Ulu öndər Heydər Əliyevin 1997-ci ildə imzaladığı Fərmana əsasən, hər il fevralın 2-si Azərbaycan Gəncləri Günü kimi qeyd olunur. Həmin vaxtdan etibarən bu tarix MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə Azərbaycanda təntənəli şəkildə qeyd edilməyə başlanıb. Bu sahədə də Azərbaycan bir çox ölkələri qabaqlayıb. Belə ki, Azərbaycanda Gənclər Günü təsis edildikdən xeyli sonra gənclərin işləri üzrə nazirlərin ümumdünya konfransının (1998-ci il avqustun 8-12-də) tövsiyəsi əsasında BMT Baş Məclisinin 1999-cu il 17 dekabr tarixli qətnaməsi ilə 12 avqust - Beynəlxalq Gənclər Günü elan edilib. Gənclərimiz Ümummilli lider Heydər Əliyevin onlara ən böyük hədiyyəsi olan bu günün təsis edilməsinin 26 illiyini qalib ölkənin məğrur və qürurlu vətəndaşları kimi böyük ruh yüksəkliyi ilə qeyd edirlər. Ulu öndərin 1997-ci ildə imzaladığı fərmanla təsis olunan əlamətdar gün Azərbaycan gənclərinin cəmiyyətdəki roluna verilən yüksək qiymətdir. Ulu öndər tərəfindən təməli qoyulmuş və bu gün uğurla davam etdirilən dövlət gənclər siyasəti Azərbaycanda gənc nəslin mənəviyyatca zəngin, vətənpərvərlik ruhunda tərbiyəsi, gənclərin hərtərəfli inkişafı və ölkə həyatında fəal iştirakı üçün mühüm zəmin yaradır.
Gənclərə həmişə böyük diqqət və qayğı ilə yanaşan, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verən, bu siyasəti müasir müstəqil Azərbaycan dövlətinin fəaliyyətinin ən mühüm istiqamətlərindən biri kimi dəyərləndirən Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu dövlət gənclər siyasəti ölkə gəncliyinin inkişafında dərin izlər buraxıb. Heydər Əliyev gənclər sahəsində dövlət siyasətinin uğurla həyata keçirilməsi məqsədilə bu sahənin zəruri qanunvericilik bazasının formalaşdırılmasını təmin edib. Gənclərin sosial, iqtisadi və sair problemlərinin həllinə yönələn, onların öz qabiliyyətlərinin inkişaf etdirmələrinə kömək edən fərman və sərəncamlar, qanunlar və Dövlət proqramları gənc nəslin mütəşəkkil qüvvə kimi formalaşmasına, onların mənəvi-ideoloji cəhətdən tam yetkinləşməsinə, sosial problemlərinin həllinə, faydalı məşğulluğunun təmin olunmasına müsbət təsir göstərib.
Azərbaycanın gənclər siyasətində idmanın inkişafı və onun kütləviliyinin artırılmasına da xüsusi diqqət yetirilir. Prezident İlham Əliyevin mətin iradəsi və böyük səyləri nəticəsində Azərbaycan dünyanın qabaqcıl idman ölkələrindən birinə çevrilib. Bu gün respublikamızda 45-dən çox Olimpiya İdman Kompleksinin fəaliyyət göstərməsi, ölkəmizin nüfuzlu beynəlxalq idman yarışlarına ev sahibliyi etməsi, idmançılarımızın Olimpiya və dünya çempionatlarında uğurlu çıxışları buna əyani sübutdur. Beynəlxalq yarışlarda qələbə qazanan gənc idmançıların layiqincə qiymətləndirilməsi də onların yeni uğurlarında mühüm rol oynayır.
Müasir dövrdə elmin və texnologiyanın sürətli inkişafı, postneft dövrünün başlanması Azərbaycan dövlətinin də gənclərlə bağlı zamanın tələblərinə uyğun siyasət yürütməsini zəruri edib. Bu zərurəti nəzərə alan dövlətimizin başçısı gənclərin intellektual, fiziki və mənəvi inkişafını, ölkənin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında fəal iştirakını təmin etmək məqsədilə 2015-ci il yanvarın 26-da "2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası"nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb. Gənclərlə bağlı bütün məsələlərin geniş əhatə olunduğu bu mühüm sənədin məqsədi Azərbaycanda gənclər siyasətinin daha səmərəli həyata keçirilməsinə nail olmaq, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onların yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək, gənclərin təhsil və məşğulluq məsələlərinə diqqəti artırmaq, müasir informasiya-kommunikasiya texnologiyalarından səmərəli istifadə etmək, ölkədə könüllülük hərəkatını inkişaf etdirməkdir.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycanda milli məfkurəyə sadiq nəsil yetişib. Göstərilən diqqət və qayğının nəticəsidir ki, Azərbaycanda milli məfkurəyə sadiq və dünyanın qabaqcıl gəncliyi ilə inteqrasiya etməyə qadir olan bir nəsil yetişib: "Gənclərimiz bu gün həyatımızın bütün sahələrində yaxından iştirak edir, ölkəmizin iqtisadi gücünün, hərbi qüdrətinin artması və siyasi nüfuzunun yüksəlməsi, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara əsaslanan vətəndaş cəmiyyətinin möhkəmləndirilməsi işində qüvvə və bacarığını əsirgəmir, zəngin mədəni irsimizin qorunub saxlanması və təbliği yolunda mühüm addımlar atırlar. Azərbaycanda həyata keçirilən gənclər siyasəti yeni nəslin intellektual və innovativ potensialının reallaşmasına hərtərəfli imkan yaratmaqla yanaşı, eyni zamanda onda dərin vətənpərvərlik ruhu formalaşdırmışdır. Azərbaycan gənci məhz qəlbindəki güclü Vətən sevgisi sayəsində döyüşlərin əsas ağırlığını qəhrəmancasına öz üzərinə götürərək xalqımızın qələbə əzmini dünyaya nümayiş etdirmiş və 44 günlük Vətən müharibəsində Zəfər salnaməsi yazmışdır. Əminəm ki, Azərbaycan gəncliyi tariximizin bu yeni dövründə də ölkəmizin gələcək inkişafına layiqli töhfələr verəcək, yeni-yeni nailiyyətləri ilə bizi sevindirəcək".
Millət vəkili Kamilə Əliyevanın sözlərinə görə, Ümummilli lider Heydər Əliyev hər zaman Azərbaycan gənclərinə inandığını, dövlətimizin gələcək inkişafında onların üzərinə böyük məsuliyyət düşdüyünü qeyd edirdi. Bu gün gənclərimizin ölkənin siyasi, sosial-iqtisadi sahələrində mühüm vəzifələrə təyin olunması, onlara böyük etimad göstərilməsi Ulu öndər tərəfindən təməli qoyulan gənclər siyasətinin davamıdır. Onun sözlərinə görə, Azərbaycan sovetlər birliyinin tərkibində olduğu zaman Heydər Əliyev minlərlə gənci keçmiş SSRİ-nin ən nüfuzlu ali məktəblərində təhsil almağa göndərmişdi. Həmin kadrlar bu gün ölkəmizdə müxtəlif sahələrdə savadlı və təcrübəli mütəxəssis kimi dövlətimizə böyük fayda verməkdədirlər: "Ümummilli liderin hakimiyyətə qayıdışından sonra gənc nəslə diqqət və qayğı dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrildi. Gəncləri "Azərbaycanın gələcəyi" adlandıran Heydər Əliyev onlara hər zaman qayğı göstərməyin vacibliyini qeyd edirdi. Müasir dünyada güclü demokratik dövlət quruculuğunda gənclərin rolunu düzgün qiymətləndirən Ulu öndər bütün sahələrdə onlara böyük etimad göstərirdi. Dövlət orqanlarında gənclərin fəaliyyətinin genişləndirilməsi və onları bir- biri ilə əlaqələndirmək məqsədilə Heydər Əliyevin 1994-cü il 26 iyul tarixli Fərmanı ilə Gənclər və İdman Nazirliyi yaradıldı. Azərbaycan gəncliyinin inkişafında və gənclərin dövlət qurumlarına inteqrasiya olunmasında Ulu öndərin böyük xidmətləri vardır. 1997-ci ilin fevralında Azərbaycanda "Gənclər Günü"nün elan olunması ilə bağlı Fərman bu sahədə atılan növbəti addım oldu". Millət vəkili gənclər hərəkatının təşkilatlanması istiqamətində dövlət dəstəyinin göstərilməsi ilə bağlı həyata keçirdiyi tədbirlərin gəncliyin inkişafında mühüm əhəmiyyət kəsb etdiyini deyib: "1996-cı ildən başlayaraq Azərbaycan gənclərinin forumları keçirilməyə başlanıldı. Həmin il fevralın 2-də keçirilən Azərbaycan Gənclərinin I Forumunda Heydər Əliyev tarixi çıxış edərək gənclərin qarşısına şərəfli vəzifələr qoydu. Ulu öndər hər bir gəncin ən əsas vəzifəsinin müstəqil Azərbaycanın bu gününü və gələcəyini düşünməli olduğunu vurğuladı. Forumda Ulu öndər gənclərin görəcəkləri işlər barədə öz tövsiyələrini, eləcə də, onları narahat edən problemlərin həlli istiqamətində tədbirlərin görülməsi üçün əlaqədar təşkilatlara ciddi tapşırıqlar verdi. Heydər Əliyevin imzaladığı "Dövlət gənclər siyasəti haqqında" Fərmanı Azərbaycanda gənclərin hərtərəfli inkişafı üçün daha əlverişli şərait yaratdı. Sənəddə Gənclər və İdman Nazirliyi nəzdində gənclərin problemləri üzrə elmi araşdırmaların aparılması mərkəzinin yaradılması nəzərdə tutulurdu".
Kamilə Əliyeva vurğulayıb ki, Ulu öndər Heydər Əliyevin gənclərlə bağlı fikirləri bu gün də aktualdır. Müdrik şəxsiyyətin əsasını qoyduğu bu siyasi kurs hazırda Prezident İlham Əliyev tərəfindən layiqli şəkildə davam etdirilir. "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə Dövlət Proqramı" və 2019-2023-cü illər üzrə Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə dövlət proqramları nəticəsində bu günə kimi 5 mindən artıq gəncimiz dünyanın ən nüfuzlu ali məktəblərində təhsil alıb.
K.Əliyeva 2011-ci ildə Azərbaycan Respublikası Prezidentinin yanında Gənclər Fondunun yaradılmasının gəncliyin inkişafında mühüm rol oynadığını vurğulayıb. Onun sözlərinə görə, Gənclər Fondu tərəfindən indiyədək 4545 layihə maliyyələşdirilib. 2013-cü il iyulun 2-də Prezident İlham Əliyev tərəfindən ölkədə ilk dəfə "Gənclər üçün Prezident Mükafatı" təsis edilib. Bu qərar gənclərə dəstək verilməsi yönümündə mühüm əhəmiyyət kəsb edib. Prezident gənclərlə bağlı, onların dövlətimizin gələcəyi naminə daha böyük işlər görmələri üçün mühüm qərarlar qəbul edib: "Vətən müharibəsində Zəfərin qazanılmasında gənclərin rolu böyükdür. Ərazi bütövlüyümüz uğrunda canından keçənlərin, şəhidlik zirvəsinə ucalanların əksəriyyəti gənclərdir. Bu, müstəqil Azərbaycan dövlətinin inkişafında gənclərimizin xidmətini təsdiqləyən növbəti nümunənin təzahürüdür. Azərbaycan gənclərinin dünyagörüşü daha fərqlidir, dünyada gedən proseslərə yaxşı bələddirlər, eləcə də yüksək analiz etmək qabiliyyətinə malikdirlər. Azərbaycan gənclərinin inkişafına, müxtəlif sahələrdə nailiyyətlər əldə edən gənclərə Heydər Əliyev Fondu tərəfindən hərtərəfli dəstək göstərilir. Elm, təhsil, səhiyyə, mədəniyyət, ekoloji sahələrə aid proqram və layihələr hazırlanaraq həyata keçirilir. Heydər Əliyev Fondu ölkəmizlə yanaşı, xaricdə yaşayan tanınmış, öz yüksək bilik və qabiliyyəti ilə seçilən müvəffəqiyyət qazanmış gənc həmvətənlərimizə də böyük diqqət ayırır. Xarici ölkələrin tanınmış elmi-tədqiqat mərkəzləri ilə alimlərin mübadiləsini təşkil edir, ölkənin yaradıcı və elmi potensialının artırılmasına böyük köməklik göstərir. Biz gənclərimizlə qürur duyuruq".
Sevinc QARAYEVA