525.Az

Təxəyyülün aydın güzgüsündəki həyat - Aygün Yaşar yazır


 

ORXAN CUVARLININ HEKAYƏLƏRİ HAQQINDA QEYDLƏR

Təxəyyülün aydın güzgüsündəki həyat - <b style="color:red"> Aygün Yaşar yazır</b>

Gənc yazıçı Orxan Cuvarlının "Qardaşımın atası" hekayəsini oxudum. Günlərim mütaliəsiz keçməsə də, bu, Orxandan oxuduğum ikinci hekayədir. Təəccüb edirəm: niyə belə az? Özüm də cavab verirəm ki, yazarlar çoxdur axı, əsərlər çoxdur, zaman çatmır, yəqin. Yenə özüm-özümə etiraz edir və xəyalən belə bir daxili dialoq qururam: "Axı Orxan kimi yazarlar çox deyil. Belə müəllifləri oxumalıyıq, Aygün, hər yazıya vaxt ayırmaq düzgün deyil.

- Oxumasam, necə bilərəm, necə kəşf edərəm yeni imzaları?

- Hə, yaxşı, sən deyən olsun. Əsas odur ki, nəhayət, Orxanın hekayəsi səni yenə nəsə yazmağa vadar edir...

- Məmnuniyyətlə yazıram!

İlk növbədə bunu qeyd edim ki, obrazlarının psixoloji durumunu, sətiraltı deməzdim, təsviraltı tərzdə ifadə etməkdə ustadır Orxan:

"- Durumun bu kadar vahim olduğunu düşünmemiştim...

Həkimin ikinci zərbəsi də gecikmədi. Eldar masadakı bir stəkan suyu başına çəkdi. Yanğısı keçmədi. Həkim siyirmədən çıxardığı qovluğu vərəqləyib kağıza nəsə yazırdı. Vərəqlərin narın sərinliyi aram-aram Eldarın xəfədən pörtmüş sifətinə vurdu. Eldar handan-hana boğazında düyünlənən iki kəlmədən zorla xilas oldu:

- Peki, ne yapabiliriz?"

"Vərəqlərin narın sərinliyi"ni siz də hiss etdinizmi? Mən də.

Başqa nümunələrə baxaq:

"İyirmi-iyirmi beş metrlik dəhliz indi ona ucsuz-bucaqsız görünürdü".

"Yadındadır, nənəsi anasının xəstəliyini ilk eşidəndə qulağını çəkib divarı üç dəfə taqqıldatdı. Eldar heç vaxt bu üç taqqıltının illər uzunu beynini cırmaqlayacağına inanmazdı. Bu üç taqqıltı uzun illər heç ağlına gəlməyən yerlərdə, gözləmədiyi məqamlarda qəfil güllə kimi beyninə tuşlanır, ürəyini səksəkədə saxlayırdı. Suya düşən damlalar kimi həlqələr yaradıb beyninə yayılan bu üç taqqıltı hafizəsinin ən qorxunc silahı idi".

Burada hekayəni yenidən "yazmaq" fikrim yoxdur. Bu kiçik nümunələr də artıq sizi hekayəni tam oxumağa həvəsləndirə bilər.

Orxanın sözə münasibəti kor-kobud deyil. Hiss olunur ki, hər sözü "üfürə-üfürə" istifadə edir.

Mənzərə - peyzaj və bədii portret yaratma gənc yazıçıda çox keyfiyyətli alınır:

"İndi solğun, boyası qopuq-qopuq olan bu qapının o üzü Eldar üçün təkcə ensiz həyətdən, üç göz evdən ibarət deyildi. Bu qapının o üzündə iyirmi iki ilin acı təəssüfü, xatirələri, şirinli-acılı günləri, məhrəm, nabələd qonaqlar, yaxın, uzaq qohumlar, anasının yeməklərinin ətri, yay axşamlarında samovar qoxusu, pürrəngi çayın içinə yayılan isti ləzzəti, cırcırama səsi, isti təndir çörəyilə qarpız-pendirin tamı, təmiz süfrə arxasında ailəvi naharlar, şam yeməkləri, atasının ucuz tütün iyi gələn köynəkləri, anasının əlvan, rəngbərəng şalları, ad günlərində, bayramlarda hər üç otağa yayılan "Krasnaya Moskva" ətrinin tünd qoxusu, evin daimi sakininə çevrilən qonur pişik, "VEF" markalı qırıq radio, babasından qalma, kökdən düşmüş piano, qonşu həyətlərdən süzülüb gələn tərxun, nanə rahiyəsi, valideynlərinin tozlu albomları, tələbəlik şəkilləri, həyətin bir küncündəki əlüzyuyan, yanındakı qırıq güzgü, sabun qabı, bəyaz məhrəba, üzüm tənəkləri, su çəlləkləri, zivədəki paltarlardan gələn təmiz camaşır qoxusu, anasının şirniyyat, çörək bişirdiyi qırmızı soba, "Krım 218" markalı ağ-qara televizor, ipək kilim, rəngli bayram süfrələri, Rusiyadan pay gələn şokolad qutuları, taxt, dəmir çarpayılar, kitab-dəftərlərini yığdığı dolablar, solğun, vərəqləri saralmış kitablarla dolu rəf, qaz plitəsi, anasının cehizlik qab-qacaqları, yayın qızmar, bürkülü gündüzləri, xəfif mehli axşamları, qışın sərt ayazı, payızın durmadan dəmir damı döyəcləyən yağışları, navalçanın altına düzülən vedrələr, ağacların gövdəsini, evin çöl divarlarını, barını boyayandan sonra boşalan əhəng qabları və daha nələr, nələr dayanmışdı".

Hekayənin ən uzun cümləsi də olsa, dəyərinə və sanbalına, müəllifin üslubi imkanlarını aydın göstərdiyinə görə onu burada ixtisarla verməyə əlim gəlmədi, doğrusu.

Orxanın obraz yaratma bacarığı da sevindiricidir. Onun obrazyaratma üsulu elədir ki, sanki bütün obrazlar hekayənin əsas qəhrəmanıdırlar. Məsələn, bu hekayədə ata da, ana da, Malik də, Eldar da, hətta atalarının ikinci dəfə evləndiyi qadın - analıq da dolğun təəssürat yaradır, oxucu üçün aydın obraz olaraq təqdim edilir. Elə götürək haqqında üç - dörd cümlədə söz açılan analıq obrazını.

"-Bir tikə çörək ye, yol yorğunusan.

- İştaham yoxdur, - Eldar gözünü masanın cırıq örtüyünə dikmişdi".

"Cırıq örtük" ögey ananın bu ailədəki, bu evdəki davranış və münasibətlərini göstərən tutarlı bədii detaldır. Daha bu dialoqa da gərək qalmır ki:

"- Həyasız bilirsən nə deyir?

- Kim?

- Ögey anamız.

- Adını çəkmə o ləçərin. O hardan bizim anamız oldu?

- Di yaxşı, boşla. Deyir ki, Malik gözünü o ağ "Niva"ya dikib. Gözləyir ki, atası gözünü yumsun, o dəqiqə behlənəcək.

- Hər sözə bənd olma. Hardadır indi? - Eldar sınayıcı nəzərlərlə həyəti süzüb analığını xəbər aldı.

- Ata xəstə düşəndən qardaşıgilə köçüb.

- Bağda ərik var idi..."

Eyni üsul ilə Malikin də, atanın da xarakter və mahiyyətini obraz olaraq müəyyənləşdirmək olar. Hekayənin başlığı bir az istiqaməti azdırsa da, məlum olur ki, əsas qəhrəman qardaşının atası deyil, elə "atasının böyük oğlu", yəni Eldardır. Kiçik bir hekayədə ailəsini sevən, zəhmətkeş, öz dəyişməz prinsipləri, xarakteri olan gənc kimi təqdim olunan Eldar, ilk növbədə atasının yox, anasının övladı kimi, yəni anasını hər kəsdən çox sevən övlad olaraq tanınır. Anasının ölümündən sonra atasının tez bir zamanda başqa qadını evə gətirməsi Eldarı atasından ömürlük ayıran dalğa oldu. Son nəfəsdə belə atasını danışdırmayan Eldar can üstdə olan atası ilə görüşmək istəmir. Amma:

"Otaqdan çıxmaq istədi, nəsə fikirləşib ayaq saxladı, taxtın yanına qayıtdı. Köynəyinin döş cibindəki siqaret qutusunu, alışqanı atasının yanındakı dolabın üstünə qoydu.

Eldar barmaqlarının ucunda həyətə çıxdı. Üzüm tənəklərinin arasından göy üzü aydın görünürdü. Sürməyi səma buludsuzdu, Ay bədirlənmişdi. Mıxçadan asılan pencəyi ehmalca Malikin üstünə örtdü".

Necə də səliqəli təsvir edilib. Orxanın "Şlaqbaum" hekayəsi də belə sadə dillə, psixoloji təsvirlərlə, maraqlı bədii detallarla işlənib, məsuliyyətlə və yazıçı ehtiyatı ilə yazılıb.

Baxmayaraq ki, Azərbaycandan kənarda daha çox yaşayır, hekayələrində maraqlı ifadə və frazeologizmlərdən istifadə etməsi onu yazıçı kimi sevdirən, üstün edən cəhətlərindən biri olacaq.

"Məşğulat", "mıxça", "mübhəm sükut", "əllərini çataqlayıb", "ürəyini sıxıb-sıxcalayan", "üçgöz ev","mağmın görkəm", "təndirəsər", "naqolay səkilər", "qazdan ayıq idi" kimi onlarla söz və ifadə onun hekayələrinin dilində kolorit yaradan mühüm elementlərdir.

Yazıçılarımızın, bəlkə də, ən əsas vəzifəsi bu gün artan yad təsirlərdən dilimizi qorumaqdır. Bu təsirlər, xarici hücumlar tarixin hər dönəmində qara bulud kimi Azərbaycan türkcəsinin başı üzərində fırlanıb.

Bizim nəsil bu dili indiki halı ilə sənətkarlardan təhvil alıb. İndi isə səngərdə gənc yazarlardır. Bu vəzifənin fərqində olan gənc yazıçılardan biridir Orxan Cuvarlı.

Buna görə gənc yazıçıya təşəkkür edir və yeni uğurlar diləyirəm!

 





08.02.2023    çap et  çap et