525.Az

Tənhalığın kəşfi - Şahanə Müşfiq yazır


 

Tənhalığın kəşfi - <b style="color:red"> Şahanə Müşfiq yazır</b>

Tənhalıqdan niyə bu qədər qorxuruq əksəriyyətimiz? Nədir bizi qorxudan: bizdən başqasının olmaması, yoxsa hər kəsin olmağına rəğmən, başqasını tapmamağımız?

İnsan oğlunun hələ bu dünyaya gəlmədən öncə tanış olduğu ən birinci duyğudur tənhalıq duyğusu. İnsan ana bətninə düşdüyü gündən etibarən yalnızlıq qorxusu da onunla birgə yaranır. O qaranlıq, dar məkanda getdikcə böyüməkdə olan varlıq təkliyindən qorxuya düşür. Ancaq onu burada izləyən iki "həmdəmi" var. Birisi onu bətnində böyüdən, qanından qan, canından can verən anasıdır ki, körpə hələ doğulmamışdan nəfəsi, ürək döyüntüləri, səsi və istiliyi ilə onun bu qorxusunu aradan qaldırır. Digəri isə onun özüylə birlikdə yaşayan və onu qidalandıran, yaşamasına, böyüməsinə şərait yaradan göbək ciyəsidir. İnsan doğulanda onun doqquz aylıq "dostunu" - göbək ciyəsini kəsib götürürlər. Çünki artıq onun anası, ya da himayəçisi bütün varlığı ilə yanındadır. Lakin uşaq bunu elə də asanlıqla qəbul etmir və onda yenidən yalnızlıq qorxusu başlayır. Göbək ciyəsinin gedişi, göz açdığı yad dünya onu tənhalığa qərq edir. Onu bu tənhalıqdan isə yenə anası xilas edir. Körpə özünün yalnızlıq qorxusunu yenə də anasının nəfəsi, qoxusu ilə yenir. Çünki ona bu qocaman dünyada tək tanış olan məhz bu qoxu və bu nəfəsdir.

İnsan üçün yalnızlıq ən ağır halda ölümlə eyni duyğudur. Bəzi insanlar yalnızlıqdan ölümdən qorxduqları qədər qorxarlar. Sən demə, bunun da öz səbəbi varmış. Mütəxəssislər deyir ki, körpə altı ayına qədər görmədiyi nəsnənin yox olduğuna inanır. Məsələn, o, anasını görməyəndə onun yoxa çıxdığını, bu situasiyada öldüyünü zənn edir. Buna görədir anası uşağın yanından ayrılar-ayrılmaz onun ağlamağı.

Biz ölümü inkar edərək yaşayırıq, ancaq tənhalıq bizə bu inkar mexanizminin faydasızlığını anladır. Təklik bizi anamız içəridə bir az başqa işlə məşğulkən, tək öləcəyimizdən qorxduğumuz o çarəsiz anlara aparır. Ananın yoxluğunda körpə zaman-zaman kiçik ölüm böhranlarının eşiyindən qayıdaraq böyüyür, yetkinləşir. Burada tənhalığımız bizə anasız olduğumuz o qısa anların təlaşını xatırladır ki, yetkin çağımızda "özbaşımıza yaşaya bilmək" qabiliyyətini əslində o anların sayəsində əldə edirik.

Özbaşına qalmaq kimsəsiz olmaq demək deyil. Bəzən yalnızlıq gərəkli, hətta faydalı da ola bilir. Bunu daha çox yaradıcı insanların həyatlarında müşahidə edirik. Yalnızlıq insanın özü-özüylə söhbətləşməsinə, özünü və ətrafını daha dəqiq, səmimi, açıq fikirlə müşahidə etməsinə və bütün bunların yekununda gərəkli nəticə çıxarmasına gətirib çıxarır. Yalnız bir növ yaradıcılıq qaynağı da ola bilir. Necə ki, Franz Kafka deyərdi: "Mümkün qədər yalnız qalmalıyam. Nail olduğum nə varsa, yalnızlığıma borcluyam".

Məsələn, holland əsilli rəssam Eduard Hopperin də yalnızlığı yaradıcılığının mayakına çevrilib. Orta səviyyəli bir ailənin ikinci övladı olan Hopperin atası ədəbiyyat həvəskarı, anası isə sənətsevər idi. Ona görə də Hopperin istedadını kəşf etmək onlar üçün çətin olmamalı idi. Və ya bəlkə də Hopper onlara çatmaq üçün özünə bir yol seçmişdi.

Olduqca içinə qapanıq uşaq olan Hopper orta məktəbi bitirdiyi illərdə özünü əlində diplomu ilə birlikdə üstündə "FAME" (tərc. şöhrət) yazılmış uzaqdakı dağa yeriyərkən çəkmişdi. Şəklin altına "soyuq dünyada tək başına" yazmağı onun yalnızlığının daha keçmişə dayandığını göstərir. Hopper bu rəsmdə özünün şöhrətə çatmaq arzusunu əks etdirmək istəmişdi. Ancaq həqiqətəndəmi onun çatmaq istədiyi şöhrət idi? Hopper doğrudandamı bir şöhrət düşkünü idi? Sonrakı yaradıcılığı onun belə olmadığını bir daha göstərir. Hopper duyğularına qarşı bir az cəsarətli olsaydı, bəlkə də "mən tənhayam" deyərdi. İnsanın şöhrət arzusu da bir növ tənhalıqdan qaynaqlanmırmı?!

Sonrakı yaradıcılığında Hopper daha çox yalnız insanların şəkillərini çəkdi. Sənətşünaslar onun 1930-40-cı illər Amerikasını təsvir etdiklərini yazsa da, Hopper "dövrün Amerikasını deyil, özümü çəkdim" - deyirdi.

Günümüzdə sürətlə inkişaf edən texnologiya, bu qədər geniş yayılmış sosial şəbəkələr insanların sosiallaşmasına xidmət edirmiş kimi görünsə də, əslində, nəhəng tənhalıq hissini bütün dünyaya yaymaqdadır. Sürətlə sosiallaşan insanlar öz daxillərində bir o qədər sürətlə yalnızlaşırlar. Bu da daha çox psixoloji problemlərə, insanların aqressivliyinə, sevgisizliyinə və nəhayətində, kütləvi intiharlara gətirib çıxarır.

Yox, yalnızlıq heç də qaçılacaq, zərərli, təhlükəli hiss deyil, əslində. Hər kəs ömrünün müəyyən dövrlərində qısa yalnızlığa ehtiyac duyar. Yuxarıda da qeyd etdiyimiz kimi, bu, insan həyatı üçün faydalı da ola bilər. Ancaq hər şey kimi tənhalığın da ifratı təhlükə, hətta faciədir. Bunun sərhədlərini müəyyənləşdirmək isə yenə də hər şüurlu insanın öz öhdəsinə düşür. O zaman tənhalıq heç də qorxulu olmayacaq.

 

 





02.02.2023    çap et  çap et