Şəfəq Mehrəliyeva, media eksperti:
- Bu gün maraqlı bir tədbirə dəvət almışdım - "Yeni trendlər və gənclər" mövzusunda bloger və jurnalistlərin I Forumuna. Oxşar platformada əvvəllər də çıxış etmişdim. Gündəm həmişə sosial media və təsir gücü olursa da, aktuallıq təbii ki, heç zaman dəyişmir. Hər il qarşımıza çıxan sosial media daha təkmilləşmiş və təhlükəli "əjdahadır" - alqoritmlər daha da mürəkkəbləşib, axtarış saytları və sosial media platformaları arasında əlaqə daha da koordinasiyalıdır, süni intellekt daha geniş vüsət alır. Bir sözlə, smart cihazlarımız bizi özümüzdən daha yaxşı tanıyır. Biz isə, bu sürətli yarışda onun üstünlük və fəsadlarını təhlil etməyə macal tapmır, sosial media "günəşinin" altındakı yer üstündə çəkişirik. Müzakirələr zamanı pırıl-pırıl zəkalı gənclərimizi gördüm. Amma ağzımda qalan tam bu dəfə bir qədər məyusedici oldu. Və bunun da səbəbi bütün dünyada olduğu kimi, elə sosial medianın təsirindən irəli gəlir. Müzakirələr məsələləri tam deyil, fraqmentar şəkildə ortaya qoyurdu. Hollistik, yəni bütöv baxış sərgiləməkdə çətinlik çəkirdik. Gənclər və idman nazirinə müraciətlər daha çox şikayət tipli idi. Halbuki forumun məqsədi vertikal idarəetməyə yerlərdən gələn həll yolları və təkliflərlə təsir etmək cəhdi idi. Mən, forumun pərakəndəliyindən bir qədər çaşsam da, mesajımı çatdırmağa çalışdım - gənclər sosial mediaya tam aludə olub ciddi xəbərlərdən uzaqlaşmamalıdılar. Ənənəvi medianı izləmək lazımdır - sosial medianın üzərindən olsa belə. Çünki subyektivliklə dolu, bizi alqoritmlər hesabına virtual köpüklərə qovan, qarşılıqlı anlaşma hissimizi əlimizdən alan sosial media bolluğunda obyektivlik axtarışımızı könüllü olaraq davam etməliyik. Sağlam düşüncə tərzini saxlamaq cəhdi məhz bundan keçir. Ya bundan, ya da... qapadaq, silək, bloklayak telefonlarımızdan. Öz əllərimizlə beynimizin boz maddəsinin miqdarını azaltmayaq (zarafat-filan deyil, son tədqiqatların nəticəsidir ki, sosial mediadan davamlı şüursuz istifadənin fəsadları arasındadır). Sorğulamaq qabiliyyəti düşdükcə, sosial mediada gördüyümüzə şəkk etmədən inandıqca tənqidi düşüncə təfəkkürümüz də heçə enir. Burada isə siyasi ekstremizm baş qaldırır - bütün problemlərin səbəbinin həddən ziyadə sadə olduğuna inanc və yaxud problemlərin günahının konkret olaraq bir adama bağlılığı yanaşması. Bax, budur məni qorxudan. Siyasi ekstremizmə yuvarlanmağımız. Çayxana söhbətlərinin ("bu işi mənə versəydilər, gör qaqan neynəyərdi") indi sıravi gəncin yanaşmasına çevrilməsi. Görəsən, mən iki dekada sonra təqaüdə çıxanda və bugünkü gənclər mənim həyatıma qərar verəndə, onlar özləri öz qərarlarını heç sorğulayacaqlarmı? Tənqidi düşüncədən əsər-əlamətləri qalacaqmı? Bu gün mən öz arqumentlərimlə özümü tezliklə ölümə məhkum olan "dinozavr" kimi hiss etdim.
Vilayət Quliyev, filologiya elmləri doktoru:
- Macarıstanın xarici işlər naziri Piter Siyyarto Nobel Sülh mükafatına Türkiyə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın namizədliyini irəli sürüb. Nəticəsindən asılı olmayaraq niyyət özü təqdirəlayiqdir.
Ərşad Hüseynov, hüquqşünas:
- Bu gün edilən dəyişikliyə əsasən, dayanma və durma qaydalarını pozmaya görə (İXM-in 346-cı maddəsi üzrə) BNA-nın cərimə yazmaq səlahiyyəti ləğv edildi. Lakin parklanma qaydalarını pozmaya görə (İXM-in 346-1-ci maddəsi üzrə) BNA-nın cərimə yazmaq səlahiyyəti qalır.
Asif Nərimanlı, jurnalist:
- İran terrorçu Yasin Hüseynzadəni qorumaq məqsədilə onun psixi xəstəliklərdən əziyyət çəkdiyini əsas gətirərək, xəstəxanaya yerləşdirib. Terrorçu bir ay müddətində xəstəxanada qalacaq.
Bu o deməkdir ki, molla rejimi terrorun baş verdiyi ilk gündə terrorçunun edam ediləcəyinə dair xarici işlər naziri Abdullahian səviyyəsində səsləndirdiyi fikirdən daşınır və İranın cinayət qanununa əsasən, onu "psixi problemləri olan şəxs" kimi məsuliyyətdən azad edəcəklər.
Aydın Quliyev, jurnalist:
- Rusiya ABŞ-ın yeni səfirinə kürsüdə əyləşən kimi xəbərdarlıq elədi. Səfir Rusiyanı əla tanıyır...
ABŞ-ın Ermənistandakı səfiri Linn Treysini Moskvaya köçürdülər. Əslində ötən ilin sentyabrında təyin edilmişdi, etimadnaməsi yanvarın 30-da qəbul olundu. Fəaliyyətə başlayan kimi də Rusiya XİN onu xəbərdar etdi ki, "qayda-qanunla işlə".
Treysi Ermənistanda Rusiyanın siyasətinə zidd bəyanatları ilə tanınır. Elə Azərbaycanın da Qarabağ siyasətinə açıq zidd bəyanatları və hərəkətləri az olmayıb.
Rusiya-ABŞ diplomatik əlaqələrində yeni qalmaqallar gözlənilir.
Xanım səfirin karyerası 1987-ci ildən bu günə kimi əsasən SSRİ məkanı ilə, MDB məkanı ilə və ABŞ-ın Milli təhlükəsizlik siyasəti ilə bağlı olub. Onun bakalavr təhsili "sovetşünaslıqla" bağlıdır, bir sözlə, keçmiş SSRİ məkanını və Rusiyanı əla tanıyır...
Yeganə Hacıyeva, politoloq:
- Beynəlxalq Ədalət Məhkəməsində sual olunur: Azərbaycan Laçın yolunu blokada edib deyənlərin sübutu hanı?
51 gündür Ermənistan Azərbaycan Laçın yolunu blokada edib deyə dünyanı aldadır, yalanlar yayır.
Ermənistan guya Laçının yolun blokadaya alınması ilə bağlı söz-söhbət və yalandan başqa heç bir dəlil təqdim edə bilmədi.
Beynəlxalq Ədalət Məhkəməsi Laçın yolunda blokada dezinformasiyasını yemədi.
Dünya üç-dörd satılıq avropalı depuatalardan ibarət deyil!
Fərid Pərdəşünas, texnobloger:
- Əgər xaricdən smartfon alıb, ölkəyə gətiririksə, artıq məcburi bunu bəyan etməli olacağıq. Əslində, bugünə qədər də bu hal mütləq idi, lakin yayınma halları çox idi. Hər kəs gömrükdə tək-tək yoxlanılmırdı. Fevral ayının 15-dən, əgər xaricdən gətirdiyiniz cihazı gömrükdə bəyan edib, rüsumlarını ödəməsiniz (burada artıq IMEI kod bəyan olunmalıdır), həmin cihazı ölkə daxilində IMEI qeydiyyatını həyata keçirə bilməyəcəksiniz. Bununla da qaçaq yolla daha ucuz qiymətə satılan smartfonların bazarına ciddi zərbə dəyəcək.
İndi real vəziyyət necədir, izah edim. Poçt göndərişləri limiti 300 dollardır. Lakin heç bir poçt daşıma şirkəti (yerli) smartfon gətirmir. Belə olan halda yalnız beynəlxalq daşıma şirkətləri bu prosesi həyata keçirə bilir. Bu halda isə onsuz da, gömrüyə məhsul bəyan edilirdi. Burada heç bir dəyişiklik olmayacaq.
Əsas məsələ məhsulu özünüz xaricdən alıb-gətirəndə başlayır. Qanuna görə, hər bir şəxs 800 dollar dəyərində məhsulu özü ilə ölkəyə rüsumsuz gətirə bilər. Məsələn, siz 1000 dollara Amerikadan iPhone 14 alıb, ölkəyə gətirirsinizsə, bu zaman onun IMEI kodunu gömrükdə bəyan etməlisiniz. Və həmin məbləğdən 800 dollar azaldılacaq. Yerdə qalan 200 dollar üçün 36% rüsum ödəniləcək. Yəni rəsmiləşmə üçün 72 dollar ödəniləcək. Əlavə olaraq istifadə üçün IMEI qeydiyyat rüsumu da 1 ay müddətinə ödənilməli olacaq.
Burada əsas zərbə müxtəlif yollarla ölkəyə smartfon idxal edib, daha ucuz qiymətə satan kiçik mağazalara dəyəcək. Düşünürəm ki, bu addım öz növbəsində smartfonların IMEI klonlama hallarını artıra bilər.
Elxan Şahinoğlu, politoloq:
- ABŞ Dövlət Departamentinin Enerji Resursları Bürosunda Enerji Diplomatiyası komandasına rəhbərlik edən Laura Lokman Bakıya gəlib. O, həm Azərbaycan rəsmiləri ilə görüşəcək, həm də IX Cənub Qaz Dəhlizi Nazirlər Şurasının iclasında iştirak edəcək. Vaşinqton əvvəlkitək Azərbaycanın enerji layihələrinə dəstək verir. Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsi fonunda Avropanın Azərbaycanın resurslarına ehtiyacı artıb. Avropanın Rusiyanın enerji asılılığından azalmasında Azərbaycanın artan rolu ABŞ-ın maraqlarına cavab verir.
ABŞ-dan Azərbaycanla bağlı daha bir xəbər gəlib. Dövlət katibi Entoni Blinken Luis Bononu ABŞ-ın Qafqaz danışıqları üzrə baş məsləhətçisi təyin edib. Luis Bono yeni vəzifəsinə qədər ABŞ-ın Vyanadakı Beynəlxalq Təşkilatlar yanında missiya rəhbərinin müavini olub. Bundan başqa, Lusi Bono ABŞ-ın Avropa İttifaqındakı və BMT-dəki nümayəndəliklərində, həmçinin, Berlin və İslamabaddakı ABŞ səfirliklərində də çalışıb. Vaşinqton Minsk Qrupundan imtina edib, Qarabağla məşğul olmaq istəmir, əsas istəyi Azərbaycanla Ermənistan arasında barış əldə etməkdir. Bu, Azərbaycanın da maraqlarına uyğundur.
Xaqani Səfəroğlu, jurnalist:
- "İran masa"sı qurulur. Tehran sürətlə "yad element"ə çevrilir. Bu prosesdə region üçün ağrılı logistik savaşın izləri görünməkdədir. "Ukrayna cəbhəsini" dartıb uzatmaq istəyənlərin prioriteti nədir? Moskva iki cəbhədə savaş apara biləcəkmi?
Qərb bir yandan Rusiyanı Ukrayna müharibəsinin "bataqlığında" saxlamaq, digər tərəfdən Moskvanı Hindistandan Mərkəzi Asiyaya və Avropaya aparacaq logistika və enerji dəhlizləri uğrunda savaş imkanından məhrum etmək istəyir.
Hədsiz mürəkkəb və çoxvektorlu geosiyasi savaşdır.
Bakı bu situasiyanı izləyir. İrana onun "qırmızı xətləri" ilə sövdələşmək fürsətini vermir. "Əsəb müharibəsi"ndə "soyuq diplomatiya", etibarlı müttəfiqlər və informasiya təhlükəsizliyi zəruri məsələyə çevrilib.
Fərhad Mehdiyev, professor:
- Yanvar ayında 13 mediasiya işinə baxmışam. Bunlardan 6-sı problemli kreditlərlə bağlı işlər olub ki, onlarda barışıq sazişi əldə etmək çətin olur. Bununla belə, 13 işdən 5-də vətəndaşlar mübahisəni məhkəməyə getmədən mediasiya vasitəsilə həll etmiş, 1 işdə də sahibkar kredit borcunu ödəmişdir.
Barışıqların nisbətini 50 faiz çatdıra bilməsəm də, hədəfdə onu keçmək var. Bu da zamanla olacaq. Vətəndaşlar arasında məhkəmədən kənar razılaşma ənənəsi yayğınlaşdıqca, bu nisbət də artacaqdır. Bu da bir mədəniyyət göstəricisidir.