525.Az

"Dedim, çox güman ki, Anar şəhid oldu, zəng etmədi..." - Həyat yoldaşı


 

"Dedim, çox güman ki, Anar şəhid oldu, zəng etmədi..." - Həyat yoldaşı<b style="color:red"></b>

Bu gün haqqında söz açacağım igidimiz Vətən müharibəsi şəhidi Anar Eyvaz oğlu Cəfərovdur. Bu dəfə ailəsi ilə birlikdə şəhidimizlə bağlı xatirələri yada saldıq, onun qəhrəmanlıq yolundan bəhs etdik.

Anar Cəfərov 19 dekabr 1977-ci ildə Ağcabədi şəhərində anadan olub. 1984-cü ildə Ağcabədi şəhər 7 saylı şəhər tam orta məktəbinə daxil olub. Təhsilini Ağcabədi şəhər 12 saylı tam orta məktəbində davam etdirib. Məktəbi bitirdikdən sonra sürücü olaraq çalışıb. Həmçinin, şəxsi təsərrüfatla məşğul olub. Ailəli idi, Rəhman və Eyvaz adlı övladları yadigar qaldı.

Anar Cəfərov Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Sonra hərbi xidmətini müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq davam etdirib. Xüsusi hərbi kurs bitirərək "Həmlə" Taborunda həmlə bölüyünün baş tuşlayıcı minaatanı təyin edilib. Mingəçevir şəhərində yerləşən "N" saylı hərbi hissədə xidmət edib. 20 yanvar 2017-ci ildə Tərtər rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmətini tuşlayıcı minaatan olaraq davam etdirib.
 
Şəhid Həyat yoldaşı Xudiyeva Samirə Camal qızı deyir ki, biz Anarla qan qohumuyuq: "Biz ailə quran vaxtlarda mən yoldaşımı tam tanımırdım. Çünki o Rusiyada yaşayırdı. 2008-ci il dekabrın 1-də ailə qurduq. İki il atasıgillə birgə yaşadıq. Daha sonra bu evmizə köçdük. Çox xoşbəxt ailə idik. İkimiz də işləyirdik, iki oğul övladımız vardı. Böyük oğlumuz Rəhman 2009-cu ildə doğulub. Kiçik oğlumuz Eyvaz 2013-cü ildə doğulub. Çox gözəl günlərimiz vardı.
 
Anarın atası xəstə olan vaxtı yoldaşım ona özü xidmət edirdi, çox qayğı göstərirdi. O, ailəsinə çox bağlı idi, canyanan övlad idi.
 
Kiçik oğlumuz Eyvaz dünyaya gələndə apardı atasının yanına ki, ata, oğlum olub, adını sən qoy. Atası danışa bilmirdi, sinəsinə vurdu ki, mənim adımı qoyun. Artıq illər keçsə də, genetik faktor öz sözünü deyir, Eyvaz babasına çox bənzəyir.
 
Bir gün gəldi ki, hərbiyə gedəcəyəm. Torpağımı qorumaq bir vətandaş kimi mənim də borcumdur. Elə həmin vaxtdan Anar öz fikri ilə sevə-sevə hərbçi oldu. Xidmətindən 3 il keçdi. Soruşdum, Anar, yenə müqavilə bağlaycaqsan? Bir də gördüm müqavilə kağızının şəklini atdı mənə ki, artıq 5 illk yenidən müqavilə bağalamışam. O bilirdi bu münaqişənin sonu müharibədir. Vətəninə, millətinə çox bağlı idi və buna qərarlı idi.
 
2020-ci il hələ müharibə başlamamışdı, sentyabrın 21-26-dan Anargil təlimlər keçirdi. 25-i idi, getməmişdən bir gün qabaq mənə dedi ki, Samirə, gəl, qapını, evləri təmizləyək. 26 sentyabr saat 4 üçün Anar Evmizdən çıxdı. Bizimlə həmişə görüşən Anar həmin günü bizim üçümüzə də baxmadan getdi. 26-sı gecəsi dedim gəlcəksən evə? Dedi ki, silahları təhvil versəm, gələcəyəm. Ancaq gəlmədi, elə axırıncı görüşümüz də o oldu.
 
Hər gün telefonla danışırdıq. Son danışığımız 2 oktyabrda, saat 11 aralığında oldu. Deyirdi ki, hər şey yaxşıdır. Qələbə bizimdir, narahat olma. Deyirdi,  ay Samirə, bizim şəhid olanlardan nəyimiz artıqdır ki? O, Vətənə, millətə çox bağlı idi. Son danışığımız zamanı dedi uşaqlarımızı sənə tapşırıram, səni də Allaha. Mən bilirəm ki, sən güclü qadınsan, sən öhdəsindən gələ bilərsən! Hələlik, nəsib olsa, görüşərik...
 

3 oktyabr onun zəngini gözləyirdim, ondan xəbər yox idi. Anarın əmisi gəlini Günelə dedim ki, çox güman Anar şəhid oldu, mənə zəng eləmədi... Həmin vaxtı hava da sanki dolmuşdu, çiskin idi. Sanki ürəyimə danmışdı.
 
Anarın qardaşı İftixar mənə zəng etdi ki, bacı,evdəsən? Dedim ki, nə olub? Mənə dedi ki, heç nə olmayıb qayıdıram sizə, işim var. Ondan sonra elə qışqırdım ki, qonum - qonşu burdaydı. Dedim,Günel, sənə dedim ki, bu gün Anarın şəhid xəbəri gələcək. Anarı Ağcabədi xəstaxanasına yeləşdirmişdilər. 4-ü günü səhər saat 10-da gətircəkdilər. Uşaqlar qapı bir əmsigildə idilər. Əmisi qızları apardılar ki, səs-küydən qorxmasınlar. Mən getdim balalarımı çağırdım dedim ki, sizin atanız qəhrəmandır, atanız şəhid olub. Xocalıda öldürülən sizin boyda uşaqların intiqamını illər keçsə də,bu gün alıb. Ağlamayın, sizin atanız şəhiddir, sizin atanız qəhrəmandır, o əbədi yaşayır, ölməyib!
 
Mənim övladlarım bu gün atasız qalsalar belə, mən ailəmlə fəxr edirəm! Mənə bayraq veriləndə sevə - sevə öpdük. Gələcəyin iki əsgəri mənim evimdədir. Allah şəhidlərimizə rəhmət eləsin! Qazilərimizə uzun ömür, cansağlığı arzulayıram. Yaşasın Ali Baş Komnadan İlham Əliyev! Birinci vitse-prezident Mehriban xanım Əliyeva da çox sağ olsun, Heydər Əliyev Fondundan gəlib uşaqlarımızı unutmadılar!"
 
Şəhidin yaşadığı küçəyə adı verilib. Ağcabədi rayonunda 6 nömrəli orta məktəbinə adı verilib. Ağcabədi rayonundakı bir sıra orta məktəblərdə sinif otaqlarına adı verilib.
 
Azərbaycan Ordusunun əsgəri olan Anar Cəfərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində vuruşub. Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. Anar Cəfərov 3 oktyabr 2020-ci ildə Tərtər rayonu-Ağdərə istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub. Ağcabədi Şəhidlər Xiyabanında dəfn edilib.
 
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən Anar Cəfərov ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü", "Suqovuşanın azad olunmasına görə" və "Vətənə xidmətə görə" medalları ilə təltif edilib.
 
Ruhun şad olsun, qəhrəman qardaşım!
 

 

 





22.01.2023    çap et  çap et