525.Az

"Aktrisa Leyla Bədirbəylinin portreti" - "Bir rəsmin dedikləri" rubrikası


 

"Aktrisa Leyla Bədirbəylinin portreti" - <b style="color:red"> "Bir rəsmin dedikləri" rubrikası</b>

"Azərbaycan rəngkarlığının kraliçası" Vəcihə Səmədova 24 noyabr 1924-cü ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Rəssamlıq Texnikumunda təhsil alan Vəcihə xanım sonradan V.İ.Surikov adına Moskva Rəssamlıq İnstitunun rəngkarlıq fakültəsində - tanınmış rus rəssamı Pavel Korinin sinfində təhsilini davam etdirib. 1951-ci ildə "Üzeyir Hacıbəyov tələbələri arasında" adlı diplom işini müvəffəqiyyətlə müdafiə edib. Müəllimlərinin təkidi ilə təhsilini daha üç il aspiranturada davam etdirib. Sonradan oxuduğu institutda dərs demək təklifi alan Vəcihə Səmədova vətənə qayıtmağı üstün tutaraq, müstəqil yaradıcılığa başlayıb. Vəcihə xanım Səmədova həmkarı və həyat yoldaşı Lətif Feyzullayev ilə birgə yaradıcılıq ezamiyyətinə çıxaraq bir çox mötəşəm əsərlər yaradıblar. Onlara misal olaraq "Kür qırağında", "Mahnı", "İntizarda", "Toya hazırlıq" tematik tabloları, "Qoşqar yaylağında", "Göy göl", "Kəpəz", "Kür sahillərində" silsilə mənzərələri, "Pambıqçı", "Şamama Həsənovanın portreti", "Geoloq Minirə Məmmədbəylinin portreti", "İmtahan qabağı" və haqqında danışacağımız "Aktrisa Leyla Bədirbəylinin portreti" kimi əsərlərin adını çəkmək olar.

"Bir rəsmin dedikləri" rubrikasının budəfəki qonağı sənətşünas Aytac Əhmədovadır. Onunla Azərbaycanın ilk peşəkar qadın rəngkarlarından biri Vəcihə Səmədovanın "Aktrisa Leyla Bədirbəylinin portreti" əsərindən danışmışıq.

 

 

- Aytac xanım, rəsmin yaranma tarixçəsi haqqında nə bilirik?

- Qısa ömür sürməsinə baxmayaraq Vəcihə xanım Səmədova bir çox möhtəşəm əsərlər yaradıb. Onlardan biri də "Aktrisa Leyla Bədirbəylinin portreti"dir. Bu əsər rəssamın yaradıcılığının yüksəliş dövrünə - keçən əsrin 50-ci illərinə təsadüf edir. Əsər 1954-cü ildə yaradılıb. Rəssam bu əsərdə qadın gözəlliyi, cazibəsi, istedadı və təfəkkürü kimi müxtəlif cəhətləri əks etdirməyə çalışıb. Vəcihə xanım Səmədovanın gümüşü-yasəməni tonların ən zərif nüanslarından işlədiyi bu portret Azərbaycan portret rəngkarlığı tarixində xüsusi yer tutur.

- Əsərin rəng koloriti haqqında nə deyə bilərsiniz?

- Əsərdə soyuq mavi və qara rəng üstünlük təşkil edir. Bu rənglər izləyənləri rahatladır və xoş təəssürat yaradır. Baş qəhrəmanının plastik silueti inamlı, dolğun yaxmalarla çəkilib, bu da ona əyanilik və maddilik gətirir. Rəssam ciddi, son dərəcə səlis rəng yaxıları ilə tam biçimdə qəhrəmanın surətini yaradıb. Portretin kompozisiyası, zərif rəng koloriti, ayrı-ayrı xırda detallar böyük ustalıqla işlənib.

- Bəs Vəcihə Səmədova yaradıcılığına dair xüsusiyyətlər bu əsərdə özünü necə göstərir?

- Rəssamın yaradıcılığının səciyyəvi cəhəti forma və məzmun dolğunluğu, mövzuya sərbəst yanaşma ustalığı və zəngin kolorit həllidir ki, biz "Aktrisa Leyla Bədirbəylinin portreti" əsərində bütün bunları daha dəqiqliklə görə bilərik. Əsərə öndən verilmiş işıq həlli obrazın üz cizgilərinin bədii ifadəliliyini daha da gücləndirir. Əsərin fonunun sağ tərəfinə düşən surətin kölgəsi tabloya həzin "melodiya" verir.

- Rəsmin kompozisiya necədir?

- Yarım profildən masaya söykənmiş halda əllərini qoşalayaraq, başını bir qədər əymiş vəziyyətdə tamaşaçıya sarı baxan aktrisanın bir qədər kədərli çöhrəsi seyrçini həyəcanlandırır. Arxa fonda təsvir olunan güzgü obrazın gözəlliyini, zərifliyini hərtərəfli izləməyə imkan yaradır. Sənətkar portreti işləyərkən təkcə zahiri oxşarlığa deyil, həm də onun fərdi xüsusiyyətini, mənəvi aləmini əks etdirməyə çalışıb. Obraza tamaşa edərkən kövrək, zərif qız obrazından dərin qüvvə və incə əzm hiss olunur. Bu, kompozisiyanın mərkəzindəki mavi və qara rənglərin optik baxımdan əsərin daha yaxşı qavranılmasını təmin edir.

- Əsər hazırda harda saxlanılır?

- Əsər nümayiş olunduğu zamandan etibarən Azərbaycan Dövlət İncəsənət Muzeyində sərgilənir.

- Sizcə, bu rəsm bizə nə deyir?

- Öncə onu qeyd edək ki, Vəcihə xanım Səmədova yaradıcılığında ən çox qadın portretlərinə üstünluk verib. Sənətkar bu rəsmdə istedadı, bacarığı və gözəlliyi ilə hamını heyran edən Leyla xanım Bədirbəylinin gözəlliyinə işıq tutur.

Aytac SAHƏD

 





08.02.2023    çap et  çap et