrdə İran sözünün siyasi deyil, coğrafi anlamda olması göz qabağındadır. Səfəvilər dövrünə aid aparılmış sanballı araşdırmalarda da yuxarıdakı ifadələrdə İran sözünün məhz coğrafi anlamda olması öz əksini tapıb. İngilis tədqiqatçısı Rocer Seyvorinin yazdığı kimi, müəyyən müddət keçdikdən sonra isə "İran" sözünün məzmun baxımından transformasiyaya məruz qalması və onun tədricən siyasi-coğrafi məzmun kəsb etməsi baş verdi.

Səfəvi dövlətinin ərazisinin böyük hissəsinin İran coğrafi anlayışına aid edilən ərazilər olması, sözsüz ki, qəbul olunmalıdır. Lakin Səfəvi dövlətinin ərazisi heç də İran coğrafiyası ilə məhdudlaşmırdı. Şah İsmayıl Səfəvilər dövlətinin əsasını heç də İran ərazisində deyil, Azərbaycan ərazisində qurmuşdu. Sonradan isə bu dövlətin sərhədləri ilk növbədə İran hesabına, sonra isə başqa ərazilər hesabına genişləndirilmişdi. O cümlədən, Səfəvi dövlətinin tərkibinə qatılmış İraqi-ərəb (Bağdad və onun ətrafı), Hörmüz, Orta Asiya əraziləri, hazırda Əfqanıstan ərazisində qalmış Herat, Qəndəhar və digər ərazilər İran coğrafiyasına aid olan ərazilər deyildi. Ona görə də Səfəvi dövlətinin ərazilərinin İran coğrafiyası ilə məhdudlaşdığını güman etmək və sonra da Səfəvi dövlətini İran dövləti kimi təqdim etmək tarixi reallığı tam şəkildə əks etdirmir.

Başqa sözlə deyilərsə, Səfəvi dövləti Azərbaycanda yaradıldıqdan sonra İran və ona qonşu olan coğrafiyaya yayılmış türk dövləti idi.

Səfəvi mövzusunda olan mənbələrdə tək-tək təsadüf edilən İran sözü, heç də bütünlüklə İran coğrafiyasında mövcud olan dövləti ifadə etmirdi. O dövrün müəllifləri və eləcə də şahlar tərəfindən aparılan yazışmalarda Səfəvi dövlətinin adının qələmə alınması üçün müxtəlif ifadələrdən istifadə olunmuşdur. Həmin ifadələr arasında daha çox "məmaliki məhrusə" ifadəsi ilə qarşılasmaq mümkündür. Məsələn, "Xülasüt-təvarix" əsərinin müəllifi, Şah İsmayıldan miras qalmış dövlətin ərazisini xatırladanda, yazırdı: "Onun məmaliki məhrusəsinə Azərbaycan, ərəb İraqı, əcəm İraqı, Xorasan, Fars, Kirman, Xuzistan və hakimiyyətinin əvvəllərində Diyarbəkr daxil idi" . O da bildirilir ki, məhz bu ifadə sonralar transformasiya olunaraq "məmaliki-İran", "məmləkəti-İran" və onlar da dəyişikliyə məruz qalaraq sadəcə "İran" halına düşmüşdü. Ona görə Şah İsmayıla Osmanlı sultanı tərəfindən yazılmış məktubda onun "İran padşahı" adlandırılmasına da təsadüf etmək mümkündür (Xülasüt-təvarix, s.155). Əslində, bu ifadədə də "İran" sözü dövlətin adı anlamında deyil, dövlətin hakimiyyəti altında olan ərazi kimi nəzərdə tutulub.

Qeyd etmək lazımdır ki, hətta Səfəvi dövlətinin ikinci şahı olan Şah Təhmasib də özündən irs qoyduğu "Şah Təhmasibin təzkirəsi" adlı, elm aləminə yaxşı məlum olan əsərində "İran" sözünü bir dəfə də olsun xatırlatmayıb. Bu əsərində o, hökmdarı olduğu dövləti "Qızılbaş vilayəti", "bizim ölkə", "Şərq ölkəsi" kimi təqdim edib.

"İran" sözünün siyasi məzmununun qabardılması ilə elmi-tarixi ədəbiyyatda həm də Səfəvi dövlətinin mahiyyət və xarakterinin gizlədilməsi meyli özünü göstərməkdədir. Bir sıra müəlliflər öz əsərlərində "İran" sözündən gen-bol istifadə etməklə İran coğrafiyasında mövcud olan dövlətlərin bir çətir altına gətirilməsinə, onların etnik-siyasi mənsubiyyətinin İran dövlətçiliyi ilə məhdudlaşdırılmasına cəhd göstərirlər. Bununla da, Səfəvi dövlətinin mənşəyinin doğru və obyektiv dəyərləndirilməsi üçün onun etnik-siyasi mənsubiyyəti diqqətdən kənarda saxlanılır, dövlətin mənşəyinin müəyyənləşdirilməsinə qeyri-elmi yanaşma tətbiq edilir.

Bir sıra tədqiqatçılar da Səfəvi dövlətinin İran adı altında ümumiləşdirilməsini heç də bütünlüklə qəbul etmirlər. Yəni Səfəvi dövlətinin təşkilatlanmasının əsası olan qızılbaslara məxsus mədəniyyətlə İran coğrafiyasında məskunlaşan etnik tərkibin mədəniyyəti eyniləşdirilmir və qızılbaşlar tərəfindən İran coğrafiyasına həm də yeni bir dövlətçilik mədəniyyətinin gətirildiyi bildirilir. Məsələn, mütəxəssislər də bildirirlər ki, Səfəvilər XVI əsrin əvvəlində İranı fəth etdilər və İrana zorla şiə məzhəbini qəbul etdirdilər. Yəni Səfəvi dövləti iranlıların yaratdığı dövlət deyildi, İran coğrafiyasına kənardan gətirilmiş bir dövlət idi. Səfəvi tarixinin sanballı tədqiqatçılarından olan Minorski yazırdı ki, qızılbaşlarla iranlıların müştərək milli tarixi yox idi. Onun sözlərinə görə, bu iki tərkib arasında müəyyən məsələlərdə bir barışmazlıq da var idi və qızılbaşlar təsəvvür edə bilmirdilər ki, Səfəvi dövlətinin əsas dayaqlarından biri olan qızılbaş qoşunlarında iranlılar aparıcı vəzifə tutmuş olsunlar (R.Seyvori). Başqa bir tədqiqatçı bildirirdi ki, Şah İsmayılın qanında iranlı qanı yox idi və ya çox cüzi idi. Hakimiyyətə gələndən sonra o, iranlı irqini və dilini həqarətlə qarşıladı və İranı qızılbaş tayfalarının hakimiyyətinə verdi. Bu tədqiqatçı onu da yazırdı ki, türk dövlətlərini (iki yerə parçalanmış Ağqoyunlu dövləti nəzərdə tutulur) devirməkdə və vahid dövlət yaratmaqda məqsədi heç də İranın siyasi və milli vəhdətini təzələmək deyildi. Yəni Şah İsmayıl heç də İran dövləti yaratmırdı.

İranlılar deyəndə tədqiqatçılar bir qayda olaraq fars etnik tərkibinin üstünlük təşkil etdiyi bir toplumu nəzərdə tuturlar. Səfəvi dövlətinin tarixində digər etnik tərkiblər kimi, fars etnik tərkibinin də müəyyən rolu olması istisna deyil. Amma dövlətin mənşəyinə gəlincə, Səfəvi dövləti türk (Azərbaycan) torpağında, türklər (Azərbaycan türkləri) tərəfindən yaradılan, türk tayfa ənənələrinin xüsusi yer aldığı, türk (Azərbaycan) dilinin əsas ünsiyyət dili olduğu, dövlətin ictimai, siyasi, hərbi, mədəni həyatının əsasını türklərin təşkil etdiyi bir dövlət idi. Azərbaycan ərazisində bu Azərbaycan dövləti yaradıldıqdan sonra Şah İsmayıl digər ərazilər hesabına Səfəvi dövlətinin sərhədlərini genisləndirə bildi. Təsadüfi deyildi ki, bəzi Səfəvi dövrü mənbələrində Azərbaycanda öz dövlətini yaratmış Şah İsmayılın sonradan fəth etdiyi ərazilər "zəmime-ye məmləkəti-Azərbaycan" (Azərbaycan məmləkətinin əlavəsi) adlandırılmışdı.

Səfəvi dövlətçilik sisteminin qurulmasında da türk idarəçilik təcrübəsi aparıcı yerə malik idi. Burada həm Qaraqoyunlu, həm də Ağqoyunlu dövlətlərinin idarəçilik təcrübəsindən, habelə, digər türk tayfa idarəçilik elementlərindən geniş istifadə olunmuşdu. Səfəvi dövləti tarixdə mövcud olmuş türk dövlətçilik mədəniyyətinin yeni bir inkişaf səviyyəsi idi. Əslində, bu təbii idi. Çünki bölgə coğrafiyasında mövcud olmuş fars və ərəb dövlətçilik təcrübəsindən artıq uzun bir müddət keçmişdi. Ona görə də Səfəvi dövlətçilik mədəniyyəti üçün daha real baza atabəylərin, teymurilərin və onlardan daha yaxın olan Qaraqoyunlu və Ağqoyunlu türk dövlətçilik mədəniyyəti, habelə türk tayfa idarəçilik mədəniyyəti ola bilərdi. Şah İsmayıl tərəfindən türk tayfalarına dayaqlanmaqla əsasını qoyduğu Səfəvi dövləti isə həmin dövlətlərin təcrübəsinin daha yüksək səviyyəsi idi.

Şah Abbasın hakimiyyəti illərində də dövlət idarəçilik sistemi əsasən türklər üzərində qurulmuşdu və bu idarəçilik sisteminin inkişafı da türk tərkibinin fəallığı ilə bağlanılırdı. Səltənətin ən yüksək idarəetmə aparatının mənsublarını nadir istisna ilə qızılbaş əmirləri təşkil edirdilər. Hətta Azərbaycan arealından kənarda olan vilayətlərin hakimlərinin də əksəriyyətini qızılbaş əmirləri təskil edirdilər. Qızılbaş əmirlərinin hakim təyin edildiyi vilayətlərə də türk tayfaları köçürülürdü və onlar orada dövlətçiliyin əsasını və sütununu təşkil edirdilər. Bununla, vilayətlərdə elat-tayfa hakimiyyəti möhkəmləndirilirdi. Məsələn, iranlı tədqiqatçı A.Cavadi yazırdı ki, uzun müddət Şirazda Zülqədər tayfası, Yəzddə Əfşar tayfası, Heratda Şamlı tayfası məskunlaşmışdı. Kaşan və Qumda da xeyli sayda türk mövcud idi. Onların varlığı həmin vilayətlərdə eyni zamanda türk (Azərbaycan) dilinin daha geniş şəkildə rəvac tapmasına imkan verirdi və türk dili işlək ünsiyyət dili kimi bütün Səfəvi ərazilərinə yayılırdı.

Səfəvi sarayında Azərbaycan türkcəsinin işlənməsi özü də bu dövlətin etnik-milli mənsubiyyətinin göstəricisi idi. Şah Abbasın hakimiyyəti illərində Azərbaycan dilinin səltənət daxilində, xüsusilə də sarayda işlədilməsi daha da genişlənmişdi. Azərbaycan türkcəsi rəsmi danışıqların, qəbulların aparılmasında istifadə olunurdu, Şah Abbas xarici qonaqları Azərbaycan türkcəsində qarşılayır, salamlayır və onlarla söhbət edirdi. Qərb səyyahları öz xatirələrində Şah Abbasla görüşün məhz türk dilində aparıldığını yazırdılar. Məsələn, italiyalı səyyah Pyetro Delavalle yazırdı ki, saraya daxil olanda Şah Abbas ondan türkcə bilib-bimədiyini soruşdu və sonra da ona türkcə "xoş gəldin, səfa gəldin" dedi. İtaliyalı səyyah sonra yazırdı ki, Şah Abbas onunla türkcə söhbət etdi, ona, səfərin gedişi ilə bağlı suallar verdi.

Azərbaycan türkcəsinin Səfəvi dövləti həyatında xüsusi rol oynamasının nəticəsi idi ki, P.Delavalle, habelə Şah Abbasın sarayında yaşamış və iki dəfə Avropa ölkələrinə Səfəvi elçisi kimi göndərilmiş ingilis təbəəsi Robert Şerli Azərbaycan türkcəsini yaxşı öyrənmişdi və bu dildə sərbəst danışa bilirdi. Bəzi məlumatlara görə, P.Delavalle hətta Azərbaycan türkcəsində ədəbi əsərlər də yazmağa müvəffəq olmuşdu.

Səfəvi sarayında Azərbaycan türkcəsinin rəsmi və qeyri-rəsmi ünsiyyət dili olmasına artıq şübhə yeri qalmır. Əslində, Səfəvi dövlətinin əsasını qoyan tayfaların və onların təmsilçilərinin öz ana dilində ünsiyyət qurmaları və onları rəsmi ünsiyyət dili səviyyəsinə qaldırması məntiqdən kənar deyildi. Lakin burada diqqəti cəlb edən məqam fars dilinin İran coğrafiyasında və onun ətrafında kifayət qədər işləklik tapmasına baxmayaraq, Səfəvi şahlarının türk dilində danışmaları və türk dilinin səltənət daxilində geniş yayılması idi. Qərb tədqiqatçısı Devid Blou Azərbaycan türkcəsinin Səfəvi dövlətinin həyatındakı rolunu belə təsvir edirdi: "Sarayın əsas dili kimi türk dili qaldı. Amma bu dil İstanbul türkcəsi deyildi. Türk ləhcələrindən biri idi, qızılbaş türkmanlarının danışdığı ləhcələrdən biri idi. Bu türk dili Şah Abbasın da ana dili idi. Baxmayaraq ki, o, fars dilində də eyni dərəcədə rahatlıqla danışırdı".

(Ardı var)

 

 

 





02.02.2023    çap et  çap et