525.Az

Ünvanlı yardım təyin edilən ailələrin üzvləri İTS üzrə tibbi xidmətlərdən yararlana biləcəklər


 

Ünvanlı yardım təyin edilən ailələrin üzvləri İTS üzrə tibbi xidmətlərdən yararlana biləcəklər<b style="color:red"></b>

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu (DSMF) və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Fonddan 525.az-a verilən xəbərə görə, memoranduma əsasən ünvanlı dövlət sosial yardımı təyin edilən aztəminatlı ailələrin üzvləri icbari tibbi sığorta üzrə Xidmətlər Zərfinə daxil olan tibbi xidmətlərdən yararlana biləcəklər.

DSMF-nin İdarə Heyətinin sədri Himalay Məmişov aztəminatlı ailələrin rifahında mühüm rola malik olan ünvanlı sosial yardım proqramının icrası barədə məlumat verib. O, 2022-ci ildə 60 mindən çox ailə üzrə 300 minədək şəxsin bu proqramla əhatə olunduğunu, ünvanlı sosial yardımın hər ailəyə düşən orta aylıq məbləğinin ötən il daha 40 faiz artaraq 392 manata çatdığını bildirib. H.Məmişov TƏBİB-lə imzalanan əməkdaşlıq sənədinin əhəmiyyətini vurğulayıb.

Bildirilib ki, bu əməkdaşlıq sənədi ünvanlı yardım təyin edilən ailələrin zəruri tibbi müayinə xidmətləri ilə təminatında mühüm dəstək rolunu oynayır.

Bu xidmətlərə ehtiyacları yarandıqda DSMF tərəfindən TƏBİB-ə təqdim edilən məlumatlar əsasında həmin ailələrin üzvlərinə sözügedən tibbi xidmətlər göstəriləcək.

TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov ötən il ərzində TƏBİB-in tabeliyində olan tibb müəssisələri tərəfindən əhaliyə 44 136 303 xidmət göstərildiyini bildirib. O, xidmət göstərilən şəxslərin sayının əvvəlki illərə nisbətən artdığını, ötən il isə 4 557 008 təşkil etdiyini bildirib.

Qeyd edib ki, imzalanan Memoranduma əsasən Fond tərəfindən təqdim edilmiş siyahılar əsasında TƏBİB-in tabeliyindəki tibb müəssisələri ünvanlı yardım təyin edilən ailələrin ümumi müayinə və yoxlanışları, habelə laborator, instrumental və digər tibbi müayinələrinə zəruri dəstəyi göstərəcək.

Üç il müddətini əhatə edən memorandum sosial müdafiə və səhiyyə sahələrində qarşılıqlı faydalı, uzunmüddətli və effektiv əlaqələrin qurulması və inkişafı üçün əməkdaşlıq çərçivəsini və koordinasiya prosedurlarını müəyyən edir.

 





07.02.2023    çap et  çap et