525.Az

Ən böyük hakim zamandır - Çingiz Əvvəloğlu yazır


 

Ən böyük hakim zamandır - <b style="color:red"> Çingiz Əvvəloğlu yazır</b>

Çingiz ƏVVƏLOĞLU

 

Şəki rayonunun Kiçik Dəhnə kəndində Şamil müəllimin köhnə ata-baba mülkündə həmişəki sakitlik pozulmuşdu. Oğlanları, qızları, gəlinləri, kürəkənləri, nəvələri dağdan ağır babanı, mehriban, gülərüz Həyat nənəni görməyə gəlmişdilər. Həyat nənə bir pürrəngi çay dəmlətdirib, səhər süfrəsi açdırmışdı. Hamı süfrə başında oturmuşdu.

Dünən gecəyə qədər uzanan söhbət səhər süfrə arxasında davam edirdi. Həmişəki yerində - baş tərəfdə əyləşən Şamil kişi öz adını qoyduğu nəvəsi ilə söhbət edirdi.

Şamil müəllim Şəkidəki yeniliklər, eşitdikləri, bildikləri barədə həvəslə danışırdı:

- Şəki rayonunda az vaxtda son 15 ildəkindən çox təmir-tikinti, abadlıq işləri görülüb - deyəndə nəvəsi marağını gizlədə bilmədi.

- Nə işlər görülüb, baba - deyə soruşdu.

Şamil müəllim söhbətinə bir anlıq ara verdi, sonra diqqətini toplayıb sözünə davam etdi.

- Uzun illər idi ki, Şəki bölgəsi elektrik enerjisi sarıdan çətinlik çəkirdi. Qış aylarında isə çətinliklər daha da artırdı. İndi bu problemi birdəfəlik həll etmək məqsədi ilə Prezidentimiz İlham Əliyevin sərəncamı əsasında Şəkidə qazla işləyən elektrik stansiyası tikilib. Deməli, bu bölgədə həm təbii qaz, həm də elektrik enerjisi problemi birdəfəlik həll edilir.

Milli arxitektura üslubunda tikinti işləri aparılarkən kərpic tapılmırdı. İndi Şəkidə ildə 15 milyon ədəd kərpic istehsal edən zavod tikilib. Şəkinin dağlarında, bağlarında yetişən bol-bol meyvələrdən istifadə etməklə şirələr və mürəbbələr istehsalı ilə məşğul olan iki yeni zavod inşa edilib.

Son bir ildə 6 kənddə yeni məktəb binası istifadəyə verilib. Bu məktəblərdən dördü Heydər Əliyev Fondunun vəsaiti, Fondun rəhbəri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə, biri isə dövlət vəsaiti hesabına tikilib. Böyük Dəhnə kəndində xeyirxahlığı ilə tanınan iş adamı Cavanşir Feyziyev 634 şagirdin rahat təhsil alması üçün əlverişli imkanları, geniş idman zalı, işıqlı sinif otaqları olan bir məktəb tikdirib. Bu məktəb elə gözəl, elə yaraşıqlıdır ki, mən ömrüm boyu belə bir məktəbdə müəllim işləməyi arzulamışam.

Şamil müəllim söhbətinə ara verib bir qurtum çay içdi. Fürsətdən istifadə edən nəvəsi yenə sual verdi.

- Baba, bəs kəndimizdə hansı yeniliklər var?

- Hə, baba sənə qurban, kəndimiz lap cənnətə dönür. Şəkidə müasir bir asfalt zavodu istifadəyə verilib. Bizim kəndin qeyrətli oğlanları iş adamı Elçin Cəlalovun rəhbərliyi ilə vəsait toplayıb kəndimizə asfalt yol saldılar. Kənd məktəbini əsaslı təmir etdiriblər. Kənd qəbristanlığının ətrafına daş hasar  çəkiblər. Kənddə yeni 800 nəfərlik  şadlıq sarayı istifadəyə verilib ki, belə bir saray heç şəhərdə də yoxdur. İndi 30-35 kilometr məsafədən kəndə içməli su kəməri çəkilib. O, çox ağıllı və xeyirxah bir adamdır. Elçinin atası Baba Cəlalovu, babası Kamal kişini də yaxşı tanıyırdım. Onlar nəsilliklə əməksevər, halal adamlar olublar.

Həyat özü sübut edir ki, adamlar bir-birinə qayğı ilə yanaşanda, çətinliyə düşənə əl tutanda, heç kim büdrəyib yıxılmır. Hərə öz qabiliyyətinə görə çörəyini qazanıb, ailəsini saxlayır. Bax, belə birliyin nəticəsidir ki, son bir neçə ildə kəndimizdə 150-dən çox ikimərtəbəli yaşayış evi tikilib. Elə evlər var ki, o vaxt mənəm-mənəm deyən bəyin belə malikanəsi olmayıb.

Bir azdan kəndi də, şəhəri də gəzib özünüz bu yenilikləri görərsiniz.

Şamil müəllim də öz növbəsində Bakıda və dünyanın başqa yerlərində baş verənlər haqqında oğlanlarının və nəvələrinin söhbətlərini maraqla dinləyirdi.

87 yaşlı Şamil Hacı Hümmət oğlu Qasımovun 5 övladı, 11  nəvəsi və 11 nəticəsi var. Övladlarının və nəvələrinin hamısı alitəhsillidir. O, uşaqların ali təhsil almasını Ümummilli lider Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi vaxtlarda bütün sahələrdə olduğu kimi, təhsildə də haqq-ədalətin bərqərar olması, kasıb və imkansız ailələrin hüquqlarının qorunması, onların arzularının qanunauyğun şəkildə həyata keçməsi ilə əlaqələndirir.

Xalqın böyük əksəriyyətinin istəyi, arzusu ilə ikinci dəfə hakimiyyətə qayıdan Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərlik etdiyi dövrdə isə Şamil müəllimin nəvələri öz biliyi, qabiliyyəti ilə test imtahanlarından müvəffəqiyyətlə keçərək ali məktəblərə qəbul olunublar. Şamil müəllimin nəvəsi Şamil isə ən yüksək balla Bakı Dövlət Universitetinin hüquq fakültəsinə qəbul olunub və orada əla qiymətlərlə oxuduğuna görə Prezident təqaüdü alır.

Şamil müəllimin bütün gördüyü, eşitdiyi, həyat həqiqətlərinə əsaslanan söhbətinin dəyişməz  mövzusu həmişə Heydər Əliyev ideyaları, onun rəhbərlik istedadı, dövləti idarəetmə qabiliyyəti, xarici və daxili siyasətin tənzimlənməsi, ümumxalq mənafeyini daim uca tutması, vahid, müstəqil Azərbaycanın iqtisadi və siyasi kursunun dəqiqləşdirilməsi olub.

Şamil müəllimi tanıyanlar heç vaxt onunla bu mövzuda mübahisəyə girişməyə cəsarət etmirlər. O, Heydər Əliyev haqqında çap edilən hər bir kitabı, əsəri, məqaləni diqqətlə, böyük həvəslə oxuyur, bilgiləri artdıqca, Ümummilli liderimiz onun xəyalında daha da ilahiləşir, səcdəgaha çevrilir.

Heydər Əliyev haqqında həvəslə danışmağı xoşlayan Şamil  müəllimin söhbəti təbii axarı ilə yenə gəldi çıxdı bu mövzuya. Şamil müəllimin ürəkdolusu, fərəhlə, iftixar hissi ilə nəvə-nəticələrinə danışırdı ki, Şəki öz görkəmini xeyli dəyişib. Təmiz, səliqəli, gözəl şəhərə çevrilib. Heydər Əliyevin adı verilmiş böyük bir prospektdə abadlıq işləri gedir. Şəki şəhər İcra Hakimiyyətinin qarşısındakı meydanda yenidənqurma işləri görülüb və orada Heydər Əliyevin heykəli ucaldılıb.

Şamil müəllim bunlar haqqında danışa-danışa üzünü nəvəsi Şamilə tutub dedi:

- Heykəli ziyarətə getmək üçün sənin gəlməyini gözləyirdim. İstəyirəm ki, ora səninlə gedəm - deyib, Şamil müəllim ayağa qalxdı.

- Dur, maşını hazırla, gedək şəhərə.

Nəvəsi sevinə-sevinə həyətə çıxdı.

Onların maraqlı söhbəti yolboyu da davam etdi, maşın şəhər İcra Hakimiyyətinin qarşısındakı böyük meydanda dayandı.

Şamil müəllim maşından düşüb bir anlıq durdu. İcra Hakimiyyətinin qarşısındakı meydan tanınmaz olmuşdu. Sağ tərəfdə Azərbaycanın Dövlət gerbinin və bayrağının təsviri olan böyük bir lövhə vurulmuş, Dövlət himninin mətni yazılmışdı. Lövhənin baş tərəfində Azərbaycanın xəritəsi çəkilmişdi. Orada iri hərflərlə Ümummilli liderimiz Heydər Əliyevin "Müstəqillik heç şübhəsiz ki, hər bir xalqın tarix səhnəsində əldə etdiyi ən böyük uğurdur!" sözləri həkk olunmuşdu.

Memarlıq baxımından yüksək zövqlə tərtib edilmiş bu meydanın əsas yaraşığı Heydər Əliyevin tünd şabalıdı rəngli mərmərdən ucaldılmış heykəli idi. Pyedestalın çevrəsi qiymətli mərmərdən nəfis şəkildə işlənmiş, yaşıl çəmənlikdə gül-çiçək və dekorativ bəzək ağacları əkilmiş, sanki heykəlin ətrafına zərif bir xalı salınmışdı. Buradakı ideal təmizlik, səliqə-səhman heykəlin əzəmətini daha da artırırdı. Bütün bunlar müasir Azərbaycan dövlətinin banisi, dahi şəxsiyyət Heydər Əliyevə olan ümumxalq məhəbbətini əks etdirirdi.

Şamil müəllim abidəni də, meydanı da çox bəyəndi. Heykələ lap yaxınlaşdı, ehtiramla baş əyib fatihə verdi. Sonra isə yanındakı nəvəsinə tərəf dönüb:

- Gülləri ver, oğul - dedi.

Nəvəsi Şamil öz həyətlərindən topladığı tər qızılgüllərin yarısını babasına verdi. Babasının sual dolu nəzərlərini görüb tez dilləndi:

- Baba, Olimpiya kompleksinin yaxınlığında təzə bir park salınıb deyirlər, orada Heydər Əliyevin  Muzeyi açılıb, muzeyin qabağında da Heydər Əliyevin gözəl  bir  abidəsi də qoyulub. Bu güllərin yarısını həmin abidə üçün saxladım. Oraya da gedərik.

- Düz deyirsən, gəlmişkən oranı da ziyarət eləyərik - dedi və Şamil müəllim nəvəsindən aldığı gülləri heykəlin önünə qoydu. Sakit, səssiz dayanıb xəyala daldı.

Azərbaycanın son yarım əsrlik tarixi onun gözləri önündən keçdi. Heydər Əliyevlə bağlı şəxsən özünün mətbuatda oxuduğu, televizorda gördüyü, tanışlarından eşitdiyi hadisələri xatırladı. O, üzünü nəvəsinə tutub təmkinlə sözə başladı:

- Əziz balam, sən daha uşaq deyilsən, oxuduğun, öyrəndiyin dərslərindən əlavə, ölkəmizin xilaskarı haqqında bir çox həqiqətləri də dəqiqliklə  bilməlisən.

...1969-cu il idi. İş üçün Bakıya getmişdim. Şəhərdə böyük bir canlanma var idi. Məni maraq bürüdü, yaşlı bir kişidən nələr baş verdiyini soruşdum. "Bacı oğlu, yerin yiyəsi gəlib, dövlət planı, əmək intizamı möhkəmlənib, qayda-qanunu pozanlar fələyin güdazına gedir. Mərkəzi  Komitənin təzə birinci katibi dövlət və el malını yeyənləri bir-bir üdamlayır", - deyə o adam cavab verdi.

Mən bilirdim ki, Azərbaycan KP  MK-nın yeni rəhbəri Heydər Əliyev Bakıda, eləcə də respublikanın digər yerlərində qayda-qanun yaradır. Müəssisələrə, bazarlara, mağazalara, zavod və fabriklərə  insanların iş yerlərinə qəfil reydlər keçirilir. Hətta şəxsən Heydər Əlyev yol milisinin özünü necə apardığını yoxlayırdı.

Heydər Əliyevin həyata keçirdiyi tədbirlərin xoş sorağı tezliklə rayonlara da gəlib çatdı. O dövrdə kənd camaatı minbir zəhmətlə yetişdirdiyi meyvə-tərəvəzi satmaq üçün şəhərə aparanda addımbaşı milis işçilərinə xərac ödəyirdilər. Heydər Əliyev bunların qarşısını qətiyyətlə aldı. Rayonların rəhbərləri artıq istədikləri kimi at oynada bilmirdilər.

Xalqın güzəranı, dolanışığı da getdikcə yaxşılaşırdı. İri sənaye və kənd təsərrüfatı obyektləri inşa edilir, Azərbaycanda ümumittifaq əhəmiyyətli fabrik və zavodlar qurulur, yollar çəkilir, mənzil tikintisinə xüsusi diqqət yetirilir, yeni-yeni iş yerləri açılırdı. Azərbaycanın istehsal etdiyi neft və kimya sənayesi məhsulları, maşınqayırma avadanlıqları, məişət kondisionerləri və onlarca adda sənaye və kənd təsərrüfatı məhsulları xarici ölkələrə ixrac  edilməyə başlamışdır.

Üzümçülük, pambıqçılıq, tütünçülük, taxılçılıq, heyvandarlıq sürətlə inkişaf etdirilirdi. Hər sahədə "Şan-şöhrət əməyə görə olmalıdır!" prinsipi hökm sürürdü. İnsanlar halal zəhmətlə yüksəlirdi. Əməksevərlik əsas meyar olmuşdu. İstedadlı, səriştəli, yaxşı işləyən hər kəs yaxşı da yaşayırdı.

Şəhər və kəndlərimizin görkəmi  durmadan dəyişilirdi. Müasir tipli məktəblər, uşaq bağçaları, mədəniyyət evləri, klublar, ictimai təyinatlı obyektlər, fərdi yaşayış evləri sürətlə tikilirdi. Qısa müddətdə Azərbaycan bütün SSRİ-də nümunəvi respublikaya çevrildi.

Ölkədə mənəvi inkişafa xüsusi fikir verilirdi. Görkəmli elm və mədəniyyət xadimlərinin yubileyləri keçirilir, yeni-yeni parlaq sənət əsərləri meydana çıxırdı. Nəsiminin 600 illik yubileyi, Nizaminin anadan olmasının 840 illiyi, Beynəlxalq Xalça Simpoziumu, Azərbaycan şair və yazıçılarının, bəstəkarlarının Moskvada İttifaqlar Evinin sütunlu salonunda, Böyük Teatrda keçirilən təntənəli yubiley mərasimləri doğma respublikamızı bütün Sovet İttifaqında və dünyada  tanıdırdı. Xarici ölkələrdə və  müttəfiq respublikalarda təşkil olunan ədəbiyyat və incəsənət ongünlüklərində Azərbaycanın qazandığı nailiyyətlər təbliğ edilirdi. Bütün bunlar ilk növbədə Heydər Əliyevin yorulmaz fəaliyyətinin nəticəsi idi.

Azərbaycanın yüksəlişi, eyni zamanda, Heydər Əliyevin yüksəlişi idi. Əvvəl Sovet İKP  MK Siyasi Bürosu üzvlüyünə namizəd seçilən Azərbaycan rəhbəri çox keçmədən Siyasi Büronun üzvü oldu və Moskvaya çox məsul bir işə - SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə dəvət edildi. O, artıq dünyadakı iki super dövlətdən biri olan, planetin üçdə birinə hökm edən Sovet İttifaqının barmaqla sayılan rəhbərlərindən biri idi.

Heydər  Əliyev Moskvada elmdən, maarifdən, səhiyyədən, su və dəmiryolu nəqliyyatından tutmuş energetikayadək 11 sahənin rəhbəri idi. Gecə-gündüz, şənbə-bazar istirahət bilmədən işləyirdi.

Gündə bir neçə dəfə müşavirələr,  iclaslar keçirir, nazirləri, mütəxəssisləri qəbul edir, ucsuz-bucaqsız Sovet İttifaqının müxtəlif bölgələrinə və xarici ölkələrə işgüzar səfərlər edirdi.

Heydər Əliyevin iş üslubu barədə Moskvada, Kremldə müxtəlif əfsanələr dolaşırdı. Məsələn, o, bir dəfə axşam köməkçisinə təcili olaraq bir neçə naziri yanına  çağırmağı tapşırır. Məlum olur ki, rəsmi iş vaxtı başa çatan kimi nazirlər ya balıq ovuna, ya da bağ evinə istirahətə gedirlər. Problem olan yerdə istirahət haqqında fikirləşmək Heydər Əliyev təbiətinə yad idi və o, öz tabeliyindəki adamlardan da bunu tələb edirdi. Heydər Əliyevin tələbkarlığı barədə söhbətlər Nazirlər Sovetinin sədri Nikolay Tixonova da gedib çatmışdı. O, müavininin işgüzarlığını yüksək qiymətləndirərək zarafatla demişdi: "Heydər Əliyevlə heç mən özüm ayaqlaşa bilmirəm, nəinki nazirlər ola".

Heydər Əliyev bir dəfə Sovet memarlarının qurultayında çıxış edərkən hamını heyrətə salmışdı. Memarlığın ən incə nüansları  barədə əsl mütəxəssis kimi söz açan Siyasi Büro üzvü bu spesifik sahənin problemlərini və perspektivlərini o qədər dərindən  təhlil etmişdi ki, hamı onun ixtisasca memar olduğunu düşünmüşdü.

Tibb işçilərinin ümumittifaq müşavirəsində Heydər Əliyevin  çıxışını dinləyənlər onun ixtisasca həkim olduğunu sanmışdılar. Çünki Heydər Əliyev heç bir kağıza, qeydə baxmadan öz çıxışlarında tibbə aid onlarca termin və dərman adı işlətmiş, SSRİ-də və xarici ölkələrdə təbabətın ən son nailiyyətlərindən bəhs etmişdi.

Sovet dəmiryol nəqliyyatı rəhbərlərinin iştirak etdiyi müşavirədə də Heydər Əliyev bu sahəyə dərindən bələd olduğunu göstərmişdi. Ən maraqlı hadisə isə Moskva yaxınlığında Birləşmiş Nüvə Tədqiqatları Mərkəzində baş vermişdi. SSRİ Elmlər Akademiyasının uzun illər Prezidenti olmuş 3 dəfə Sosialist Əməyi Qəhrəmanı, 4 dəfə SSRİ Dövlət Mükafatı və Lenin Mükafatı Laureatı, dünyanın bir neçə Elmlər Akademiyasının fəxri üzvü olan Aleksandrov Anatoli Petroviçlə birlikdə Mərkəzə gələn Heydər Əliyev rəyasət heyətində oturub çıxışları dinləmişdi. Çıxış edən bir natiq-tanınmış alim, Siyasi Büronun hörmətli üzvünə - Heydər Əliyevə müraciətlə "Bağışlayın, bizim sahə çox spesifik olduğu üçün, onun problemlərini sadə şəkildə izah etmək mümkün deyil. Ona görə də mən zalda əyləşən çoxsaylı alimlərə məlum olan terminlər işlətmək məcburiyyətindəyəm" deyərək üzr istəyir. Heydər Əliyev isə mənalı-mənalı gülümsəyərək, "eybi yoxdur, siz necə lazım bilirsinizsə, elə də danışın. Mən sizi anlamağa çalışaram" deyə  cavab verib. Ən axırda yığıncağa yekun vuran Heydər Əliev Sovet Nüvə Qalxanını yaradan adlı-sanlı atomçu alimlər qarşısında elə dərin  məzmunlu və parlaq çıxış etmişdi ki, akademiklər onun çıxışına mat qalmışdılar. Hətta Aleksandrov hamının fikrini ifadə edərək "Təəssüf ki, biz sizin elmi əsərlərinizlə tanış deyilik, ancaq sizin ən azı fizika-riyaziyyat elmləri doktoru olduğunuza şübhə etmirik" demişdi.

Heydər Əliyevin musiqi, rəssamlıq, teatr, ədəbiyyat kimi sahələrə dərindən bələd olması hamı tərəfindən bilinən faktdır. Onun Qara Qarayevin, Mirzə İbrahimovun, Süleyman Rüstəmin, Səməd Vurğunun və başqa sənətkarların yubileylərindəki çıxışları ziyalıların indi də yaddaşındadır. Sovet hakimiyyəti dövründə repressiya qurbanlarından biri, böyük ziyalı, sürgündə - uzaq Sibirdə dünyasını dəyişən Hüseyn Cavidə bəraət verilməsi və onun qəbrinin tapılaraq çıxarılıb, Azərbaycana  gətirilib, doğma vətən torpağında dəfn edilməsi, məzarı üstə böyük, əzəmətli məqbərə ucaldılması, adına Bakı şəhərində, Naxçıvanda küçə və park salınması, həmin küçədəki parkda möhtəşəm abidə ucaldılması Ulu öndər Heydər Əliyevin ən böyük vətənpərvər olmasının təzahürüdür. 

Fenomenal yaddaşı, dərin təfəkkürü və sonsuz təxəyyülü, mükəmməl təhlil qabiliyyəti və parlaq nitq mədəniyyəti onu hamıdan fərqləndirirdi.

...Nəvəsi Şamil müəllimi diqqətlə dinləyirdi və sual dolu nəzərlərlə babasına baxıb dedi:

- Baba, deyəsən, xəyallar səni uzaqlara aparıb, bəs Heydər Əliyev  adına muzeyə getməyək?

- Düz deyirsən oğul, gedək.

Şamil müəllim bir daha Heydər Əliyevin heykəli önündə baş əyərək, nəvəsi ilə birlikdə yaxınlıqda saxladığı maşına doğru getdi. Bir azdan onlar Olimpiya Kompleksinin yanında yeni salınmış parkda Heydər Əliyev muzeyinin qarşısında qoyulmuş büstün önündə idilər. Şamil müəllimlə birgə nəvəsi də büstün önünə gül-çiçək qoydu. Hər ikisi ehtiramla baş əyib, sakit durdular. Sonra muzeyə tamaşa etməyə getdilər. Muzeyin işçiləri onları hörmətlə qarşılayaraq, Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən eksponatlar, fotoşəkillər haqqında ətraflı məlumatlar verdilər. Sonra Şamil babasından icazə alıb, gənc idmançıların məşqlərini izləmək üçün Olimpiya Kompleksinə getdi. Şamil müəllim isə yaxınlıqdakı oturacaqda əyləşib, yenə xəyallara daldı. Heydər Əliyevin siyasətə və Azərbaycanın rəhbərliyinə təkrar qayıdışını xatırladı. Bir-birinin ardınca baş verən dövlət çevrilişlərinə cəhdləri, vətəndaş qarşıdurmalarını, xarici və daxili düşmənlərin necə həvəslə meydan sulamalarını yadına saldı. O vaxt Azərbaycanın parçalanması, dövlət müstəqilliyini itirməsi qaçılmaz idi. Bunu dahi insan Heydər Əliyev ancaq özünəməxsus təmkin və siyasi uzaqgörənliklə həll edə bilərdi və belə də oldu. Daxili və xarici düşmənlərin fitnə-fəsadlarını bir-bir puça çıxardı, planlarını pozdu, müstəqilliyimizi, gənc dövlətimizi bir çox bəlalardan qorudu.

Onun dahiyanə şəkildə düşündüyü və həyata keçirdiyi atəşkəs və neft strategiyası tezliklə öz səmərəsini verməyə başladı. Siyasi sabitlik təmin edildikdən sonra ölkəyə xarici investisiya axını başladı. Dahi rəhbər Azərbaycanın daxili və xarici siyasət kursunu dəqiq şəkildə müəyyənləşdirdi. O, dünyanın böyük və nüfuzlu dövlətlərinə səfərlər etdi. Beynəlxalq təşkilatların rəhbərlərini tədbirlərə dəvət etdi və bir çox tədbirlərdə özü şəxsən iştirak edərək erməni faşizminin iç üzünü açdı, onları Birləşmiş Millətlər Təşkilatının tribunasında da ifşa etdi. Azərbaycanın təcavüzə məruz qaldığını və  qarşılaşdığı haqsızlığa cavab olaraq yürütdüyü sülhsevər, tolerant siyasəti ən yüksək tribunalardan bütün dünyaya bəyan etdi. Şamil müəllim 1976-cı ildə Şəkidə Heydər Əliyevlə birinci görüşünü və ondan sonra Ulu öndərin rayona səfərləri zamanı onunla səmimi görüşlərini və söhbətlərini xatırladı. Hər dəfə bu böyük şəxsiyyətin Azərbaycanın tarixi, keçmişi və gələcəyi haqqında necə dəqiq məlumatlar verdiyini yaddaşında vərəqlədi və indi onların necə reallaşdığını gözü önünə gətirdi. 

Şamil müəllimin əqidəsinə görə Heydər Əliyev Azərbaycanın səmasında parlayan bir günəşdir. O, öz ömrünü xalqına həsr edən bir dahi kimi də əbədi olaraq tarixdə qalacaqdır. İndi bu həyat həqiqətlərini çoxları dərk ediblər.  Lakin dahilər çox vaxt sağikən öz həqiqi qiymətlərini ala bilmirlər. Xudbin və xəbis adamlar, idrakı sönük və cılız siyasətçilər, xarici təxribatçıların nökərləri öz məkrli məqsədləri naminə hətta günəşə də ləkə yaxmaqdan çəkinmirdilər. Bu mənada Heydər Əliyev də vaxtilə haqsız tənqidlərə, cəfəng böhtanlara məruz qalıb. Onun dühasının böyüklüyünün tam başa düşülməsi üçün hələ zamana ehtiyac var deyə Şamil müəllim düşünürdü. Atalar yaxşı deyiblər: "Uzaqdan baxdıqda uca dağın zirvəsi daha əzəmətli və daha yaxşı görünür". Ən ədalətli, ən böyük hakim isə zamandır.

Bunları düşündükcə ömrünün  70 ilini xalq maarifinin inkişafına həsr etmiş Şamil müəllimin yanaqlarından göz yaşları süzülürdü. Bu, sevinc yaşları idi.

Bir azdan nəvəsi Şamil də qayıtdı. Gözlərini babasının islaq yanaqlarına zillədi. Şamil müəllim nəvəsinin başını sığallayaraq dedi:

- Sən gələnə qədər mən burda oturub Ulu öndərin fəaliyyəti, xeyirxah əməlləri haqqında bir çox  faktları xatırladım. İndi ona həsr edilən şeirlərdən ən çox xoşuma gələn birini deyim, sən də dinlə.

 

Böyüklük alında yazılan yazı,

Cəfakeş doğulur böyük olan kəs.

Bu ağlı-qaralı dünyanın nazı,

Böyüklük olmasa, çəkilə bilməz!

 

Təlxək atmacası yer elər ona,

Nadan gülüşündən sınar böyüklük.

Gah peşman olar doğulduğuna,

Gah da öz-özünü qınar böyüklük.

 

Ona əli çatmaz yalanın, şərin,

Diksinməz, səksənməz yağı səsindən,

Səbrinə güc verər, düşünər dərin,

Enməz öz böyüklük mərtəbəsindən.

 

Dəyər topuğuna paxılın daşı,

Bilər, üzə vurmaz, böyükdür axı!

Sonra da kədərlə çatılar qaşı,

Kəsər qabağını böyük olmağı!

Böyüklük ilahi nurdur, işıqdır...

Neyləyə bilər ki, qaranlıq ona?

Böyüyün hər yerdə alnı açıqdır,

Yoxdur ehtiyacı bəzəyə, dona.

 

Böyük fikir, böyük ürəkdir,

Haqq özü səs verir onun səsinə,

Dünya, Vaqif Aslan, baş əyəcəkdir

Daim böyüklüyün təntənəsinə!

                                     

Nə gözəl şeirdi baba, müəllifi kimdi bu şeirin? Şamil müəllim özünəməxsus təmkinlə cavab verdi.

- Bu şeiri həmyerlimiz, gözəl şair Vaqif Aslan Ulu öndərə həsr edib. Oğlum, həmişə bu günü görməyi arzulayırdım. Oradakı heykəli, bu büstü gördüm, muzeyi gəzdim, ürəyim dağa döndü. Bilirəm ki, Azərbaycanın paytaxtı Bakı şəhərində, başqa şəhərlərdə və rayon mərkəzlərində də belə heykəllər, büstlər ucaldılıb. Deməli, Heydər Əliyevin böyüklüyü, qədir-qiyməti başa düşülür. Onun dahiliyini inkar etmək istəyən bir ovuc səviyyəsizlər də gec-tez bunu başa düşəcək. İndi bircə arzum qalıb. Allah yaxın gələcəkdə də o arzuma çatmağa imkan versin.

- O hansı arzudur baba?

- Qarabağın azad olunması!

Öz varlığım qədər inanıram ki, Azərbaycan xalqı möhtərəm Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Heydər Əliyevin siyasi kursunu ardıcıllıqla davam etdirəcək, onun vəsiyyətlərinə dəqiq əməl edəcək və Qarabağ arzumuz da tezliklə gerçəkləşəcəkdir!

- İnşallah, baba! O günü də görəcəyik!

 

MÜƏLLİFDƏN:

Mən bu sənədli oçerki 2005-ci ilin dekabr ayında yazmışdım və həmin yazı "Şəki" qəzetinin 2006-ci ilin mart ayında çap edilib. 2023-cü ildə Ulu öndərin 100 illiyi münasibətilə bu sənədli oçerki yenidən çapa hazırladım. Bu münasibətlə dərin hörmət bəslədiyim mərhum Şamil müəllimin o vaxt tələbə olan nəvəsi Şamili axtarıb tapdım. Biz onunla çox səmimi söhbət etdik. Şamil dedi ki, 9 noyabr 2020-ci ildə 44 günlük müharibənin  qələbə xəbəri yayılan kimi babamın məzarını ziyarət etdim və qələbə sevincini babamın ruhuna çatdırdım. Bir neçə gün sonra babamı yuxumda gördüm. O, öz evimizdə həmişəki yerində oturmuşdu. Üzü gülər idi. Biz onu nadir hallarda gülən görərdik. Mən onun gülüşündən, baxışlarından fikrini oxuyurdum. Sanki o, mənə demək istəyirdi ki, "Sənin o vaxt qətiyyətlə inşallah, baba, o günü də görəcəyik deməyin məndə gənc nəslə olan inamı artırmışdı. Elə belə də olmalı idi. İndi məlumdur ki, cəsur, müzəffər Ali Baş Komandanımız İlham Əliyev Heydər Əliyevin kursunu qətiyyətlə davam etdirir və bu yol xalqımızı işıqlı gələcəyə aparacaq". 

Mən gənc Şamillə birlikdə Şəkidə bir neçə il qabaq istifadəyə verilən, yeni, daha əzəmətli və daha layiqli Heydər Əliyev Mərkəzini də ziyarət etdik və mərkəzin önündəki abidənin qarşısında Şamil müəlim və Heydər Əliyevin əqidə dostluğu haqqında danışdıq.

Şamil müəllim Ulu öndərin fanatı idi. İndi onun nəvəsi Şamil milyonlarla azərbaycanlılar kimi, həm Ümummilli liderimizin vəsiyyətlərini layiqincə yerinə yetirməyi və cəsur Ali Baş Komandanımız, möhtərəm cənab Prezidentimiz İlham Əliyevin tapşırıq və sərəncamlarını icra etməyi özlərinə vətəndaşlıq borcu hesab edirlər. Eşq olsun XXI əsrin zəkalı Azərbaycan gənclərinə!

Şəki

 

 





08.02.2023    çap et  çap et