525.Az

Qüsurlu və zövqsüz dərsliklər: məsuliyyət kimin üzərindədir?


 

MÜTƏXƏSSİSLƏRİN QƏNAƏTİNCƏ, ÖLKƏDƏ DƏRSLİKLƏRİN HAZIRLANMASI SAHƏSİNDƏ CİDDİ İSLAHATLARA EHTİYAC VAR

Qüsurlu və zövqsüz dərsliklər: məsuliyyət kimin üzərindədir?<b style="color:red"></b>

Ümumtəhsil sistemində dərslik siyasəti Azərbaycan hökumətinin strateji fəaliyyət dairəsinə daxil olan prioritet istiqamətlərdəndir. Mütəxəssislərin də bir qayda olaraq həmişə vurğuladıqları kimi, dərsliklər forma və məzmun cəhətdən bir-birini tamamlamalıdır. Bu, fənnin dərkedilmə səviyyəsinin yüksəldilməsi nöqteyi-nəzərindən xüsusi əhəmiyyət kəsb edir. Lakin məzmun, dil və yazı üslubu, dizayn, bədii tərtibat, tapşırıqların məzmuna uyğunluğu baxımından bu gün orta məktəblərdə istifadə olunan dərsliklərdə bir çox ciddi qüsurlar var. Xüsusilə də qüsurlar daha çox aşağı sinif şagirdlərinin istifadə etdiyi dərs vəsaitlərində qeydə alınır. Dərsliklərin şagirdin istinad etdiyi ən əsas mənbə olduğunu nəzərə alsaq, razılaşmalıyıq ki, burada hər hansı elmi və ya texniki səhv yolverilməz və qəbuledilməzdir.

Təhsil eksperti Elşən Qafarovun sözlərinə görə, ümumtəhsil müəssisələri üçün dərsliklərin, dərs vəsaitlərinin və digər tədris-metodik vasitələrin tərtibi zamanı mütləq şəkildə onların elmi etibarlılığı, dəqiqliyi, inkişafyönümlülüyü, dəyəryönümlülüyü və tərbiyəyönümlülüyünə diqqət yetirilməlidir. Eyni zamanda, dərslik və dərs vəsaitləri hazırlanarkən onların dizayn və tərtibatının məntiqliyi, estetikliyi və müasirliyi məsələsi də xüsusi olaraq nəzərə alınmalıdır: "Dərsliklər hazırlanarkən qeyd edilən tələblərin gözlənilməsi mütləqdir. İstər müəlliflər, istərsə də dərslikləri qiymətləndirmə komissiyaları və yaxud da dərsliklərin qiymətləndirilməsinin monitorinqini aparan Dövlət İmtahan Mərkəzi məsuliyyət daşıyan tərəf olaraq bu tələbləri gözləməlidirlər".

Ekspert vurğulayıb ki, 2000-ci illərdən etibarən ümumtəhsil pilləsində təhsil alan şagirdlərə dərsliklər pulsuz olaraq verilir. Elə o zamandan da dərsliklərlə bağlı problemlər səngimək bilmir: "İstər ibtidai siniflər, istərsə də V-XI siniflərin dərsliklərində elmi və texniki səhvlərə yol verilir. Bu da cəmiyyət, valideynlər, eləcə də şagirdlər tərəfindən böyük narazılıqla qarşılanır. Bu gün dərsliklərin hazırlanması ilə bağlı mütəxəssis qıtlığı var. Dərsliklərin hazırlanması ilə bağlı texniki məsələlərdənsə, məhz bu istiqamətə, yəni onları hazırlayan mütəxəssislərin olmaması məsələsinə diqqət yetirilməlidir. Ölkədə yaradıcı müəllimlərə, elmi-pedaqoji fəaliyyətlə məşğul olan kadrlara nadir hallarda rast gəlinməsi ilə yanaşı, sistemsizliyin mövcud olması da əsas problemlərdən biridir. Müəllimlərin elmi-pedaqoji fəaliyyətə cəlb olunmasının stimullaşdırılmaması bu sahəyə marağı azaldır. Dərslik yaza biləcək kadrların yetişməsi üçün lazımi mühit yoxdur. Eyni fənn üzrə dərsliklərin ayrı-ayrı siniflər üzrə müxtəlif müəllimlər tərəfindən hazırlanması, dərsliklərdə verilmiş materialların üst-üstə düşməməsi varislik prinsipinin pozulmasına gətirib çıxarır. Bu sahədəki nöqsanları aradan qaldırmaq üçün sistemli işlər görmək və məsələyə kompleks yanaşmaq lazımdır. Məsələn, yeni təyin olunan müəllimləri dərsliklərin müzakirəsinə cəlb etmək, ayrı-ayrı mövzularla bağlı onların hazırladığı materialları ayrı-ayrı fənlər üzrə yaradılan metodik saytlarda yerləşdirmək, onların əməyinin rəğbətləndirilməsi üçün tədbirlər görmək çox vacibdir. Məktəblərdə fəaliyyət göstərən fənn metodbirləşmələri ilə birgə dərsliklərin mütəmadi müzakirəsini və qiymətləndirilməsini həyata keçirmək lazımdır".

Təhsil eksperti Elçin Əfəndi deyir ki, hazırda dərslik sahəsində ciddi islahatların aparılmasına ehtiyac var. Bu gün dərsliklərin hazırlanması ilə bağlı ciddi problemlər mövcuddur. Yeni təhsil sisteminə keçiddən sonra dərsliklərdə qarışıqlıq yaranıb. Əvvəl bir mövzu bir dərslikdə yer alırdı. İndi isə demək olar ki, həmin mövzu barədə bir neçə sinif dərsliyində məlumat öz əksini tapır. Bu düzgün deyil, şagirdlərdə çaşqınlıq yaradır. Onlar sanki bir mövzunu təkrar-təkrar hər sinifdə keçmiş olurlar. Ancaq əvvəlki dərsliklərdə bu material yalnız bir sinif dərsliyində yer alırdı. Onun sözlərinə görə, aşağı siniflərdə, əsasən, birinci sinifdə şagirdlərin dərs yükü ağırlaşdırılıb: "Birinci sinifdə oxuyan şagirdin yükü yuxarı sinif şagirdi ilə demək olar ki, eynidir. Dərsliklərin hazırlanmasında əsas şərtlərdən biri olan şagirdlərin yaşı sanki nəzərə alınmayıb. Bu da elə ilk siniflərdən şagirdi əlavə hazırlığa, repetitora yönəltməyə imkan yaradır. Bununla biz şagirdin birinci sinifdən repetitorluğa üz tutmasına şərait yaradırıq. Dərs yükü o qədər ağır, dərsliklərdəki mövzular o qədər qəlizdir ki, uşaq məcbur qalıb mövzunu tam dərk etmək, mənimsəmək üçün repetitora üz tutur. Müəllim 45 dəqiqə ərzində bu mövzunun mahiyyətini şagirdə tam şəkildə izah edə bilmir. İzah etsə belə, şagirdlərin çoxu bunu tam anlamır, qavramır".

Ekspert bildirib ki, şagirdə gərəkli olan biliklərdən əlavə ona lazım olmayan biliklərin verilməsi, onların fikrini dolaşdırmaq, çətinliyə salmaq yolverilməzdir: "Dərsliklərə bağlı ciddi və əməli tədbirlər görülməsinə ehtiyac var. Dərsliklərin və tapşırıqların çətinləşdirilməsi şagirdlərin əlavə məşğələlərə, müəllim yanına getməsinə imkan yaradır. Əgər bu problem həll edilsə, şagirdlərin də əlavə hazırlığa, repetitor yanına getməsinə ehtiyac qalmaz. Əvvəllər yalnız yuxarı sinif şagirdləri ali məktəbə qəbul imtahanına hazırlaşmaq üçün repetitor yanına getdiyi halda, indi valideynlər ibtidai sinifdən uşaqları müəllim yanına aparır. Çünki dərsliklərdəki mövzular o qədər qəliz və çətindir ki, uşaqların mövzularla bağlı dərsdə aldıqları bilgilər onlara kifayət etmir".

Əməkdar elm xadimi, professor Şahlar Əsgərovun sözlərinə əsasən, tarixini bilməyən gənc vətənpərvər ola bilməz: "Vətəni tanımaqla, onun tarixini bilməklə vətənpərvər olmaq olar. Bunun üçün tarix dərslikləri mükəmməl olmalıdır. Hesab edirəm ki, bizim tarix dərsliklərimiz struktur baxımdan qəsdən baş-ayaq yazılıb. Elə yazılıb ki, heç kəs öz tarixini öyrənə bilmir. 5-ci sinif şagirdinə qədim dövrü, 11-ci sinifdə isə müasir dövr öyrədilir. Aşağı siniflər üçün bu çətin, yuxarı siniflər üçün isə maraqsızdır. Hesab edirəm ki, tarix dərslikləri "Sadədən mürəkkəbə" və ya "Bu gündən keçmişə" prinsipi əsasında yazılmalıdır. Belə olan halda 5-ci sinif şagirdləri bu gün baş verənləri, yuxarı sinif şagirdləri isə qədimdə baş verənləri maraqla öyrənərlər".

Şahlar Əsgərov qeyd edib ki, təhsilin məzmununda tarix fənni böyük əhəmiyyət kəsb edir. Milli tarixi qədimdən başlayaraq bu günə gəlməklə öyrənməliyik, yoxsa bu gündən başlayaraq qədimə getməklə? Birinci halda tarix azyaşlı öyrəncilər tərəfindən dərk edilməz və sevilməz. Sevilməyən tarix kitabları oxunmaz, öyrənilməz. İkinci halda tarix başa düşülər, sevilər və öyrənilər. Çünki öyrəncilərin dərketmə qabiliyyəti yaşa dolduqca artır. Bu səbəbdən də tarix fənni mənimsənilsin deyə, dərsliklər bu gündən başlayaraq qədimə getmək şərti ilə yazılmalı və öyrənilməlidir.

Professor bildirib ki, tarix dərslikləri yazılan zaman xüsusilə diqqətli olmaq lazımdır: "Tarix dərslikləri mükəmməl olmalıdır. Elə yazılmalıdır ki, şagirdlər Azərbaycanın tarixini öyrənə bilsin. Təəssüf ki, bu heç kəs öz tarixini öyrənə bilmir. Aşağı siniflər üçün bu çətin, yuxarı siniflər üçün isə maraqsızdır. Kitablarda bəzi subyektiv fikirlər yer alır. Tarix dərsliklərində subyektiv fikirlərin yer alması yolverilməzdir. Hesab edirəm ki, tarix kitabları dövlət başçısının və ya vitse-prezidentin rəhbərlik etdiyi redaksiya şurası altında müəllif kollektivi tərəfindən yazılmalıdır ki, subyektiv fikirlər kitabda yer almasın. Fikrimcə, vətənpərvərlik ruhunun toxumları tarix kitabında əkilir. Tarix kitabımız, bizim ikinci müqəddəs kitabımız olmalıdır. Bir sözlə, təhsilin məzmununa baxışımız dəyişməlidir".

Təhsil eksperti Nadir İsrafilovun dediyinə görə, dərslik siyasəti təhsil siyasətinin ayrılmaz tərkib hissəsi olduğundan dərsliklərdə yol verilən istənilən səhv, təhrif və ya texniki qüsur heç də bu sahəyə məsul olan qurumları məsuliyyətdən azad etmir: "Dərsliklərdə şagirdlərin Azərbaycan xalqının milli, mənəvi və mədəni dəyərləri ruhunda tərbiyəsinə, ailəsini, xalqını, vətənini sevməsinə, insan hüquqlarına, bəşəri dəyərlərə hörmətlə yanaşmasına çağıran ideyalar geniş əksini tapmalı, onların yaş psixologiyası, fizioloji xüsusiyyətləri nəzərə alınmalıdır. Baxmayaraq ki, dərslik siyasətində, onların hazırlanması və çapı prosesində müvafiq tələb və vəzifələrin nəzərə alınması, eyni zamanda, bu sahədə özünü qabarıq göstərən problemlərin, qüsurların aradan qaldırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilir. Bununla belə, hələ də dərsliklərimiz nəzərdə tutulan prinsiplərdən və standartlardan kənara çıxma hallarından, təhsil qarşısında qoyulan məqsədə və təhsil siyasətimizə zidd olan faktlardan xali deyil, valideyn və mütəxəssisləri qane etmir, geniş ictimai təbəqənin, ziyalı zümrənin haqlı qınağına tuş gəlir".

Sevinc QARAYEVA

 





06.02.2023    çap et  çap et