525.Az

Təbəssümünüzü əsirgəməyin - Leyla Turan yazır


 

Təbəssümünüzü əsirgəməyin - <b style="color:red"> Leyla Turan yazır</b>

Dalay Lama deyirdi ki, missiyamız dünyanı yaxşılaşdırmaqdır. Bəs, biz dünyanı yaxşılaşdırmağa haradan, nədən başlamalıyıq? Məncə, ən birinci, özümüzdən. Düşüncələrimizi yaxşılaşdırmalıyıq. Zəncirvari reaksiya burdan başlanır: məqsəd-əməl-həyat-cəmiyyət ardıcıllığı bizim yaxşılaşdırma missiyamızdan öz payını götürür.

Reaksiyanın ilkin mərhələlərində qazanılan uğur, xoşbəxtlik fərdi olsa da, sonrakı mərhələlərdə ictimailəşir. Bu isə o deməkdir ki, biz üzvü olduğumuz cəmiyyəti də yaxşılaşdırmağa, digər insanların xoşbəxtliklərində müəyyən pay sahibi olmağa, ən yumşaq halda, borcluyuq. Necə? Hə, bu gün məhz bu "necə?"nin axtarışındayam.

Alış-veriş etməyin insanın əhvalına müsbət təsir etdiyini psixologiya elmi çoxdan təsdiqləyib. Məhz buna görədir ki, ən depressiv halımızda belə, kiminsə "Gedək, alış-veriş edək" - deməsinə sevinir, dərhal silkələnib özümüzə gəlirik. Evdən çıxmamış təsəvvürümüzdə bol çeşidli mağazalar, rəngarəng vitrinlər, gülərüzlü satıcılar canlanır. Evdən çıxırıq... Bizi küçə boyunca, həqiqətən, gözqamaşdıran mağaza, market reklamları, şüşə vitrinlərin o biri üzündən boylanan manikenlərə geyindirilmiş zövqlü, dəbli paltarlar, səsi lap uzaqdan adama "gəl-gəl" deyən cürbəcür, maraqlı oyuncaqlar qarşılayır... Xəyallarımızın gerçək olduğuna əmin oluruq və hansısa mağazanın, yaxud marketin qapısından içəri addım atırıq...

 Əsl dərd, ya da elə, vəziyyəti ən gözəl izah edən sözlə deyim, "əsl faciə" bizi qapıdan içəridə gözləyir. Cibimizin pulunu, qızıldan qiymətli vaxtımızı xərcləməyə gəldiyimiz satış nöqtələrindən bir alıcı kimi məmnun, razı halda çıxmaq istəyimiz elə içəri girdiyimiz andaca gözümüzdə qalır. Səbəb? Yoooxx... Qiymətlərin bahalılığından şikayətlənmirəm; hamı öz büdcəsindən alış-verişə pul ayırır, ay sonunda büdcəni keçdiyini görəndə belə, təəssüflənməyi ağlına da gətirmir. İstəyimizi gözümüzdə qoyan iqtisadi amil deyil, insan faktorudur.

Bəli, satıcılardan danışıram.

XX əsr ədəbiyyatının o romantik qəhrəmanları - satıcı qızlar da artıq qeybə çəkilib. Müasirlərimizin o ədəbi qəhrəmanlara bir damcı da olsun, aidiyyatı yoxdur. Hamısı bir qəlibdən çıxmış kimi, qəşəng geyimli, baxımlı bu gənc qızları heç davranışları ilə də bir-birindən fərqləndirmək olmur.

Yaxşı olar ki, niyə belə dediyimi bir misalla izah edim. Ticarətin yaşı bilinməyən bir qızıl qaydası var: "Müştəri həmişə haqlıdır". Bu, həmişə belə olub: tacirlər ən gülərüz insanlar kimi tarixə düşüblər, baqqalların şirin dili incəsənətin bir çox növlərinə yansıyıb. Və biz bu gün də, bir çox ticarət mərkəzlərində, mağazalarda məhz bu ənənənin varisləri ilə rastlaşır, haqlı olsaq da olmasaq da, onların incə təbəssümünə, nəzakətinə, ehtiramlı davranışlarına layiq görülürük. Və bəli, bu, bütün dünyada belədir; dünyanın ən məşhur iqtisadiyyat təhsili verən məktəblərində, universitetlərində tələbələrə "ticarət nəzakəti" öyrədilir.

Amma bizi xəyal qırıqlığına uğradan, cibimizin puluyla bizə "zəhrimar" satan satıcılar da yox deyil. Təəssüflə deyirəm ki, onların sayı günbəgün artmaqdadır. Yolum düşən geyim mağazalarında, supermarketlərdə onlarla yaman tez-tez rastlaşıram. O günü bir marketdəydim, bir qoca baba çəliyini taqqıldada-taqqıldada rəflərin aralarıyla gəzinir, marağını çəkən nəsə olanda, başını irəli əyir, eynəyini düzəldir və diqqətlə baxırdı. Birdən satıcı qızlardan biri ona yaxınlaşdı, az qala, bağıra-bağıra dedi:

- Nə alacaqsan, a kişi? Bayaqdan gəzirsən burda, administrator məni göndərdi ki, get, gör, o kişi nə istəyir. Ha, nədir, nə istəyirsən?

Kişi bir neçə dəqiqə yerindəcə qurudu-qaldı, sonra heç nə demədən geriyə çevrildi və yavaş-yavaş çıxışa doğru addımladı. Kassaya çatmamış digər bir satıcı qız onun qolundan yapışdı:

- Babacan, hara belə? Bayaqdan burdasan, bəlkə, qəşəng bir banan soyum yeyəsən? Bax, təptəzədir, elə bayaq gətirib yığmışam.

Kişi gülümsədi, belini azca dikəltdi və dedi:

- Bir kilo çək o banandan, a qızım!

Beləcə, müştəri ona göstərilən diqqətdən, qayğıdan, qarşı tərəf də 1 kq banan satdığından məmnun qaldı. Və bu qarşılıqlı məmnuniyyətin əsas səbəbi nəzakətli, gülərüz satıcı qız idi...

Bu kimi misalları çox çəkə bilərəm. Geyim mağazalarında qiymət soruşan yaşlı qadınlara çəmkirən, bəyəndiyi donun bir ölçü böyüyünü istəyən xanımların artıq çəkili olduğunu üzünə vuran, marketdə yağ rəfini soruşan gənc oğlana: "Gözün kordur? Odur ey!" - deyən satıcılar cəmiyyətimizə, həyatımıza, lap elə psixologiyamıza hansı yarıaçıq qapıdan təpilirlər, bilmirəm. Bildiyim odur ki, işəgötürən işçini qoçaqlığına, say-hesab bildiyinə, səliqəsinə görə götürəndə, siyahıya bir bənd də əlavə etsə, yaxşı olar: nəzakətli olmaq.

Gündə, ən azından, onlarla insanın yolu düşən bu satış nöqtələrindəki nəzakətə həmin insanların da, elə onların ailə üzvlərinin də, iş yoldaşlarının da ehtiyacı var. Çünki nəzakət də təbəssüm və ya qəzəb, aqressiya kimi yoluxucudur. Yaxşı olmazmı ki, mağazaya, marketə cibinin pulunu verib mal almağa gələn hər kəsə satıcılar bir əlçim təbəssüm, bir ovuc da nəzakət pay versin?

 





02.02.2023    çap et  çap et