525.Az

Bakının Avropanın enerji təhlükəsizliyində artan rolu


 

VÜQAR BAYRAMOV: "CƏNUB QAZ DƏHLİZİNİN REALLAŞMASI PREZİDENT İLHAM ƏLİYEVİN SİYASİ İRADƏSİ NƏTİCƏSİNDƏ MÜMKÜN OLUB"

Bakının Avropanın enerji təhlükəsizliyində artan rolu<b style="color:red"></b>

Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki rolu getdikcə artmaqdadır. Ölkəmiz təkcə ənənəvi enerji ilə deyil, yaşıl enerji sahəsində də zəngin potensiala malikdir. Fevralın 3-də Bakıda Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu iclası və ilk dəfə Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclası bu baxımdan mühüm əhəmiyyət kəsb edir.

Tədbirdə Avropa Komissiyasının enerji məsələləri üzrə komissarı Kadri Simsonun, Türkiyə, İtaliya, ABŞ, Böyük Britaniya, Gürcüstan, Macarıstan, Rumıniya, Bolqarıstan, Yunanıstan, Albaniya, Moldova, Monteneqro, Serbiya, Ukrayna və Xorvatiyanın yüksək səviyyəli nümayəndələri iştirak ediblər. İclaslarda enerji şirkətlərindən SOCAR, BP, BOTAŞ, TANAP, TAP, TPAO, TAQA, Bulgargaz EAD, Bulgartransgaz, İCGB, Fluxys, ROMGAZ SA, SACE, Desfa, TotalEnergies, FGSZ Ltd, SNAM, Uniper, Petronas, ACWA Power, Masdar, Fortescue Future Industries, WindEurope, SolarPower Europe, maliyyə təsisatlarından isə Dünya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Avropa Yenidənqurma və İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Asiya İnfrastruktur və İnvestisiya Bankı, Asiya İnkişaf Bankı və digər qurumlar da təmsil olunub. Toplantı açılış sessiyasından sonra "Cənub Qaz Dəhlizi və Yaşıl enerji üzrə nazirlər sessiyası", "Cənub Qaz Dəhlizi: Əlverişli, sabit və təhlükəsiz təbii qaz təchizatının genişləndirilməsi" və "Yaşıl enerji: Xəzər dənizinin külək enerjisinin Avropa enerji bazarlarına çatdırılması" mövzularında plenar sessiyalarla davam edib. Artıq doqquzuncu dəfə təşkil olunan Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin iclasının keçirilməsi, eləcə də bu il daha iki mühüm tədbirin Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclasının və yaşıl enerjinin ötürülməsinə dair dördtərəfli Sazişin icrası üzrə Rəhbər Komitənin ilk iclasının da bu il baş tutması Azərbaycanın Avropanın enerji təminatında artan rolunu açıq şəkildə göstərir. İqtisadi inkişafını durmadan şaxələndirərək genişləndirən Azərbaycan bununla da Avropanın enerji təhlükəsizliyini təkcə neft-qaz potensialı ilə deyil, alternativ enerji mənbələri hesabına da təmin etməsində əhəmiyyətli addım atıb. Bu mənada Prezident İlham Əliyevin həyata keçirdiyi yeni enerji siyasətinin iki əsas komponentini qeyd etmək olar. Birincisi, Azərbaycanın Avropaya qaz ixracını artırmasıdır ki, bu, ötən il iyulun 18-də Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumuna əsaslanır. Artıq həmin sənədin icrasına başlanılıb. 2021-ci ildə Azərbaycanın Avropa İttifaqı bazarına təbii qaz ixracı 8,2 milyard kubmetr, 2022-ci ildə isə bu rəqəm 11,3 milyard kubmetr təşkil edib. Cari ildə onun həcmi ən azı 11,6 milyard kubmetr olacaq. 2023-cü ildə təbii qazın ümumi həcmi təxminən 24 milyard kubmetr olacaq. Müqayisə üçün 2021-ci ildə bu rəqəm 19 milyard kubmetr təşkil edirdi. Azərbaycan özünün qaz təchizatının coğrafiyasını Avropa bazarına qədər genişləndirir. Bu, hamı üçün uduşlu vəziyyətdir. Çünki Avropaya öz enerji təhlükəsizliyinin qorunması üçün qaz lazımdır, Azərbaycanın isə özünün nəhəng enerji resursları üçün etibarlı bazara ehtiyacı var.

Enerji siyasətinin digər mühüm komponenti Avropaya yaşıl enerji ixracı ilə bağlıdır. Azərbaycan Avropanın mühüm elektrik enerjisi, əsasən, yaşıl enerji təchizatçısına çevrilməyi planlaşdırır. Azərbaycanın nəhəng bərpaolunan enerji potensialı ölkəmizin bu sahədə də həlledici rol oynamasına imkan verir.

Azərbaycanın bərpaolunan enerji potensialı quruda külək və günəş enerjisinin həcmi 27 qiqavatdan çoxdur, Xəzər dənizinin Azərbaycan sektorunda isə külək enerjisi 157 qiqavat təşkil edir. Azərbaycan strateji investorların biri ilə 2027-ci ilə qədər 3 qiqavat külək və 1 qiqavat günəş enerjisini istehsal etməyi planlaşdırır. Onların 80 faizi ixrac olunacaq. Azərbaycan 2037-ci ilə qədər ən azı 6 qiqavatlıq əlavə gücləri yaratmağı planlaşdırır. Ötən il Azərbaycanın enerji tarixində ilk dəfə olaraq xarici investisiya əsaslı külək və günəş elektrik stansiyalarının təməli qoyulub. Ümumi investisiya dəyəri 500 milyon dollardan çox olan 240 MVt gücündə "Xızı-Abşeron" külək və 230 MVt gücündə "Qaradağ" günəş elektrik stansiyalarının inşasına başlanılıb.

Xatırladaq ki, ötən ilin dekabrında Buxarestdə Prezident İlham Əliyevin iştirakı ilə Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında saziş imzalanıb. Dördtərəfli hökumətlərarası saziş Rumıniya ilə Azərbaycan arasında bərpa olunan mənbələrdən elektrik enerjisinin nəqli üçün Gürcüstan və Qara dəniz vasitəsilə sualtı kabelin çəkilməsini nəzərdə tutur. İmzalanma mərasimində çıxış edən Avropa Komissiyasının sədri xanım Ursula Fon der Lyayen Azərbaycanı etibarlı tərəfdaş adlandıraraq deyib ki, Qara dənizin dibi ilə çəkiləcək elektrik kabeli Avropa üçün əhəmiyyətli layihədir və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayacaq.

Onu da xatırladaq ki, Cənub Qaz Dəhlizi ideyası Azərbaycanın iradəsi və liderliyi sayəsində reallığa çevrilməyə başlayıb. Bu layihənin əhəmiyyətini Prezident İlham Əliyevin Macarıstana rəsmi səfəri zamanı mətbuata bəyanatında aydın görmək olur: "Vaxtilə NABUKKO layihəsi üzərində böyük işlər aparılmışdı. Ancaq maliyyə mənbələri müəyyən edilmədiyi üçün NABUKKO layihəsi icra edilmədi. Buna baxmayaraq, Azərbaycan öz qaz resurslarını Avropa bazarlarına çatdırmaq üçün fəal çalışırdı və nəticə etibarilə iki il bundan əvvəl Cənub Qaz Dəhlizi icra edildi. Bu, çox müasir enerji infrastrukturudur, uzunluğu 3500 kilometrdir və artıq iki ildir ki, Azərbaycan Avropa İttifaqı məkanına öz təbii qaz resurslarını çatdırır".

Mövzu ilə bağlı Milli Məclisin deputatı Vüqar Bayramov "525"ə bildirib ki, Cənub Qaz Dəhlizi nəinki region, bütün Avropa üçün ən vacib təşəbbüslərdən sayılır: "Etiraf etmək lazımdır ki, Cənub Qaz Dəhlizinin reallaşması Prezident İlham Əliyevin siyasi iradəsi nəticəsində mümkün olub". Onun sözlərinə görə, builki iclas tamamilə fərqli dövrə təsadüf edir: "Rusiya-Ukrayna müharibəsinin davam etməsi, Avropada enerji böhranın dərinləşməsi və regionda diversifikasiyanın daha da prioritetləşdiyi dövrdə bu iclas geniş miqyaslı coğrafiyada enerji istiqamətlərinin müəyyənləşdirilməsinə təsir edəcək. Digər tərəfdən, Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki rolu artmaqdadır. Ötən il Azərbaycanın Avropaya qaz ixracatı 39.0 faiz artıb. Bütövlükdə son 2 ildə Azərbaycan Avropa İttifaqına 20 milyard kub metrdən çox qaz ixrac edib. Ötən ilin iyul ayında Avropa Komissiyası ilə təchizatı iki dəfə artırmaq üçün Anlaşma Memorandumu imzalandığını nəzərə alsaq bunun üçün qarşıdakı dövrdə istismara verilməsi planlaşdırılan "Abşeron", "Ümid", "Asiman", "Şəfəq" və "Babək" kimi qaz yataqlarının işlənməsi üçün yeni sərmayələrin cəlbi də prioritet olaraq qalmaqdadır".

V.Bayramov bildirib ki, TAP kəməri vasitəsilə Avropaya ikinci mərhələdə 20 milyard qaz nəql ediləcək: "Bütövlükdə, CQD-nin ötürmə qabiliyyətinin 32 milyard kubmetrə çatdırılması imkanı var. Cənub Qaz Dəhlizi Azərbaycanın regional mövqeyinin daha da möhkəmlənməsinə imkan yaradır. Gələcək illərdə bu layihə region və qitə üçün əhəmiyyətli olmaqda davam edəcək".

Deputat Məzahir Əfəndiyev isə bildirib ki,  Azərbaycan artıq yaşıl iqtisadiyyatın təşviqi və yaşıl enerjinin istehsalı sahəsində də vacib layihələrin həyata keçirilməsinə başlayıb. Bu baxımdan ölkədə neft və qazdan əlavə istehsal olunan alternativ enerjinin Avropaya nəql olunması istiqamətində dost dövlətlər mövcud əlaqələrin daha da dərinləşməsinə böyük maraq nümayiş etdirirlər: "Ötən il Sofiya şəhərində Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun (IGB) açılış mərasimində Prezident İlham Əliyevin iştirakı, habelə 17 dekabr tarixində Buxarestdə  "Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş"in imzalanması Avropa qitəsinin enerji təhlükəsizliyini daha dolğun və əhatəli şəkildə təmin etməklə Azərbaycanın Avropa İttifaqı üçün etibarlı tərəfdaşa çevrildiyini bir daha sübut etdi.

Prezident İlham Əliyevin cari ilin 30 yanvar tarixində Macarısatana səfəri - Azərbaycan-Macarıstan, eləcə də Azərbaycan-Avropa İttifaqı münasibətlərinin qarşılıqlı hörmət və etibarlı əməkdaşlıq fonunda enerji təhlükəsizliyinin, cəmiyyətlərimizin inteqrasiyası, xalqlararası dialoqun möhkəmləndirilməsini nəzərdə tutan daha bir əhəmiyyətli səfərlərindən idi. Səfərin diqqətəlayiq məqamlarından biri vaxtilə tarixə qovuşmuş sayılan NABUKKO layihəsinin canlandırılması və artıq fevral ayının 3-də Azərbaycanda bu istiqamətdə rəsmi görüşlərin davam etdirilməsidir. Burada Macarıstan nəinki Azərbaycan qazının istehlakçısına çevriləcək, eyni zamanda, digər Avropa ölkələrinə tranzit edən ölkə kimi fəaliyyət göstərəcək".

O əlavə edib ki, Azərbaycanın hər bir platformada əldə etdiyi iqtisadi və siyasi qələbələr yalnız sülhə, əmin-amanlığa, davamlı inkişafa və dünya enerji təhlükəsizliyinin təmin olunmasına köklənib.

 

 





06.02.2023    çap et  çap et