525.Az

Ədəbiyyat İnstitutunda daha bir beynəlxalq konfrans


 

Ədəbiyyat İnstitutunda daha bir beynəlxalq konfrans<b style="color:red"></b>

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda "Əlişir Nəvai və XXI əsr" mövzusunda 8-ci beynəlxalq konfrans başlanıb. Konfrans AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universiteti və Özbəkistan Milli Elmlər Akademiyasının birgə təşkilatçılığı ilə keçirilir.

Tədbirdən öncə Əlişir Nəvaiyə həsr olunmuş əsərlərdən ibarət sərgiyə baxış olub.

Beynəlxalq konfransı AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli açaraq Türkiyədə baş vermiş və insan tələfatı ilə nəticələnən güclü zəlzələ ilə bağlı qardaş ölkəyə başsağlığı verib. Sonra qardaş Türkiyədə zəlzələ nəticəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Həmçinin, bugünlərdə vəfat edən dəyərli alim, Ədəbiyyat İnstitutunun şöbə müdiri Mahirə Quliyevanın xatirəsi anılıb.

Son illərdə Azərbaycan-Özbəkistan əlaqələrinin inkişaf etdiyini, Prezident İlham Əliyevin Türkiyə və Özbəkistanla əlaqələrin inkişafına xüsusi önəm verdiyini deyən akademik İsa Həbibbəyli Ulu öndər Heydər Əliyevin dediyi və bütün səviyyələrdə isbat olunan "Bir millət, iki dövlət" anlayışının artıq genişlənməyə doğru getdiyini söyləyib. Bildirib ki, artıq bu şüar Özbəkistanla münasibətlərin güclənməsindən sonra "Bir millət, üç dövlət" kimi qəbul olunur və bu, Türk dünyası üçün əhəmiyyətli hadisədir: "Hər il dünyanın bir çox bölgəsində Özbəkistan xalqının görkəmli nümayəndəsi Əlişir Nəvaiyə həsr olunmuş konfranslar keçirilir və Azərbaycan alimləri də həmin tədbirlərdə aktiv iştirak edirlər. "Əlişir Nəvai və XXI əsr" mövzusunda səkkizincisi keçirilən beynəlxalq konfrans isə bu günə qədər yalnız Özbəkistanda keçirilib. Lakin bu il Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universiteti konfransın ilk dəfə Özbəkistandan kənarda, Azərbaycanda keçirilməsi barədə qərar qəbul edib. Bu, qardaş ölkənin bizə bəslədiyi ehtiramın, birliyin ifadəsidir".

Azərbaycanın Əlişir Nəvainin və nəvaişünaslıq elminin ikinci vətəni olduğunu deyən akademik, diqqətə çatdırıb ki, 19-cu əsrin sonu 20-ci əsrin əvvəllərindən başlayaraq ədibin əlyazmaları, əsərləri ölkəmizdə geniş yayılıb, tədqiqatlara cəlb olunub və xalqımız tərəfindən Füzuli, Nəsimi səviyyəsində qəbul olunur.

Sonra akademik İsa Həbibbəyli Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetinin rektoru, professor Şuxrat Sirojiddinova sözügedən universitetdəki Füzulinin adını daşıyan mərkəzdə sərgilənməsi üçün Məhəmməd Füzulinin portreti əks olunan xalça hədiyyə edib.

Şuxrat Sirojiddinov təşəkkürünü bildirərək, təmsil etdiyi Universitet və onun Ədəbiyyat İnstitutu ilə əlaqələrindən danışıb.

Daha sonra Özbəkistan Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Bahrom Aşrafxanov, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov, Ədəbiyyat İnstitutunun Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələri şöbəsinin müdiri, filologiya elmləri doktoru Almaz Ülvi Binnətova, Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetinin professoru Nurboy Cabbarov, İstanbul Mədəniyyət Universitetinin professoru Vahid Türk, Macarıstanın Etvos Loran Universitetinin kafedra müdiri Benedik Peri və Cənubi Koreyanın Dongduk Universitetinin professoru Oh Eun-Kyung çıxış edərək Azərbaycan-Özbəkistan münasibətlərinin inkişafından, eləcə də konfransın əhəmiyyətindən danışıb, ölkəmizdə Əlişir Nəvai ilə bağlı aparılan tədqiqatları yüksək qiymətləndiriblər. AMEA-nın müxbir üzvü Nüşabə Araslı, filologiya elmləri doktorları Ramiz Əskər, Elman Quliyev və Yaşar Qasımbəyli də çıxışlarında görülən işlərdən və qarşıda duran planlardan bəhs ediblər.

Tədbir öz işini panel iclasları ilə davam etdirib.

 





07.02.2023    çap et  çap et