525.Az

Allahşükür Paşazadə Ali Erbaşa başsağlığı verib


 

Allahşükür Paşazadə Ali Erbaşa başsağlığı verib<b style="color:red"></b>

Qafqaz Müsəlmanları İdarəsinin (DMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Türkiyə Cümhuriyyəti Diyanət İşləri Başqanı Ali Erbaşa başsağlığı məktubu ünvanlayıb.

QMİ-dən 525.az-a verilən xəbərə görə, məktubda deyilir:

"Əziz və dəyərli qardaşım, Qafqaz müsəlmanları adından və şəxsən öz adımdan Sizə salamlarımı və xeyir-dualarımı yetirir, dövlətlərimiz və xalqlarımız arasında qardaşlıq münasibətlərinin daha da möhkəmlənməsi niyyəti ilə Allah-taaladan cümlə ümmətimizə xeyirli fəaliyyətlər arzulayıram.

Sizə və simanızda qardaş Türkiyə xalqına baş vermiş təbii fəlakət - çoxsaylı insan tələfatı ilə nəticələnən sarsıdıcı zəlzələ ilə bağlı dərin hüznlə baş sağlığı verirəm. Bu üzücü xəbər hər bir azərbaycanlını dərindən sarsıtdı, qardaş dərdi bizim dərdimiz, qardaş gözündən axan göz yaşı bizim də kədərimiz oldu. Biz bir millət iki dövlət olmaqla yanaşı, tarixən qan qardaşı olmuşuq və olacağıq. Çünki bizi birləşdirən soykökümüz və müqəddəs İslam dinimizdir.

Əziz qardaşım, bu da Allah tərəfindən bir imtahandır və heç şübhə yoxdur ki, qardaş Türkiyə xalqı Allahın köməyi ilə bu imtahandan alnı açıq, daha möhkəm, daha mətin çıxacaqdır, inşallah! Bu günlərdə Azərbaycanın came və məscidlərində fəlakət qurbanlarının əziz ruhlarına dualar oxunacaq, qardaş türk xalqına Uca Allahdan səbr və dəyanət razi-niyaz ediləcək.

Bu ağır anlarda dərdinizi bölüşür, həlak olanların ailələrinə, yaxınlarına, bütün Türkiyə xalqına öz adımdan, Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara Allahdan acil şəfalar diləyirəm.

Allah cümlə ümmətimizə yardımçı olsun!"

Sevinc Qarayeva 

 





06.02.2023    çap et  çap et