525.Az

Gənc dostuma yubiley təbriki -   İttifaq Mirzəbəyli - 70


 

O, TƏKCƏ JURNALİST YOX, HƏM DƏ MÜKƏMMƏL MUSİQİ XİRİDARIDIR

Gənc dostuma yubiley təbriki - <b style="color:red">   İttifaq Mirzəbəyli - 70</b>

Bəli, bu gənc dostum məndən 23 yaş cavandır. Amma 40 ilə yaxındır ki, gənclik illəri, tələbəliyi bir yerdə keçmiş insanlar kimi dostluq edirik. Evimin əziz qonağıdır. Bütün tədbirlərimin iştirakçısı, aparıcısı və ya natiqlərdən biridir. Onun son 160 ildə ulu babam Abbasqulu Ağa Bakıxanov haqqında yazılmış məqalələri tapıb-toplayıb tərtib etdiyi "Qüdsi əbədiyyəti", atam - görkəmli tarzən, Xalq artisti, Əməkdar incəsənət xadimi Əhməd Bakıxanov haqqında yazdığı "Ustad ömründən anlar" kitablarını ömrümün ən dəyərli hədiyyələrindən hesab edirəm.

O, bir dost kimi mənim 75, 80, 85 və 90 illik yubileylərimin təşkilatçılarından biri olub. Sözlərinə ondan çox mahnı yazmışam. Hamısı ifa olunub və lentə alınıb. Dəfələrlə birgə səfərlərdə olmuşuq. İstənilən məsələ barədə dostcasına məsləhətləşmişik. Amma gəncdir. Hələ indi-indi - fevralın 10-da 70 yaşı tamam olacaq. Təbrik edirəm!

...Söhbət Əməkdar jurnalist, "Xalq qəzeti"nin siyasət şöbəsinin müdiri, son otuz-qırx ildə siyasi publisistika meydanında yorulmadan külüng çalan, eyni zamanda, Azərbaycan mədəniyyətinə, xüsusən, musiqi xadimlərimizin yaradıcılığına dair yüzlərlə dəyərli məqalənin müəllifi olan İttifaq Mirzəbəylidən gedir. O, ötən əsrin 70-ci illərinin ortalarında - rayondan Bakıya gəldiyi dövrdə Bayıldakı Neftçıxarma idarəsində çalışırdı. Ancaq həmin günlərdə də paytaxtdakı əksər mədəniyyət tədbirlərində iştirak edirdi.

O, Dövlət Radiosunda çalışdığı illərdə Azərbaycan musiqi mədəniyyətinin əksər  tanınmış simalarını efirə çağırmış, yadda qalan, heç zaman unudulmayacaq verilişlər hazırlamışdı. Mən onun verilişlərində bəstəkarlar Süleyman Ələsgərov, Ramiz Mustafayev, Nəriman Məmmədov, kaman ustası Habil Əliyev, aboy ustası Kamil Cəlilov, xanəndə və müğənnilər Lütviyar İmanov, Yaqub Məmmədov, Əlibaba Məmmədov, Mirzə Babayev, Canəli Əkbərov, Gülağa Məmmədov, Sabir Mirzəyev, Süleyman Abdullayev, Tükəzban İsmayılova, Rəsmiyyə Sadıqova kimi sənətkarların həm söhbətini, həm də səsini, ifasını eşitmişdim. 

Yuxarıda qeyd etdiyim kimi, o, son 29 ildə rəsmi dövlət qəzetinin siyasət şöbəsində çalışıb. Həmin sahədəki uğurlarını dəqiq bilmədiyimə görə bu təbrik yazımda təkcə mədəniyyət, musiqi sahəsindəki uğurlarını yada sala bildim. Ancaq onun siyasi publisistikadakı xidmətləri barədə mən bilməsəm də, dövlətimiz yaxşı bilib və qiymətləndirib. İttifaq Mirzəbəyli Azərbaycanın müstəqillik dövründə Əməkdar jurnalist fəxri adına ilk layiq görülənlərdən və Jurnalistlər şəhərciyində ilk mənzil verilənlərdən biridir.

70 yaşın mübarək, yorulmaz qələm, sözə, sənətə, musiqiyə sevgilərlə dolu ürək sahibi olan İttifaq Mirzəbəyli! Bu sətirləri mənim yubileylərimdə yazdıqlarına cavab kimi qəbul etmə. Mən sənin qədər yaza bilmərəm. Ancaq bu yubileyinə sevincim sənin öz sevincindən çox ola bilər. Bir daha təbrik edirəm!

Hörmətlə,

Tofiq BAKIXANOV
Xalq artisti, professor, "Şöhrət" və "Şərəf" ordenli bəstəkar, Prezidentin fərdi təqaüdçüsü

 





03.02.2023    çap et  çap et