525.Az

“Zaqreb Open”: Azərbaycan yığması son gündə 2 medal qazanıb


 

“Zaqreb Open”: Azərbaycan yığması son gündə 2 medal qazanıb<b style="color:red"></b>

Xorvatiyada keçirilən “Zaqreb Open”in sonuncu günündə Azərbaycanın yunan-Roma güləş yığması iki medal qazanıb.

“525.az”ın məlumatına görə, 60 kq çəki dərəcəsində yarışan Nihat Məmmədli finala qədər irəliləsə də, həlledici görüşdə iranlı Mehdi Nejada məğlub olaraq, gümüş medal əldə edib.

Nihat Məmmədli həlledici görüşə qədər ardıcıl olaraq Yustas Petraviçyus (Litva), Murad Məmmədov (Azərbaycan), Kriştian Keçkemeti (Macarıstan) və Razvan Arnauta (Rumıniya) qalib gəlib.

Murat Lokyayev isə 97 kq çəkidə bürünc mükafata yiyələnib. 28 yaşlı pəhləvan təsnifat mərhələsində Kiril Milova məğlub olsa da, rəqibinin finala qədər irəliləməsi ona bürünc medal qazanmaq imkanı yaradıb. Təsəlliverici duellərdə Vinko Prodanoviç (Xorvatiya) və Arif Niftullayevi (Azərbaycan) üstələyən Lokyayev son görüşdə Mihail Kajaya ilə üz-üzə gəlməli idi. Lakin serbiyalı zədələndiyi üçün yarışa çıxmayıb və Murat Lokyayev üçüncü yeri tutub.

Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilərdən Əliabbas Rzazadə (57 kq) qızıl, Hacı Əliyev (70 kq) və Georgi Meşvildişvili (125 kq) gümüş, Cəbrayıl Qadjiyev (74 kq), Əli Rəhimzadə (65 kq), Xadjimurad Qadjiyev (70 kq), Osman Nurmaqomedov (92 kq), Maqomedxan Maqomedov (97 kq) bürünc medal əldə ediblər. Qadınlardan Alyona Kolesnik (59 kq) bürünc medala sahib çıxıb. Yunan-Roma güləşçisi Taleh Məmmədov (63 kq) isə qızıl medala sahib çıxıb.

Azərbaycan yığması ilin ilk reytinq turnirində ümumilikdə 12 (2 qızıl, 3 gümüş, 7 bürünc) medal əldə edib.

 





05.02.2023    çap et  çap et