525.Az

İrana qarşı alyans - Xaqani Cəfərli yazır


 

İrana qarşı alyans - <b style="color:red"> Xaqani Cəfərli yazır</b>

Yanvar ayının ikinci yarısında ABŞ-ın üç nəfər yüksək vəzifəli rəsmisinin İsrailə səfəri Vaşinqtonun İranla bağlı hansısa niyyətinin olduğu qənaətini yaratmışdı. Yanvarın 18-də isə ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan İsrailə səfər edib. Səfər çərçivəsində Ceyk Sallivan İsrail Prezidenti İsxak Hersoq, Baş nazir Benyamin Netanyahu, müdafiə naziri Yoav Qalant və xarici işlər naziri Eli Koen ilə görüşüb. Ceyk Sallivan parlament seçkilərindən sonra İsrailə səfər edən ilk ABŞ rəsmisi idi. Yüksək səviyyəli görüşlərlə bağlı yayılan məhdud məlumatlardan aydın olur ki, müzakirələrin əsas mövzularından biri İranla bağlı məsələlər olub.

Ceyk Sallivanın ardınca Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Uilyam Börns yanvarın 26-da İsrailə səfər edib. Səfərdən öncə yayılan məlumatda qeyd edilirdi ki, Uilyam Börns İranın nüvə proqramı, Tehranın Rusiyaya silah yardımı və İrana qarşı mübarizə ilə bağlı məsələləri müzakirə edəcək. Lakin səfər ərəfəsində regionda baş verən bəzi hadisələr Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbərinin müzakirə mövzularının sırasını genişləndirdi. Buna baxmayaraq, əsas müzakirə mövzusu İranla bağlı olub. Uilyam Börnsin Mossadın rəhbəri David Barnea ilə görüşünün bütövlükdə İrana həsr olunduğu haqqında məlumatlar var. 

Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbərinin ardınca isə dövlət katibi Entoni Blinkenin İsrailə səfəri başladı. Özündən əvvəl İsrailə səfər edən ABŞ rəsmiləri kimi, Entoni Blinken də çoxsaylı görüşlər keçirdi. Bu görüşlər arasında İsrailin Baş naziri Benyamin Netanyahu ilə bağlı görüş xüsusi diqqəti çəkir. Bağlı qapılar arxasında aparılan məxfi müzakirələrin əsas mövzusunun İran olduğu haqqında fikirlər səslənir. İsrailin müdafiə naziri Yoav Qalantla ABŞ dövlət katibi Entoni Blinkenin görüşünün əsas müzakirə mövzusunun təhlükəsizlik sahəsində əməkdaşlıq və İrana qarşı mübarizənin təşkil etməsi isə "The Jerusalem Post" qəzetinin bu görüşlə bağlı xəbərində yer alıb. "Görüş zamanı Qalant və Blinken iki ölkə arasında təhlükəsizlik sahəsində əməkdaşlıq, İranın və ona bağlı təşkilatların İsrail üçün doğurduğu təhdidlər əsas müzakirə mövzusu olub". 

Bu məlumatlar olmadan da ABŞ-ın üç nəfər yüksək rütbəli rəsmisini - Prezidentin milli təhlükəsizlik üzrə müşavirini, Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbərini və dövlət katibini çox qısa zaman ərzində ard-arda İsrailə səfərə vadar edən önəmli mövzunun yalnız İran ola biləcəyi aydın məsələdir. Əgər İsraillə Fələstin arasında artan gərginlik Vaşinqtonu narahat etsəydi, ABŞ rəsmilərindən birinin bölgəyə səfəri yetərli ola bilərdi. ABŞ hökumətində prezident və vitse-prezidentdən sonra ən yüksək səlahiyyətli üç şəxsin İsrailə səfərini zəruri edən məsələ çox önəmli olmalıdır.

İranın nüvə proqramı Co Bayden administrasiyasını çox narahat edir. Keçmiş prezident Donald Trampın iqtidarı zamanında ABŞ İranın nüvə proqramı ilə bağlı sazişdən çıxdıqdan sonra Tehran nüvə proqramın inkişaf etdirmək üçün fəaliyyət azadlığı əldə edib. İranın çox qısa zamanda nüvə silahı əldə edə biləcəyi haqda fikirlər isə Co Bayden administrasiyasını təcili hərəkətə keçməyə vadar edir.

Vaşinqton, eyni zamanda, İranın Ukraynaya qarşı müharibədə Rusiyaya silah yardım etməsindən narahatdır. ABŞ rəsmilərinin İsrail təmsilçilərilə görüşlərində bu mövzu da əsas müzakirələrdən olub. Dövlət katibi Entoni Blinkenin İsrail rəsmiləri ilə görüşlərində Rusiya və İran arasında əməkdaşlıq mövzusu ən çox müzakirə edilən mövzulardan olub. ABŞ dövlət katibi Entoni Blinken İsrail rəsmiləri ilə danışıqlar zamanı onları Ukraynaya təkcə humanitar sahədə deyil, hərbi sahədə də kömək etməyə inandıra bilib. İsrailə səfərinin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında dövlət katibi deyib ki, humanitar, iqtisadi və təhlükəsizlik sahəsində Ukraynanın bütün ehtiyaclarını dəstəkləməyin vacibliyi müzakirə edilib.

Entoni Blinkenin İsrailə səfərindən sonra Tel-Əvivin Kiyevə məşhur "Dəmir qübbə" hava hücumundan müdafiə sistemi verə biləcəyi ilə bağlı xəbərlər yayılmağa başlayıb. Ukrayna hələ müharibənin ilk həftələrindən İsraildən hava hücumundan müdafiə sistemi almağa çalışır. Çünki Ukrayna mütəmadi olaraq Rusiyanın raket hücumuna məruz qalır. Bu raket hücumları isə Ukraynanın mülkü infrastrukturuna çox böyük ziyan vurur. Bunun qarşısını almaq üçün Ukraynanın güclü hava hücumundan müdafiə sisteminə ehtiyacı var. İsrailin məşhur "Dəmir qübbə"si dünyada ən yaxşı hava hücumundan müdafiə sistemlərindən hesab olunur.

Bir neçə aydır ki, Ukrayna həm də İranın Rusiyaya verdiyi pilotsuz uçuş aparatlarının hücumuna məruz qalır. İranın Rusiyaya silah yardımı etdiyi, iki ölkə arasında hərbi əməkdaşlığın gücləndiyi bir zamanda İsrailin tərəfsiz qalması mümkün deyil. Buna görə də, Entoni Blinkenin İsrailə səfəri Tel-Əvivin mövqeyini dəyişməsi üçün yetərli olub. İsrail Ukraynaya dəstək müqabilində ABŞ-dan İranla bağlı hansısa vədlər alıb. İranın hərbi obyektlərinə zərbə endirilməsinə ABŞ-ın qadağanı götürməsi İsrailin Ukraynaya dəstək müqabilində aldığı vədlərin birincisi ola bilər. Əksər təhlilçilərin mövqeyinə görə, İsrail və ABŞ İranın artan təcavüzünü dayandırmaq üçün birgə hərəkət etmək barədə anlaşıblar. İrana qarşı İsrail və ABŞ alyansının demək olar ki, əsası qoyulub. Bu alyans isə sürətlə genişlənə bilər. İranın Estoniyadakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb və Ukraynaya qarşı müharibədə Tehranın Rusiyaya dəstək verməsi kəskin pislənilib. İran səfirindən tələb ediblər ki, Rusiyaya hər cür dəstəyi tamamilə dayandırsınlar. Bundan başqa, Estoniya Xarici İşlər Nazirliyi İranda insan haqlarının pozulmasını da kəskin pisləyib. Estoniyanın bu addımı belə qənaət yaradır ki, İrana qarşı çox geniş alyans formalaşmağa başlayır. Əgər bu proses davam etdirilsə, İrana qarşı bu günə qədər tarixdə tayı-bərabəri görülməmiş alyans yaranacaq.

 





06.02.2023    çap et  çap et