525.Az

Molla rejiminin terrorçunu himayə etməsi


 

"İRAN DÖVLƏTİ İSTƏMƏSƏYDİ, BU ÖLKƏDƏ XARİCİ SƏFİRLİYƏ HƏR HANSI MÜDAXİLƏ OLA BİLMƏZDİ"

Molla rejiminin terrorçunu himayə etməsi<b style="color:red"></b>

İlk gündən təxmin edildiyi kimi, İran rejimi Azərbaycanın Tehrandakı səfirliyində törədilən terror aktının birbaşa təşəbbüskarıdır. Molla rejiminin hadisə baş verən zaman və ondan sonrakı davranışları bunun dövlət terroru olmasına heç bir şübhə yeri qoymur. İran hakimiyyəti terror baş verən andan onu həyata keçirəni himayə etməklə məşğuldur. Terrorçunun rahat şəkildə kameralar qarşısına çıxarılması, əvvəl cinayətin guya ailə münaqişəsi zəminində törədildiyi, indi də ona psix adı qoyulması bu planın molla rejimi tərəfindən öncədən hazırlandığını aydın şəkildə göstərir. Amma terror dövləti terrorçunu açıq şəkildə himayəsi ilə özünü ifşa etmiş oldu.

İran mediasının məlumatına görə, hadisəni törədən İran vətəndaşı Yasin Hüseynzadə ruhi xəstəxanaya yerləşdirilib. Cinayət işinin istintaqını həyata keçirən Tehran Cinayət Prokurorluğunun qənaətinə görə, o, şizofreniya da daxil olmaqla bir sıra psixi problemlərdən əziyyət çəkir. Bu faktın özü artıq rəsmi Tehranın cinayətkar Yasin Hüseynzadəni himayəsi altına götürdüyünü bir daha sübut edir.

Azərbaycan dövləti hazırda bu terror aktını hərtərəfli şəkildə araşdırır. Ölkə Prezidenti fevralın 1-də Türkiyənin milli təhsil naziri və Böyük Millət Məclisinin bir qrup üzvü ilə görüşdə bəyan etib ki, həmin şəxsin səfirliyimizin binasında törətdiyi terror hadisəsi prosesinin xeyli vaxt çəkməsinə baxmayaraq, İranın polis və təhlükəsizlik qüvvələri tərəfindən hər hansı ciddi tədbir görülməyib.

Molla rejimi bu dövlət terroru ilə Azərbaycanın İsraildəki səfirliyinin fəaliyyətini əngəlləməyə, Azərbaycana öz aləmində əzələ nümayiş etdirmək kimi uğursuz həmlə etdi. İndi daha aydın olur ki, Londonda səfirliyimizə hücumun arxasında da molla rejimi dayanıb. Çünki hücumu törədən qruplaşma İran fanatları olan qruplaşma ilə yaxın münasibətə malikdir. Rejim bir qayda olaraq düşmənçilik apardığı siyasi hakimiyyətlərə qarşı "narazı kütlə" hazırlamağa çalışır. Bura təkcə dini fanatiklər deyil, həm də narazılığı təşkil etmək üçün digər alətlər də daxil edilir. Molla rejimi öz çirkin planlarını həyata keçirmək üçün hətta LGTB, radikal feminist qruplarla da sıx əməkdaşlıq edir, işbirliyinə gedir.

Rejim təkcə Azərbaycana qarşı deyil, orada yaşayan soydaşlarımıza, öz vətəndaşları olan Güney azərbaycanlılara da düşmən münasibət bəsləyir, onlara qarşı ayrı-seçkilik aparır. Güney Azərbaycanın qərbindəki Xoy bölgəsində baş vermiş zəlzələdən zərər çəkmiş, evləri dağılmış, qışın soyuğunda küçələrdə gecələməyə məcbur qalmış  insanlara molla rejimi sırf etnik mənsubiyyətlərinə görə qəsdən yardım etmir. Yardım göstərmək istəyənlərə isə mane olur.

"Terroru İran dövlətinin törətməsinə heç bir şübhə yoxdur"

Güneyli tarixçi və siyasi şərhçi Məhəmməd Rəhmanifər "525"ə deyib ki, Azərbaycan səfirliyində terror aktının İran dövləti tərəfindən yönləndirildiyinə dair artıq heç bir şübhə yoxdur: "Yada salmaq lazımdır ki, İran illərdir rəsmi televiziya kanalları və radiolarda, hətta məscidlərdə belə Azərbaycan əleyhinə təbliğat aparmaqdadır. 44 günlük İkinci Qarabağ müharibəsindən sonra bu təbliğat daha da şiddətləndi. Belə bir durumda Azərbaycan səfirliyinə qarşı hücum gözlənilə bilərdi. Çünki daha əvvəl də belə təhdidlər ortaya qoyulmuşdu. Mövcud vəziyyətdə İranın ilk vəzifəsi Azərbaycan səfirliyinin təhlükəsizliyini gücləndirmək idi. Təhlükəsizliklə bağlı məsələni Azərbaycan tərəfi İranın qarşısında qaldırmışdı. Amma İran heç bir addım atmadı. Hadisədən sonra yayılmış görüntülərdə sadəcə qapıda diplomatik polis deyilən bir nəfərin olduğu görünür. Həmin şəxs də polis deyil. Məcburi əsgərliyə gedənlərdən biridir. Onun terrorçu ilə iş birliyində oduğunu deyə bilərik. Çünki Azərbaycan səfirliyinin binasına "Kalaşnikov" silahını dirəyib, dəmir alətlə səfirliyin qapısına vurur. Bu adam kimsə mane olmayacaq deyə o qədər rahatdi ki... Elə silahı da rahat şəkildə bir kənara qoyub, qapını açmağa cəhd göstərir. Diplomatik korpusların önündə polis daimi olaraq təhlükəsizliyi təmin etməlidir. Bu hadisə ən azı yarım saat çəkib, İran polisinin guya xəbəri olmayıb. Digər tərəfdən, araşdırma nəticəsində məlum olub ki, terrorçunun əlində olan silahın seriya nömrəsi Zəncanda İran polis təşkilatının anbarında imiş. Bu silah anbarından necə çıxıb və bu adama verilib. Bunun özü də qaranlıq qalır. Hadisənin İran dövlətinin işi olmasına heç bir şübhə yoxdur. Amerikalı araşdırmaçı elə ilk saatlarda yazdı ki, İran dövləti istəməsə, bu ölkədə xarici səfirliyə hər hansı müdaxilə ola bilməz. İranda səfirliklərin binası qarşısına düşmək mümkün deyil. Neçə gündür Təbrizdə soydaşlarımız çalışdılar ki, Azərbaycan konsulluğunun qarşısına əklil, gül dəstələri qoysunlar, amma polis onların qarşısını aldı, heç biri yaxın düşə bilmədilər".

Siyasi şərhçi deyib ki, İranda xarici səfirliklərə daha əvvəl də hücumlar olub. ABŞ, Səudiyyə Ərəbistanı, Britaniya səfirliklərinə və daha sonra Azərbaycan səfirliyinə hücum edildi. Dörd ölkəni göz önünə gətirəndə görünür ki, bunlar o ölkələrdir ki, rejim hücumlardan əvvəl artıq onlarla düşmənə çevrilmişdi".

"İran hədəf seçdiyi ölkəyə qarşı hətta LGTB ilə də iş birliyinə gedir"

Ekspert hesab edir ki, İran Azərbaycan və İsrail arasında münasibətlərə görə çox manevr edir, bu məsələni şişirtməklə məşğuldur: "Bunda İran rejiminin bir çox məqsədləri var. Brincisi, "Bəsic" və və SEPAH-a göstərsin ki, Azərbaycan İsrailin, onların dili ilə "sionistlərin" yuvasıdır. Bununla çalışır ki, güneyliləri də Azərbaycana qarşı hərəkətə keçirsin. Bu, İranın özünün qurduğu tələdir. İsrailin İranın çevrəsində olan bir çox ölkələrlə əlaqələri var. Türkiyədə İsrail səfirliyi uzun müddətdir ki, fəaliyyət göstərir. Bir müddət arada ixtilaf oldu, amma yenə də münasibətlər yaxşılaşmağa doğru gedir. Yəni, İran bilərəkdən Azərbaycan-İsrail münasibətlərini şişirdir ki, daxildə rejimə yaxın olan toplumu özünə daha da yaxınlaşdırsın. Hətta Azərbaycanla hansısa qarşıdurma olarsa, güneylilərin beyninə yeritməyə çalışacaq ki, azərbaycanlılarla heç bir problemi yoxdur,  orda israillilər var və onlarla savaşır".

M.Rəhmanifər əlavə edib ki, İran rejimi dünyanın bir çox ölkəsində terror aktları törədib: "Bu sırada Argentina, Fransa, Almaniya, Danimarka, ABŞ və digərləri var. İran hansısa ölkə ilə problemi olanda orda terrorçu qruplar varsa, onları dəstəkləyir, yaxud özü terrorçu göndərir. Rejimin Türkiyəyə qarşı PKK-nı himayə etməsi də bunun bir örnəyidir. Siyasi şərhçi əlavə edib ki, İran hədəf seçdiyi ölkənin düzənini pozan, ona zərbə vuran, problem yaradan istənilən quruluşla, hətta LGTB ilə iş birliyinə gedib, onu dəstəkləyir. Bu məsələdə İran ən "əliaçıq" ölkələrdən biridir, yəni lazımi qədər pul verir".

"Xoyda azərbaycanlılar dövlətsizlik problemi yaşayır"

Güneyli fəal, siyasi şərhçi Kərim Əsgəri "525"ə deyib ki, 1991-ci ildən bu yana İran heç vaxt Azərbaycanın müstəqilliyini qəbul edə bilməyib və çalışıb ki, Azəbaycanı zəif saxlasın. Bunun əsas səbəbi də Güney Azərbaycan faktorudur. Çünki müstəqil, güclü, inkişaf etmiş bir Azərbaycan cənub üçün yaxşı bir model olacaq. Rejim iqtisadi, siyasi, ictimai, yəni istənilən yolla Azərbaycanda qeyri-sabitlik yaratmağa çalışır.

Bu cür niyyətlərini gerçəkləşdirmək üçün öz içində qadağan olunan LGTB kimi təşkilatları başqa ölkələrdə dəstəkləyir. Bu, İranın təxribatlarından biridir. İranın Güney Azərbaycana qarşı siyasəti Xoydakı zəlzələdə də özünü göstərdi. Son üç ildə Güneydə çoxlu zəlzələlər olub. Xoyda baş verən dağıdıcı zəlzələdə  İran dövləti heç bir yardım göstərmədi, beynəlxalq yardımları, o cümlədən,  Türkiyə Qızıl Aya da imkan vermədi. İndi cənublular özləri Xoydakı soydaşlarımıza yardım  etməyə çalışırlar. "Onlara da imkan vermirlər. Çünki ora qədim Azərbaycan torpağıdır. Xoyun Azərbaycan tarixində mühüm yeri var. İkinci Dünya müharibəsindən sonra erməni terror qrupları çalışırdılar ki, Xoy bölgəsində qətliamlar törətsinlər. Xoylular tarixdə çox ciddi bir qəhrəmanlıq göstərdilər. Digər tərəfdən, Qərbi Azərbaycan vilayətində İranın bəzi terror təşkilatları iş birliyində olması məlumdur. Rejim çalışır ki, o bölgəni türksüzləşdirsin. Yəni azərbaycanlıları çıxartsın. Bunun üçün əlindən gələni edir, elə Urmiya gölünün qurudulması bunun bariz örnəyidir. Xoy zəlzələsində də bu məsələyə şahid olduq. Dövlət zərrə qədər yardım etmir. Hətta İran polisi yardım edənlərin qarşısını alır, şiddət göstərir. Qışın soyuğunda Xoyda azərbaycanlılar bir dövlətsizlik problemi yaşayır.  Dövlət yoxdur ki, xalqa sahib çıxsın".

 

 





03.02.2023    çap et  çap et