525.Az

Qərbi Azərbaycana qayıdış yolu: gələcəyin aydın üfüqləri - Əsgər Zeynalov yazır


 

Qərbi Azərbaycana qayıdış yolu: gələcəyin aydın üfüqləri - <b style="color:red"> Əsgər Zeynalov yazır</b>

Əsgər ZEYNALOV
Filologiya elmləri doktoru, professor

 

Tarixi torpaqlarımız olan İrəvan, Qərbi Azərbaycan Ermənistana verilsə də, xalqımız və dövlətimiz tərəfindən heç zaman unudulmayıb. Xüsusən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dönə-dönə vurğuladığı kimi, "Biz hamımız yaxşı bilirik ki, bugünkü Ermənistan dövləti tarixi Azərbaycan torpaqlarında yaradılıbdır". Prezident İlham Əliyevin 2006-cı il dekabrın 30-da "Uluxanlı məktəbinin 125 illiyi", 2021-ci il dekabrın 29-da "İrəvan Müəllimləri Seminariyasının 140 illiyi", 2022-ci il iyulun 14-də "İrəvan Azərbaycan Dövlət Dram Teatrının 140 illiyi" münasibətilə verdiyi sərəncamlar da bunu əyani surətdə təsdiq edir.

2020-ci ildə müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan ordusunun 44 günlük savaşdakı parlaq qələbəsilə müqəddəs torpaqlarımızın - Ağdamın, Füzulinin, Cəbrayılın, Horadizin, Laçının, Qubadlının, Kəlbəcərin, Zəngilanın, Şuşanın 30 illik işğaldan azad edilməsi tarixi torpaqlarımızın özümüzə qaytarılması yönündə yeni üfüqlər açdı. Dövlətimizin başçısı 24 dekabr 2022-ci ildə Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündə bu məqamı ön plana çıxararaq bildirdi: "...Qərbi Azərbaycan bizim tarixi torpağımızdır, bunu bir çox tarixi sənədlər təsdiqləyir, tarixi xəritələr təsdiqləyir, bizim tariximiz təsdiqləyir. Ancaq əfsuslar olsun ki, ermənilər Qarabağdakı kimi, Qərbi Azərbaycanda da bizim bütün tarixi, dini abidələrimizi yerlə-yeksan ediblər, dağıdıblar, azərbaycanlıların tarixi irsini silmək istəyiblər, ancaq buna nail ola bilməyiblər. Çünki tarix var, sənədlər var, xəritələr var. Bu binada nümayiş etdirilən, XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin. Artıq bu istiqamətdə işlər başlamışdır...

Qərbi Azərbaycana Qayıdış Konsepsiyasını da işləməliyik. Qarabağ münaqişəsi həll olunandan sonra indi bizim gündəliyimizdə duran əsas məsələ budur. Əlbəttə ki, Qarabağ münaqişəsi həll olunmayana qədər bu haqda danışmaq bəlkə də tez idi. Ancaq məncə bu gün biz vaxt itirməməliyik. Qayıdış Konsepsiyası hazırlanmalıdır".

Bəli, bu istiqamətdə, əsasən elmi baxımdan müəyyən işlər görülüb. Akademik Budaq Budaqov, tanınmış tədqiqatcılar M.Seyidov, T. Əhmədov, N.İbrahimov, H.Əhmədov, M.Mərdanov, Q.Qeybullayev, İ.Məmmədov, Ə.Ələkbərli, Ş.Nasir, H.Mirzəyev, S.Əsədov, S.Məmmədov, A.Paşayev, V.Arzumanlı, S.İslamoğlu, İ.Bayramov, V.Həbiboğlu, A.Bayramov, N.Mustafa, A.Ağbabalı, M.Ənsərli, Hüseyn Xəzər, N.Əhmədli, T.Səmimi və bu sahədə tədqiqat aparmış digər araşdırıcıların fəaliyyəti diqqətəlayiqdir.

Bu sətirlərin müəllifinin də həmin sahədə müəyyən fəaliyyəti vardır. Belə ki, 15 ilə qədər zəhmətin bəhrəsi olan "İrəvan ziyalıları" kitabı əvvəlcə Bakıda Azərbaycan (1999), rus (2011) və ingilis (2011) dillərində nəşr olunduqdan sonra Sankt-Peterburqda (rus dilində-2011), Moskvada (rus dilində- 2013) və ABŞ-da (2016) ingilis dilində işıq üzü görüb. "İrəvan ziyalıları" Sankt-Peterburq nəşrinin ön sözünü professor Boris Starkov, Moskva nəşrinin ön sözünü isə Rudolf İvanov yazıb. ABŞ-da isə kitab dünya şöhrətli bu iki rus aliminin ön sözləri ilə nəşr olunub, demək olar ki, dünyanın insan nəfəsi duyulan bütün qitələrinə yayılıb. Bu işi gələcəkdə də davam etdirmək niyyətindəyik. Onu da xüsusi vurğulamaq lazım gəlir ki, Rusiya və ABŞ-da nəşr olunmuş bu kitablarda Ulu öndər Heydər Əliyevin "1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında" 18 dekbr 1997-ci il tarixli və "Azərbaycanlıların soyqırımı haqqında" 26 mart 1998-ci il tarxli Fərmanları öz əksini tapmışdı. Prezident İlham Əliyevin aşağıdakı sözləri isə dünyaya bir mesaj kimi verilir: "İrəvan xanlığı, Zəngəzur mahalı, digər bölgələr bizim tarixi torpaqlarımızdır..."

Dünya azərbaycanlıları üçün nəzərdə tutulmuş, Bakıda (2016) və ABŞ-da (2016) nəşr olunmuş "İrəvan xanlığı... gerçəkliyin aydınlığı" kitabımızı da görülən işlərin davamı kimi dəyərləndirmək olar.

Sözügedən görüşdə diqqəti cəlb edən məqamlardan biri də İrəvanın AXC tərəfindən ermənilərə güzəşt edilməsinə Prezidentin münasibətidir. Cənab İlham Əliyev bu məsələ ilə bağlı belə bildirib: "...Tarixin müxtəlif vaxtlarında bizim xalqımız öz doğma torpaqlarından məhrum edilmişdir. XX əsr bu baxımdan xalqımız üçün çox böyük faciələr gətirmişdir. 1918-ci ildə təzə yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti özünün ilk qərarlarından birində bizim tarixi şəhərimizi -İrəvanı Ermənistana faktiki olaraq bağışlamışdır. Bu, bağışlanmaz bir addım idi, xəyanət idi və cinayət idi".

Cümhuriyyətin fəaliyyətini yüksək dəyərləndirən Prezident yenidən bu məsələyə qayıdaraq qeyd edir ki, "ancaq eyni zamanda, biz bu tariximizin qara səhifələrini də unutmamalıyıq, ört-basdır etməməliyik".

İrəvanın ermənilərə güzəşt edilməsi ilə tədqiqatçıların fikirləri, bu hadisəyə baxışları müxtəlifdir, ziddiyyət təşkil edir.

Həmin fikirlərə münasibətini bildirən Prezident deyir: "O vaxt bu qərarı müxtəlif səbəblərlə izah etməyə çalışanlar da olub, bu gün də var. Ancaq hesab edirəm ki, heç bir izahat qəbul edilən deyil, çünki ermənilər bu addımla kifayətlənməmişlər. Əgər kimsə hesab edir ki, İrəvanı orada yaşayan insanlardan xəbərsiz öz doğma diyarından məhrum etməklə Ermənistan və ermənilər kifayətlənəcək, böyük səhv edirdi və sonrakı tarix bunu bir daha göstərdi".

İrəvanın güzəşt edilməsindən sonra ermənilər digər ərazilərimizi işğal etdilər. Xüsusilə 1920-ci ildən sonra Cümhuriyyət dövrünə yenidən qayıdan Prezident tamamilə haqlı olaraq qeyd edir ki, görün iki il ərzində xalqımızın başına nə qədər bəlalar gətirildi: Əgər kimsə hesab edirdi ki, 1918-ci ildə İrəvanı Ermənistana verməklə biz hansısa daha böyük bəlalardan özümüzü sığortalamış ola bilərdik, bax, Zəngəzurun Ermənistana verilməsi bir daha onu göstərir ki, bu, çox yanlış, səhv addım idi və dediyim kimi xəyanət idi".

1918-20-ci illərdə İrəvan Gimnaziyası, Seminariyası bağlandı. Nə qədər azərbaycanlı genosid və deportasiyaya məruz qaldı. Sonralar Azərbaycanın ictimai-siyasi, elmi, mədəni həyatında böyük rol oynamış nə qədər adamların ailələri bu acılıqları daddı.

Görkəmli dövlət və elm xadimi Əziz Əliyevin ailəsi erməni daşnaklarının İrəvanda törətdiyi fəlakətlərə görə əvvəlcə Naxçıvanın Şərur rayonuna, sonra Şahtaxtı kəndinə, bu kənd də ermənilərin hücumuna məruz qalarkən İranın Ərəblər kəndinə köçməli olur. Sankt-Peterburqda Hərbi-Tibb Akademiyasında təhsilini yarımçıq qoyan Əziz Əliyev sonralar Bakıda təhsilini davam etdirmiş, Tibb Universitetinin, Azərbaycan Dövlət Universitetinin rektoru, Dağıstan Vilayət Partiya Komitəsinin birinci katibi və digər vəzifələrdə çalışmışdı.

Akademik Mustafa bəy Topşubaşovun, dünya cərrahlıq elmində xüsusi imzası olan bu dahi alimin qardaşı Rza bəyi 1918-ci ildə ermənilər öldürüblər, ailə əvvəlcə Naxçıvana, oradan isə Bakıya köçüb.

Akademik Heydər Hüseynovun böyük qardaşı Yusif 1918-ci ildə ermənilər tərəfindən qətlə yetirilmişdi. Ailə bundan sonra İrəvanı tərk edərək əvvəlcə Batumiyə, sonra Stavropola, 1920-ci ildə isə Bakıya köçür.

Bəstəkar Səid Rüstəmovun ailəsi 1918-ci il hadisələri zamanı Türkiyəyə köçür, yenidən İrəvana qayıdır, burada yaşayışın mümkün olmadığını görüb Gəncəyə, sonra Ağdaşa, 1921-ci ildə Bakıya gəlir.

Tanınmış ictimai-siyasi xadim Həsən Seyidov, görkəmli kinorejissor Hüseyn Seyidzadə, travmatoloq-professor Həqiqət Seyidovanın ailələri 1918-ci ildə İrəvanda iğtişaşların güclənməsi nəticəsində Türkiyəyə, sonra Tiflisə, daha sonra Bakıya köçmüşlər.

Şair Əhməd Cəmilin ailəsi İrəvandakı yaranmış hadisələrlə bağlı əvvəlcə Tiflisə, sonra Gəncəyə, xeyli sonra Bakıya gəlmişdi.

Professor Cəfər Xəndanın, akademik Budaq Budaqovun, AMEA-nın müxbir üzvü, BDU-nun keçmiş rektoru Yəhya Məmmədovun, professor Mehdixan Erivanskinin və bir çox tanınmış ziyalıların ailələri 1918-1920-ci illərdə ermənilərin törətdiyi fəlakətlərlə bağlı İrəvanı məcburi surətdə tərk etmişdilər.

Bəli, bu siyahını xeyli uzatmaq olar. Bu, XX əsrdə azərbaycanlıların ilk böyük deportasiyası idi.

Zəngəzurun 1920-ci ildə Azərbaycandan ayrılıb Ermənistana verilməsi, cənab Prezidentin qeyd etdiyi kimi, Azərbaycanı Naxçıvandan və Türkiyədən coğrafi nöqteyi-nəzərdən ayırmaq üçün atılmış bir addım idi. XX əsrdə azərbaycanlıların Qərbi Azərbaycandan deportasiyasının növbəti mərhələsinə diqqət yetirən dövlət başçısı bu barədə bildirir: "Bununla Qərbi azərbaycanlıların faciələri bitmədi. Hamımız yaxşı bilirik ki, 1948-1953-cü illərdə xaqımız növbəti deportasiyaya məruz qalmışdır. Bu, sovet hökumətinin Qərbi azərbaycanlılara və bütövlükdə Azərbaycan xalqına qarşı törədilmiş növbəti cinayəti idi. Bu, eyni zamanda, böyük ədalətsizlik idi, vicdansızlıq idi".

Prezident özü bu barədə fikirlərini davam etdirərkən son dərəcə dəqiqliklə qeyd edir ki, onda İkinci Dünya müharibəsi cəmi üç il idi başa çatmışdı, təkcə sovet Azərbaycanından 300 min insan, eyni zamanda, Sovet Ermənistanında yaşamış on minlərlə azərbaycanlı həlak olmuşdu: "Azərbaycan nefti olmasaydı, sovet dövləti heç vaxt qələbə qazana bilməzdi. Bunu hər kəs bilir. Bu rəqəmlər dəfələrlə səsləndirilib. Benzinin, sürtkü yağlarının və neftin təqribən 70, 80, 90 faizi Azərbaycandan təchiz edilirdi. Bütün bunlara baxmayaraq, xalqımıza qarşı növbəti cinayətin törədilməsi, yenə də deyirəm, böyük vicdansızlıqdır və saxta bəhanə adı altında xalqımız növbəti deportasiyaya məruz qalmışdır".

Deməli, Prezidentin qeyd etdiyi kimi, Azərbaycan xalqının bu qədər xidməti, maddi sərvətinin bu cür israfı ona qarşı törədilən növbəti cinayətlə "mükafatlandırıldı".

1948-1953-cü ilin deportasiyasına qədər Qərbi Azərbaycanda rayonların birinci katibləri azərbaycanlılar idi:  Zəngibasar, Krasnoselo, Basarkeçər, Amasiya, Vedibasar, Mehri, Qarabağlar və sair. Əldə olan faktlar təsdiq edir ki, 1948-50-ci illər deportasiyasına qədər bütün sənədlər həmin rayonlarda əvvəlcə Azərbaycan, sonra erməni dilində yazılırdı. Deportasiyadan sonra Azərbaycan dili ikinci yerə keçirildi və bu rayonlarda birinci katiblər ermənilərlə əvəz edildi.

Məsələn, Zəngibasar rayonunda 1946-47-ci illərdə Hüseyn Məmmədov, 1947-50-ci illərdə isə Qəşəm Şahbazov sonuncu azərbaycanlı birinci katiblər idi.

1948-53-cü illərin deportasiyası Qərbi Azərbaycanda yaşayan azərbaycanlılara sözün əsl mənasında ağır zərbə vurdu. İrəvan, Göyçə, Zəngəzur, Dərələyəz, Zəngibasar, Ağbaba, Vedibasar, Çəmənli ərazilərindən azərbaycanlıların sayı xeyli azaldı.

İrəvan Pedaqoji İnstitutunda fəaliyyət göstərən dörd Azərbaycan fakültəsinin, 1882-ci ildən fəaliyyət göstərən İrəvan Azərbaycan Dram Teatrının bağlanması da bu dövrdə azərbaycanlılara olan böyük zərbələrdən idi.

1948-53-cü illərin Qərbi Azərbaycandan deportasiyasından sonra təkcə Zəngibasar rayonunun Göykümbət, Ağcaqışlaq, Hacı Elyas, Cəfərabad, Ağhəmzəli, Qarahəmzəli, Cəbəçəli, Çobankərə və digər kəndlərindən azərbaycanlıların səs-sorağı tam kəsildi.

Cənab Prezidentin Qərbi Azərbaycandan olan növbəti deportasiya barədə fikirləri də olduqca təsirlidir: "Nəhayət, 1980-ci illərin sonlarında sovet hökuməti xalqımıza qarşı növbəti cinayəti törətdi... Heydər Əliyev 1987-ci ilin noyabrında bütün vəzifələrdən uzaqlaşdırılandan iki həftə sonra erməni millətçiləri baş qaldırdılar. Sovet hökuməti onlara dəstək oldu... Azərbaycanlılar tarixi diyarı olan Qərbi Azərbaycandan deportasiya edildi və biz bu tarixi yaxşı bilirik, xatırlayırıq və azərbaycanlıların yaşadıqları o məntəqələrin sayını da yaxşı bilirik - 170-dən çox kənddə ancaq azərbaycanlılar yaşayırdılar. Mən o vaxtkı Ermənistanı, Ermənistan Respublikasını nəzərdə tuturam. 90-a yaxın kənddə azərbaycanlılar əksəriyyət təşkil edirdilər və bütövlükdə 300-dən çox şəhər və kənddə azərbaycanlılar yaşamışlar. Onların hamısı 3 il ərzində Ermənistandan zorla çıxarıldı, qovuldu, bir çoxları öldürüldü, onlara işgəncə verildi. Bütün bu cinayətlər sovet hökumətinin gözünün önündə baş vermişdi".

Azərbaycan Prezidenti öz çıxışında İrəvanla əlaqədar çox vacib və ağrılı məqama diqqət ayıraraq bildirib: "Haradadır İrəvanın tarixi mərkəzi? Əgər deyirsiniz ki, guya bu, dünyanın ən qədim şəhəridir. Haradadır bunun tarixi mərkəzi?"

Cənab İlham Əliyevin qeyd etdiyi kimi, Cənubi Qafqazın əksər şəhərlərində tarixi mərkəzlər var və bununla bağlı Azərbaycanın bir sıra şəhərlərinin adını çəkmək olar: "Bəs, necə ola bilər ki, İrəvanda tarixi mərkəz yoxdur? Qoy bu sadə suala cavab versinlər. Cavab da gün kimi aydındır. Ona görə ki, bu tarixi mərkəz Azərbaycan xalqının tarixi irsi idi, hansı ki, onlar dağıdıblar. Şəhərsalma adı altında bütün tarixi binalarımız, o cümlədən, İrəvan qalası, Sərdar sarayı dağıdılıb. Yəni, bütün bunlar göstərilməlidir".

Bu fikirlərdən sonra Prezident tarixə ekskurs edərək deyir: "Bu ərazidə heç vaxt Ermənistan olmayıb. İndiki Ermənistan bizim torpağımızdır. Mən bunu dəfələrlə deyəndə, mənə irad tuturlar ki, mənim ərazi iddiam var. Mən bunu tarixi həqiqət kimi deyirəm".

Göründüyü ki, cənab Prezident bu tarixi görüşdəki çıxışında azərbaycanlıların Qərbi Azərbaycandan deportasiyasının 100 illik tarixini təkzibolunmaz faktlarla, bütün incəliklərilə açıb göstərir.

Məlumdur ki, ermənilər əvvəlki əməlləri ilə kifayətlənməyib, Qarabağın bir hissəsini və Şərqi Zəngəzuru da işğal etdilər. 30 ilə qədər bu torpaqlar işğal altında qaldı. Bütün dünya susurdu. Nə BMT-nin dörd qətnaməsi yerinə yetirildi, nə də Minsk qrupu bu müddətdə nəsə edə bildi.

2020-ci il sentyabrın 27-də Azərbaycan ordusu işğal altında qalmış torpaqlarımızı azad etməyə başlayanda dünya "oyanıb", bu müharibəyə reaksiya verməyə başladı. Azadlıq müharibəsinə - Vətən müharibəsinə, Azərbaycana qarşı bəzi ölkələrin kampaniyaları baş qaldırdı. Müharibənin gedişində öyrədilmiş, hazırlanmış xarici "jurnalistlər"  müzəffər Ali Baş Komandanla "kinli", "qərəzli" suallarla müsahibə aparanda Prezidentimiz "Bura gəlməmişdən əvvəl gedin güzgüyə baxın," - deyərək bu "əl oyuncağı" olan jurnalistlərə özünün dolğun, tutarlı, təkzibolunmaz tarixi faktlara söykənən cavablarıyla dərs verdi. Prezidentin Azərbaycan, rus və ingilis dillərində verdiyi bir sıra müsahibələrində AXC-nin İrəvanın ermənilərə güzəşt etməsi, indiki Ermənistanın Azərbaycanın tarixi torpaqları olması da vurğulanırdı.

2022-ci ilin sentyabr toqquşmalarında qalib Azərbaycan ordusu bəzi mühüm strateji yüksəklikləri götürdü. Prezidentin qeyd etdiyi kimi: "Bu gün biz artıq Bala Göyçənin sahilindəyik. Bu gün biz Göyçə gölünü binoklsuz görürük. Birincisi, hesab edirəm ki, bu, ədalətlidir. İkincisi, sentyabr toqquşmaları bizi gələcəkdə böyük problemlərdən sığortalayacaq. Çünki Ermənistanda revanşist qüvvələr baş qaldırır, - istər iqtidarda, istər müxalifətdə, - faktiki olaraq bizim üçün fərqi yoxdur. Çünki Ermənistanda cəmiyyətin şüuru o qədər zəhərlənib, azərbaycanofobiya o qədər geniş vüsət alıb ki, orada faktiki olaraq normal düşüncəyə malik olan, - mən siyasi sahəni nəzərdə tuturam, - qalmayıb. Ona görə onlar revanş fikri ilə yaşayırlar".

Sual oluna bilər: 44 günlük Vətən müharibəsindən sonra ağır məğlubiyyətə uğrayan Ermənistanın revanş məqsədilə müharibə aparmağa gücü varmı? Əlbəttə ki, yox. Kəlbəcər, Laçın, Ağdamın döyüşsüz təhvil verilməsi də bunun bariz sübutu idi. İndi hansı güclə onlar revanş fikrinə düşür? Bəlkə xarici havadarlarının köməyinə ümid bəsləyir? Azərbaycan Prezidenti bu məsələyə də toxunaraq sərrast fikirlər söyləyir: "Heç kim bizə təsir göstərə bilməz. Zənglər ola bilər, hansısa bəyanatlar ola bilər, onlara əhəmiyyət vermək lazım deyil".

Vətən müharibəsi başlayandan sonra bir sıra Avropa dövlətləri canfəşanlıq etməyə başlamışdılar - Ermənistanı müdafiə etmək, müharibəni dayandırmaq məqsədilə. Xüsusilə erməni lobbisinin əlində oyuncaq olan Fransada sentyabr toqquşmasından sonra bu məsələ daha da gücləndi. Oktyabrın 2-də ermənilər Azərbaycanın Fransadakı səfirliyinə hücum etdilər. Həmin ayın 12-də Fransanın prezidenti Makron France-2 televiziya kanalına verdiyi müsahibədə Ermənistanın qadın və kişilərini tək qoymayacağını bildirdi. Noyabr ayının 15-də Fransa senatı Azərbaycanla bağlı çox qərəzli qərar qəbul etdi. Noyabrın 28-də Fransa Milli Assambleyası yenə də Azərbaycana qarşı kəskin qərar qəbul etdi. Fransa deputatlarının Azərbaycana qarşı "səlib yürüşü" təşkil etmək təklifi və sair. Bunlar yalnız sənədlər - kağızlar üzərində qaldı. Bu yerdə dahi ədib Hüqonun 190 il əvvəl dediyi sözlər yada düşür: "Paris əhli bir sürü qanmaz və axmaqdan ibarətdir". Paris əhli də olmasa, Fransanın Senat və Milli Assambleyasının üzvləri, deyəsən, bir nəfərdən başqa, tamamilə Hüqonun dediyi insanlardır.

Dövlətimizin başçısının qeyd etdiyi kimi, Qərbi Azərbaycanla bağlı həqiqətlər dünya ictimaiyyətinin diqqətinə çatdırılmalıdır. Sərgilər, təqdimatlar, beynəlxalq konfranslar, diaspor təşkilatları ilə birlikdə aksiyalar keçirilməlidir.

Dövlətimizin başçısı həmin görüşdəki çıxışı ilə bu istiqamətdə fəaliyyətin əsaslı proqramını verərək, ictimaiyyəti düzgün yönləndirdi. İnanırıq ki, cənab Prezidentin rəhbərliyi ilə bu sahədə də tezliklə mühüm uğurlar əldə olunacaq və biz Qərbi Azərbaycana, o əzəli tarixi torpaqlarımıza da qayıdacağıq!

 

 





03.02.2023    çap et  çap et