525.Az

Xameneyinin həyat amalı - qan gölü


 

Xameneyinin həyat amalı - qan gölü<b style="color:red"></b>

İran bu gün dünya üçün təhlükəyə çevrilən terror dövlətidir. Özünü İslam Respublikası adlandıran bu şər yuvasına rəhbərlik edənlər 44 ildir ki, dünyada qan tökməklə, terror törətməklə, gərginlik, qarşıdurma yaratmaqla məşğuldur. Bu qanlı əməllərin başında isə birbaşa ali dini lider adlandırılan Ayətullah Əli Xameneyinin dayandığı heç kimə sirr deyil. Çünki demokratiyadan, insan haqlarından, beynəlxalq hüquqdan xəbəri olmayan bir ölkədə bütün qərarlar məhz baş terrorçu -  Xameneyi tərəfindən verilir.

Məlumdur ki, İranda bütün səlahiyyətlər də ali lider adlandırılan bu şəxsin əlindədir. Kimin prezident, deputat seçilməsinə belə o qərar verir. Bunları xatırlatmaqda məqsədimiz odur ki, indiyə kimi həm Azərbaycan torpaqlarının işğalı dövründə, həm ərazilərimiz azad olunduqdan sonrakı müddətdə “müsəlman” İranın erməni qardaşları ilə dostluq və həmrəyliyinə məhz o, xeyir-dua verib. Elə səfirliyiimizdə yanvarın 27-də törədilən terror aktına da. Onsuz da özünü ali dini lider adlandıran bu şəxs illərlə müsəlman torpaqlarının işğalda qalmasına, məscidlərimizin təhqir edilməsinə, dağıdılmasna göz yummaqla əslində kimliyini bir daha ortaya qoymuşdu. Amma səfirliyimizdəki qanlı cinayətin planlaşdırılmasına rəvac verilməsi, sonrakı müddətdə susqunluq, terrora başqa don geyindirilməsi bu şəxsin simasını bir daha göstərdi.

Belə görünür ki, o, törətdiyi bu əməllərdən utanmaq əvəzinə dünyanı, o cümlədən, Azərbaycanı qarışdırmaq üçün yeni mənfur planlar düşünür. Dünyanı qarışdırmaq demişkən, axı İran təkcə bizim bölgədə qardaşı Ermənistanla birləşib Azərbaycana qarşı siyasət aparmır, digər bölgələri, xüsusilə Yaxın Şərqi qan gölünə çevirməkdədir. Görünür, özünü böyük imperiya hesab edən şeytan yuvası terror əməlləri ilə təsir dairəsini genişləndirəcəyini düşünür. Eyni zamanda terror dövlətinin məqsədi öz inqilab, farsçı-şovinist ideologiyasını ixrac etməkdir. Diqqət edək, Suriya, İraq, Yəmən, Livan, Liviya və s. ölkələrdə məhz Xameneyinin göstərişi ilə qan tökülür. Çünki İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) xarici əməliyyatlar qanadı olan Qüds qüvvələri məhz Xameneyiyə tabedir. 2003-cü ildə ABŞ-ın İraqda Səddam Hüseyn rejimini devirməsindən sonra Qüds qüvvələri Tehrana müttəfiq olan qeyri-dövlət qüvvələrini maliyyə və silahla təmin etməklə Yaxın Şərqdəki əməliyyatlarını daha da fəallaşdırmışdı. İran bu siyasətini məzhəb ayrımçılığı üzərindən həyata keçirir. Məsələn, İraqda “İŞİD”ə qarşı mübarizədə məhz şiə ərəblərə təlim keçib, onları silahla təchiz etdi. Suriya, Yəməndə də eyni siyasəti aparır. İran Yəməndə husi üsyançılarına dəstək verib, silahlandırıb onlardan Səudiyyə Ərəbistanına qarşı istifadə edir.

Xameneyinin rəhbərliyi ilə dünyada qanlı əməllərə rəvac verən daha çox faktları qeyd etmək mümkündür. Amma bir məqam xüsusi qeyd edilməlidir ki, müsəlman dünyasında qan tökən, Azərbaycana qarşı çıxan bu şəxsin azərbaycanlı olması barədə fikirlər olsa da, dəqiq məlumat yoxdur. O, 1939-cu ildə İranın Xorasan vilayətinin Məşhəd şəhərində anadan olub. Atası Seyid Cavad Nəcəfdə, anası Xədicə isə Məşhəddə doğulub. Atası müəyyən müddətdə Xamnədə yaşayıb, bunun səbəblərindən biri də şah rejiminin din xadimlərini Məşhəddən uzaqlaşdırmaq siyasəti olub. Xameneyinin atası Cavadın əsli İranın Mərkəzi vilayətinin Təfreş şəhərindəndir. Bu şəhərin sakinləri əsasən farslardır. Ümumiyyətlə, qeyd etdiyimiz kimi, Xameneyi azərbaycalı olub-olmamasından asılı olmayaraq, müsəlmandır, özünü ali dini lider hesab edir, amma hər zaman Azərbaycana qarşı çıxıb, İran rejiminin ölkəmiz əleyhinə həyata keçirdiyi siyasətin başında dayanıb. Bu, özünü eyni zamanda güneyli soydaşlarımıza münasibətdə göstərib. İllərlə Güney azərbaycanlıların ən sadə hüquqlarının pozulmasına belə rəvac verib. Uzağa getməyək, bu gün Cənubi Azərbaycanın Xoy bölgəsində insanlıq dramı yaşanır. Zəlzələdən sonra insanlar qışın soyuğunda küçələrdə qalıb, isti yer, yemək, paltar tapmırlar. İran hakimiyyəti isə dünyanın gördüyü bu faciəyə, eyni zamanda utancverici drama göz yumur. Məlumata görə, rejimin bütün mənfur əməllərinə rəğmən, Azərbaycan, eləcə də qardaş Türkiyə yardım təklif edib. Amma rejim qəbul etməyib. Güneyin digər bölgələrindən insanların topladığı yardımların da Xoya çatdırılmasına rejim gücləri imkan vermir. Dünyada ikinci belə dövlət təsəvvür etmək çətindir ki, öz vətəndaşına çətin durumda məhz etnik mənsubiyyətinə görə yardım göstərməsin. Bütün bunlardan başda Xameneyi olmaqla rejim utanmalıdır. Amma görünür, artıq bütün qırmızı xətləri keçən rejim, ona rəhbərlik edən Xameneyi utanmaq hissi ilə yanaşı, insanlıq hisslərini də çoxdan unudublar. Elə buna görə də 84 yaşlı ali lider adlandırılan şəxsə öz ölkəsində “Diktatora ölüm” şüarları səsləndirilir, ona nifrətin həddi-hüdudu yoxdur. Saysız-hesabsız cinayətlərin müəllifi olan, öz polisinə xalqı öldürmək əmri verən, gənclərin edam etdirən, işgəncələr verən Xameneyi bu qədər günahla necə yaşayır? Yoxsa insanları qan içində boğmaq onun həyatının amalıdır? İllərlə ermənilərlə əlbir olub işğaldakı Azərbaycan torpaqlarını talayan rejim bu gün əli kəsildikdən sonra düşmənçiliyini açıq müstəviyə keçirib, Zəngəzur dəhlizinin açılmasına qarşı çıxır, Azərbaycanın İsraillə münasibətlərini, səfirlik açılması qərarını həzm edə bilmir. Amma rejimin başında dayananlar unudurlar ki, Azərbaycan öz qərarlarını da, kiminlə əməkdaşlıq edəcəyini də özü müəyyən edir. Can üstündə olan molla rejimi bataqlığın dibindədir. Özünü xilas edə bilmir, amma dünyanı qana boyamaq üçün planlar düşünür. Bəlkə molla rejimi yuxudan, imperiya xəyallarından ayılıb, İranın sadəcə çox yaxından parçalanacağını, zorla birləşdirdiyi xalqların, o cümlədən, Güney Azərbaycanın müstəqilliyinə gedən yolun yaxında olduğu reallığını qəbul edə? Dirəniş göstərməyin nə mənası var?

 





04.02.2023    çap et  çap et