525.Az

Ömür mənalı yaşananda... Akif Abbasov yazır


 

QAFAR ƏSGƏRZADƏNİN 60 İLLİK YUBİLEYİNƏ BİR NEÇƏ SÖZ

Ömür mənalı yaşananda...<b style="color:red"> Akif Abbasov yazır</b>

Qafar Əsgərzadə ilə tanışlığımın 25 ilə yaxın bir tarixi var. O, mənim çalışdığım Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunun (hazırda Təhsil İnstitutu) dissertantı idi. "Yuxarı sinif şagirdlərinin estetik mədəniyyətinin yüksəldilməsinə televiziya verilişlərinin təsiri" mövzusunda dissertasiya üzərində işləyirdi. Elmi rəhbəri professor Vidadi Xəlilov idi. Mən o zaman (hazırda da) institutun elmi katibi olduğumdan aspirant (hazırda doktorant) və dissertantlarla bilavasitə işgüzar münasibətlərdə olur, onların qəbul imtahanlarında, dissertasiya mövzularının və elmi rəhbərlərinin müəyyənləşdirilməsində, elmi şuranın iclasında təsdiqində, sonralar dissertasiyaların müzakirəsində və müdafiəyə təqdim edilməsində bilavasitə və yaxından iştirak edirdim.

İstər-istəməz Qafar da digər aspirant və dissertantlar kimi, doktorantura şöbəsi ilə yanaşı, mənimlə də əlaqə saxlayır, lazımi məsləhətlər alırdı.

Bəs Qafar bir tədqiqatçı və bir şəxsiyyət kimi necə görünürdü? Bu suala müsbət cavab verə bilərəm. Hələ o zamanlar (hazırda da) Azərbaycan Qızıl Aypara Cəmiyyətinin sədr müavini idi. Həmin sahədə səmərəli fəaliyyət göstərirdi. Bir insan yoldaş kimi də, bir tədqiqatçı kimi də, bizim institutda hörmət və nüfuz qazanmışdı, özünü sevdirmişdi.

Hər bayramda institutun bir çox əməkdaşına, o cümlədən, mənə təbrik açıqcaları gəlirdi. Zərfi açmamışdan artıq bilirdik ki, təbriklərin müəllifi Qafardır.

Respublikamızın görkəmli şəxsləri, şairlər, yazıçılar (Süleyman Rüstəm, Nəbi Xəzri, Cabir Novruz və başqaları) Qafar Əsgərzadə hələ gənc olarkən onun şəxsiyyətinə, fəaliyyətinə yüksək qiymət vermişlər. Süleyman Rüstəmin fikirlərini yada salmaq istəyirəm: "Qafar Əsgərzadə səriştəli, bilikli, bacarıqlı bir gəncdir. O, klassik və müasir ədəbiyyatımızı dərindən bilir, onu məharətlə təbliğ edir. Qafar öz doğma ana dilini, Vətənini, millətini, xalqını, el-obasını sevən dəyərli ziyalıdır. Mən onun parlaq, uğurlu gələcəyinə inanıram". Xalq şairi sözlərində haqlı idi.

İllər keçib, mobil telefonlar dəbdədir və çox məsələləri vaxt itirmədən sürətlə yerinə yetirir. Qafar müəllim daha bayramlarda açıqcalarla deyil, mobil telefonla zəng edərək təbriklərini çatdırır.

Bu o deməkdir ki, bu gözəl insan işi düşdüyünə, işi keçdiyinə, işinin xatirinə adamlarla əlaqə, münasibət saxlamır, onlara dərin hörmətinin əlaməti olaraq yadasalmanı özünə borc bilir. Eşq olsun belə insanlara!

Qafar Əsgərzadə Bakı şəhərində doğulub, boya-başa çatıb. Yasamal rayonu 158 nömrəli orta ümumtəhsil məktəbini, Bakı 60 nömrəli texniki məktəbini bitirib. Uşaqlıq illərindən şeiri, bədii qiraəti çox sevib. Məktəbdə təşkil olunan tədbirlərdə yaxından iştirak etməyə çalışıb.

İllər keçir, lakin orta məktəb illəri, şagird yoldaşlarımız, müəllimlərimiz bizim hər birimizin yaddaşına həkk olur. Tez-tez xatırlayırıq. Qafar da bütün müəllimlərini, xüsusən, ibtidai sinif müəllimi Zenfira Quliyevanı həmişə hörmət və məhəbbətlə yad edir.

Tələbəlik illərinin də öz yeri, öz gözəllikləri vardır. Bu dövrdə biz yeni dostlar, yoldaşlar tapır, seçdiyimiz peşəyə yüksək səviyyədə yiyələnməyə çalışırıq ki, gələcəkdə səriştəli mütəxəssis olaq. Qafar da belə bir yol keçib. Azərbaycan Politexnik İnstitutunun (hazırda Azərbaycan Texniki Universitetinin) Radiotexnika fakültəsində təhsil alıb. Ali məktəbdə tələbə həmkarlar ittifaqı komitəsinin sədri olmaqla yanaşı, eyni zamanda, institut həmkarlar ittifaqı komitəsinin sədr müavini vəzifəsində çalışıb. Bir ictimaiyyətçi kimi yetişib.

Qafar respublika Jurnalistlər Birliyinin üzvüdür. Hələ tələbəlik illərindən dövri mətbuatda ("Bakı", "Azərbaycan müəllimi", "Vışka", "Ədəbiyyat və incəsənət", "Bakinski raboçi" və s. ) müxtəlif səpkili məqalələrlə çıxış edib. 2000-ci ildən Azərbaycan Qızıl Aypara Cəmiyyətinin "Mərhəmət" jurnalının baş redaktorudur.

Çoxsaylı elmi və ədəbi məqalələrin, bir neçə hekayə və essenin müəllifidir. Respublika radiosunda və televiziyasında bir sıra çıxışları olub. Ədəbi dram verilişləri və musiqi verilişləri redaksiyalarının xəttilə çoxsaylı verilişlər təşkil edib.

Hazırda bu verilişlər Milli Televiziya və Radiomuzun fondunu bəzəyir.

O, eyni zamanda səriştəli qiraətçidir. Azərbaycan şairlərinin əsərlərini yüksək səviyyədə ifa edir. Dövri mətbuatla, radio və televiziya ilə əlaqələri davam edir. Mərhum Mailə Muradxanlını özünə müəllim sayır.

1986-cı ildə ali təhsilini başa vurandan sonra eyni zamanda mavi ekranda görünməyə başlayıb, televiziya verilişləri hazırlayıb. Respublika Rabitə Nazirliyinin "Azərrabitəlayihə" layihə-axtarış kontorunda mühəndis kimi fəaliyyət göstərib. Hazırda Azərbaycan Qızıl Aypara Cəmiyyətinin vitse-prezidentidir. Bu cəmiyyətdə 1992-ci ildən çalışır. Burada müxtəlif illərdə baş mütəxəssis, informasiya və mətbuat şöbəsinin müdiri, mətbuat katibi, mətbuat mərkəzinin rəisi, beynəlxalq əlaqələr, mətbuat, informasiya, yayım, ictimaiyyətlə əlaqələr, miqrasiya və axtarış idarəsinin rəisi, Baş katibin müavini, Baş katib əvəzi, sədr müavini vəzifələrində uğurla işləyib.

Milli televiziyada Hüseyn Cavid, Cəfər Cabbarlı, Mikayıl Müşfiq, Əhməd Cavad, Səməd Vurğun, Süleyman Rüstəm, Məmməd Rahim, Mirmehdi Seyidzadə, Hüseyn Arif, Ənvər Əlibəyli, Rüfət Zəbioğlu, Zeynəb Xanlarova, Nizami Rəmzi, Seyfəddin Dağlı, Ələkbər Ziyatay, Hacıağa Nəzərli, Araz Dadaşzadə və başqa şəxsiyyətlərin fəaliyyətinə dair verilişlərin müəllifidir.

Qafar müəllim bir çox görkəmli şəxslərin yubiley tədbirlərində məclisi məharətlə ələ alır, idarə edir.

O, pedaqoji fəaliyyətlə də məşğuldur. Müxtəlif illərdə Bakı Slavyan Universitetində Azərbaycan jurnalistikasının tarixi fənnindən dərs deyib. Hazırda əsas iş yerində (Qızıl Aypara Cəmiyyəti) səmərəli fəaliyyət göstərməklə bərabər, eyni zamanda Azərbaycan Texniki Universitetində dosent, Azərbaycan Dövlət Pedaqoji Universitetində isə ümumi pedaqogika kafedrasının baş müəllimi kimi çalışır.

Qeyd etdiyim kimi, Qafar Əsgərzadə Azərbaycan Respublikasının Təhsil İnstitutunun dissertantı olub. Dissertasiya müdafiə edib, pedaqogika üzrə fəlsəfə doktorudur. Azərbaycan Texniki Universitetinin məzunu olsa da, adı çəkilən elmi dərəcə onun ümumi pedaqogikadan mühazirə və seminar məşğələsi aparmasına imkan verir. Respublikanın Əməkdar jurnalistidir. "Tərəqqi" medalına layiq görülüb. "Cəfər Cabbarlı" və "Humanizm carçısı" mükafatları laureatıdır. Azərbaycan Mətbuat Şurasının diplomu ilə təltif edilib. 

Qafar Əsgərzadənin "Azərbaycan jurnalistikasının tarixi", "Ömür yollarında", "Nəğmələrdə döyünən ürək", "S.Rüstəm. Satira və yumor" və sair kitabları işıq üzü görüb.

İllər hiss edilmədən ötüb keçir. İnsan bir də ayılıb görür ki, müəyyən yaş həddinə çatıb, yaşının üstünə xeyli yaş gəlib. Qafar Ələsgər oğlu Əsgərzadə də neçə-neçə baharı yola salandan sonra gəlib 60 yaşına çatdı. O, 60 illik yubileyini qeyd etməyə hazırlaşır. Belə xoş günündə üzümü ona tutaraq: - 60 yaşın mübarək, əziz Qafar müəllim! - deyirəm.

Akif ABBASOV,
Pedaqogika elmləri doktoru, professor, Əməkdar müəllim

 





02.02.2023    çap et  çap et