Fevralın 2-də Milli Kitabxanada Azərbaycan Gəncləri Günü ilə əlaqadər tədbir keçirilib.
525.az xəbər verir ki, tədbiri giriş sözü ilə Milli Kitabxananın Elmi işlər və Kitabxana-informasiya xidməti üzrə direktor müavini, tarix üzrə fəlsəfə doktoru Ədibə İsmayılova açaraq qeyd etdi ki, bu əlamətdar tarixi gün gənclərə həmişə böyük diqqət və qayğı ilə yanaşan, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verən, bu siyasəti müstəqil Azərbaycan dövlətinin fəaliyyətinin ən mühüm istiqamətlərindən biri kimi dəyərləndirən Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır. Prezident İlham Əliyev Ulu Öndərin gənclər siyasətinə sadiqliyini öz qərarları ilə təsdiq edir. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı gənclərin təhsilinə verilən önəmin böyük nümunəsidir.
Milli Kitabxananın direktoru, professor Kərim Tahirov öz çıxışı zamanı bütün gəncləri təbrik edərək, bildirdi ki, müasir gənclər cəmiyyətin həyatında çox önəmli yer tutur. 90-cı illərdən etiabrən ulu öndər Heydər Əliyev daima perspektivli gənclərə diqqət, qayğı ilə yanaşıb, onları müstəqil Azərbaycanın qurucusu kimi görüb. Gənclərin yetişməsində, inkişafında kitabxanaların rolu da xüsusi olaraq qeyd edən direktor bildirdi ki, bu gün Milli Kitabxananın timsalında görmək olur ki, gənclərin oxumağa böyük marağı vardır. Savadlı gənclik xalqın gələcəyidir. Məhz bu günkü gənclərin sayəsində Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etdi.
Tədbirin davamında gənc yazarlar “Xalq” qəzetinin müxbiri və “Yeni Azərbaycan” qəzetinin redaktoru Rizvan Fikrətoğlu, Prezident təqaüdçüsü, Azərbaycan Yazıçılar Birliyinin üzvü, “ARB” televiziya kanalının redaktoru Səddam Laçın çıxış edərək öz müəllifləri olduqları şeirlərdən səsləndirdilər. Gənc yazarlara Milli Kitabxana tərəfindən kitablar hədiyyə edildi.
Sonda tədbir iştirakçıları mövzu ilə bağlı “2 Fevral – Azərbaycan Gəncləri Günü” adlı ənənəvi kitab sərgisi və eyniadlı virtual sərgi ilə tanış oldular. Virtual sərgidə görkəmli şəxslərin gənclər haqqında fikirləri, rəsmi sənədlər, fotolar, Azərbaycan gəncliyi, gənclər siyasəti, müasir gəncliyin problemləri haqqında kitablar və dövri mətbuat səhifələrində dərc olunan məqalələr nümayiş olunur. Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/2_Fevral_Azerbaycan_Gencleri_Gunu/index.htm linkindən istifadə edə bilər.