525.Az

Güney Azərbaycanda ədəbi tənqid: çağdaş mənzərəyə bir baxış - Esmira Fuad yazır


 

Güney Azərbaycanda ədəbi tənqid: çağdaş mənzərəyə bir baxış - <b style="color:red"> Esmira Fuad yazır</b>

(Əvvəli ötən sayımızda)

 

2000-ci illərdən sonra Güney Azərbaycan ədəbi prosesində bir sıra olaylar baş verib. 2011-ci ildə Güney Azərbaycanda cərəyan edən ədəbi prosesdə diqqətçəkən hadisələrdən biri Cəfər Bozorgəmin, Sayman Aruz, Duman Ərdəm, Elvar Quluvənd, Ramin Cahangirzadə, Solmaz Məhəmmədrizayi, Saray Məhəmmədrizayi kimi bir neçə Güney Azəbaycan şair, tənqidçi və yazarının bugünkü Azərbaycanın özgür insanına gərəkli saydıqları anti-ədəbiyyat manifestini elan etməsi olub. Onların çağdaş media, veb, internet, evrənsəl kənd və ilişgilər dünyasında Azərbaycan türkü necə düşünməlidir, hansı sənət və ədəbiyyatla maraqlanmalıdır? - suallarına özlərinin cavablarının da yayımlandığı manifest düşündürücü məqamları ilə diqqət çəkir: "Azərbaycan ədəbiyyatçısı haçanadək keçmişin çürümüş sümüklərindən asılaraq, ortaçağ Azərbaycanının el-oba, çadır, at, qılınc, qalın bığ, atalıq, dədəlik, çəkəndə misri qılıncı, leş bir yana-baş bir yana ozaylarında gəzişərək, yaşadığı çağdan yadlaşıb, geriyə addımlamalıdır? Arxada buraxılmış ədəbiyyata haçanadək qutsallıqla, köləcikliklə, deyişimsizliklə yanaşmalıdır? Azərbaycan çağdaş insanı haçanadək Şəhriyarın dünya yalan dünyadır kimi narkotik ozaylarına uymalıdır? Haçanadək modern və postmodern əsrində folklor və divan şeiri fəzalarını yaşamalıdır? Maraqlısı ədəbiyyatçılarımızın: Azərbaycan hələ gələnəksəl durumu yaşayarkən, hələ modernləşməmiş, post-modernizmi qonuşmaq gülüncdür" kimi qonuşmalardır. Bizcə daha yetər. Əski çərçivələr pozulmalıdır. Ozaylar deyişilməlidir. Yaşasın, eşq olsun, mən elimin Koroğlusu, sən Nəbisi, o Babəki kimi sloganlar şeir və öykümüzdən köçməlidirlər. Modern üsturə(mif)lər yaranmalıdırlar: qılıncsız, atsız, bığsız, nərəsiz, çənli-belsiz və başsız, leşsiz... bizə bu gun politikaçı, dilçi, araşdırıcı, teknoloq, alim, ekonomist və... gərəkir olsun arıq-cılız, amma qafası çalışan modern düşüncəli iş bilən..."

Diqqətli oxucu neçə qələm sahibinin imzaladığı manifestdən bu bircə parçada yol verilən üslubi yanlışlara nəzər yetirən kimi anlayacaq ki, vahid ədəbi dil yaratmağın vacibliyini hayqıran Güneyli ziyalılar nə qədər haqlıdırlar!.. Niyə olanları kökündən qoparmağa çalışmalıyıq axı? Bir xalq keçmişini unutmazsa, bu gününü yaşadaraq gələcəyinə körpü salarsa, milli dəyərlərini bütövlükdə qoruyub saxlaya bilər... Jorj Amadu, Lev Tolstoy, Rabindranat Taqor, Çingiz Aytmatov, Teodor Drayzer, Uilyam Şekspir, İohan Höte, Volter və başqaları öz xalqlarının özəlliklərini qələmə aldıqlarına, əsərlərindəki güclü milli ruha, apaydın yansıyan milli koloritə görə bu gün dünya ədəbiyyatının korifeyləri sırasındadırlar. Siz, qatı yenilikçilər, mənə dünya ədəbiyyatından elə bir nümunə gətirin ki, o əsərə "Heydərbabaya salam"a yazılan qədər nəzirə, təxmis yazılsın, yaxud iqtibaslar edilsin! Bu həmin əsərdəki milli ruhun, Azərbaycan xalqının özəlliklərinin, milli mentalitetin parlaq təzahürünün nəticəsində baş verib, çünki əsəri oxuyan hər kəs öz dilini, keçmişini, uşaqlığını, doğulduğu məkanı, doğma yurdu xatırlayıb və ən əsası, türkcə düşünüb.

Milli dəyərləri olmayan bir xalq köksüz ağaca bənzər, gec-tez quruyacaq. Mən kiməsə dərs vermək niyyətindən çox-çox uzağam, amma bu sətirləri yazanda istər-istəməz bir hadisəni xatırladım. Fransanın paytaxtı Paris şəhərindəki məşhur "Paris Notterdam kilsəsi"ni hamı xatırlayır. Kilsənin yerləşdiyi küçədəki binaların üzərini ağartmaq-restavrasiya etmək (Bakıda olduğu kimi) istəyən Şəhər meriyasının əməlinə qarşı xalq bir nəfər kimi ayağa qalxaraq küçələrə axışmış və: "Buna heç vəchlə yol vermək olmaz, çünki bu divarlarda böyük Viktor Hüqonun əl izləri var!" demiş, bu işə qol qoymamışdı. Biz isə durub dahilərimizi kiçildə-kiçildə, onlara ləkə vura-vura gedək, haraya qədər?! Qəribə tendensiya yaranıb bu gün, həm böyük Vətənin Quzeyində, həm də Güneyində. Əlinə qələm alıb şeir yazmağa başlayanların ilk tənqid hədəfi özünəqədərki nəslin yazarları, yaxud da müasirləri, onların əsərləri olur, "Dədəm mənə kor deyib, gələnə-gedənə vur deyib" prinsipi ilə əllərinə keçəni xışdayırlar. Deyən yoxdur ki, sən hələ o səviyyəyə çat, hansısa bir əsərin dilllərə düşsün, xalq səni tanısın, qəbul edib sevsin, sonra tənqid atəşinə tutarsan da bu xalqın yaratdıqlarını...

Çağdaş ədəbiyyatda imzası olan hər bir qələm adamına qısqanclıq duyğusu ilə yanaşmadan yüksək dəyər verməyi bacaran, ədəbi-tənqidi fikirlərini məqalə və kitablarında sərgiləyən Nasir Mənzuri, Hümmət Şahbazi, Əziz Səlami, Eyvaz Taha, Nadir Əzhəri, Səid Muğanlı, Məlihə Əzizpur, Əkbər Azad, Həmid Arğış, Əli Daşqın, Rza Həmraz və başqaları.

Əlbəttə, bu gün Güneydə dinamik inkişaf edən ədəbi prosesin diqqət çəkən yönlərindən biri son illərdə ədəbi tənqidə böyük marağın, rəğbət və diqqətin artmasıdır. Ədəbi təhlil yazıları ilə mətbuatda ara-sıra çıxıslar edən, ədəbi tənqid sahəsindəki boşluqdan, şeir toplularındakı qüsurlardan yana bir ziyalı narahatçılığı duyan Cəfər Bozorgəmin bu sahədəki irəliləyişi də nəzərdən qaçırmır: "Ancaq gənclərimizin şeirinin necəliyi və xarakteri üst-üstə (bəzi əski yazan gənc şairlərimiz istisna olaraq) şuarçılıq və ögüd-xitabədən uzaqlaşmaq, şeirdə dil və formanın önəmsənməsi, ərdi və özəl şairanə baxışlar, qəzəl, folklor, aşıq şeri fəza və estetikasından qırılmaq, modern, postmodern şeir estetika izlərinin görünməsi olmuşdur. Bu gün şeirimizin qarmaqarışıq durumu, ifrat-təfrit (bir başı tam əskilik və bir başı təməlsiz aşırıçılıq) və anarşızmindən arınıb-durulub, sağlam və doğru axımı, xarakteri aydınlaşmalıdır. Şeir topluları! Dönə-dönə çapdan buraxılıb yayınlanır və bir professional tənqidçi boşluğunda durumları aydınlaşmayır. Professional ədəbiyyatımız da bu üzdən yarana bilməmişdir..."

Cəfər Bozorgəminin də söylədiyi kimi, çağdaş Güney Azərbaycan aydınlarını ən çox düşündürən məsələ ölkədə məhz professional ədəbiyyatın yarana bilməməsinin səbəbləridir. Bunun səbəbini tanınmış ədəbiyyatşunas alim Sabir Nəbioğlu, çağdaş dövrün ünlü şairləri - Hadi Qaraçay, Səid Muğanlı, Nadir Əzhəri, Hümmət Şahbazi, Hüseyn Süleymanoğlu, Ruqiyyə Kəbiri, Kiyan Xiyav və digərləri kimi Güney Azərbaycan ədəbiyyatında bu gün yeri daha çox hiss edilən tənqidçilərin, ədəbi tənqid xarakterli yazıların yetərincə olmamasında görən Məlihə Əzizpur yazır: "Ədəbiyyatımızın daha da inkişaf edib irəliləməsi üçün tənqidçilərə çox ehtiyac vardır. Yəni, özəlliklə gənc yazıçı nəslinin daha da güclənməsi üçün tənqidçinin olması çox önəmlidir. Çünki tənqidçi yazılan əsərlə oxucu arasında bir körpü kimi sayılmaqdadır və yaranan hər sənət türü özəlliklə ədəbi əsərlərin yeni qazanclarına yol açar. Bugün bu boşluq getdikcə daha da hiss olunmaqdadır".

Qeyd edək ki, Barış, Eldar Muğanlı, Süleyman Salis, Nigar Xiyavi, Muradəli Qaflantı (Qureyşi), Əlirza Miyanalı və başqalarının yaradıcılığı haqqında maraqlı məqalələr yazan ünlü şair və tədqiqatçı Əhməd Sədi Alovun çağdaş dövr yazarlarının bədii irsinə, yeni yaranan əsərlərə ədəbi tənqidin yeni münasibətinə həsr etdiyi "Ədəbi-tənqidi araşdırmalar", Hümmət Şahbazinin "Nəğde şeire moasere Azərbaycan//Müasir Azərbaycan şeirinin tənqidi" və "Azərbaycan şeirində modernizmin mərhələləri: Gələnək və modernlik", "Heydərbabaya Salam" əsərinin dramatik yönləri", Eyvaz Tahanın "Şeir varlığın evidir", "Şeir, qadın şairlər və feminizm", Əziz Səlaminin "Axar kitab", Cəfər Bozorgəminin "Çağdaş ədəbiyyatın tənqidi", Əfrasiyab Nurullahinin "Şeirimizin uzaq yolçuluğunda", Məhəmməd Rəhmanifərin "Şəhriyarla birlikdə özgələşməkdən özləşməyə doğru", Samir Kahaoğlunun "Tənqidi araşdırma və seçim", "Azərbaycan modern şeiri incələmələri", Nadir Əzhərinin "Məqalələr" adlı kitab və topluları, eyni zamanda, "Tənqid sitəsi"ndə yayınladığı yazılar, eləcə də N.Mənzurinin eyniadlı romanı haqqında "Qaraçuxa" dramatik bir Roman" məqaləsi, Heydər Bayatın dəyərli yazıları Güney ədəbiyyatşünaslığında, ədəbi tənqidində mövcud olan boşluğu doldurmaq yönündə atılmış mühüm addımlardır. Bu uğurlu addımların sırasına Eyvaz Tahanın "Şeir varlığın evidir" kitabı haqqında Hadi Qaraçayın "Dil varlığın eviymiş" böyük həcmli təhlil-incələmə yazısını, Abbas Nəiminin "Bas məni bağrina bir damğa kimi - Avava", Qadir Cəfərinin "Poema özəlliyi və poetika gözəlliyi (Qeydlər)"ini, Elşən Böyükvəndin "Kimlik məsələləri və yazarlarin kimliyi", "Muğanın ədəbi mühiti və "Qanlı Günəş" poeması barədə", Kiyan Xiyavın Ruqəyyə Kəbirinin susənbər yazıları üstündə bir not olaraq qələmə aldığı "Nanə yarpağında qadın hörümçək" adlı məqalə və Zaman Paşazadə ilə söyləşilərini, doktor Hüseyn Süleymanoğlunun, Rza Həmrazın, Məlihə Əzizpurun, Şəbnəm Fərzizadə Ərdəbilinin, Ülkər Ucqarın, Türkan Urmulunun da elmi-ədəbi və tənqidi xarakterli yazılarını da əlavə edə bilərik.

Afşin Şahbazinin çapa hazırladığı, "Saray" dərgisinin özəl sayı olaraq Təbriz Universitetinin nəzdində çıxan və Azərbaycan ədəbiyyatından bəhs edən "Modernizmin çağdaşlığı" adlı kitabın I bölümündə o tay-bu tay Azərbaycan ədəbiyyatçıları ilə modernizm mövzusunda aparılmış altı müsahibə, II bölümdə Nasir Mənzuri, Nasir Merqati, Hümmət Şahbazı, Hadi Qaraçay və Ərəstun Mücərrədinin modernizm ədəbi cərəyanı haqqında düşüncələri, üçüncü bölümdə isə Eyvaz Taha, Hümmət Şahbazi, Şərif Mərdi və İbrahim Savalanın dörd müəllif yazısı verilib. Beləliklə, kitabda Himmət Şahbazi, Aqşin Yenisey, Heydər Bayat, Məhəmməd Sübhdel, Həsən Riyazi İldırım, Elyad Musəvi, Məhəmməd Rəhmanifər, Rüqəyyə Kəbiri, Kiyan Xiyav, Hadi Qaraçay və Səlim Babullaoğlunun ədəbiyyata modernizm cərəyanının yansıması ilə bağlı  fikirləri toplanıb.

(Ardı var)

 





08.02.2023    çap et  çap et