525.Az

"İran terror aktları ilə öz istəyinə nail olacağını düşünür"


 

"İran terror aktları ilə öz istəyinə nail olacağını düşünür"<b style="color:red"></b>

Azərbaycanın Tehrandakı səfirliyinə təşkil olunmuş terror hücumundan sonra İranın siyasəti nəticəsində gərginləşən münasibətlər kökündən pisləşdi. Rejimin terror aktından sonra rəsmi açıqlamaları, hadisəni mahiyyətindən uzaqlaşdırmağa çalışması ilə özünün burada iştirakçı olduğunu istisna etmədi. İsveçdə fəaliyyət göstərən Azərbaycan Qarabağ Cəmiyyətinin təsisçisi, Güney Azərbaycanda Milli Azadlıq Hərəkatının tanınmış simalarından olan Abdulla Əmir Haşimi Cavanşir "525"ə müsahibəsində son hadisələrə münasibət bildirib.

 

- İranda Azərbaycan səfirliyində terror aktını rejimin törətdiyini deməyə əsas verən çoxsayda faktlar var. Sizcə, İran dövləti niyə buna getdi?

- Bu suala cavab vermək üçün bir az keçmişə nəzər salmaq zəruridir. Fars rejimi hər zaman antitürk, antiazərbaycan siyasəti aparıb. Həm Rza şah, həm onun oğlu Məhəmməd Rza şah, Pəhləvi rejiminin yerinə gələn və özünü islamçı adlandıran hazırkı rejim də eyni siyasəti həyata keçirir. Bir sözlə, İran adlanan yerdə bir imperiya dövləti hakimdir ki, bu imperiya həm Azərbaycan türklərinin torpaqlarını işğal edib, mədəniyyətlərinin inkişafının qarşısını alıb, eyni zamanda onların millətlərini əsarət altında saxlayır. Rejimin azərbaycanlıların inkişafını görməyə gözü yoxdur. Onlara sıxıntılar yaratmaqla, bütün vasitələrlə bu istiqamətdə çalışır. Yəni İranın istər güneylilərə, istərsə də Azərbaycan Respublikasına qarşı heç bir xoş niyyəti yoxdur. Gizlin və açıq Azərbaycan əleyhinə planlar həyata keçirir. Azərbaycanın sovetlər dağılandan sonra müstəqilliyini əldə etməsi İran rejiminin narahatlığına səbəb oldu. Rejim ölkəmizə qarşı böyük hiylələri işə saldı. O cümlədən, Qarabağ münaqişəsində təcavüzkar Ermənistanı dəstəklədi, silah- sursatla, azuqə, yanacaqla dəstək verdi. Nəhayət, cənab Prezidentimizin çox müdrik siyasəti nəticəsində ərazilərimiz erməni işğalçılardan azad edildi. Hətta 44 günlük müharibə zamanı da qarşıdurma yaratmaqla, təcavüzkara silah göndərməklə qələbənin qarşısını almağa çalışdı. Amma bunu bacarmadı. Bundan sonra rejim iç üzünü daha aydın göstərdi. İran Azərbaycan dövlətinin gücləməsini özünün zəifləməsi hesab edir. Azərbaycanın qələbəsi Güney azərbaycanlıları da ruhlandırdı, onlar İran rejimindən öz hüquqlarını tələb etməklə meydana çıxdılar. Azərbaycanın isə keçmişdəki kimi İrana müxtəlif sahələrdə güzəştə getməsi dözümü bitdi. İran rejiminin nümayəndələri, xüsusən Azərbaycan şəhərlərində - Ərdəbildə, Təbrizdə, Zəncanda, Urmiyada, Azərbaycana ifttiralar atmaqdan çəkinməyərək, özlərinin 30 il Ermənistanı müdafiə etmələrinə haqq qazandırmağa çalışdılar. Münasibətlərin bu həddə çatmasında Azərbaycan heç bir günahı yoxdur. Həm Ulu öndər Heydər Əliyev, həm də cənab İlham Əliyevin dövründə Azərbaycan çox diqqətli, çox təmkinli bir siyasət aparmağa səy göstərdi. Dünyada sülh, barışıq, iqtisadi inteqrasiyanı genişləndirmək Azərbaycan dövlətinin siyasətidir.

- Bu terror aktının Azərbaycanın İsraildə səfirlik açmaq qərarı ilə əlaqəsi varmı?

- Terror, aqressivlik İran rejiminin mahiyyətindən irəli gəlir. Bu siyasət təkcə Azərbaycana qarşı olmasa da, bizə daha çox şiddətlə tətbiq edilir. Amma ərəblərə, kürdlərə, bəluclara, türkmənlərə qarşı da belədir. Biz regionda Ermənistandan başqa bir ölkə tapa bilmərik ki, İranla sağlam iqtisadi, siyasi, mədəni münasibətləri olsun. İran rəsmən bir ordu yaradıb ki, o da əsasən dünyada müxtəlif illərdə terror aktı törədib. Bu terror aktları Almaniyada, Argentinada, həmçinin, ABŞ, Britaniya və s. ölkələrin səfirliklərin də törədilib. Ən sonuncusu da Azərbaycan səfirliyinə qarşı terror aktı oldu ki, təəssüf ki, əməkdaşlardan biri şəhid oldu. Nəhayət, rejimin addımları səfirliyimizin bağlanmasına gətirib çıxardı. Yəni bu, gözlənilən idi. İranın siyasəti buna aparırdı. Hətta səfirliyimizə terror aktı baş verməzdən dörd həftə əvvəl, İran bandit qruplar vasitəsilə Naxçıvandan keçən tırların sürücülərini hədələyirdi ki, əgər İrana keçsəniz, sizi adamlar gözləyir, bıçaqla öldürəcəklər. Onda Azərbaycan səfirliyini də hədələmişdilər. İran bu işlə nə etmək istəyir? İran rejimi bütün qonşuları, o cümlədən, Azərbaycanla hədə-qorxu ilə danışır. Terror aktları ilə öz istəyinə nail olacağını düşünür. Məsələn, Azərbaycana diqtə etmək istəyir ki, İsraillə münasibət qurma, Türkiyə ilə yaxınlaşma, mənim dediyimlə oturdur. Təbii ki, heç bir dövlət bunu qəbul etməz. O cümlədən, Azərbaycan dövləti öz mənafeyinə uyğun qəraqrlar verir. Terror aktı törətməklə, casus şəbəkələri qurmaqla, dili öz əlində alət eləməklə, quldurluq, banditlik siyasətini həm regionda, həm ölkənin daxilində həyata keçirir. Terror siyasəti İranın mahiyyəti ilə eynilik təşkil edir. İran daxildəki xalqlara qarşı da bu siyasəti aparır. Bu terrorçu, diktator, hiyləgər, eyni zamanda daxili iqtisadiyyatın dirçəlməsinə büdcə sərf etməyən rejim xalqı elə bir vəziyyətə gətirib çıxarıb ki, 40 milyonluq Azərbaycan türkü pis durumda yaşayır. Kürdlər, ərəblər də o vəziyyətdədi. Bütün xalqı iflasa uğradıb, səfalətə düçar edib. Demək olar 80 milyonluq xalqı pis duruma salan bir dövlət xaricdə də bu siyasəti tətbiq etmək istəyir. Azərbaycanın 10 milyon əhalisi var, bu aqressiv dövlət hələ atom bombasına da sahib olmaq istəyir. Ona görə də terror dövlətindən özümüzü qoruma üçün ayıq-sayıq olmalıyıq.

- Hesab edirsiniz ki, İranın Azərbaycana qarşı təxribatları, hətta terror siyasəti də davam edəcək?

- Qətiyyətlə demək olar ki, İran Azərbaycan dövlətinə qarşı təxribatı, terror aktlarını davam etdirəcək. Bu, onun mahiyyətindən irəli gəlir, Beşinci aydır ki, İranda etirazların şahidiyik, o cümlədən, güney azərbaycanlıların. Beş ayda xalqlar öz tələblərini irəli sürüblər. Azadlıq, ədalət, milli hökumət istəyirlər. Rejim isə 20 mindən artıq insanı həbs edib, 600-dən çox insanı öldürüb ki, onların da 70-ə yaxını uşaqdır. Həbs olunanları edam edirlər. Dövlət öz millətinə qarşı necə belə amansız ola bilər? Zəlzələlər zamanı dövlət fəlakətə uğrayan insanların dadına çatmayıb, onlara kömək etməyib. Bu yaxınlarda Xoydakı zəlzələ ilə də heç bir dövlət orqanı maraqlanmadı. Azərbaycan, Türkiyə kömək təklif etsə də, rejim qəbul etmədi. Bu dövlətin siyasəti azərbaycanlıları fəlakətə uğratmaqdı. İstəyir ki, məcbur olub torpaqlarından köçsünlər, yer-yurdları qalsın farslara. İkinci səbəb isə eko böhran yaratmaqla, Urmiya gölünü qurutmaqla və s. addımları buna təhrik edir. Xoyda çoxsayda insan həlak olub, 1500-dən artıq yaralanan var, evlər uçub, bəziləri ziyan görüb. Xalq özü - Təbrizdən, Ərdəbildən, Zəncandan, Urmiyadən zərərçəkənlərə yardım aparır, amma onların da yolunu kəsirlər. Qoca, qadın, uşaq qarın, şaxtanın altında titrəyir. Etirazlara isə güllə ilə cavab verirlər. Bu rejimdən hər şey gözlənilir.

- Siz Xoyla bağlı fikirlərinizi bildirdiniz. Xoyda həqiqətən insanlıq dramı yaşanır. Rejimin bu cür addımları onun başqa hansı niyyətlərindən xəbər verir?

- Rejimin panfarsist siyasəti ona yönəlib ki, insanlar Xoyu və ətrafı tərk edib, Tehrana, digər yerlərə köçsünlər. İraqdan gələn kürdləri, digər etnikləri, həmçinin, erməniləri ora, Güney Azərbaycan torpaqlarına yerləşdirsinlər. Biz istəməyəndə isə, münaqişə yaratsınlar. Urmiya gölünü qurutmaqda da məqsəd eynidir. Gölü qurudandan sonra 15 milyona yaxın insan, onun ətrafındakı şəhərlər köçürüləcək. Yaşayış məntəqəsi, böyük bir ekosistem fəlakətlə üzləşir və duzluğa çevrilir. Bu zəlzələnin süni olaraq yaradıldığına dair elmi fikirlər var. Çünki Xoy ətrafında qızıl mədənləri var və İran oranı Çinə icarəyə verib. Zəlzələ yaratmaqla torpaq yumşalır və çox bahalı olan filiz litiumu çıxarmaq mümkün olur. Ancaq rejim belə bunu etiraf etmir. Lakin bu prosesi bilənlər bu barədə danışırlar. Urmiya gölünün də bahalı filizlərin, o cümlədən, litiumun məkanı olduğu deyilir. Ona görə də rejim gölü qurudur. Bəzi xarici ölkələr gölün qurumasının qarşısını almaqda kömək təklif etsələr də, rejim buna razı olmadı. Bunlar milyonlarla insanın həyatının məhv edilməsi, münbit əraziləri xarabazarlığa çevrilməsi, millətlərin əriməsi deməkdir, amma rejim vecinə də almır. Ancaq və ancaq fars imperiyasının mənafelərinə, hədəflərinə hesablanmış addımlar atır. Şəxsən mən ümidvaram ki, bunun sonu olmayacaq. Gələcəkdə elə bir system yaranacaq ki, bütün xalqlar sülh, azadlıq, rifah içində, qonşuluq münasibətlərdə yaşayacaqlar. İran rejimi təcavüzkar, Ermənistana dost, Azərbaycana düşmən siyasəti, Güney Azərbaycandakı təxribatları ilə özünün sonunu gətirəcək. Bəşəriyyət faşisti, heyvansifət işləri dözümlə qarşılamayacaq. Biz həmrəy olub, güneyli, quzeyli bir-birimizə yardım etməkdən çəkinməməliyik. Birliyimizi qoruyub saxlamalıyıq.

 

 





07.02.2023    çap et  çap et