525.Az

Getməyin fəlsəfəsi və Balat - Türkan Turan yazır


 

Getməyin fəlsəfəsi və Balat - <b style="color:red"> Türkan Turan yazır</b>

İnsanların bir çoxu öz beynindəki qarmaqarışıq fikirlərdən qurtulmağın yolunu getməkdə görür; hardansa getməkdə, harasa getməkdə, kimdənsə və ya kiməsə getməkdə...

Elə hesab edilir ki, getmək daha az düşünməyə və ya unutmağa nədən olur. Ancaq bunun absurd, hətta cəfəngiyyat olduğunu təcrübədən keçirən hər kəs çox yaxşı bilir. Çünki dünyanın harasına gedirsənsə get, gənə kimi beyninə yapışıb qalan düşüncələr də səninlə hərəkət edəcək. Qurtulmaq üçün əvvəlcə səni narahat edən fikirlərlə üzləşmək, onların səbəbini tapmaq lazımdır. Əks halda cəhənnəmdə növbə gözləyən günahkar kimi qulağından səs, ürəyindən qorxu əskik olmaz. Nadir hallarda istisnalar mümkündür.

Rəfiqəm Esra Çiftçi ilə İstanbulun ən qarışıq, səsli-küylü, uğultulu yerində oturub söhbət edərkən, "Bu şəhərin ən sehirli yerinə gedərək, hətta dünyadakı mövcud savaşların, qlobal istiləşmənin, iqtisadi böhranın, narkotik ticarətinin, orqan mafiyasının, sosial şəbəkələrdə daha da primitivləşən kəsimin olduğunu unutmaq istəyirsən?" deyə sual verəndə yenə xəyallarından bəhs etdiyini fikirləşmişdim. Dünyanın ən izdihamlı şəhərində bunun baş tutması ehtimalı xülya kimi görünmüşdü. Özünüz fikirləşin, gündüzü bitəndə gecəsi başlayan, gecəsi bitəndə səhəri açılan, 24 saat canlı və oyaq bir şəhərdə belə bir məkanın mövcudluğu nə dərəcədə real ola bilərdi? Özü də kənarda yox, dediyi yer düz şəhərin mərkəzindədir.

Əslində, harasa gedərək qlobal istiləşməni, iqtisadi böhranı unutmaqla bağlı dediklərini eşidəndə şişirtdiyini bilirdim. Amma gedib gördükdən sonra o məkanın, ən azından, telefonu, sosial şəbəkələri yada saldırmayacaq gücdə olduğunu anlamağım çox çəkmədi. Addım atdığın an sənə elə gəlir ki, dünya əzəldən mavi göyüzünün altında bu cür rəngli, al-əlvan, bağrına basacaq qədər nəcib insanların o tərəfə, bu tərəfə getdiyi yer olub.

 

Balat

 

Bura Balatdır - İstanbulun Fatih bölgəsində, Haliç sahilində yerləşən nağıl kimi bir səmtdir. Mənası rumca "saray yeri" deməkdir. İlk sakinləri Makedoniya yəhudiləri olan Balat bir-birindən fərqli ölkələrin adət-ənənələri, mədəniyyətləri ilə qaynayıb-qarışan ən dəyərli yerlərdən biri, bəlkə də, birincisidir. Ardınca İspaniyadan gələn yəhudilərin burada yerləşdirilməsi yaxın dönəmə qədər bölgənin bir yəhudi məhəlləsi olaraq qalmasına səbəb olub. Daha sonra Gürcüstan yəhudiləri əraziyə axın etməyə başlayıblar. XV əsrdən etibarən musəvilər buraya köçüblər. Balata hansı tərəfdən baxsan, yəhudi və rum evlərindən qalan memarlıq nümunələrini görmək mümkündür. Adətən 3-4 mərtəbəli, ikinci və üçüncü mərtəbəsi çölə doğru artırılmış pəncərəli evlər olur. Sahil yönündən girişdən gələndə sağ tərəfdə Yanbol Sinaqoqu ilə qarşılaşırsan. Bir az irəlidə Makedoniya yəhudilərinin tikdirdiyi Ahrida Sinaqoqu yerləşir. Bir qədər irəliləyəndə solda Ayios Strati Ortodoks Kilsəsi ucalır. Bir az da gəzəndə Memar Sinanın əsəri olan Ferruh Kethüda Məscidi qarşına çıxır. Onun yaxınlığında Rum Ortodoks kilsəsi olan, ancaq 1629-cu ildə Erməni-Qreqoryan cəmiyyətinə verilən Surp Xreşdeqabat Ortoks kilsəsi var. Sahilboyu Aya Nikola, Aya Yorgi, Aya Dimitri Rum, Stevi Stefan Bolqar kilsələri də tarixi zənginliyə sahib məbədlərdəndir.

 

Tolerantlığın və sayğının gücü

 

Bunları sadalamağım əbəs deyil. Təsəvvür edin, əl içi boyda ərazidə kilsələr, məscidlər, sinaqoqlar yan-yana düzülüb. Hər millətin nümayəndəsi burada bir-birinin dininə, dilinə, irqinə, milliyyətinə hörmət edərək əsrlərlə yaşayıblar. Nə azanın səsi kilsə zənginin səsini batırıb, nə kilsənin zəngi azan səsinin yüksəlməsinə mane olub. İnsanlar bir-biri ilə dostca, qardaşca, barış içində yaşayıblar. Namaz qıldığı yerdə kimsənin içəri bomba qoymaq ağlından belə keçməyib, heç kim ayin zamanı sinaqoqa silahlı hücum çəkməyi düşünməyib. Rəngi fərqlidir deyə kimsə kimsəni itələməyib, qovmayıb, başını bağlamır və ya saçı görünür deyə biri digərini daşqalaq etməyib. Burada yaşayan millətlərin gəldiyi ölkələr haralardasa qan tökərkən, baş kəsərkən, bu insanlar qonşuluq etməyi kəsməyiblər. Ümumiyyətlə, gəzərkən hüzur və sakitlik tapdığım yerlərin ortaq nöqtəsi fərqli millətlərin, dinlərin, irqlərin birgə yaşadığı, kilsələrin, sinaqoqların, məscidlərin eyni ərazidə yerləşdiyi şəhərlər olub. Bu dünya tək bir rəngdən ibarət deyil və ola da bilməz, dünyanı dünya edən ziddiyyətlərdir. Bir-birinə bənzəməyən hər kəs və hər şeydir! Fərqli millətlər, dinlər, irqlərlə ayaqdadır Yer kürəsi. Bu sizdən, bu bizdən deyə qruplaşmalar, bölünmələr yarananda qanun pozulur.

 

Kosmopolitin "çöküşü" və yenidən "dirilişi"

 

Balat yəhudiləri 1950-ci ildən etibarən İsrailə köçürlər. Qalanları da şəhərin başqa səmtlərinə yerləşdiklərinə görə, burada yəhudilərin sayı azalır. Min illərin parlaq səmtlərindən olan Balat zaman içində tərk edilmiş, kimsəsiz yerə çevrilir. Evlər və tarixi dəyərlər baxımsızlıq içində qalır. Ərazi cinayətlərin, cinayətkarların oylağına çevrilir. Gözdən uzaq, uçuq-sökük və kosmopolit üstünlüyü dəyərdən düşür. Lakin 2005-ci ildə başlayan yenidənqurma layihəsi ilə yenidən canlanmağa başlayır. Serial və film çəkilişlərinin siyahısında ilk sırada yer alır. UNESCO tərəfindən də qorunma altına alındıqdan sonra adı daha çox eşidilməyə, haqqında daha çox bəhs edilməyə başlanır. İllər içində yerli və əcnəbi turistlərin görməyə can atdığı yerə çevrilir. Sosial şəbəkələrin də yaranmasından sonra Balata insan axını başlayır.

 

Təbəssüm, sevgi, dostluq, mərhəmət...

 

Küçələri gəzərkən sənə elə gəlir ki, bütün gülərüzlü, istiqanlı insanların hamısı bir-biri ilə sözləşib yığılıb gəlib burada yaşayırlar. Soyuqdan burnumun ucunun qıpqırmızı olduğunu görüb çay içməmiş göndərməyən Hənifə qadındanmı, yoxsa bizə heç bilmədiyimiz yerləri göstərən Əli bəydənmi, təbəssümlə, sevgiylə yaxınlaşan balacalardanmı danışım?.. Məhəllənin heyvanları belə hüzur və toxluq içində yaşayırlar. Sısqa, xəstə bir pişiyə, itə rast gəlmək mümkün deyil. Bəzi yerlərdə mərhəmətin səviyyəsi həm də heyvanlara münasibətdən aydın olur.

Balat həm də musiqi, rəqs deməkdir. Yolun ortasında, küçənin tinində zurna, dəf çalan musiqiçiləri, bir qrup adamın ortaya düşüb oynadığını görmək hər an mümkündür. Halbuki rəqs edənlərin əksəriyyəti bir-birini tanımayan turistlər və ya onlara qoşulan yerlilər olur. Bu fakt belə Balatın birləşdirən, dostlaşdıran gücünü bir daha isbat edir. İplərdən asılan paltarlar, qapı önündə oturub yun toxuyan, balkondan balkona şirin söhbətə dalan qadınları görəndə burada həyatın bütün təbiiliyi ilə hökm sürdüyünə bir daha əmin olursan.

 

Fənər Rum Lisəsi

 

Balatın hər tərəfdən görünən, bütün əzəməti ilə ucalan, qıpqırmızı rəngi ilə göz qamaşdıran digər binası isə Fənər Rum Lisəsidir. Keçmiş adı Fənərli Rum Kilsəsi olub. Ən qədim və görkəmli məktəblərindən biri olaraq tarixə keçib. Fransadan gətirilən qırmızı kərpiclərlə 1454-cü ildə inşa edilib. Hazırkı möhtəşəm görkəmini isə 1800-cü ildə alıb. Osmanlı İmperatorluğu dönəmində önəmli vəzifələrdə çalışan şəxslərin çoxunun təhsil aldığı bu məktəb indi sadəcə 58 şagirdə təhsil verir. Həyətinə daxil olmaq rəsmi icazə ilə mümkündür. Hətta deyərdim ki, mümkünsüzdür!

 

Kilsələrin məscidlərə çevrilməsi

 

Bizans dönəmindən qalan əsrarəngiz abidələrdən biri də hazırkı adı Gül Məscidi olan Aya Teodosya Kilsəsidir. X və ya XI əsrlərdə inşa edildiyi təxmin edilir. Bu möhtəşəm memarlıq abidəsi İkonoklazm hərəkatı zamanı Böyük Sarayın əsas girişi olan Halki qapısının üstündəki Məsih ikonasının götürülməsinə qarşı çıxdığı üçün öldürülən Teodosya adlı qadının müqəddəs yadigarlarının bu kilsəyə qoyulduğu və kilsəyə Aya Teodosya adı verildiyi günümüzə çatan məlumatlar arasındadır. Dini abidə 1499-cu ildə məscidə çevrilir və o gündən bəri adı Gül Məscid olaraq qalır. Bina kərpicdən tökülmüş zirzəmidə tikilib. Kilsənin planı yunan xaçı formasındadır. Günbəz divarlara bitişməyən dörd ayağın üzərində dayanır. Binanın şərq tərəfində üç absidası mövcuddur. Absidalardakı bəzəklər onun XIII-XIV əsrlərdə təmir zamanı yenidən qurulduğunu göstərir. İçəridə bir qəbrin olduğu hücrə yerləşir.

Bölgənin bənzərsiz memarlıqlarından biri də Taxta Minarəli Məsciddir. Fateh Sultan Mehmet tərəfindən 1458-ci ildə tikilib. Uzun müddət baxımsız qaldıqdan sonra 1865-ci ildə yenilənir. Həmin müddətə qədər taxta olan minərə yenilənmə zamanı daşla əvəz edilir.

Kiçik Mustafa Paşa Hamamı da görülməsi vacib olan abidələrdən biridir.

 

Hər döngəsi muzey, hər tini abidə

 

Min illərdir yaşayan, taxin hər dönəmindən bağrında bir parça saxlayan Balatı muzeysiz təsəvvür etmək olmaz. Onlardan biri, hətta ən birincisi Kariye Muzeyidir. Kənardan sadə görünən, fəqət içi rəngarəng olan, bəzəkli-düzəkli muzey Bizans dönəmindən qalmadır.

Kadir Has Muzeyi də görülməsi vacib yerdir. İlk adı Seferikos Sarnıcı olan və su deposu kimi fəaliyyətə başlayan 15 sütunlu muzey bişmiş torpaq, Xorasandan gətirilən yarpaq sementdən tikilib. XI əsrə qədər su deposu olub, Osmanlı dönəmində sarnıcların istifadəsi ləğv edilib, Seferikos da onlardan biri olub. Bir dönəm ərzaq deposu, başqa bir dönəm sığınacaq kimi istifadə edildikdən sonra Cibali Tütün Fabriki adı altında fəaliyyətə başlayır və 1995-ci ilə qədər davam edir. Bu tarixdən sonra Kadir Has Muzeyi elan edilir və ziyarətə açılır. Urartulardan, Bizansdan qalma qiymətli əşyalar, arxeoloji qazıntılar zamanı tapılan qalıntılar burada sərgilənir.

Hə, lap unutmuşdum; Balat bir də divarları ilə məşhurdur. Divarlarındakı karikaturalar, yazılar, rəsmlər göz oxşayır. Təkcə divarları deyil, yoxuşları, rəngli pilləkənləri də valeh edir görənləri...

 

 





06.02.2023    çap et  çap et