Rusiyanın Ukraynaya qarşı müharibəsi daha şiddətli mərhələyə daxil olduğu və Moskvadan səslənən nüvə hədələri artdığı üçün bütün diqqətlər hərb meydanına yönəlib. Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi (BKİ) Rusiyanın Donetsk və Luqansk vilayətlərində, eləcə də Zaporojye istiqamətində yeni hücuma keçə biləcəyi ilə bağlı xəbərdarlıq edib. BKİ-də hesab edirlər ki, bu məqsədləri həyata keçirmək üçün Rusiya daha 500 minə qədər insanı hərbi səfərbərliyə cəlb etməyi planlaşdırır.
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini, keçmiş prezident Dmitri Medvedyevin nüvə dövlətinin müharibədə məğlub olmasının nüvə müharibəsinə səbəb ola biləcəyi ilə bağlı təhdidedici bəyanatı Qərb dövlətlərini də müəyyən addımlar atmağa vadar edir. ABŞ Müdafiə Nazirliyi nüvə müharibəsi ehtimalının aşağı olmasını bəyan etsə də, Rusiya prezidenti Vladimir Putinin taktiki nüvə silahına əl ata biləcəyi halına hazır olmaq üçün hərbi təlimlər keçirir. ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Uilyam Börns fevralın ilk günü Vaşinqtonda çıxışı zamanı deyib ki, Rusiya rəsmiləri ilə danışıqlar zamanı onları Ukraynada taktiki nüvə silahından istifadənin nəticələri barədə açıq şəkildə xəbərdar ediblər. Lakin buna baxmayaraq MKİ-nin rəhbəri Rusiyanın nüvə zərbəsi endirəcəyi ilə bağlı təhdidlərini diqqətdən qaçırmamaq haqqında da xəbərdarlıq edir.
Ukraynanın Qərb istehsalı tanklarla təminatı ilə Rusiyanın növbəti "qırmızı xəttti" keçildi. İndi isə Ukraynaya Qərb istehsalı qırıcı təyyarələrin verilməsi gündəmə gəlib. Almaniya kansleri Olaf Şolts, ABŞ prezidenti Co Bayden, Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrel, eləcə də İsveçin müdafiə naziri Pol Consonun Ukraynaya döyüş təyyarələrinin verilməsini istisna etmələrinə baxmayaraq, ekspertlər və siyasətçilər tezliklə bu "qırmızı xətt"in də keçiləcəyi qənaətindədirlər. Çünki bəzi ölkələrin rəsmiləri fərqli mövqelər ifadə etməkdədirlər. Məsələn, Hollandiyanın xarici işlər naziri Vopke Hustra ölkəsinin Ukraynaya F-16 qırıcılarının verilməsi imkanlarını nəzərdən keçirəcəyini bildirib. Polşanın Baş naziri Mateusz Moraviecki isə deyib ki, Varşava ABŞ istehsalı olan təyyarələri Ukraynaya verməyə hazırdır, lakin bunu NATO ilə əlaqələndirilmiş şəraitdə etmək istəyir. Fransa prezidenti Emmanuel Makron isə Ukraynaya fransız təyyarələrinin verilməsini istisna etməyib. Çexiyanın yeni seçilmiş prezidenti Petr Pavel daha da irəli gedərək Ukraynanın nüvə bombasından başqa istənilən silahla təmin edilməli olduğunu bəyan edib.
Ekspertlər hesab edir ki, Ukrayna Qərb müttəfiqlərindən məşhur F-16-larla yanaşı, İsveçin JAS 39 Gripen, Fransanın Dassault Rafale və bir neçə Avropa ölkəsinin birgə istehsalı olan Eurofighter Typhoon qırııcılarından da ala bilər. Almaniya, İtaliya, İspaniya və Böyük Britaniya bu çoxfunksiyalı qırıcıya sahib olduqları üçün Ukraynanın Eurofighter Typhoon təyyarələri ilə təminatı bir neçə ölkə tərəfindən həyata keçirilə bilər.
Lakin ekspertlər hesab edirlər ki, Ukrayna üçün ən uyğun variant ABŞ-ın F-16-sını almaqdır. Xüsusilə onun ən müasir versiyası F-16V Blok 70/72 Ukrayna üçün ən əlverişli qırıcı təyyarə hesab olunur. Bunun isə bir neçə səbəbi bir. Birinci səbəb F-16-nın kütləviliyidir. Rəsmi məlumatlara görə, bu günə kimi 4600 ədəd F-16 istehsal olunub. Ukraynaya isə 170-180 ədəd F-16 qırıcısının verilməsi tam yetərli olacaq. F-16-lar bu günə qədər bir neçə müharibədə istifadə edilib və zamanın sınağından uğurla çıxıb. F-16-ları daha cəlbedici edən digər səbəb ehtiyat hissələrinin bol, mühəndis-texniki bazasının geniş olmasıdır. F-16-ların bir saat uçuş xərci 7 min dollar olduğu halda, Eurofighter Typhoon-ın bir saatlıq uçuş xərci 18 min dollardır. Digər tərəfdən, aviasiya parkın tamamilə yeniləmək, onu F-22 və F-35-lərlə formalaşdırmaq istəyən Pentaqon Ukraynaya F-16-ların verilməsində çox maraqlıdır. Ümumiyyətlə, Pentaqon Rusiyanın Ukraynaya qarşı müharibəsindən ən çox bəhrə götürən tərəf hesab olunur. ABŞ Müdafiə Nazirliyi silah-sursat anbarını yeniləmək üçün çox əlverişli imkan qazanıb.
Ukrayna və onun Qərb müttəfiqləri Rusiyanın "qırmızı xətt"lərini bir-birinin ardınca keçməkdədir. Ukraynaya qarşı genişmiqyaslı müharibə başlamazdan öncə Qərb Moskvanı bu addımdan çəkindirmək üçün Rusiya banklarının SWIFT-dən, məlumatların ötürülməsi və ödənişlərin həyata keçirilməsi üçün beynəlxalq banklararası sistemdən çıxarılacağı haqqında xəbərdarlıq edirdilər. O zaman Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev bu addımın Moskvada müharibənin elan edilməsi kimi dəyərləndiriləcəyi, buna uyğun da cavab veriləcəyini bildirmişdi. Rusiyanın bütün böyük bankları SWIFT-dən çıxarılsa da, Moskva heç bir cavab tədbiri görə bilmədi.
Ötən bazar günü, fevralın 5-də isə Rusiyadan Avropa İttifaqına neft məhsullarının, xüsusən də benzin, dizel, kerosin və mazutun idxalına qadağa qüvvəyə minib. Bundan iki ay əvvəl Rusiyadan Avropa İttifaqına xam neft ixracına qoyulan qadağa qüvvəyə minmişdi. Paralel olaraq da Rusiyadan ixrac edilən xam neftin qiymət həddi müəyyən edilmişdi. Daha öncə isə Rusiyanın Avropanın qaz bazarından təcrid edilməsi üçün önəmli addımlar atılmışdı. Rusiya bütün bunları qırmızı xətt adlandırdı və cavab verməklə hədələyirdi. Rusiya bir sıra cavab tədbirləri elan etsə də, onlar bir qayda olaraq kağız üzərində qaldı. Artıq aydındır ki, Rusiyanın keçilməz "qırmızı xəttləri" Ukraynanı və onun Qərb müttəfiqlərini dayandırmaq iqtidarında deyil.