525.Az

Əlisi-vəlisi-dəlisi - hamısı "Tik-Tok"dadır... - Sosial şəbəkədə yazılanlar


 

Əlisi-vəlisi-dəlisi - hamısı "Tik-Tok"dadır... - <b style="color:red"> Sosial şəbəkədə yazılanlar</b>

Şəfəq Mehrəliyeva, media eksperti:

- BMT Baş Məclisinin sentyabrdakı ümumu debatları zamanı Nyu-Yorkun 42-ci küçəsində yerləşən kibrit qutusuna bənzər baş qərargahı qarışqa yuvası tək məşğul olur. Burada üzv dövlətlərin başçıları nəinki qlobal gündəmi müzakirə edirlər, həm də öz nümayəndə heyətləri ilə bərabər, bir-biriləri ilə işçi görüşlər keçirir. Beləliklə, BMT binasının hər küncü işgüzar ofisə çevrilir. Təhlükəsizlik və məxfilik məqsədi ilə arakəsmələr qurulub, dəhlizlər kiçik danışıqlar otaqları kimi xidmət edir. İşgüzar görüşlər planlaşdırılmış vaxtı aşanda digər ölkələrin nümayəndə heyəti arakəsmələrin qarşısında növbəyə düzülüb öz təyin olunmuş ərazisini boşaltmağı xahiş edirdilər.

2000-ci illərin əvvəlində ABŞ-da "Azərtac"ın xüsusi müxbiri kimi çalışdığım dövrdə Azərbaycan nümayəndə heyətini BMT Baş Məclisi görüşlərində mən də müşayiət edirdim. Dövlət başçımız ikitərəfli görüşünü arakəsməli otaqda yekunlaşdırmaq üzrə idi. Mən isə, pəncərədən tutqun Nyu-York səmasına baxırdım. Arxadan mülayim tonla kimsə soruşdu: "Hava bu gün maraqlıdır, elə deyilmi?" Üzümü çevirəndə danışanın kim olduğunu görüb bir anlıq şaşırdım, sözlərimi itirdim. O isə mülayim səslə davam etdi. Ayaqüstə bir qədər söhbət apardıq.  Onun nümayəndə heyəti yaxınlıqda gözləyirdi. İçəridən Azərbaycan nümayəndə heyəti çıxdı və biz, növbəti görüşə tələsdik. Onun heyəti isə özü ilə birgə danışıqlar ərazisinə daxil oldu. Dəhlizlə uzaqlaşarkən arxama çevrilib bir neçə dəfə boylandım. Baş vermiş epizod mənə sürreal gəlirdi - mən, doğrudandamı indicə nüvə dövlətinin başçısı, əfsanəvi General Pərviz Müşərrəflə hava barədə söhbət etdim?!

İllər sonra onun memuarlarını əks etdirən "Atəş xəttində" kitabından ona edilən qəsdlər və Pakistanın terrorla mübarizədə aparıcı qüvvəyə çevrilməsinin detalları barədə öyrənirdim.

Ruhunuz şad olsun, General!

 

Xaqani Səfəroğlu, jurnalist:

- 1 saatdır "TikTok"da gəzirəm...

Mənzərəni yek kəlmə ilə izah eləmək çətindir. Çin yekə bir təcrübə plantasiyası yaradıb. Əlisi-vəlisi-dəlisi- hamısı ordadır.

Böyük bir informasiya xaosunun içində olan adamlar seçilmək və pul əldə etmək üçün əlləşirlər.

"TikTok" hamıya tuşlanmış böyük bir videokameradır. Corc Oruellin məşhur "1984" kitabında olduğu kimi... Sən bu kameranın qarşısında danışırsan, gülürsən, ağlayırsan - sənə baxan "Böyük Qardaş"ın xoşuna gəlmək istəyirsən.

Bu, yeni bir psixoloji-sosial təzahürdür. Orada mühiti emosiyalar idarə edir.

Lentdə kadrlar sürətlə dəyişir. Vətən barədə pafosla danışan adamı tez bir zamanda anlaşılmaz mesajlar verən digərləri əvəz edir. Sən birinin təsirindən çıxmamış indicə baxdığının təm tərsi olan yeni bir infoya tuş olursan...

Sənə elə gəlir ki, ətrafında 10 minlərlə adam sayıqlayır...

Laqqırtı həvəskarları, ağıllı görünmək istəyənlər, tənha olanlar, özünü həyasızlığa vuranlar, avanturistlər, dələduzlar, söz demək istəyənlər, ümidini itirənlər "TikTok"un virtual aləmində təsəlli tapır, danışır, bağırır, gülür, sənə əl yelləyir...

"TikTok"da heç kim heç kimin kitabını oxumur, öz "kitabını" ən yaxşı və lazımlı bilir. "TikTok" böyük bir bazardır. Hər "mal"ın da öz "alıcısı" var.

 

Elşən Mustafayev, tarixçi:

- At bazarı, minillik tərəkəmə ənənəsi.

Gürcüstanda geniş yayılmış qışlaq-yaylaq heyvandarlığı, tərəkəmə həyat tərzi ilə əlaqədar, əsas minik vasitəsi olan atlara təsərrüfat həyatında geniş ehtiyac vardır. Məhz buna görə də hər həftənin bazar günü Marneuli şəhərinin yanında at bazarı təşkil edilir. At bazarı olan bu yerdə hər həftə yüzlərlə at alınıb satılır (qoşqu, iş heyvanı və s.). Gürcüstan vətəndaşları olan erməni, azərbaycanlı, gürcü əsilli kəndlilər at və uzunqulaqlara tələbatını buradan təmin edirlər. Qışlaqlarda, həmçinin, yaylaqdan qışlağa və əks istiqamətdə köç yolu ilə hərəkət edilməsi üçün atlar orta əsrlərdə olduğu kimi bu gün də öz əhəmiyyətini qoruyur. Atçılıq varsa, demək, yəhərçilik (sərraclıq) sənəti də Gürcüstanda diridir, yaşayır. Atların qiyməti 1000-5000 lari arasında dəyişir.

 

Vilayət Quliyev, filologiya elmləri doktoru:

- Deməli, 78 il bundan əvvəl fevralın 4-də Krımda Stalin, Ruzvelt və Çörçillin iştirakı ilə öz işinə başlayan məşhur Yalta konfransında belə bir hadisə olmuşdu. Üçlüyün görüşü zamanı Çörçillin adyudantı ona kiçik bir "zapiska" verir. Çörçill kağızı təbəssümlə gözdən keçirir, sonra trubkasının közü ilə alışdırıb külqabına atır, adyudanta yüngülcə göz vurub:

- Narahat olma, qoca qartal öz yuvasından heç yerə uçmaz, - deyir.

Seyrçisi olduğu epizod Stalinə çox şübhəli görünür. Beriyaya tapşırır ki, nəyin bahasına olursa olsun, bu sirrin üstünü açsın. Amma sovet kəşfiyyatının bütün səylərinə baxmayaraq, hətta bir-iki nəfər güllələnsə də, heç nə öyrənmək mümkün olmur.

Beləcə, Stalin Çörçillin nə demək istədiyini bilmədən ölür.

1950-ci illərin ortalarında Londonda rəsmi səfərdə olan SSRİ Nazirlər Sovetinin sədri Bulqanin Xruşşovun tapşırığı ilə Çörçillə görüşü zamanı Yaltadakı hadisə barədə soruşur.

Çörçill bir anlıq fikrə gedir sonra:

- Hə, - deyir, - köməkçim kağızda yazmışdı ki, bəs şalvarımın qabağı açıq qalıb...

 

Fərid Pərdəşünas, texnobloger:

- Ceyhun Səmədovun "Getmə" ifası yutub üzərində qısa zamanda 3 milyondan çox izləmə (dinləmə) əldə edib. "Əqrəb Mövsümü" efirə getdiyi günlər ərzində sosial mediada ən çox danışılan mövzu və quqlda ən çox axtarılan açar söz olub. "Technote"un Azərbaycanın ilk 100.000-i keçən texnologiya kanalı olmasına cəmi 4000 abunə qalıb. Vüsal Yusiflinin elmi-kosmik "Tik-Tok" kanalındakı son videosu yarım milyon izlənib. Bunlar sadəcə bir neçə nümunədir.

Cəmiyyətə yaxşının nə olduğunu göstərməsən, onlar mövcudların arxasınca gedəcək. Və mövcudlar çox diqqət çəkəndə, hər kəs onu təkrarlamaq istəyəcək. Cəmiyyəti dəyişən insanlar cəmiyyətin arxasınca gedənlər yox, cəmiyyəti öz arxasınca aparan insanlardır. Bu gün bu sadaladıqlarım ölkə trendlərinə tez-tez giriş edə bilməsələr də, yeni bir başlanğıcın yaxşı mesajıdır. Azərbaycanda keyfiyyətli məzmun istehsalında növbəti 3 ildə ciddi dəyişikliklər olacaq. Bütün sponsorları, media və dövlət qurumlarını yaradıcı məzmuna yatırım etməyə dəvət edirəm.

 

Asif Nərimanlı, jurnalist:

- İran mövzusunun geosiyasi aktuallıq qazanması Laçın yolundakı aksiyanı beynəlxalq gündəmdə arxa plana keçirib: bu, bizim maraqlarımıza uyğundur;

1. Beynəlxalq ictimaiyyətin diqqətinin azalması Bakıya qarşı təzyiq dalğasını da səngidir;

2. Vaxtın uzanması ermənilərə Bakının diktəsi ilə razılaşmaqdan başqa çıxış yolunun olmadığını anlamağa kömək edəcək: kənardan dəstəyin azalması bu məsələdə həlledici amildir.

Mövcud vəziyyətdən sülhməramlılar da yetərincə yararlanır. Erməni mənbələrin məlumatlarından belə nəticə çıxır ki, Volkovun dəstəsi daşınan yüklərə görə Ermənistandakı ermənilərdən pul alır, o cümlədən, Qarabağdakı mağazalara malları müəyyən ödənişlər qarşılığında verir.

Volkovun dəstəsinin alveri də ermənilərə Bakıdan başqa gedəcək qapılarının olmadığını anlamağa kömək edə biləcək məqamlardandır. Çünki ermənilər yeganə "təminatçı" kimi gördükləri sülhməramlıların istənilən neqativ davranışından ruh düşkünlüyü yaşayır.

lll

- Paşinyan uşaqlıqdan cığal imiş, istədiyini verməyəndə ağlayırmış.

Uşaqlığı İrəvanda keçən prodüser Oqtay Əliyevin danışdıqları Ermənistanın baş naziri Nikol Paşinyanın danışıqlarda özünü cığal uşaqlar kimi aparmasının, tezdən bir, axşam başqa söz deməsinin izahı baxımından maraqlıdır.

"İrəvanda Qarabazarın arxasında həyət evində yaşayırdıq. Bizdən 3-4 ev aşağıda Nikol Paşinyanın əmisigili yaşayırdı. Yay ayında şəhər uşaqları rayona gedirdi, rayon uşaqları şəhərə gəlirdi. Onun da anası ölmüşdü, atası da ikinci qadın almışdı. Bu da bir az problemli uşaq idi. Dəli deyildi, amma uşaqlar var ki, nəsə istəyir, almayanda özünü yerə-göyə vurur, ağlayır. Mənim qardaşımla eyni yaşda idi, hərdən birlikdə oynayırdılar. Bir dəfə də qardaşımın velosipedini götürüb qaçmışdı. Demişdi ki, ver sürüm, qardaşım da velosipedini vermişdi, sürüb aradan çıxmışdı. Nənəm axşama kimi gözlədi, gələn kimi velosipedi ondan aldı. Bir-iki dənə şillə-təpik də yemişdi. Uşaq vaxtında cığal bir uşaq idi".

Oğurluğu ilə də tanınan Nikolun yalnız gücdən (şillə-təpik) anladığını son iki ildə hər kəs görüb.

 

Orxan Cəbrayıl, həkim:

- Avropada yaşayan bir laçınlı iş adamı layihə hazırlayıb dövlətə təqdim edib ki, icazə versəniz Laçında belə bir turizm kompleksi yaradaram. Və bu istəyini sosial şəbəkələrdə də paylaşıb. Di gəl ki, paylaşıma yazılan şərhlərdə olduqca neqativ münasibətlər gördüm. Niyə də niyə?

Adam Avropada qazandığı pulu öz ölkəsinə, öz rayonuna sərmayə qoymaq istəyir. Bunun nəyi pisdir axı, niyə hər şeyə bir mız qoyuruq?!

 

İbrahim Nəbioğlu, jurnalist:

- QARA QARAYEV və AZAD MİRZƏCANZADƏ

Müəllimim, elmi rəhbərim akademik Azad Mirzəcanzadə klassik musiqi bilicisi idi, çox sevirdi ciddi musiqini. Ən sevdiyi əsərlərdən biri dahi Qara Qarayevin 3-cü simfoniyası idi.

Azad müəllim Qara Qarayevdən 10 yaş kiçik idi, bir məhlədə böyümüşdülər. "Kara Abulfazoviç" deyirdi haqqında danışanda. Sitayiş edirdi onun sənətinə, simfoniyalarını, onların yazılma tarixçəsini, premyeralarını ən kiçik detallarına qədər bilirdi.

Heç unutmuram, dissertasiyamın ilkin variantını Azad müəllimgilə aparmışdım. Evi yaxın olduğu üçün aspirantlarını tez-tez 28 may küçəsindəki (Kirxanın qarşısında) evinə çağırardı.

Bacısı ilə bir evdə yaşayırdı Azad müəllim. Heç biri ailə qurmamışdılar. İradə xanım mətbəxdə çay dəmləyir, Azad müəllim kitabların əhatəsində mənim elmi işimi vərəqləyirdi. Köhnə "proiqrıvateli" Qara Qarayevin ölməz Adajiosunu çalırdı...

Bu gün (fevralın 5-də) Azərbaycan musiqi tarixinin ən böyük bəstəkarlarından biri olan Qara Qarayevin (1918-1982) 105 yaşı tamam olur.

Qara Qarayev musiqisini bizə Azad müəllim sevdirmişdi.

Allah iki dost, iki nəhəng insana rəhmət eləsin...

 





07.02.2023    çap et  çap et