525.Az

Sağlam şəkildə necə arıqlamaq olar?


 

Sağlam şəkildə necə arıqlamaq olar?<b style="color:red"></b>

Arıqlamaq bəzi insalara su içmək qədər asan olsa da, bəziləri üçün olduqca müşkül, hətta tamamilə mümkünsüz görünür. Artıq çəkidən qurtulub müsbət nəticə əldə etmək üçün təkcə yediyimiz qidaya deyil, ümumiyyətlə, həyat tərzinə diqqət yetirmək lazımdır. Arıqlamaq üçün bizdən asılı olmayan səbəblər də var və bunlara tibbi səbəblər aiddir. Endokrin sistemin xəstəlikləri, hormonal pozğunluqlar, hamiləlikdən və laktasiyadan sonra orqanizmdə baş verən dəyişikliklər kilo alma və itirmə hallarına ciddi təsirini göstərir. Arıqlamağın əsas və yeganə qaydası aldığınızdan daha çox kalori sərf etməkdir. Araşdırmalara görə, valideynlərin kök olduğu ailələrdə uşağın bu xəstəliyə tutulma ehtimalı 66 faiz təşkil edir. Arıqlamaq üçün istifadə olunan dərmanlar isə iki növə bölünür: daxilə və xaricə qəbul  olunan dərmanlar. Bədənin xaricinə qəbul edilən dərman vasitələrinə antiselülit kremlər, termal formulalar və digər məhsullar daxildir. Daxilə qəbul edilən dərmanlar isə bəzən hormonal pozğunluqlara səbəb olur və sinir sisteminində depressiyaya yaradır.

Sağlam şəkildə çəki atmağın yollarından danışan qida mütəxəssisi, dietoloq Həcər Kərimova "525"ə açıqlamasında qısa  müddətdə arıqlamaq üçün insanların adətən çay, kofe və müxtəlif dərmanlara üz tutduqlarını bildirib: "Bu məqsədlə daha çox arıqlamaq üçün çaylardan istifadə olunur. Bir çox vaxtlarda insulin iynələrə də üz tuturlar. Amma bunların heç birisi çəki atmaq üçün düzgün vasitə deyil. Orqanizmin 75,2 faizi sudan ibarət olduğundan bunlar bədənimizdəki su balansının pozulmasına və əzələ kütləsinin aşağı düşməsinə səbəb olur. İnsanlarda beyinaltı şüur pozulanda onun qəbul etdiyi qidanın miqdarı bəzən az, bəzən də çox olur. Bu zaman qəbul olunan qidalar piyə çevrilir. Ən çox kökələn insanların 99 faizi səhər yeməyi yeməyənlərdir. Artıq piydən azad olmaq üçün gündə 5-6 dəfə lifli qidalar, karbohidrat, zülal və nişastanı vitaminlərlə bir yerdə qəbul etmək lazımdır. Arıqlamaq istəyərkən çay, kofe və digər preparatlardan  istifadə edilərsə, atılmış çəki tezliklə geri qayıdır. Məsələn, əgər pəhriz zamanı 5 kilo çəki atmışıqsa, onu dayandıranda 10 kilo çəki geri qayıdır. Eyni zamanda, bu, yuxu pozğunluğu, bağırsaq xəstəlikləri, təzyiq  kimi problemlərin yaranmasına səbəb olur. Arıqlamaq üçün ilk növbədə özünə,  sonra isə qarşındakı həkimə inam olmalıdır. Elə hüceyrələr var ki, məhv olub gedir, eləsi də var məhv olmaq üzrədir. Həmin hüceyrələri bərpa edərkən, paralel olaraq adi yeməklərlə yanaşı, rejimə uyğun qidalardan da istifadə olunmalıdır. Uşaqlar, təzyiqi aşağı olanlar, şəkər xəstələri, tələbələr gün ərzində 6 dəfə qidalanmalıdır. Saat 9-dan sonra oyanan adamlar gün ərzində 5 dəfə qidalanır. Maye isə saat 7-yə qədər qəbul edilməlidir".

Ev şəraitində arıqlamağın sağlam və sürətli yolu düzgün və balanslaşdırılmış pəhrizdir. Bir çox vaxtlarda düzgün təyin olunmamış pəhrizlər mədəmizdə qastrit və xoranın yaranmasına gətirib çıxarır. Bəs bu kimi halların yaranmasına səbəb olan qidalar hansılardır?

Qastroenteroloq Rövşən İbişov "525"ə açıqlamasında çox qızardılmış, hisə  verilmiş, tomatlı və quru yeməklərin  qastritin yaranmasına səbəb olduğunu qeyd edib: "Gün ərzində bir dəfə də olsa, sulu yemək qəbul edilməlidir. Qastritin yaranması müəyyən bir mərhələdən sonra xora əmələ gətirir. Yeməklə mayeni bərabər qəbul etmək mədə infeksiyasının yaranmasına səbəb olur. Mədə infeksiyası isə qastritin yaranmasını sürətləndirir.   Qastrit sinir sistemi ilə bağlı olaraq da əmələ gəlir. Qastriti aradan qaldırmaq üçün fəstfud yeməklərdən uzaq durmaq, qidanı yatmazdan 4-5 saat öncə qəbul etmək lazımdır. Ağrıkəsici dərmanlar mədə baryerini dağıdır deyə, onlardan az istifadə  etmək məsləhətlidir".

Düzgün qidalanma ilə yanaşı, arıqlamaq üçün kosmetik üsullardan da istifadə olunur. Onların arasında təsirli üsullarla yanaşı,  faydasız və bəzi hallarda təhlükəli üsullar da mövcuddur. Bu zaman mütləq şəkildə təcrübəli mütəxəssislərə müraciət etmək lazımdır. Müntəzəm çəki vermək və bədən formasını qorumaqla düzgün qidalanma arasında birşaşa əlaqə var. İdmanla məşğul olub, istənilən məhsulu yemək düzgün deyil.  Qidalanma tərzini dəyişmədən arıqlamaq istəyiriksə, həftədə ən azı 200 dəqiqə orta ağırlıqda idman etməliyik. Bura saatda 12 km sürətlə qaçmaq və ya ona bərabər digər idman növləri daxildir. Daha öncə idmanla məşğul olmayan şəxslər həftədə 50 dəqiqədən başlamalı, 1 ay ərzində müddəti 200 dəqiqəyə çatdırmalıdır.

Məşq təlimçisi Zemfira Ələkbərli sağlam şəkildə arıqlamaq üçün ilk növbədə düzgün rejimin və məşq proqramların tərtib olunmasının vacibliyini qeyd edib: "Buraya həm yuxu rejimimiz, həm qidalanmamız, həm də məşq proqramımız daxildir. Bunların hamısı bir-birilə əlaqəlidir. Xanımlar adətən, tez nəticə əldə etmək istəyirlər. Nəticə əldə etmək üçün ilk növbədə səbirli olmaq lazımdır. Xanımlara adətən Crossfitt fitnes məşqləri keçirilir. Əsasən orta yaşda olan xanımlar da bu proseduru uzun müddət keçirlər. Buna səbəb hər bədənin özünə uyğun əzələ götürmə qabiliyyətinin olmasıdır. Ümumən formada qalmaq üçün idmanla hər zaman məşğul olmaq lazımdır. Çünki idman formada qalmaqdan da öncə, sağlamlıqdır".

Havar ŞƏFİYEVA

 





06.02.2023    çap et  çap et