525.Az

"Balamın ali təhsili yox idi, ancaq ən uca şəhidlik zirvəsinə qalxdı"


 

"Balamın ali təhsili yox idi, ancaq ən uca şəhidlik zirvəsinə qalxdı"<b style="color:red"></b>

Bu dəfə haqqında söz açacağım Vətən müharibəsi şəhidi Məhəmməd Abbas oğlu Məmmədovdur.

Məhəmməd Məmmədov 13 noyabr 1998-ci ildə Ağcabədi şəhərində anadan olub. 2005-2016-cı illərdə Ş. Hüseynov adına Ağcabədi şəhər 2 saylı tam orta məktəbdə təhsil alıb. O, 2017-2018-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olub. Hərbi xidmətini başa vurduqdan sonra Ağcabədidə və Bakıda çalışıb.

Şəhid Anası Məmmədova Gülmirə xanım deyir ki, mənim Məhəmmədim çox mehriban idi:

"6-cı sinifdən zəhmətkeş olub. O, heç vaxt bizə əziyyət vemədi. Çox çılğın, nadinc idi. taxtadan tapança düzəldirdi, içində bir vətənpərvərlik vardı. Mənim balamın ali təhsili yox idi, ancaq ən uca şəhidlik zirvəsinə qalxdı. Balam Naxçıvanda xidmət edib. Komandirləri, əsgər yoldaşları onu çox istəyirdi. Əsgərlikdən sonra ticarət mərkəzində çalışırdı . Deyirdilər ki, çox tərbiyəli, mədəni övladızın var.

6 ay Rusiyada işlədi, sonra bir müddət rayonda dostuna kömək elədi. Mərd oğlan idi. Daha sonra Binəqədidə çörək zavodunda işləyirdi.

Hər kəs gəlir bizi ziyarət edir. Mənim balamın məclisinə hər yerdən insanlar gəlirdi. Balamın bütün rayonlarda dostları vardı.  Hamı onun mərdliyini sevirdi.

Dostları deyir ki, döyüş vaxtı 87 nəfər idik. Deyirlər, onlardan 10-12 nəfər qalmışdı. Ağcabədi rayonundan Xəzər adlı qazimiz var, deyir ki, bu gün yaşamağımın səbəbi Məhəmmədir. Danışır ki,  yıxılmışdım, Məhəmməd gəlib məni ayağa qaldırdı, 1 dəqiqə sonra həmin yeri vurdular. Bu gün mənim yaşamaq səbəbim Məhmməd idi. Deyir günlərlə başımızı qaldıra bilmirdik. Naxçıvanlı Vəli Quliyev oğlmun komandiri olubdur. O da şəhid oldu. Atası gəlib bizi də ziyarət etdi, dedi ki, oğlumun bütün şəhidlərini ziyarət edirəm.

Məhəmməd bilirdi ki, mən çox narahat insanam. Müharibə vaxtı bir telefon tapıb məni yığardı ki, ana, narahat olma, mən yaşıyam. O, yaxşıyam deyəndə qalxıb bir çaydan sudan içər, yemək yeyərdim. Ondan cavab gəlməyəndə heç kəsə yemək yeməyə qoymazdım.

Bir neçə gün idi Məhəmmədən cavab gəlmirdi, çox narahat idim. Gəldim yerimə uzandım, elə bil yerim məni yandırırdı məni... Dostlarına bir-bir yığırdım, heç birinə zəng çatmırdı. Birdən bir dostu telefonu götürdü dedi ki, mənəm bibi, yaralanmışam, ancaq mən gələndə Məhəmməd yaxşıdır. Sən demə balam həmin vaxtı şəhid olubmuş...

Tezdən saat 8-də mənə zəng gəldi, yarı yuxulu idim. Onlara yemək içmək göndərmişdim. Dedi, ana, nə gözəl idi yemək-içməyin, hamısını yedik. Sən demə, heç yeməyib balam. 20 oktyabrda günortadan sonra zəng etmişdi mənə. Evdəkiləri, atasını soruşdu. Tapşırdı ki, məndən narahat olmayın, yaxşıyam, hamıya salam deyərsən.

Bax, bu gördüyün evin bu cür başa gəlməyinin səbəbkarı Məhəmməddir. İşləyirdi, ailəmizə həmişə dəstək olurdu.

Oktyabrın 21-də oğlum şəhid olub, oktyabrın 23-ü bizə məlumat gəlib. Atası və qardaşından analiz götürdülər. Həmin vaxtı tibbi ekspertiza olundu, ancaq o şəhid Beyləqandan idi. Tam 1 noyabra kimi balamı axtardıq. Noyabrın 4-də analizi uyğunlaşdı. Noybrın 7-si günorta icradan dayısına zəng ediblər. Qardaşım gedib, baxıb. Məhəmməd ayaqlarından zədə almışdı. Ağcabədi Şəhidlər xiyabanında dəfn olundu".

Şəhidin bacısı Rahilə xanım deyir ki, qardaşımla bağlı nə desəm azdır:

"Bir bacının qardaşını itirməsi çox ağır dərddir. Onun bir sözü vardı, bacı, mən gələcəyəm. Son nəfəsimə qədər Məhəmmədin yolunu gözləyəcəyəm. Kaş, qardaşım yanımda olardı. Kaş, qardaşım gələrdi, yenə də uşaqlıdakı kimi danışardıq, bölüşərdik. Onun kəlmələrindən ötrü çox darıxıram. Həm də fəxr edirəm qardaşımla. Üzülürəm ki, qardaşım ehtiyacım olduğu anda yanımda deyil. Allahdan ən böyük arzum qardaşıma qovuşmaqdır. Bilirəm ki, o, mənimlədir. Allah qardaşıma rəhmət eləsin! Hər dəqiqə, hər saniyə,  hər an mənimlədir! Mən Məhəmmədin bacısı olduğum üçün fəxr edirəm!"

 Şəhid Anası Məmmədova Gülmirə xanım deyir ki, bu dünya bir qonağıq. Ana kimi məni təsirləndirir ki, balamı görmürəm: "Bu, məni üzü,  ancaq qürurla deyirəm ki, Laçın, Qubadlı, Füzuli, Cəbrayıl deyirik balamın adın çəkəndə. İstər rayon, istərsə də şəhər olsun. Məhəmmədin sayəsində elə bir zirvədəyəm ki, mən onun ansıyam!  Nə yaxşı ki, mənim bu cür övladım var. Mən balamla fəxr edirəm, ruhunun qarşısında baş əyirəm! Sonsuz təşəkkür edirəm, ruhu şad olsun!Allah cəmi şəhidlərimizə rəhmət eləsin!"

 

Şəhidin adına Ağcabədi rayonunda küçə verilib. Hal-hazırda ailənin şəxsi vəsaiti hesbına abidə tikdirilir. orta məktəbdə adına guşə ayrılıb, sinif otaqları verilib. Həmçinin 2 saylı bağçada da adına guşə ayrılıb.

Azərbaycan Ordusunun əsgəri olan Məhəmməd Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində könüllü olaraq iştirak edib. Füzulinin, Cəbrayılın, Zəngilanın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. Məhəmməd Məmmədov 7 noyabr 2020-ci ildə Qubadlı istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub. Ağcabədi Şəhidlər Xiyabanında dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən Məhəmməd Məmmədov ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü" və "Füzulinin azad olunmasına görə"  medalları ilə təltif edilib.

 

Ruhun şad olsun, şəhid qardaşım!

 





21.01.2023    çap et  çap et