525.Az

Rusiyadan Moldovaya təhdid


 

Rusiyadan Moldovaya təhdid<b style="color:red"></b>

Moldovanın Finlandiya və İsveçin ardınca NATO-ya üzvlük yolunu seçə biləcəyi ilə bağlı məlumat vermişdik. Xatırladaq ki, Moldova Prezidenti xanım Maya Sandu ABŞ-ın nüfuzlu siyasi nəşri "Politico"ya müsahibəsində Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəsi şəraitində başçılıq etdiyi ölkənin neytral dövlət statusundan imtina edərək Şimali Atlantika Alyansa qoşulmaq imkanlarını müzakirə etdiyini bildirmişdi.

Moldova Prezidentinin bu müsahibəsinə Rusiyanın reaksiyası gecikmədi. Rusiyanın xarici işlər naziri Sergey Lavrov xanım Maya Sandunun fikirlərini şərh edərkən deyib ki, NATO-ya "tələsən" Moldova "növbəti Ukrayna" ola bilər. Moldova Prezidentinin Rumıniya vətəndaşlığı olduğunu deyən Lavrov xanım Maya Sandunun Rumıniya ilə birləşməyə hazır olduğunu bildirib.

Rusiyanın xarici işlər naziri digər postsovet ölkələrinin də "Ukrayna yolu" ilə getmək perspektivlərini dəyərləndirib. Onun sözlərinə görə, Qərb Mərkəzi Asiyada öz təsirini bərqərar etməyə "cəhdlər göstərir", lakin bu istəyinə nail ola bilmir. Son zamanlar Gürcüstan hökumətini təqdir etməkdən yorulmayan Lavrov yenə də rəsmi Tbilisinin ünvanına təriflər səsləndirib: "Gürcüstan Rusiya ilə dostluqda maraqlıdır. Qərbin görünməmiş təzyiqlərinə baxmayaraq, o, öz milli maraqlarını güdür".

Moldova Xarici İşlər Nazirliyi Lavrovun "növbəti Ukrayna" ilə bağlı fikrini Rusiya diplomatiyasının hədələyici ritorikasının bir hissəsi adlandırıb. Nazirlikdən yayılan açıqlamada deyilir ki, Moldova Avropa İttifaqına üzvlük kursunu müəyyənləşdirib və bu qərar vətəndaşlar tərəfindən dəstəklənib. "Biz bütün dünya ölkələrinə, o cümlədən, Rusiya Federasiyasına xalqımızın qərarına hörmətlə yanaşdığına görə minnətdar olacağıq. Moldova Respublikası öz gələcəyini açıq şəkildə seçib və bu, gələcək azad dünyanın bir hissəsi olmaqdır".

Lakin Rusiyanı belə fikirlərlə mövqeyindən daşındırmaq mümkün deyil. Rusiya NATO-ya üzv olmaq istəyən postsovet respublikaların birmənalı şəkildə özü üçün təhlükə elan edib. Moskva açıq mətnlə postsovet respublikalarının NATO-ya inteqrasiyasına dözməyəcəyini bildirir. Moldovaya verilən "növbəti Ukrayna" mesajı da bundan ibarətdir.

Ukraynadan fərqli olaraq kiçik Moldova Rusiya üçün asan "yem" kimi görünə bilər. Moldova Ukraynadan fərqli olaraq kiçik ölkə olsa da, onun da öz üstünlükləri var. Moldova NATO və Avropa İttifaqının üzvü olan Rumıniya kimi bir dövlətin dəstəyinə malikdir. Rumıniya isə NATO-nun Şərq cinahının ən aparıcı dövlətidir. Moldovaya hərbi müdaxilə Rumıniya ilə, beləliklə də, NATO ilə hərbi toqquşmaya gətirib çıxara bilər. Ukraynaya qarşı müharibədə düşdüyü bataqlıqdan çıxa bilməyən və çox böyük itkilər verən Rusiyanın hazırkı şəraitdə ikinci bir müharibəyə, xüsusilə də NATO ilə toqquşmaya səbəb verəcək münaqşiyə cəsarət edəcəyi mümkün deyil. Ona görə də Rusiya xarici işlər nazirinin Moldovanın ünvanına səsləndirdiyi "növbəti Ukrayna" hədəsi gerçəkləşdirilməsi mümkün olmayan təhdiddən başqa bir şey deyil.

 

 





07.02.2023    çap et  çap et