525.Az

Media Reyestrindən narazılar nə istəyirlər?


 

"AZƏRBAYCAN KONSTİTUSİYASI ÖZBAŞINALIĞA VƏ DƏRƏBƏYLİYƏ YOL VERMİR"

Media Reyestrindən narazılar nə istəyirlər?<b style="color:red"></b>

Bu gün dünyada mövcud olan çağırışlar, təhlükəsizliyə təhdidlər dövlətlərin qarşısına yeni vəzifələr qoyur. Bu vəzifələrdən biri də informasiya təhlükəsizliyinin təmin edilməsidir. Qlobal müstəvidə cərəyan edən hadisələr  informasiya təhlükəsizliyinin hər bir dövlət üçün hansı əhəmiyyəti kəsb etdiyini göstərir. İkinci Qarabağ müharibəsində hər birimiz bunun bir daha şahidi olduq. Azərbaycanın bu istiqamətdə gördüyü işlər, medianın kənar maraqlı qüvvələrin mənbələrinə uymaması, ölkə rəhbərinin özünün həm də informasiya cəbhəsinin başında dayanması döyüş meydanındakı uğurlarımız qədər mühüm idi. Amma təəssüf ki, Azərbaycanın əleyhinə gedən bəzi xarici qüvvələrin sifarişlərini yerinə yetirən media adına fəaliyyət göstərən qurumlar da var. Bir neçə gün əvvəl Azərbaycanın hüquq mühafzə orqanlarının keçirdiyi əməliyyat zamanı İranın casus şəbəkəsinin ifşa edilməsi bunun bir nümunəsidir. Əməliyyat keçirilən məkanlar arasında "SalamNeys" informasiya agentliyi və "İnterAz" kanalı da var idi. Bu mediaya rəhbərlik edən şəxs də saxlanılıb. Deməli, uzun müddətdir Azərbaycana qarşı düşmənçilik siyasəti aparan bir dövlətin öz daxilimizdə maraqlarından çıxış edən, təbliğatını aparan, hələ bilmədiyimiz hansı faktların olduğu media Azərbaycanda rahat şəkildə çalışırmış. Bu mənada qəbul edilən yeni media qanunu, eyni zamanda, Media Reyestrinin aparılmasının zəruriliyi özünü göstərir. Bu, şəffaflığa, mətbuatın sağlamlaşdırılmasına xidmət edir. Ona görə də başqa fikirlərə yer qalmır. Çünki xarici qüvvələrin Azərbaycanda dövlətçilik əleyhinə fəaliyyətini həyata keçirmək üçün mediadan silah kimi istifadə etməsinə dair faktlar həmişə olub.

Onu da vurğulayaq ki, qanunun tələblərinə görə, media subyektlərinin 6 ay müddətində reyestrdən keçməsi tələb olunur. Eyni qayda jurnalistlərə şamil olunsa da, bu məcburi deyil. Amma 6 ay ərzində reyestrdə qeydiyyatdan keçmək üçün müraciət etməyən media subyektlərinin işinin qanuniliyinə məhkəmədə baxılacaq. Bir sıra KİV-lər reyestrdən keçib, bəziləri isə yekun mərhələdədir. Qeyd etdiyimiz kimi, jurnalistlər Media Reyestrinə könüllülük əsasında qəbul edilir və onlara vəsiqələr təqdim olunur.  Lakin qanuna əsasən, Media Reyestrinə daxil edilmiş media subyektləri və jurnalistlər müxtəlif xarakterli güzəşt və imtiyazlardan yararlana biləcəklər. Daha çox narazılıq yaradan da bu məqamlardır. Yəni bir və ya bir neçə nəfərdən ibarət saytlar, eyni zamanda, güzəştlərdən yararlanmaq istəyən, lakin şərtlərə cavab verməyən jurnalistlər mövcud qaydaları tənqid edirlər. Media ekspertləri isə düşünürlər ki, Reyestrin tətbiqi media sahəsindəki xaotik vəziyyəti aradan qaldırır,  peşəkar KİV-in hüququnu, statusunu tanıyır. Media Reyestrinin tətbiqi peşəkar medianın hüquqlarının və səlahiyyətlərinin tanınması üçün mühümdür.

 

"Bir "baş redaktor"dan ibarət media olar?"

 

Media eksperti, "Xalq cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli "525"ə deyib ki, "Media haqqında" qanun müzakirə olunanda, qəbul ediləndə, "Media Reyestrinin aparılması Qaydaları" təsdiqlənəndə mürgüləyənlər indi ayılıblar ki, bəs "Media Reyestri" kimlərinsə "hüquqlarını məhdudlaşdırıbmış", "Kontitusiyaya ziddiymiş", "beynəlxalq konvensiyaları pozurmuş", xəbərimiz yoxmuş: "Hansı hüquqları məhdudlaşdırır Media Reyestri? Əgər sənin üç nəfər əməkdaşın yoxdursa, o zaman hansı əsaslarla özünü media subyekti sayırsan? Bir "baş redaktor"dan ibarət media olar? Konstitusiyanı, cinayət və inzibati xətalar məcəllələri də daxil olmaqla ölkənin qanunlarını yuxarıdan aşağı, aşağıdan yuxarı pozanlar "Media haqqında" Qanunun, "Media Reyestrinin aparılması Qaydaları"nın Konstitusiyaya, İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi Haqqında Avropa Konvensiyasına zidd olduğunu iddia edirlər.

Təbii ki, tutarlı hər hansı bir arqument və müqayisəli təhlil olmadan, Azərbaycan Respublikasının Konstitusiyası təkcə söz, fikir və ifadə azadlığına deyil, digər azadlıqlara və hüquqlara da təminat verir. Amma özbaşınalığa, dərəbəyliyə yox. Dünyanın heç bir ölkəsində söz, fikir və ifadə azadlığından sui-istifadə hallarını, vergidən yayınmağı, kölgə iqtisadiyyatı ilə məşğul olmağı, şantaj etməyi, böhtan atmağı, insanların şəxsi həyatlarına müdaxiləni, dövlətin informasiya təhlükəsizliyinə təhdid yaratmağı, ictimai maraqları zərbə altında qoymağı məqbul hesab edən qanun yoxdur.  Bu gün "Media haqqında" Qanun və "Media Reyestri" ilə bağlı beynəlxalq hüququn norma və prinsiplərinə istinad edənlər unudurlar ki, Birləşmiş Millətlər Təşkilatının fəaliyyətinin əsasında belə BMT tərəfindən elan edilmiş Ümumdünya İnsan Hüquqları Bəyannaməsi dayanır. Sözügedən sənədin 2-ci hissəsinin 29-cu bəndində isə söz, fikir və ifadə azadlığının mütləq azadlıq olmadığı bildirilir, başqalarının hüquq və azadlıqlarının lazımi səviyyədə təmin edilməsinin, bu hüquq və azadlıqlara hörmətlə yanaşılmasının zəruriliyi qeyd olunur, həmçinin vurğulanır ki, demokratik cəmiyyətdə mənəvi dəyərlərin, ictimai asayişin və ümumi rifahın ədalətli tələblərə cavab verməsi üçün hüquqi tənzimləmələrin, məhdudlaşdırmaların tətbiqi mümkündür. İndi sual olunur, media ilə bağlı heç bir standarta cavab verməyən, bu və ya digər məlumatın doğruluğunun təsdiqi, faktların araşdırılması və təhlili üçün kadr resursu və texniki imkanları olmayan, bu və ya digər informasiyadan, şantaj və böhtan xarakterli üslub və məlumatlardan istifadə etməklə qanunsuz yollarla gəlir əldə etməyə çalışan, fərdlərin, cəmiyyətin və dövlətin informasiya təhlükəsizliyinə bilərəkdən təhdid yaradan şəxslərin fəaliyyəti ictimai asayişə, cəmiyyətin mənəvi dəyərlərinə, başqalarının hüquq və azadlıqlarına, vətəndaşların ümumi rifahına zərbə vurur ya yox? Bu sualın bir cavabı var: Bəli! O zaman əsasında Ümumdünya İnsan Hüquqları Bəyannaməsi dayanan Azərbaycan Respublikasının Konstitusiyasında yer alan ayrı-ayrı ifadələri kontekstdən çıxararaq gözümüzə niyə soxursunuz? Sizin hüquq və azadlıqlar haqında təsəvvürlərinizlə hərəkət etsək, o zaman nəinki "Media haqqında" Qanunun, Konstitusiyanın, hətta Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin də dəyişilməsinə nail olmalıyıq. Təbii ki, ilk növbədə sonuncunun. Çünki İran, Şimali Koreya və daha bir neçə dövlət istisna olmaqla, dünyanın bütün ölkələrinin konstitusiyalarında yer alan hüquq və azadlıqlarla bağlı müddəaların əsasında BMT-nin sözügedən bəyannaməsinin müddəaları dayanır".

Baş redaktor deyib ki, bu gün "Media haqqında" Qanun, Media Reyestri və digər bu kimi tənzimləyici hüquqi-normativ akt və mexanizmlərlə bağlı istinad olunan sənədlərdən biri də İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Avropa Konvensiyasıdır: "Təbii ki, istinadlar bir qayda olaraq ümumi xarakter daşıyır və ritorik şəkildə, bərkdən qışqırmaqla ifadə olunur. Sözügedən Konvensiyanın 10-cu maddəsinin 1-ci bəndində qeyd olunur ki, "Hər kəs öz fikrini ifadə etmək azadlığı hüququna malikdir. Bu hüquqa öz rəyində qalmaq azadlığı, dövlət hakimiyyəti orqanları tərəfindən hər hansı maneə olmadan və dövlət sərhədlərindən asılı olmayaraq, məlumat və ideyaları almaq və yaymaq azadlığı daxildir. Bu maddə dövlətlərin radio-yayım, televiziya və kinematoqrafiya müəssisələrinə lisenziya tələbi qoymasına mane olmur". Burada media sektorunun müəyyən istiqamətlərinə diqqət çəkilsə də, beynəlxalq konvensiyalarda yer alan yanaşmaların, yəni sənədlərin ümumi fəlsəfəsinin, bütün dünyada eyni sahənin digər istiqamətlərinin tənzimlənməsində də əsas götürüldüyü hüquqdan anlayışı olan kimsəyə sirr deyil. Yəni bu gün radio, televiziya və platforma yayımçılarının fəaliyyəti üçün lisenziya nədirsə, çap və internet media üçün də Media Reyestri Şəhadətnaməsi odur".

 

 





06.02.2023    çap et  çap et