525.Az

Ağacı içindən yeyən qurdlarımız... - İradə Musayeva (IV məqalə)


 

Ağacı içindən yeyən qurdlarımız... - <b style="color:red"> İradə Musayeva (IV məqalə)</b>

Ömər Faiq publisistik yazılarında 40-a qədər imzadan istifadə edib. Hər imza da məhz mövzu və problemin mahiyyəti ilə əlaqəli olurdu. Məsələn, "Ümidvaram" adlı məqaləsini ("İrşad", 1906) "Ümidvar" imzası ilə çap etdirib.

Məqalənin məzmunu isə problemlərin adını və xarakterini təqdim edəndən sonra işin düzələcəyinə ümid notu ilə tamamlanırdı. Bəzən isə, "ümid edirəm ki..." ifadəsini istehza ilə işlədir, qaldırdığı məsələnin həllinin mütləqliyini bu şəkildə çatdırırdı. Yəni "ümid etmək" onun yazılarında çox zaman bir tərz, intonasiya, üslub səciyyəsi daşıyırdı. "Çox ümidvaram ki, bəradəri-həmiyyətpərvərim Firudin bəy Köçərlinin meydana çıxardığı "Müəllimlər" məsələsi digər min bir dərdimizin cərgəsinə tullanmaz. Ümidvaram ki, ikmal etməyə çalışdığımız nöqsanların üst pərdəsinə bir az əl sürülüb yenə köhnə sayağında buraxılmaz. Ümidvaram ki, həqiqətin meydana çıxmağına çalışan həmiyyətli yazıçılarımız qədim adətimizə uyub zorlarını, qələmlərini yalnız gücləri çatdıqlarını tapdalamağa sərf etməzlər".

Məqalənin tezislərindən məlum olur ki, Müəllimlər Seminariyasında şagirdlərə türkcə və türk tarixi, mədəniyyəti, ədəbiyyatı, eləcə də İslam dini haqqında kifayət qədər normal təhsil verilmir. Bu da uşaqların qəlbində Vətən, İslam, millət məhəbbətinin qarşısını alır. Nəticədə F.Köçərlinin də dediyi kimi, "yarımçıqlar" meydana gəlirdi.

O zaman məktəb və ümumən təhsil sahəsində müsbət nəticələr göstərən Qori və İrəvan Seminariyaları (layihəsini K.D.Uşinski hazırlamışdır) çar hökumətinin imperiya siyasətini təbliğ edən vasitə missiyasında olsa da, bizim milli ziyalılarımız bu fürsətdən hər vəchlə yararlanmağa çalışırdılar.

Bütün sahələrdə olduğu kimi, təhsil sahəsində də rus, erməni, gürcü, ümumən xristianlara olan münasibətlə biz müsəlmanlara olan münasibət arasında xeyli fərq vardı. Bizimlə bağlı təhsil siyasətinin mahiyyəti bizi öz milli mənsubiyyətimizdən, dilimizdən, dinimizdən uzaqlaşdıraraq kölə vəziyyətinə salmaq idi. Kölə psixologiyası ilə formalaşdırılmış, mənşəyi bəlli olmayan kütlə yaranandan sonra onun üzərində daima hökmranlıq etmək çox asan olacaqdı. Biz Rusiyanın müstəmləkəsi kimi hər zaman milli ayrı-seçkilik təzyiqinə məruz qalırdıq.

Hətta 1866-cı ildə Tiflisdə açılan, şəhər  məktəbləri üçün müəllim kadrları hazırlayan Aleksandrovski Müəllimlər  məktəbinə (1872-ci ildən "Aleksandrovski Müəllimlər İnstitutu") müsəlmanlar qəbul edilmirdi. Aleksandrovski Müəllimlər İnstitutuna müsəlman olmayan digər millətlərin nümayəndələrinin isə qəbul  olunmaq hüquqları vardır.

O da qəribədir ki, 1872-ci il əsasnaməsinə görə, müsəlmanlara   məktəblərdə ştatlı müəllim vəzifəsini  tutmaq hüququ da verilmirdi.

Gördüyümüz kimi, çarizmin millətçilik siyasəti və bizimlə müsəlmanlarla bağlı ayrıca, istisna qanunlar müəyyənləşdirməsi xeyli problemlər yaradırdı. Azərbaycanlılar üçün məktəb və müəllim, milli kadr düyünü bu tipli süni əngəllər hesabına mövcud idi. Lakin bizim ziyalılarımız, pedaqoqlarımız susmur, israrla xalqlar, dillər, dinlər arasındakı fərqə düzəliş edilməsini tələb edirdi. Müəllimlər  Seminariyaları haqqındakı təlimatın şərtləri həm də bu səbəbdən dəyişdi və  seminariyalarda müsəlmanların da təhsil  almasına icazə verildi.

Ömər Faiq də digər pedaqoq və ziyalılar kimi, məsələnin köklərini araşdırır, bəyan edirdi ki, bu problem sırf müsəlman müəllimlərin laqeydliyi, məsuliyyətsizliyi üzündən deyil, burada imperiyanın bizlərə rəva gördüyü zülm və ədalətsizlik əlamətləri də açıqca görünür. O qədər güclü təsirlər, zorakılıqla mühasirəyə alınmış təhsil sistemində bir-iki milli qeyrəti olan müəllimlərin nəsə edə bilməsinin mümkünsüzlüyünü Ömər Faiq də etiraf edirdi. "Və bir də böyük qulluqçuların çıxardığı "sirkulyar"lardır. Padşahdan savayı, hər kefi gələnin öz əqlincə çıxardığı hədsiz, saysız  "qərardadsızlardır". 

Müəllif o ehtimalı da diqqətə çatdıraraq sual edirdi ki, Qoridə dərs deyən müəllimlərimiz etiraz edib, işdən çıxsalar, həbsə düşsələr, ictimai reaksiya necə olacaq? Cəmiyyətin başbilənləri, ziyalıları, ruhaniləri, rəisləri narahat olacaqmı? Yoxsa haqla nahaq, dürüstlə nadürüst, sədaqətli ilə xain bir qazanda qaynayacaq? Müəllimləri haqq işinə görə müdafiə edən olacaqmı və s. "Görək müəllimlik yerlərini boş buraxıb hökuməti məcbur edəcəklərmi ki, müəllimlərin xahişlərini millətimizin nəfinə həll etsinlər. Görək millət qeydinə "söz" ilə qalanlarımız meydana çıxıb hökumətə bir söz anladacaqlarmı ki, bizim də hüququmuza, insanlığımıza riayət edilsin. Yoxsa hər kəs öz qohumunu, öz dostunu müəllimliyə keçirmək üçün divanxanə qapılarında "xuliqanlıq"dakı məharət və ixlaslarını sayıb meymunluqmu göstərəcəklər?"

Ömər Faiq digər məqalələrində olduğu kimi, yenə bir hakim, hüquqşünas nəzərilə məsələni təhlil edib qərar çıxarır. Vicdanlı olmaq, haqlının haqqına girməmək onun publisistikası üçün prinsipial şərtlərdən biri idi. Bu yazısında da camaata üzünü tutub bildirir ki, qocaman bir xalqın köhnədən köhnə dərdlərini birləşərək, həmrəy və həmdərd olaraq həll edə biləcəyimiz halda bütün qayğılarımızı üç-dörd şəxsin üstünə tullayırıq. Bu isə insafsızlıqdır.

Ömər Faiqin "Ümidvaram" məqaləsində qaldırdığı bu problem, əslində, 1906-cı ildə digər publisist, müəllim və ictimai xadimlərin yaradıcılığında da öz əksini tapmışdı. Məsələn, Ömər Faiqin elə bu yazıda səsləndirdiyi sual ("Nə üçün başa düşmürük ki, camaatın ittifaq iş və qüvvəti ilə iş görməyi öyrənmədiyimizdən hüququmuz ayaqlar altında əzilir; ixtiyarımız əlimizdən alınır; mövcudiyyəti-milliyyətimizin üstə qara pərdələr çəkilir?") məhz həmin ildə N.Nərimanovun yazdığı "Mühim bir məsələ: Qori Seminariyası nerədə olmalı?" (1906) adlı məqaləsində bir az da geniş şəkildə ifadəsini tapır. N.Nərimanov isə həmin məqaləsində yazırdı: "Həqiqət bir yaxşı fikir ediniz: yüz ildən ziyadə rus dövlətinə tabe olmuş hankı dərdimizə bir yerə yığılıb əlac axtarmışıq? Hankı mühüm məsələlərimizi həll edib də onun dalınca getmişik? Həmin məsələnin meydana gəlməsini dövlətdən tələb etmişik? Hankı ümum millətə dair işin üstə qazamatlara düşmüşük, canımızdan, malımızdan keçmişik? Bunlar heç biri olmayıbdır".

N.Nərimanov da Ömər Faiq kimi, camaatın yadına salırdı ki,  cilovumuzu dövlətə, daha doğrusu, özünü dövlət qulluqçusu kimi aparan rus məmurlarına verib, taleyimizi onlara tapşırmışıq. Onlar da necə kefləri istəsə, bizi eləcə də idarə edib, hara gəldi sürüyüblər. Biz isə şükür edə-edə öz mağmınlığımızla onlara kömək etmişik.

Ruslaşma siyasətini təhsil sisteminə hiss olunmaz şəkildə yeridən imperiyanın niyyətini yaxşı anlayan aydınlarımız dayanmadan maarifləndirmə işi aparır, xalqı qəflətdən ayıltmağa çalışırdılar. N.Nərimanov "Mühim bir məsələ: Qori Seminariyası nerədə olmalı?" məqaləsində təhsilli adamların (Nərimanov onları "qanacaqlılar", savadsızları isə yenə dırnaq işarəsi içərisində "qanacaqsızlar" adlandırırdı) öz mənafeləri naminə rus siyasətinə boyun əyməsini, dilini və milliyyətini unutmasını ifşa edirdi. Göstərirdi ki, Rusiya həmin satqın "qanacaqlıları" mükafatlandırır, cahil, rusun dilini öyrənməyi küfr hesab edənləri ("qanacaqsızları") isə adam yerinə qoymamaqla cəzalandırırdı. Nəticədə həm təhsillilərimizdən, həm də təhsilsizlərimizdən millətə ancaq ziyan gəlirdi: "Camaatımızın "qanacaqlıları" rus dilində çörək görüb uşaqlarına haman dili vacib bilirdilər... Kəndi ana dilinə həqarətlə baxırdılar... "qanacaqsızlarımız" rusu günah bilib, öz dilini də oxutmaq bacarmırdı. Məktəblərimizdə Nuhun əsrindən qalan üsul ilə dərs verməyə kifayət edib zavallı uşaqların, gələcək millət balalarının fəhmlərini, zehinlərini korlatmağa çalışırdılar. Bəli, bizim camaat da bu qulluqları göstəribdir! Dövlət isə camaatımızın iki firqəyə bölünməyini və bunların lisan barəsində olan fikirlərini pək yaxşı anlayıb da "qanacaqlılarımıza" tələb olan yemi yavaş-yavaş verib "qanacaqsızlarımızı" əsla nəzərdən salmışdı".

Nərimanov da rusların bizim kəndlərdə, şəhərlərdə camaatın xərcinə məktəblər açıb həftədə altı dərs rus dilində, bir-iki dərs də (xala xatirin qalmasın) türk dili və şəriət dərsləri keçilməsinə icazə verməsini pisləyir, bizim dövlət xəzinəsinə verdiyimiz pulla bizi ruslaşdıranları və bu siyasətə öz xeyirlərinə görə susanları tənqid edirdi. 

Ömər Faiq, F.Köçərli kimi, Nərimanov da sadəcə məktəb açılmasını alqışlamırdı, daha incə təhlillərlə bu məktəblərdə hansı dərslərin və necə keçilməsi məsələsini çözürdü. Bu müəlliflərin hər biri çox zaman məsələnin məğzini avam camaata anlatmaq üçün eyni üsuldan - qonşu xalqlarla müqayisə üsulundan istifadə edirdi. Məsələn, N.Nərimanov da konkret faktlara söykənərək göstərirdi ki, ruslar erməniləri də milli dil və tədris məsələlərində sıxışdırdı, amma onlar həmrəy olub etiraz etdilər və dövlət məktəblərindən imtina edib övladlarının təhsilini evlərdə sistemli şəkildə davam etdirdilər. Yəni dövlət məktəbinə ödədikləri pulu öz müəllimlərinə ödəməklə təhsil məsələsini həll etdilər. Ruslar bu etirazla hesablaşıb onların istəklərini yerinə yetirməyi qərara aldı.

Bizdə də həmin hal baş verdi və bizim camaat nəinki həmrəy oldu, hətta ruslara yarınmaqla işi bir az da ağırlaşdırdılar. Ziyalılarımızın da müşahidələrini nəzərə alsaq, belə məlum olur ki, sosial eksperimentlərdən üzüağ çıxmayan xalqları ruslar asanlıqla ruslaşdırır və onlarla istədikləri kimi rəftar edirdilər. Öz dilinə həqarətlə baxan, müti və hər haqsızlığa susan xalqları dövlət asanlıqla "ruslaşdırmaq" istəyəndə bu qəbildən olan məktəblərin çoxalmağını istəyir, həmin proqramları sabit saxlayırdı. "Qori seminariyasında türk dili və şəriət dərsində dövlətin politikasını gördünüz. Lakin nə səbəbə dövlət müsəlman şöbəsini İrəvan seminariyasında açmayıb, Qori seminariyasında açmağına diqqət etdinizmi? Qori əhalisi gürcüdən, ermənidən ibarət balaca şəhərdir. Bu şəhər Tiflisdən üç saat dəmir yolu ilə şimala tərəf olarkən, o vaxtadək Qafqaz müsəlmanlarından bir fərd orada həmişəlik məskən etməyibdir, yəni demək istəyirik ki, beş-on "quyu" qazan iranlıdan başqa müsəlman tapılmaz. Belə bir şəhərdə dövlət tərəfindən müsəlman şöbəsini açmaq, türk və şəriət dərslərini mürür ilə mənasız bir şey hesab etmək nəyə dəlalət edir? 27 ilin ərzində biz camaat bunu anlamadıq, genə də anlamazdıq" (N.Nərimanov "Mühim bir məsələ: Qori seminariyası nerədə olmalı?").

Ömər Faiq isə "Ümidvaram" məqaləsində tam eyni mövqedən düşünüb narahat olurdu. Özgədən imdad, mərhəmət uman camaatı başa salmağa çalışırdı ki, bu imperiya daxilində bütün xalqlara eyni gözlə baxılmır, birliyi, həmrəyliyi olan xalqa heç vaxt həqarətlə yanaşmırlar, bizə isə elə yanaşırlar.

Müşahidələrinə əsasən valideynlərin bir dəfə də olsun gimnaziyalarda, məktəblərdə baş verənlərə həmrəyliklə cavab verməməsini, müsəlman müəllimlərin hüquqsuzluğuna, türkcə dərslərin azlığına, təlim-tərbiyədəki naqisliyə görə hökumətə müraciət etməməsini Ömər Faiq ürək ağrısı ilə bildirirdi. Qeyd edirdi ki, hətta sabah bu uşaqlara donuz əti yedizdirib onları dua üçün kilsəyə aparsalar da, bizim camaatdan səs çıxmaz. "Xeyr, əvvəlcə bir neçə gün bərk danışacaqlar, məclislər quracaqlar, barıt kimi partlayacaqlar. Amma iki-üç gün sonra "Əlsəbr müftahülfərc" deyib sui-idarəyə lənət oxuyacaqlar. Hind toyuqları kimi hirslərini endirib pozulacaqlar. Köhnə hallarına girəcəklər. Vaxt keçdikcə sükutlaşacaqlar".

Biz Ömər Faiqlə Nərimanovun məqalələrindən paralellər seçdikcə təəccüblənməyə bilmirik. Millətin, təhsilin problemlərini bu qədər yanğı və məsuliyyətlə analiz edib, bu barədə silsilə yazılar yazan maarifçi ziyalılar hər həlledici məqamda tam eyni cür düşünür və fikirlərini eyni məntiqlə əsaslandırırdılar.

Həmin dövrə aid bir çox mətbuat səhifələrindən də aydın olur ki, rus missioneri Smirnovun zamanında Qori Seminariyasında türk və şəriət dərsləri getdikcə lazımsız dərslərdən hesab olunmuş və az qala sıradan çıxmaqda idi. Bizim müəllimlər də Smimovun əqidəsi ilə iş görməyə başlayırlar. "Türk dili bilmərrə unudulur, axırda türk dilinə bir dərəcədə həqarətlə baxılır ki, orada təhsil edib kurs qurtaran müəllimlərimiz türk əlifbasını da bilmirlər. Ən axırda türk lisanı seminariyada "ümumi" bir lisan olur: müsəlman uşaqlarının əvəzinə rus, gürcü, erməni uşaqları türk lisanı dərsində otururlar. Müsəlman müəllimləri isə rus, gürcü, erməni uşaqlarına türk lisanını təlim etməklə kifayət edirlər" (N.Nərimanov "Mühim bir məsələ: Qori seminariyası nerədə olmalı?").

Nərimanov da göstərirdi ki, İlminskilər, Smirnovlar öz dövlətlərinin siyasətini bir missioner kimi mükəmməl yerinə yetirirdilər. Biz isə öz əlimizlə özümüzə quyu qazırıq. Nəticədə türk balaları ana dillərini unudub ruslaşırdılar.

Camaatımız isə başına zərbə ilə dəyən toppuzu, dəyənəyi görmür, hiss etmir. "Görəsən, görüb anlayandan sonra hərəkət etməməyinə səbəb nə olacaqdır?"

Məlumdur ki, XX əsrin əvvəlləri Azərbaycan üçün tarixi bir dönəm olub. Bütün dünyada, Rusiyada, xüsusən də Cənubi Qafqazda baş verənlər bizim də tarixi taleyimizi həll edirdi. Bu fürsəti əldən buraxmamaq, ondan ustalıqla yararlanmaq üçün ziyalılar daha təşəbbüskar və tələbkar olmalı idi. Lakin qonşu xalqlarla müqayisədə bunun əksi hər addımda ortaya çıxırdı. Ona görə də həmin dövrün mətbuatında mövzu, məzmun, ideya etibarilə oxşar məqalələrdə hətta oxşar metafora, təşbeh, mübaliğə və bənzətmələrlə həmin susan, laqeyd və buqələmun müsəlman obrazı səciyyələnirdi.

Məsələn, C. Məmmədquluzadə də bir çox əsərlərində, o cümlədən, 1906-cı ildə "Çerivanski ilə yoldaşının söhbəti" adlı məqaləsində müsəlman sükunətini, mütiliyini, xalq üçün həlledici məqamlarda  söz deməli olan adamların lal-kar kimi davranmağını satirik üsulla tənqid edirdi. Məqalədə göstərilir ki, iki rus dumaya müsəlmanlarla bağlı bir məsələ çıxarılarkən hansı hadisələr baş verə bilər? - sualını çözür. Dialoq zamanı Çerivanski "Qorxuram müsəlmanlar məsələsi dumada baxılarsa, müsəlmanlar udar" - həyəcanını yaşayarkən yoldaşı ona deyir:

"- Mən də elə bildim ki, qorxunuz polyaklardan, gürcülərdən, ermənilərdəndir. Biz ruslar müsəlmanların çox qışqırıqlarını, çox hay-küylərini eşidirik. Amma heç birinin dalı gəlmir. İspiçka kimi tez alovlanıb tez də sönürlər. Bir də, harda müsəlmanlarda elə qeyrətli, həmiyyətli vəkillər ki, "müqəddəslərə" boyun əyməkdən qurtulub millət xeyrinə çalışalar. Müsəlmanlardan tərəf arxayın olunuz ki, dumaya lal gəlib kor gedəcəklər" (C.Məmmədquluzadə. "Çerivanski ilə yoldaşının söhbəti", "Molla Nəsrəddin", 1906).

Həlledici anlarda lal, kar, kor kimi davranmaq milli xəyanətkarlıq, Ö.F.Nemanzadənin də dediyi kimi, "ağacı içindən yeyən qurd" xəyanəti hesab edilirdi.

Yenə həmin ildə N.Nərimanov qeyd edirdi ki, biz azadlığımız və inkişafımız üçün kərpici kərpic üstə qoymadığımız zamanda başqa mübarizə aparan xalqların hesabına bizim üçün də işıq ucu göründü. Dövlət əlacsız qalıb əsrlərlə hüququnu itirmiş millətlərə yavaş-yavaş sərbəstlik verdi, indi hər millətin uşaqları öz ana dilində təhsil də ala bilər və s. "Bizim camaat bunları görüb yenə də lal və kar qalmış, axırda dövlət özü qafqazlılar üçün ümum qanun düzəldib dedi: qeyri millətlərə verilən ixtiyar siz müsəlmanlara da verilir. Bacarırsınız isə siz də öz başınıza çarə qılınız. Bu fikir ilə türk dilini müsəlman müəllimlərə vacib bildi, qəza şəriəti də vacib bildi" (N.Nərimanov "Mühim bir məsələ: Qori seminariyası nerədə olmalı?").

Onu da qeyd edək ki, 1906-cı ildə Zaqafqaziya Müsəlman Müəllimlərinin I qurultayında H.Zərdabi ilə birlikdə sədr seçilən N.Nərimanov iclas zamanı məktəblərdə Azərbaycan dili təlimi ilə bağlı yeni dərs proqramı, ana dilində yeni dərsliklər hazırlamağın zəruriliyini diqqətə çatdırmış, eləcə də müəllimləri millətin dərdinə əlac axtarmağa, dövlətin qarşısında tələblər irəli sürməyə çağırmışdır.

Ümumiyyətlə, ötən əsrin aktual problemlərini sistemli və konseptual şəkildə mətbuata çıxaran müəlliflərimiz bir çox hallarda öz fikirlərini həm də məqalə qəhrəmanlarının dili ilə ifadə edirdi. Çox hallarda bir-birinə zidd mövqedə olan iki adam, bəzən iki ziyalının söhbəti əsnasında yeni ideya ortaya qoyulurdu. Məsələn, biri millət fədaisi, digəri isə "işbaz" və yalnız özünü, öz xeyrini düşünən tiplər mükaliməsi daha çox olurdu. Bu mükalimələrin əksəriyyəti isə "Bizə nə düşübdür özümüzü bəlaya salaq? Millət qeyrətini gərək bizmi çəkək?" - məntiqi ilə tamamlanırdı.

Nərimanov "Həftə fəryadı-8" adlı məqaləsində müəllimlərlə bağlı həmin situasiyanı canlandırır: "...müəllimləri kəndi işlərindən ötrü, ümumi dərdlərinə əlac aramaqdan ötrü bir məclisə dəvət edəndə "bir parası" dəvətnamənin üstə yazırmış: "Görəsən, plov da olacaqmı?" Ya xeyr: Biri "yetər xabi qəflətdə qalmağımız, gərək işləyək, dövlətə ümid bağlamaq olmaz. Bizə lazım şeyləri tələb edək, verməsə, güc ilə alaq! İndi aləmi-hürriyyətdir, qorxmamaq!" - belə sözlər deyirmiş. Fəqət bir qeyrisi bundan "ağıllı" "fərasətli", "qeyrətli", yoldaşına baxıb da gülürmüş: ay biçarə, aldığın çoxca məvacib, üç-dörd müftə otaq, müftə odun, müftə çıraq, müftə qulluqçu, hər ildə "çox zəhmətlərdən" sonra "azarlayıb" şəhər kassasından aldığımız "pasobiya" qanımızımı dəlir?! Bizə nə düşübdür özümüzü bəlaya salaq? Millət qeyrətini gərək bizmi çəkək?"

Ömər Faiq yuxarıda da qeyd etdiyimiz kimi, hər şeyin onun ehtimal və mülahizələri əsasında gəldiyi qənaətdəki kimi pis olduğunu istehzalı şəkildə inkar edir. Ümidvar olduğunu bildirir ki, o, özü bir çox məsələlərdə yanıla bilər. "Amma Allah etsin ki, zənnimdə səhv etmiş olam. Allah etsin ki, camaat məni təkzib edə. Lakin baba, camaat mənim bildiyim camaat isə qara yazılarını həmişə ağ görüləcəkdir. Nə tövr görünməsin ki, sui-tərbiyə daha açığı bizi ruslaşdırmaq üsulu yalnız Qoridə deyil! Baxınız: Gəncə, İrəvan, Qarabağ, Şəki, Şamxor, Tiflis, Bakı..."

Ömər Faiq real mənzərədəki problemləri, hansı ki o problemləri cəmiyyətin böyük hissəsi görürdü, onları xüsusi intonasiya ilə diqqət mərkəzinə gətirir və sual edirdi: "Baxınız, Allah xatiri üçün baxınız ki, bu qədər şəhərlərimizin birində beş-on adam, beş-on ürəyi yanan varmı ki, beş dəqiqə uzaqdakı inspektorun yanına ittifaq ilə gedib məktəbin sui-tərbiyəsindən, müsəlman dərslərinin azlığından, övladlarının müsəlmanca heç bir zad bilmədiklərindən şikayət etsinlər?"

 "Bu günlər və bizim rəhbərlər" ("İrşad", 1906) adlı məqaləsində Ömər Faiqin bir publisist kimi həyəcan və narahatlığı daha çox diqqəti cəlb edir. Həmin günlərdə - hər kəsin, milyonlarla ac, fədakar, azadlıqpərəst insanın üzü Peterburqa, Millət Məclisinə çevrildiyi bir zamanda müəllif diqqətini bizim rəhbər şəxslərə yönəldir. Xalqının taleyini düşünənlərin gözü və qulağı daha da həssaslaşıb. Millət vəkillərimizi ürəkləndirmək, onlara taleyüklü qərarlarımızı ucadan bəyan etmək üçün cəsarət teleqramları göndərilir.

Ömər Faiqin publisistikada çox maraqlı bədii mətn konteksti, ab-havası yaratmaq qabiliyyəti var. Təkcə emosionallıq və obrazlılıq deyil, həm də süjet elementlərindən mətnin ideyası üçün istifadə məharəti diqqəti cəlb edir. Tənqid edəcəyi, onu bir ziyalı, bir ictimai xadim, müəllim kimi qəzəbləndirən məqamı önə çıxarmaq, fikri o nöqtəyə yönəltmək üçün əvvəlcə bədii mühit yaradır. Məsələn, həmin günlərdə coşqu və ümidlə azadlıq, müstəqillik naminə fədakarlıq edən hər kəsin bacardığı işləri necə yerinə yetirməsini sadalayır. Kimi teleqraf göndərir, kimi qəzet sütunlarında bu mövzu ilə bağlı xalqı maarifləndirən məqalələr yazır, vəkillər, müəllimlər, redaktorlar, naşirlər sanki mücadiləyə qalxıblar. Həmin günlərdəki coşqulu fəaliyyəti "insaniyyət yolunda axıdılan qanlara bərabər" bir fədakarlıq hesab edən müəllif rus, gürcü, erməni din xadimləri, ruhanilərinin də bu günlərdə xalqları ilə bərabər yaranmış vəziyyətdən istifadə etmək üçün gördüyü işi göz önünə gətirir: "Bu günlər rus keşişi fəzilətli cənab İvan Brixniçevin on altı səhifədən ibarət həftəlik çıxardığı "Dur, ey yatmış" qəzeti oxunub ibrət götürülməli qiymətli bir əsərdi" və s.

Sonra üzünü çevirir bizə, müsəlman türklərə tərəf. Bizim də azadlıq, müstəqillik sevən bir qövm olduğumuzu xatırladaraq bildirir ki, "hürriyyət və müsavatın anası" olan biz müsəlmanların dini kitabında, əxlaq və düşüncəsində özgürlük, ədalətlilik, mərhəmət daha çox arzulanan nemətlərdir. Ömər Faiq bu məqaləsi ilə müsəlmanları Qafqazda insanlar cərgəsində haqq və ixtiyar sahibi olmayan bir camaat, tayfa kimi təqdim edir. Amma məqam gəlib ki, bizim də Ruhani idarəsi sözünü hökumətə israrla çatdırsın. "Əlbət, belə dar, lazımlı günlərdə bizim rəhbərlərimiz də hümmət və qeyrətdən geri durmazlar".

Bundan sonra müəllif süjetin ekspozisiyasını bir az da həyəcanlı, tərəddüdlü notlara kökləyir: "Həmd olsun bu ümidlər boşa çıxmadı. Bizim rəhbərlər də özlərini göstərdilər. Mayın 7-də idareyi-ruhaniyyə rəisləri, üzvləri və qeyri qulluqçuları cənab müfti əfəndinin rəyasət xanələrinə cəm oldular, bu günlər müsəlmanların hər tərəfdən sıxılıb əzilməklərinə, zülm və cövr görməklərinə, bir sözlə, zəmanənin təqazasına görə fürsəti qənimət bilib müşavirəyə başladılar".

Məqalənin bu hissəsinə qədər yazar Ruhani idarəsi rəisinin, üzvlərinin tərəfdaşı və alqışçısı kimi çıxış edir. Onlara haqq qazandıraraq göstərir ki, bu yığıncaq vacibdir, çünki mayın 24-nə təyin olunan ümumi məclisdə görüləcək işlər indidən müəyyənləşməlidir və s.

Yazının sonrakı hissəsi üçün müəllif  maraqlı bir cümlə işlədir: "Budur ki, vaxt fövtə verilməyib şiddətli xahişlər ilə müşavirə başlandı. Bəli, başlandı..."

Ömər Faiqin məzmuna uyğun kontrastlı, dramatik vəziyyət yaratmaq bacarığı ideyanın məğzinə vurğunu sala bilir. Məsələn, xalqların gələcək taleyi ilə bağlı Peterburqda Millət Məclisinin yığıncağı olacağı xəbərindən şad olan müəllif bizim ixtiyar sahibi rəhbərlərimizin öncədən toplaşıb məsləhət-məşvərət etməsinə daha çox həyəcanlanır. Ümid edir ki, böyük gələcəyin əvvəli bu kiçik toplantılarda qoyulacaq. Hətta emosional, obrazlı təsvirlə öz həyəcanının portretini yaradır: "Lakin mənim də əlimdəki qələm titrəməyə, gözlərim yaşarmağa başladı. Uf, nə üçün bu qədər xəfif ürəkliyəm? Ah, nə üçün yaralarımıza baxmağa, onların halını anlatmağa təhəmmülüm yox. Xeyr, xeyr, belə olmamalı. Bu vaxtda, hər saatın hər dəqiqəsində böyük bir inqilab gözlənən belə bir zamanda, Xıdır ürəkli, aslan qüvvətli olmaq lazımdır. Bəli, bəli, iş vaxtında acizə arvadlar kimi əl titrətməkdən, yaş axıtmaqdan nə fayda? Qorxusuz söz, ciddi iş lazımdır".

Qorxusuz söz, ciddi iş əvəzinə həmin rəhbərlərin yığıncağında ruhanilərin nişan və medal almağı məsələsi müzakirə edilir. Bildirilir ki, rus hökumətinə rəğbət bəsləyən adamlar, xüsusən ruhanilər nə üçün medal nemətindən məhrum olmalıdırlar? Toplantının ana mövzusu - "Ədalət və insafə müvafiqmidir ki, "medal" alan ilə almayana təfavüt qoyulmasın? Əlbəttə ki, döşündə medal ilə rus qulluqçusunun hüzuruna varanda medala baxıb hörmət edər..." - ideyası ilə əlaqələndi. Digər məsələ isə ruhanilərin rus təəbəsindən olmağının vacibliyini gündəmə gətirmək şərti ilə əlaqəli idi. Başqa bir məsələ xarici ölkəyə pul göndərmək istəyənlərin Ruhani idarəsindən izn alması məsələsi idi. O da vurğulanmışdı ki, kim bu şərtə əməl etməsə, bu barədə rus hökumətinə xəbər edəcəklər və s.

Məqalənin bu məqamında artıq kuliminasiya nöqtəsinin partlayışını hiss edirik. Rusiyada, Qafqazda milli, dini problemlərimizlə bağlı fundamental addımlar atmalı olduğumuz halda ruhanilərin medal hərisliyi, vergi iştəhası və azadlıq deyil, təəbəlik xahişi heyrət doğurur. Bir zamanlar azadlıq düşməni olan xristian keşişləri də haqq naminə səslərini qaldırdığı, erməni katalikosunun millət məclisinə öz milləti adından uzun bir teleqraf göndərdiyi tarixi bir zamanda  bizim rəislərimiz nişan və medal istəyir, millətə faydası olan heç nə demək istəmirlər. Ömər Faiq ürək ağrısı ilə yazır: "Demək ki, bizim ruhanilər Rusiyanın köhnə istibdadına, köhnə zülmünə əllərindən gəldikcə artıq çalışırlar. Demək ki, hürriyyət-pərvərlər arzularına nail olub köhnə idareyi-zaliməni dəyişdirsələr, bizim sahibi-mənsəb ruhanilər razı olmayacaqlardır".

Süjetin düyün açılışı məqamı isə sarsıdıcı müraciətlə (Ey binəva camaat! Görürsünüz, bizim idarələrin xidmətlərini! Heç kəs belə xidmətin vəzaifi-idarəyə aid olmadığını söyləmir. Eyb deyilmidir ki, idarələrimiz casusluq, xəbərçilik, şpionluq edir?!") davam edir.

Final isə daha kədərlidir. "Ümidvar" imzalı şəxs (Ömər Faiq) bütün ümidlərini itirir. Məlum olur ki, biz müsəlmanların boynuna vurulan əsarət zəncirlərinə səbəb yalnız rus hökuməti deyilmiş, həm də vəzifə postlarındakı öz ruhani atalarımız, rəislərimiz imiş. Ağacı içərisindən yeyən qurdlarımız...

Epiloq əvəzi sonluqda isə Ömər Faiq özünə müraciət edib. Özünə ümidli olmağı tövsiyə edir: "Amma ey Ümidvar! Sən də adını "Ümidvar" qoyub bu qədər biümid olma! Dünya əsl həmiyyətdən xali deyildir. Millətin fəryadı, fağır-füqəranın göz yaşları zülm və cəhalətdən, keyfi idarələrdən göylərə qalxır. Millətimizin azad və müsavatsız heç bir haqq və ixtiyara malik ola biləcəyini mənfəətpərəstlər, kutah beyinlər, əbdi-zülmlər bilmirlərsə, alimi rəbbanilərdəmi bilməyəcəklər? Yox, yox, bizim ümidimiz mayın 24-də cəm olacaq həmiyyətli və həqiqi alimlərimizə, məlumatlı ürəfamıza çox-çoxdur".

 

 

 





02.02.2023    çap et  çap et