525.Az

"Qırmızı Kitab"ın yeni nəşri üzərində işlər yekunlaşır


 

"Qırmızı Kitab"ın yeni nəşri üzərində işlər yekunlaşır<b style="color:red"></b>

"Azərbaycan Respublikasının Qırmızı Kitabı"nın III nəşri üzrə işə 2019-cu ildə başlanılıb. Artıq işlər yekunlaşmaq üzrədir və nəşr bu il işıq üzü görəcək.

Bu nəşrin həyata keçirilməsi Prezidentin "Azərbaycan Respublikasında 2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsi haqqında" Sərəncamının icrası ilə bağlı AMEA-nın tədbirlər planına salınıb.

AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynovanın sözlərinə görə, "Azərbaycan Respublikasının Qırmızı Kitabı"nın I nəşrinə nadir və nəsli kəsilmək təhlükəsi altında olan 140 ali bitki növü daxil edilib. I nəşrdə olan 33 nadir növ müxtəlif səbəblərdən II nəşrə daxil edilməyib. Onlardan 15 növün III nəşrə yenidən daxil edilməsi məqsədəuyğun hesab edilib: "Qırmızı Kitab"ın II nəşri 330 növü, o cümlədən, 266 ali (1 növ mamır) və 20 ibtidai bitkini, 14 göbələk növünü əhatə edir. "Qırmızı Kitab"ın II nəşrində olan 23 növün III nəşrə daxil edilməsi tövsiyə edilməyib. İşçi qrupu tərəfindən "Qırmızı Kitab"a daxil edilməsi tövsiyə olunan yeni növlərin sayı 122-yə bərabərdir. "Qırmızı Kitab"ın III nəşrinə daxil edilmək üçün 450-dən çox növ qiymətləndirilib. Bunlardan 400-dən çoxu ali, 6-sı ali sporlu, 7-si ibtidai bitkilərə (2-si şibyə, 5-i yosun), 37-si göbələk növlərinə aiddir".

İ.Hüseynova "Qırmızı Kitab"ın I nəşrinə 108 növ heyvan adı daxil edildiyini vurğulayıb: "Onların 14 növü məməli, 36 növü quş, 13 növü sürünən və suda-quruda yaşayan, 5 növü balıq və 40 növü həşəratlar sinfinə aiddir. "Qırmızı Kitab"ın II nəşrinə nadir, nəsli kəsilmək təhlükəsində olmaqla, qorunmasına ehtiyac yaranan 223 növ heyvan daxıl edilib. II nəşrə həşəratlar sinifinə aid 77 növ daxil edilib. III nəşrdə 25 növün siyahıdan çıxarılması, 30 növün isə əlavə edilməsi təklif edilir. II nəşrə 6 amfibi və 20 sürünən növü daxil edilib. Ötən dövr ərzində bu növlərin bir çoxunun təsnifatında dəyişikliklər edilib. Bu fakt, eləcə də son illərdə aparılan molekulyar-genetik tədqiqatlar nəticəsində bəzi növlərin iki və daha çox müstəqil növə ayrılması III nəşrdə nəzərə alınacaqdır. "Qırmızı Kitab"ın II nəşrinə quşların 72 növü daxil edilmişdi. Bunlardan 10 növün yaşıl siyahıya salınması və qırmızı siyahıya isə 16 yeni növün daxil edilməsi təklif edilir. II nəşrə düşmüş məməli heyvanlardan 5 növün qırmızı siyahıdan çıxarılması və 2 yeni növün daxil edilməsi planlaşdırılır. Ümumilikdə, III nəşrə 242 fauna növünün salınması qərara alınıb. Bunlardan su onurğasızlarının 7, həşəratların 82, balıqların 12, suda-quruda yaşayanların 6, sürünənlərin 18, quşların 78, məməlilərin 39 növü üzrə qiymətləndirmələr aparılıb, onların sayı, nəsilvermə göstəricisi, biotopla trofik əlaqəsi, limit amilləri haqqında məlumat toplanıb, oçerklər yayılma xəritələri və növün xarakterik şəkilləri ilə birgə tam hazırlanıb, növlərin Kitabdakı sıralanması müəyyənləşdirilib".

İ.Hüseynovanın dediyinə görə, Ermənistan tərəfindən işğal müddətində təbiətə, torpaq və su resurslarına qarşı törədilən ekoloji fəsadlar fauna və floranın nadir növlərindən də yan keçməyib: "Qırmızı Kitab"a və Beynəlxalq Təbiəti Mühafizə İttifaqının "Qırmızı siyahısı"na daxil edilmiş nadir təbiət inciləri məhvə məruz qalıb. Qarabağ torpaqlarının işğaldan azad edilməsi nəticəsində bu regionda da ekspedisiya tədqiqatlarına imkan yaranıb və "Qırmızı Kitab"ın II nəşrindən fərqli olaraq III nəşrdə regionun nadir və itmək təhlükəsində olan növlərinin real monitorinqlərinin həyata keçirilməsi mümkün olub. İşğaldan azad edilmiş ərazilərdə alimlərimiz "Qırmızı Kitab"la bağlı tədqiqatlar aparıblar. Bu tədqiqatların nəticələri də III nəşrdə öz əksini tapacaqdır".

Mövcud qanunvericiliyə əsasən, ölkə ərazisində təbii şəraitdə yaşayan, nadir və nəsli kəsilmək təhlükəsi qarşısında olan heyvan və bitki növləri xüsusi mühafizə edilir və "Azərbaycan Respublikasının Qırmızı Kitabı"na daxil edilir. Azərbaycan Respublikasının "Qırmızı Kitab"ı rəsmi sənəd olmaq etibarilə, Azərbaycanın bütün ərazisində, o cümlədən, Xəzər dənizinin (gölünün) ölkəyə mənsub olan bölməsində heyvan və bitki növlərinin (yarımnöv, populyasiyalar) vəziyyəti, yayılması və mühafizəsi tədbirləri haqqında məlumatları özündə əks etdirir.

Ölkədə bitki və heyvanat aləminin mühafizəsi, həm ölkə qanunvericiliyində, həm də 1989-cu ildə çap edilib. Bura alimlər tərəfindən Azərbaycan florasında mühafizəsi tələb olunan 140, fauna üzrə isə 108 növ daxil edilib.

"Qırmızı Kitab"ın son nəşrində (2013-cü il) mütəxəssislər tərəfindən ölkəmizin müxtəlif təşkilatlarının nümayəndələri ilə əməkdaşlıqda müasir qorunma statusu qiymətləndirilmiş 300 bitki və 223 heyvan növünü əhatə edən Azərbaycanın "Qırmızı Kitabı"nın II nəşri yenidən işlənilib.

Nadir və nəsli kəsilməkdə olan növlərin tədqiqi üzrə mütəxəssislər tərəfindən intensiv monitorinqlər keçirilib, onların beynəlxalq səviyyədə müasir qorunma meyarları müəyyənləşdirilib. Bu nəşrdə ilk dəfə olaraq təbiəti mühafizə baxımından təsvir edilmiş nadir və nəsli kəsilmiş növlərin beynəlxalq səviyyədə qəbul olunmuş meyarlara görə (IUCN, 2001) qiymətləndirilməsi həyata keçirilib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 15 iyul 2000-ci il tarixli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Qırmızı Kitabı haqqında Əsasnamə"yə uyğun olaraq "Qırmızı Kitab"ın hazırlanması və dövri nəşri ilə bağlı işlərin maliyyələşdirilməsi Dövlət büdcəsi hesabına həyata keçirilir və hər 10 ildən bir nəşri nəzərdə tuutlub.

Ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov bildirib ki, "Qırmızı Kitab"ın III nəşri ilə bağlı tədqiqat işləri, demək olar ki, yekunlaşıb: "2023-cü ildə "Qırmızı Kitab"ın III nəşrinin çap olunması nəzərdə tutulub. Bununla bağlı komissiyalar yaradılıb, lazımi çöl-tədqiqat işləri də yekunlaşmaq üzrədir".

Vüqar Kərimovun sözlərinə görə, "Qırmızı Kitab"ın III nəşrində işğaldan azad olunandan sonra Qarabağ və Şərqi Zəngəzurda aparılan tədqiqat işlərinin də nəticəsi öz əksini tapacaq: "Qırmızı Kitab"ın III nəşrinin kitabın əvvəlki nəşrlərlə müqayisədə fərqlidir. Əsas fərq işğaldan azad olunandan sonra Qarabağ və Şərqi Zəngəzurda aparılan tədqiqat işlərinin də nəticəsinin "Qırmızı Kitab"ın III nəşrində öz əksini tapacağı ilə bağlıdır. 10 ildən bir beynəlxalq təcrübəyə əsaslanaraq "Azərbaycan Respublikasının Qırmızı Kitabı"nda verilən siyahılar mütəmadi olaraq dəqiqləşdirilməli və yenidən nəşr edilməlidir. Kiçik Qafqazın böyük ərazisinin 30 ilə yaxın Ermənistanın işğalı altında qalması səbəbindən isə bir çox nadir və təsərrüfat əhəmiyyətli növlərin yaşadığı bu unikal regionun faunası nəzarətsiz qalıb. Oradakı vəziyyət naməlumdur. Biz 30 il idi ki, bu torpaqlarda tədqiqat işi aparmaqdan məhrum idik. Artıq 2 ildir minalardan təmizlənmiş ərazilərdə tədqiqatlar aparılır. Aparılan tədqiqatlar nəticəsində müəyyən olunan nadir və nəsli kəsilməkdə olan heyvan, eyni zamanda, bitki aləmi kitabda öz əksini tapacaq".

Nazir müavini bildirib ki, birinci "Qırmızı Kitab"da 140 flora, 108 fauna növü təmsil olunub. O qeyd edib ki, bu rəqəm ikinci "Qırmızı Kitab"da iki dəfə artıqdır. Eyni zamanda, ikinci Kitabda 300 flora və 226 fauna növü əksini tapıb. Üçüncü Kitabda isə 500 bitki, 300-ə yaxın heyvan növü təmsil olunacaq.

Qeyd edək ki, "Qırmızı Kitab"ın III nəşrinin nadir və nəsli kəsilməkdə olan fauna növlərinin tədqiqi üzrə Zoologiya İnstitutunun və İşçi qrupun mütəxəssisləri tərəfindən intensiv monitorinqlər aparılıb. Monitorinqlər nəticəsində Azərbaycanın "Qırmızı Kitabı"nın III nəşrinə daxil edilməsi planlaşdırılan növlərdən bəzilərinə rast gəlinib, onların Azərbaycanda yayılma xəritələrinə yeni qeydiyyat nöqtələri əlavə edilib. Növ mənsubiyyətinin dəqiqləşdirilməsi əvvəllər Azərbaycanda qeydə alındığı barədə məlumat verilib. Son illərdə İnstitutda aparılan tədqiqat işlərinin nəticələrinə görə sədəf ilbizi - Unio mingrelicus və tibb zəlisi - Hirudo orientalis növlərinin saylarının azalması qeydə alınır. II nəşrə daxil edilmiş 3 növ su onurğasızı və 9 növ balığın monitorinqi ilə yanaşı, adıçəkilən növlərin və 2 sümüklü balıq növünün də Qırmızı Kitabın III nəşrinə daxil edilməsi məsələsinə aydınlıq gətiriləcək. II nəşrə Həşəratlar sinfinə aid 77 növ daxil edilib. III nəşrdə 14 növün siyahıdan çıxarılması, 55 növün isə əlavə edilməsi ilə yenilənmiş siyahıda olan növlərin sayının 118-ə çatdırılması təklif edilir. Digər tərəfdən II nəşrə 6 amfibi və 20 sürünən növü daxil edilib. Lakin 2013-cu ildən bu günə qədər növlərin bir çoxunun təsnifatında dəyişikliklər edildiyi üçün bu növlərin monitorinqi aparıldıqdan sonra yeni təsnifat statusu ilə "Qırmızı Kitab"ın III nəşrinə daxil edilməsinə zərurət yaranıb.

Hidrobioloqlar tərəfindən Xəzər dənizinə, Lənkəran təbii vilayəti su hövzələrinə, eləcə də Kiçik Qızılağac körfəzinə yaz və yay aylarında ekspedisiyalar təşkil olunub. Ekspedisiyalar Xəzərin Azərbaycan sektorunu, Lənkəran təbii vilayətinin su hövzələrini və Kiçik Qızılağac körfəzini əhatə edib. Xəzər dənizində, o cümlədən, daxili su hövzələrində molyusklar, xərçənglər və balıqlar üzərində monitorinqlər həyata keçirilib.

Aparılan müşahidələr, bu məqsədlə toplanan materialların analizi və Naxçıvan Muxtar Respublikasından toplanılan materiallara əsaslanaraq "Qırmızı Kitab"ın II nəşrində yer alan çay qızılxallısının (Salmo fario Linneus, 1758) və qızılı şirbitin (Zərdəpər) geniş yayıldığını və çoxsaylı olmasını nəzərə alaraq onun "Qırmızı Kitab"ın növbəti nəşrinə tövsiyə edilib.

Sevinc QARAYEVA

 

 

 

 

 

 

 

 





02.02.2023    çap et  çap et