525.Az

Xaricdə təhsillə bağlı peşə tanınması zamanı sınaq imtahanları keçiriləcək ixtisaslar müəyyənləşib


 

Xaricdə təhsillə bağlı peşə tanınması zamanı sınaq imtahanları keçiriləcək ixtisaslar müəyyənləşib<b style="color:red"></b>

Peşə tanınması yalnız ali təhsil üzrə kvalifikasiyalara münasibətdə və Əmək Məcəlləsinə əsasən əmək müqaviləsi bağlanılarkən işçinin əmək funksiyasının xüsusiyyətlərinə uyğun olan peşə hazırlığının və ya təhsilin olması zəruri sayılan hallarda işəgötürənin tələbi ilə tətbiq ediləcək.

525.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin bu gün təsdiqlədiyi “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qayda”sında əksini tapıb.

Bu Qaydaların əlavəsində nəzərdə tutulan peşələrə aid ixtisasların peşə tanınması zamanı ərizəçinin müvafiq kvalifikasiya üzrə peşə kompetensiyalarının Azərbaycan Respublikasında mövcud olan uyğun kvalifikasiya üzrə nəzərdə tutulmuş peşə kompetensiyalarının tələblərinə uyğunluğu müəyyən edilir. Müəllimlik, mühəndislik və hüquq ixtisasları üzrə ərizəçinin Agentliyin sifarişi ilə Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin (DİM) təşkil etdiyi sınaq imtahanında müvəffəqiyyət qazanması (keçid balının toplanması) tələb olunur. Sınaq imtahanının məzmunu, vaxtı, imtahan nəticələrinin qiymətləndirilməsi qaydası və keçid balı Agentliklə razılaşdırılmaqla DİM tərəfindən müəyyənləşdirilir.

Ərizəçinin bu Qaydaların əlavəsində nəzərdə tutulan tibb və səhiyyə ixtisasları üzrə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən müəyyən etdiyi tələblərə uyğunluğu isə Nazirlər Kabinetinin 1999-cu il 12 yanvar tarixli 5 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xarici ölkələrdə hazırlıq alan tibb və əczaçılıq işçilərinin Azərbaycan Respublikasında tibbi və əczaçılıq fəaliyyəti ilə məşğul olmağa buraxılması Qaydası”na əsasən müəyyən edilir.

Bu tələb aşağıdakı kvalifikasiyalara şamil edilmir:

- Azərbaycan gənclərinin dövlət proqramları çərçivəsində xarici ölkələrdə ali təhsil üzrə əldə etdikləri kvalifikasiyalar;

- Nazirliklə xarici dövlətlərin səlahiyyətli orqanları arasında imzalanmış beynəlxalq müqavilələr əsasında tələbə mübadiləsinə dair hökumətlərarası təqaüd proqramları çərçivəsində əldə edilmiş kvalifikasiyalar; - - beynəlxalq müqavilələr çərçivəsində Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən xarici ali təhsil müəssisələri tərəfindən verilmiş kvalifikasiyalar;

- dövlət tərəfindən müəyyən edilmiş təhsil qrantı proqramları və hökümətlərarası təqaüd proqramları çərçivəsində təhsil alacaq əcnəbi və vətəndaşlığı olmayan şəxslərin xarici ölkələrdə ali təhsil üzrə əldə etdikləri kvalifikasiyalar.

- Times Higher Education World University Rankings”, “QS World University Rankings” və “Academic Ranking of World Universities (Shanghai Ranking)” beynəlxalq reytinq qurumlarının tərtib etdiyi sıralamaların ən azı birində ərizəçinin qəbul olunduğu ildə ilk 500 pillədə yer alan təhsil müəssisələrindən əldə edilmiş kvalifikasiyalar.

Bu Qaydalara uyğun olaraq ərizəçinin kvalifikasiyası ilə Azərbaycan Respublikasında mövcud olan uyğun kvalifikasiya arasında əhəmiyyətli fərq aşkar edilmədikdə və nəzərdə tutulan peşələr üzrə ərizəçi sınaq imtahanlarında müvəffəqiyyət qazanması və kvalifikasiya üzrə nəzərdə tutulmuş peşə kompetensiyalarının tələblərinə uyğunluğunun təmin olunması barədə DİM-in və Səhiyyə Nazirliyinin müvafiq məlumatı əsasında, ərizəçinin kvalifikasiyasının peşə tanınması barədə qərar qəbul edilir.

Qeyd edək ki, indiyə qədər qüvvədə olan “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nda peşə tanınması zamanı sınaq imtahanlarının keçirilməsi tələb olunan ixtisaslarının siyahısı olmayıb. “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qayda”sı martın 1-də qüvvəyə minəndən sonra “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları” qüvvədən düşəcək.

 





06.02.2023    çap et  çap et