525.Az

“Qızım deyir, kaş atam sağ olardı, yenə saçlarımı darayardı...”


 

“Qızım deyir, kaş atam sağ olardı, yenə saçlarımı darayardı...”<b style="color:red"></b>

Qarabağımızı azad edərək şanlı Zəfəri qanı ilə igidlərimizdən biri də şəhid Cəmaləddin Türbəndə oğlu Məmmədovdur. Bu dəfə onun ailəsi ilə birlikdə qəhrəmanımızın həyat yoluna birlikdə yad etdik.
 
Cəmaləddin Məmmədov 1988-ci il aprelin 21-də Ağcabədi rayonunun Kürdlər kəndində anadan olub. 1995-2006-cı illərdə doğulduğu kənddə yerləşən orta məktəbdə təhsil alıb. 2006-2007-ci illərdə hərbi xidmətdə olub.
 
O, 12 il mühafizə polisi kimi çalışıb. Cəmaləddin Məmmədovun atası da polis olub. 2020-ci ildə yanvar ayında öz ərizəsi ilə işdən çıxaraq, müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi könüllü hərbi xidmətə yazılır. Quru qoşunlarında kiçik çavuş kimi fəliyyət göstərib.
 
Şəhidin Həyat yoldaşı Kərimova Aynur Calal qızı deyir ki, onların Cəmaləddinlə evliliyindən iki övladları var. Bir qız, bir oğlan:
 
“Oğlumuz Zülfiqar 2010-cu ildə doğulub, hazırda 6-cı sinifdə oxuyur. Böyüyəndə polis olmaq istəyir.  Qızımız Günəş 2014-cü ildə doğulub. Hazırda 3-cü sinifdə oxuyur.
 
Cəmləddin uşaqlarımızı çox sevirdi. Müharibəyə gedəndə də ancaq uşaqlarını soruşurdu, çox yaxşı ailəcanlı biri idi. Həmişə balalarına hədiyyələr alardı. Onun aldığı hədiyyələri övladlarım hələ də saxlayır. Oğlmuzu da çox igid görmək istəyirdi. Bir müddət onu taekvondoya qoymuşdu. Deyirdi, bax, döyülmə. Qızımız deyir ki, ana, kaş atam yox, mən öləydim. Uşaqlar gündəliyini gətirirdi, onlara qiymətlərinə görə pul verirdi, motivasiya edirdi. Həmişə Günəşin saçını darayırdı. İndi qızım deyir, saçlarım uzanıb, kaş atam  sağ olardı yenə saçlarımı darayardı. Oğlum çox xoşlayıdı atasının uniformasını. Bir dəfə geyinmişdi, şəkillərini çəkmişdi. Cəmalədin onu görüb elə sevinirdi ki... Şəklin çəkib dostlarına göstərirdi ki, mənim oğlum da davamçımız olacaq.
 
2020-ci il avqustun 15-də oğlumuzun ad günü idi, çağırış gəldi bir başa hərbi xidmətə getdi. Beylaqanda “N” saylı hərbi hissədə təlimlərdə idi. Ondan sonra Füzuli istiqamətində döyüşlərə başladı. Müharibə barədə heç nə demirdi. Hərbi sirri qoruyurdu. Hərbiyə gedəndə sadə telefon aparmışdı. Həmişə mənə ailəsini, övladlarımızı tapşırırdı.
 
Onunla keçən hər günümüz bir xatirədir. O, ata - anasına çox bağlı idi. İki qardaşı vardı, onları da çox sevirdi. Qardaşları kənd təsərrüfatı ilə məşğuldurlar, haçan çağırsalar, həmin an gedərdi. Yoldaşları deyir ki, çox mərd oğul idi. Hər kəsdən ötrü canını verərdi, qorxmazdı.
 
2020-ci 1 oktyabrında həmin günü işdə növətçiydim. Evə gələndən sonra iş yoldaşlarım zəng etdilər ki, yoldaşınla danışa bilirsən? Ondan 20 dəqiqə sonra atam dedi ki, bizə gəl. Getdim, həmin vaxt xəbər tutdum. Dünaya başıma yıxılmışdı sanki. Həmin gecə səhərə klimi üşüyürüdüm. Sən demə, yoldaşım şəhid olub... (Red. ağlayır...)
 
Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Bu gün biz onların, qazilərimizin sayəsində rahat yaşayırıq. Bizim üçün sevindirci və kədərlidir. Sevindiricidir ki, torpaqlarımız azad olundu. Kədərlidir ki, özvladlarımız bir ömür ata sözünü deyəndə yanlarında ataları olmayacaq. Allah müstəqil Azərbaycanımızı var eləsin! Yaşasın Ali Baş Komandanımız İlham Əliyev!”
 
Şəhidin bir zamanlar yaşadığı küçə indi onun adını daşıyır. Bundan əlavə adına abidə-bulaq komplekis var.
 
Azərbaycan Ordusunun kiçik çavuşu olan Cəmaləddin Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Cəmaləddin Məmmədov sentyabrın 27-də Cəbrayıl döyüşləri zamanı şəhid olub. Ağcabədi rayonunun Kürdlər kəndində dəfn olunub.
 
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən, Cəmaləddin Məmmədov ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə",  "İgidliyə görə",  "Füzulinin azad olunmasına görə",  "Xocavəndin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" və "Vətənə xidmətə görə" medalları ilə təltif edilib.
 
Ruhun şad olsun, şəhid qardaşım!


 
 
 

 





24.01.2023    çap et  çap et