525.Az

"İşıq" hayandan gəlir?.. - Ülkər Hüseynova yazır


 

"İşıq" hayandan gəlir?.. - <b style="color:red"> Ülkər Hüseynova yazır</b>

1908-ci il oktyabr ayının 26-sı idi. Bakıda 14 ali savadlı azərbaycanlı qadın Rübabə xanım Qasımovanın mənzilində toplaşaraq 1906-cı ildə yaradılmış "Nicat" maarif cəmiyyətinin qadın şöbəsini yarat-maq barədə qərar qəbul etdilər. Bu qadınlar Həsən bəy Zərdabinin həyat yoldaşı Hənifə xanım Məlikova, Rübabə xanım Qasımova, vəkil Mustafa bəy Əlibəyovun 24 yaşlı həyat yoldaşı, ali savadlı həkim ginekoloq Xədicə xanım Subhanqulova-Əlibəyova, Əminə xanım Əfəndiyeva, Səriyyə xanım Axundova, Səkinə xanım Axundova, Səbirə xanım Əbdulrəhman, dramaturq Nəcəf bəy Vəzirovun qızı Sara xanım Vəzirova, Əminə xanım Tanrıquliyeva, Xurşud xanım Vəzirova, Səltənət xanım Əmircanova, Rəhilə xanım Hacıbababəyova, Qəribsultan xanım Xanlarova və Ayşə xanım Hacıqasımova idi.

Maarif cəmiyyətinin nəzdində şöbə yaratmaqda məqsəd oxumaq istəyən azərbaycanlı qızlara maddi kömək göstərmək idi. O zaman cəhalətin hökm sürdüyü müsəlman Şərqində olduğu kimi, Azərbaycanda da qız həyatı M.Ə.Sabir demişkən, qıza nə lazımdır? Ev işi, paltar tikişi, köhnə yamaq, yun daramaq, mət halvası, kələm dolması bişirməkdən və s. ibarət idi. Lakin feminist küləyi Azərbaycana da sürətlə olmasa da, gəlib çatırdı.

Qadın intibahının tərəfdarı Əhməd bəy Ağayevin "Kafkazski vestnik" jurnalında "İslam dinində və İslam aləmində qadın" əsəri çap olunmuşdu. XX əsrin əvvəllərində Bakıda nəşr olunan bir sıra qəzet və jurnallarda qadının savadlanması, maariflənməsi, təhsil alması problemlərinə həsr olunmuş məqalələr çap olunurdu. Savadlı qadınların sayı cüzi də olsa, onlar qızların savadlanması problemləri ilə məşğul olmağa başlamışdılar. Hacı Zeynalabdin Tağıyevin qız məktəbi uğurla fəaliyyət göstərirdi. Həmin 14 nəfər qadının içində adıçəkilən Xədicə xanım Əlibəyova da var idi.

Bu məlumat Bakıda nəşr olunan "Tərəqqi" qəzetinin 30 oktyabr 1908-ci il tarixli nömrəsində dərc olunmuşdu. Belə bir informasiyadan 3 il sonra, 1911-ci il yanvar ayının 22-də Bakıda "İşıq" adlı Azərbaycan dilində ilk, qadın problemlərinə həsr olunmuş qəzet nəşr olunmağa başladı. Qəzetin redaktoru həmin məlumatda adıçəkilən qadınlardan biri Xədicə xanım Əlibəyova idi.

Onu da qeyd etmək lazımdır ki, "İşıq" qəzetindən əvvəl yüz ilə yaxın (1912) tərkibində olduğumuz Rusiyada 1890-1915-ci illərdə "Pervıy jenskiy kalendar", "Jurnal dlya xozyayek", "Jenskiy vestnik", "Soyuz jenşin", "Rabotnitsa", Türkiyədə isə qadınlar üçün həftəlik illüstrasiyalı "Qadınlar qəzetəsi" və "Nisvan" çap olunurdu. Zəmanəsinin savadlı qadınlarından olan Xədicə xanım da belə nəşrlərdən yəqin ki, xəbərdar idi. Odur ki, ona elə birinci sayından qadınlar üçün çox maraqlı və səviyyəli qəzet çıxartmaq müyəssər olmuşdu. Mən bu yazımda "İşıq" qəzetindən deyil, onun redaktoru olmuş Xədicə xanım haqqında təəssüratlarımı bölüşməkdir.

"İşıq" haqqında hələ 1965-ci ildə "Azərbaycan qadını" jurnalında N.Qaf-qazlının məqaləsi çap olunmuşdu. Qəzetin nəşrə başlamasının 100 illiyi münasibətilə isə tarix elmləri namızədi Amaliya Qasımovanın 2011-ci ildə "Adiloğlu" nəşriyyatında öz vəsaiti hesabına "Azərbaycanda ilk qadın mətbuatı: "İşıq" qəzeti" kitabçası nəşr olunmuşdu. 2017-ci ildə isə ssenari müəllifi Bəxtiyar Qaraca olan "İşığın düşmə bucağı" adlı sənədli film çəkilmişdir.

Xədicə xanım Əlibəyova haqqında 2001-ci ildə "Xaqan" nəşriyyatında çap olunmuş Fərrux Ağasıbəylinin "Vəkil Mustafa bəy Əlibəyov: o bizə şərəfdir, biz ona övlad" adlı kitabında ətraflı məlumat vardır.

Xədicə xanım Əlibəyova kim idi?

Mən 1953-1954-cü illərdə Xədicə xanım Əlibəyovanı dəfələrlə görmüşdüm. Onun Nizami küçəsi 108 nömrəli binanın ikinci mərtəbəsindəki çox sadə mənzilinə Xədicə xanımın Şəkidə yaşa-dığı zaman gənclik illərinin rəfiqəsi (1920-1945) bi-bim Səltənət Nağıbəyova ilə tez-tez qonaq gedərdik. Xədicə xanım alitəhsilli hüquqşünas qızı Aliyə xanım və nəvəsi Nigarla yaşayırdı.

Xədicə xanım 1884-cü ildə Tiflis ruhani idarəsinin üzvü Ələddin əfəndi Sübhanqulovun ailəsində dünyaya gəlmişdi. Ruhani ata ilk övladına Xədicə adını qoymuşdu. Xədicə sözünün mənası ərəbcə birinci, ilkin demək idi. Atanın verdiyi bu adı Xədicə xanım 77 illik ömrü boyu doğrultmuş, ilk qadın qinekoloq həkim, Azərbaycanda ilk qadın mətbuatı yaratmış, Şəkidə xəstəxana yanında ilk doğum şöbəsi yaratmışdı. Xədicə xanım Aprel çevrilişinə qədər Şəkidə fəaliyyət göstərən Nuxa Hürriyyəti-Maarif Cəmiyyətinin həqiqi üzvlərindən idi. O, bu cəmiyyətin 76 üzvü içərisində yeganə qadın idi ki, maarif cəmiyyətinə hər il ianə verməyi bir vətəndaş kimi özünə borc bilirdi. Həyat yoldaşı Mustafa bəy Əlibəyov da cəmiyyətə böyük miqdarda ianə keçirənlər arasında idi.

2021-ci ildə Şəki Regional Elmi Mərkəzinin əməkdaşı Rahim Həsənovun "Elm və təhsil" nəşriyyatında çap olunmuş "Şəkidə erməni təxribatları" kitabından götürdüyüm bu məlumatlarda diqqətimi çəkən bir məqamı da qeyd etmək istəyirəm. Cəmiyyətə 50 qəpik, 1 manat da keçirən üzvlər, Mustafa bəy Əlibəyov kimi, 200, 300, hətta 500 manat keçirən zənginlər vardı.

Ələddin əfəndinin övladlarının hamısı mükəmməl təhsil almışdı. Xədicə xanım ilk təhsilini Tiflisdəki "Qız Gimnaziyası"nda aldıqdan sonra atası onu Olqinskaya Mamalıq İnstitutuna qoymuşdu. Ələddin əfəndinin oğlu Hüseyn Sübhanqulov isə tibbi təhsilini İsveçrədə, 1913-cü ildə Cenevrə Universitetinin Tibb fakültəsində almışdı. Ələddin Əfəndinin üçüncü övladı Gülsüm xanım da savadlı idi. O, bacısı Xədicə xanımla "İşıq" qəzetində çalışırdı. Xanımlar qəzeti "İşıq"ın məsul katibi isə zəmanəsinin böyük xeyriyyəçisi Zeynalabdin Tağıyevin həyat yoldaşı Sona xanım Tağıyeva idi.

Xədicə xanımgilə gedərkən mən sadəcə olaraq bibimi müşayiət edərdim. O zaman gördüyüm bu nurani çöhrəli yaşlı qadının kimliyi barədə təsəvvürüm belə yox idi. Elə zənn edirdim ki, o da sadəcə olaraq mənim bibim kimi evdar bir qadındır. Mustafa bəyin həyat yoldaşı və beş övlad anasıdır. Yaşı 70-i keçmiş bu qadınlar saatlarla söhbətləşər, hər ikisi nakam gənclik illərini xatırlayardılar.

Xədicə xanımın həyat yoldaşı, zəmanəsinin tanınmış hüquqşünası, vəkil Mustafa bəy Əlibəyov 1937-ci ildə Azərbaycan SSR Konstitutusiya layihəsinin müzakirəsi zamanı Azərbaycanın maraqlarını ifadə edən 4 təkliflə tənqidi çıxışına görə həbs edilərək xalq düşməni kimi Daşkəndə sürgün olunmuş və 1943-cü ildə həbsxanada vəfat etmişdi. Bibim Səltənət xanımın həyat yoldaşı Hacıbala bəy Nağıbəyov da hüquqşünas olmuş, Azərbaycanda sovet hakimiyyətinin ilk illərində bir sıra məsul vəzifələrdə işləmiş və 1922-ci ildə Bakıda tüğyan edən vəba xəstəliyindən vəfat etmiş, elə Bakıda da dəfn edilmişdir. Mustafa bəy də, Hacıbala bəy də tanınmış ziyalılar kimi aprel çevrilişinə qədər Azərbaycanda nəşr olunan mətbuat orqanlarında müxtəlif mövzularda məqalələrlə çıxış edərdilər. Odur ki, Xədicə xanımla Səltənət xanımın söhbətləşməyə, dərdləşməyə ümumi mövzuları vardı. Uşaqlıq illərində mən Mustafa bəy adının ailəmizdə tez-tez, lakin çox ehtiyatla çəkildiyini yaxşı xatırlayıram. Maraqlıdır ki, 37-ci il repressiya qurbanları Stalinin vəfatından sonra 1955-ci illərdən bəraət alsalar da, Xədicə xanımın həyat yoldaşı yalnız 1993-cü ildə bəraət almışdır. Vəfalı həyat yoldaşı, övladlarının bir neçəsi onun bəraətini görə bilməmişdi.

Rəfiqələr söhbətləşər, mən isə onları otaqda qoyub balkona çıxar, səsli-küylü, indi Bülbül, o vaxtsa Kirov prospekti adlanan, iki tərəfli tramvay, minik maşınları işləyən səsli-küylü küçəyə, adamlara tamaşa edərdim. Onda heç ağlıma da gəlməzdi ki, bibimlə dərdləşən bu nurani çöhrəli qadın Azərbaycan mətbuatında öz sözünü demiş, izini qoymuş Xədicə xanımdır və onun mənzilində qiyməti olmayan bir xəzinə "İşıq" qəzetinin komplekti saxlanılır.

Tale məni bir daha 1969-cu ildə Xədicə xanımın alim qızı, Azərbaycanda ilk iqtisad elmləri doktoru Aruziyə Əlibəyova ilə görüşdürdü. O zaman mən "Elm və həyat" jurnalında işləyirdim və jurnalımıza alim qadınlarımız haqqında materiallar hazırlayırdım. Beləcə mən ikinci dəfə Əlibəyovlar ailəsinin nümayəndəsi ilə yenidən görüşdüm. Aruziyə xanım AZSİ-də (indiki Azərbaycan Neft və Kimya Akademiyası) kafedra müdiri işləyirdi. O da anası kimi zəmanəsinin fəal, ictimaiyyətçi qadınlarından idi. Dəfələrlə xarici ölkələrdə Azərbaycan qadınını təmsil etmişdi. Görünür, elmlə yanaşı, ictimai fəaliyyətlə də məşğul olmaq ona atasından, anasından irsən keçmişdi. Atası Mustafa bəy Əlibəyov da hətta sovet dövründə 1937-ci ilə qədər həbs olunana kimi alitəhsilli hüquqşünas kimi xalqın tale yüklü problemləri ilə əlaqədar həmişə ədalətin müdafiəsinə qalxmış, istər çar Rusiyası dövründə, Cümhuriyyət zamanı, sovet quruluşunda da çapıb talanan xalqın hüquqlarını qorumağı həyatının qayəsi bilmişdi. Xədicə xanım məhz belə bir insanın həyat yoldaşı idi. Ailə qurduğu 1907-ci ildən onun yanında Mustafa bəy kimi bir ədalət etalonu vardı.

Aruziyə xanım haqqında yazı jurnalımızda "Kənddən başlanan yol" adı ilə çap olundu. Bu yazı və Aruziya xanım haqqında bir qədər ətraflı məlumat verməyimin məqsədi ondadır ki, Xədicə xanımla da görüşlərim zamanı mən sovet məktəblisi idim. Aruziya xanımla görüşərkən mən sovet jurnalist idim. Sovet dövrünün təbliğatı biz gənc nəsildə aprel çevrilişinə qədərki dövrü, eləcə də mətbuatı burjuaziya dövrü, mətbuatını ziyanlı, heç bir proqressiv mahiyyət daşımayan, yalnız istismarçı sinfin mənafelərinə xidmət edən mətbuat orqanları kimi tanıtmışdılar. Əlbəttə, bu təbliğat bizdə nifrət olmasa da, biganəlik, laqeydlik hissini yarada bilmişdi və Aruziyə xanımın bir jurnalist kimi mənə Azərbaycanda anası Xədicə xanımın baş redaktor olduğu ilk qadın mətbuatı "İşıq" qəzetinin komplektini təklif edərkən, mənim bu təklifə etinasız münasibətimdən onun nə qədər mütəəssir olduğunu çox sonralar (onda 1969-cu il idi) böyük ağrı hissi ilə dərk etdim və bu etinasızlığım bu gün də mənə əzab verir. Axı anası Xədicə xanım kimi Aruziyə xanım da az qala yasaq edilmiş qəzetin komplektini bədnəzərlərdən uzaq göz bəbəyi kimi qoruyub saxlamışdı. Lakin gec də olsa "İşıq" gün işığına "çıxdı" və tədqiqata cəlb olundu, ona ilk diqqət yetirən isə jurnalistika fakultəsinin müəllimi tarix elmləri namizədi Nəriman Zeynalov olmuşdu. Bu biganəliyə görə məni yox, zəmanənin çox "uğur"lu təbliğatını qınamalıyıq. Lakin dövran dəyişdi, müstəqil olduq və həyatda hər şey öz yerini tutmağa başlayıb. Bu gün biz aprel çevrilişinə qədərki mətbuatımızı tədqiq edir, arxivlərdə saxlanılan mətbu orqanlarımızın yazdıqlarından çox mətləbləri olduğu kimi öyrənə bilirik.

Xoş məramla "İşıq" qəzetinin nəşrinə başlayan Xədicə xanım Kiyevdən Yusif Vəzir Çəmənzəminlidən bir təşəkkür məktubu almışdı. Çəmənzəminli yazırdı: "Arvadlarımızın zülmət içində yaşadığı bir zamanda onlar üçün öhdəyə götürdüyünüz qəzetə nəşri böyük və müqəddəs bir vəzifədir. Bu böyük vəzifəni lazımınca ifa edib, məqsədə nail olmaq da çox hünər, çox cəsarət istər". Çəmənzəminlinin vurğuladığı kimi, 26 yaşlı Xədicə xanım özündə bu hünəri və cəsarəti tapmışdı.

Azərbaycan ziyalılarının diqqətini çəkən qəzetə Məhəmməd Hadi, Hüseyn Cavid, Rəşid bəy Əfəndiyev kimi zəmanəsinin tanınmış şair və ziyalıları şeirlər həsr etmiş, məqalələr yazmışlar. Lakin bununla yanaşı, fanatik mollalar Xədicə xanıma təhdidlər göstərir, onu hədələyirdi. Xədicə xanımın "İşıq"da çap olunmuş yazılarında oxuyuruq: "Ruhani atalarımızın bir neçəsi bihiss bir heykəl kimi etiraz edib qəzetimizi geri göndərdilər. Onlardan birisi də minbərdən camaata: "Hər kim "İşıq" qəzetini oxusa kafirdir", buyurmuşdur. "Hər kimin evində "İşıq" qəzeti olsa, o ev murdardır" buyurmuşdur. Çünki övrət qəzetəsinin olması qiyamət nişanəsidir", - deyə isbata çalışmışlar". Digər tərəfdən hətta Cəlil Məmmədquluzadə, Ömər Faiq Nemanzadə, Mirzə Ələkbər Sabir, Əliqulu Qəmküsar da Xədicə xanımın hələ fanatizmin hökm sürdüyü Bakıda qadınla əlaqədar bəzi problemlərə çox ehtiyatla yanaşdığını tənqid atəşinə tutmuş, "Molla Nəsrəddin"in üz qabığında Xədicə xanımın şəklini də vermişdilər.

Xədicə xanımla Mustafa bəyin 6 övladı olmuşdur. Övladlarından biri Sərvər körpə yaşlarında dünyasını dəyişmişdir. Beş övladın hamısı ali təhsil almışdır. Böyük oğlu Ənvər hərbçi olub. İkinci Dünya müharibəsində cərimə batalyonunda xidmət edib, mayor rütbəsinə qədər yüksəlib. Müharibədən sonra 132 saylı məktəbdə (mən 1945-1955-ci illərdə 132 saylı məktəbdə oxumuşam). Texniki fənlər üzrə direktorun müavini vəzifəsində çalışan Ənvər müəllimi çox yaxşı xatırlayıram. Mütənasib bədənli, əynində hərbi libası olan Ənvər Əlibəyli məktəbin sayılıb seçilən əməkdaşlarından idi.

Qızı Aruziyə Əlibəyova Azərbaycanda ilk iqtisad elmləri doktoru idi. Uzun müddət indiki Neft Akademiyasının iqtisad kafedrasına rəhbərlik etmiş, fəal qadınlardan olmuş, bir sıra xarici ölkələrdə Azərbaycan qadınını təmsil etmişdir.

İlham və Aliyə ataları Mustafa bəy kimi hüquqşünas olublar, lakin məlum sə-bəblərə görə xalq düşməninin övladları kimi öz ixtisasları üzrə işləməyiblər. Son beşiyi Samsam isə mühəndis olub.

Xədicə xanım həyat yoldaşı Mustafa bəylə Şəkinin bütün ictimai həyatında fəal iştirak edib. Onun 1920-ci ildə Şəkidə səhiyyə sahəsində başladığı təşkilatçılıq işi də həmin dövrdə hünər, cəsarət, təşəbbüs və bacarıq tələb edirdi. Arxiv materialları və fotoşəkillərdən məlum olur ki, çoxtərəfli istedada malik olan bu ictimaiyyətçi, jurnalist və ali savadlı həkim qadın savadsız və avam hamilə qadınlara özünə xas olan həssaslıq və qayğıkeşliklə yanaşaraq bəzi ağır hallarda evlərdə aparılan xidməti qənaətbəxş hesab etmədiyindən, şəhər xəstəxanası yanında qadınlar üçün doğum otağı təşkil edilməsi məsələsini yerli idarələr qarşısında qaldırmışdı. Qəza icraiyyə komitəsi bu məsələni 1924-cü il 30 mart tarixli iclasında müzakirə edərək Xədicə xanımın təklifini bəyənmiş və xəstəxana yanında 5 çarpayılıq doğum otağı açılmasını qərara almışdı.

Yenə Xədicə xanımın təşəbbüsü ilə 1925-ci ilin aprel ayında Xalq Səhiyyə Komissarı Qədirlinin iştirakı ilə keçmiş Qəza İcraiyyə Komitəsinin Şəhər Sovetinin birgə iclasında şəhərdə qadın məsləhətxanasının açılması məqsədəuyğun hesab edilmişdir. Şəkidə tibb texnikumunun açılmasında, burada mamalıq şöbəsinin təşkilində, şəhər və kəndlərdən azərbaycanlı qızların bu şöbəyə cəlb edilməsində və hazırlanmasında Xədicə xanımın çox zəhməti və təqdirəlayiq xidmətləri olmuşdur.

"İşıq" 1912-ci ildə maddi imkansızlıq, həm də dövrün cəhaləti ucbatından fanatik mollaların təhdidlərindən "söndü". Lakin düz yüz ildən sonra 2012-ci ilin əvvəlində yenidən jurnal formasında "yandı" və dərginin ilk sayı Xədicə xanımın nəşrini dayandırdığı, bu gün dəqiq bilmədiyiniz, lakin təxmin etdiyimizə görə 68-ci sayının davamı kimi nəçr olunmağa başladı. 77 il keşməkeşli ömür sürmüş Xədicə xanımın ruhu şad olsun. Onun təməlini qoymuş, qadın problemlərindən, həyatından bəhs edən "İşıq" bu gün də yaşayır.

"İşıq" qəzetinin hər nömrəsi Haşım bəy Vəzirovun "Səda" mətbəəsində çapdan çıxandan sonra təşəkkürlər, təriflər, xoş sözlər yazılmış məktublarla yanaşı, təhqir, tənqid, təhdid məktubları alan ilk qadın redaktorumuz Xədicə xanım və qəzetin naşiri, həm də Xədicə xanımın həyat yoldaşı Mustafa bəy Əlibəyovlar qəzeti 68 nömrə çıxara bildilər. Azərbaycan qadın mətbuatının ilk qaranquşu iki ilə qədər yaşasa da, mətbuat tariximizdə layiqli yerini tutdu. Həm Xədicə xanımın özü, həm alim övladı Aruziya xanım tərəfindən qorunub saxlanılan "İşıq" qəzetinin 68 nömrəsi Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi Siyasi Sənədlər Arxivi tərəfindən 2020-ci ildə transfoneliterasiya edilərək çox nəfis şəkildə 580 səhifə kitab formatında nəşr edilərək geniş oxucu kütləsinin ixtiyarına verildi.

Qəzetin bu cür nəşrinin ideya müəllifi və rəhbəri Elmira Ələkbərovaya, transfoneliterasiya edən, lüğət, qeyd və izahların tərtibçisi, filologiya üzrə fəlsəfə doktoru Şəhla Abdullayevaya bu ağır işin öhdəsindən uğurla gəldiklərinə görə təşəkkür edirik.

 

 

 

 





06.02.2023    çap et  çap et