525.Az

UNEC prorektorları hesabat verdi


 

UNEC prorektorları hesabat verdi <b style="color:red"></b>


Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “UNEC-100” İnkişaf Strategiyasının icrası istiqamətində görülən işlər barədə prorektorların hesabatları dinlənilib.

525.az xəbər verir ki, tədris üzrə prorektor dosent Gəray Musayev tədris sahəsi üzrə 2022-ci ilin icra göstəricilərinin yerinə yetirilməsi haqqında hesabatla çıxış edib. Hesabatda universitet üzrə keçid balının yüksəldilməsi, ingilis dilində təhsil və beynəlxalq ikili diplom proqramlarının sayının artırılması, təhsil proqramlarının akkreditasiyası, ömür boyu təhsil proqramı üzrə təhsil xidmətləri, ölkədə və regionda ən geniş distant təhsil xidmətləri təklif edən universitetə çevrilmək, təhsilalanların zəruri bilik və bacarıqlarının daim təkmilləşdirilməsi və digər istiqamətlərdə görülən işlər barədə məlumat verilib.

Bildirilib ki, 2022-ci il üzrə ingilis dili imtahanı vermiş bakalavrlar arasında nəticəsi ən azı B-1 olan tələbələrin payı 88% olub, 47 tələbə beynəlxalq mübadilədə iştirak edib, 125 tələbə beynəlxalq şirkətlərdə təcrübə proqramı qazanıb. Ümumi müəllimlərin sayında fəlsəfə doktorlarının payı 53%, 40 yaşadək müəllim payı isə 25%-ə çatdırılıb. 2021-ci illə müqayisədə akademik mübadilədə iştirak edən müəllimlərin sayı 3 dəfə, akademik mübadilə aparılan universitetlərin sayı 7,5 dəfə artıb. Ötən  il yaradılan Ömürboyu təhsil mərkəzi tərəfindən 9 korporativ təlim həyata keçirilib ki, bu da 2022-ci ilin proqnozundan 1,8 dəfə çox olub.

UNEC-in İqtisadi məsələlər üzrə prorektoru Nəsimi İsmayılov “UNEC 100” İnkişaf strategiyası üzrə 2022-ci ildə maliyyənin idarəedilməsində səmərəliliyinin yüksəldilməsi istiqamətində görülən işlər barədə hesabat verib. Hesabatda bildirilib ki, 2022-ci ildə 295 tələbə UNEC-in xüsusi təqaüdünü (600+, olimpiada qalibləri olan abituriyentlər, TOP15) qazanıb. Universitetdən kənar qurumlardan (Paşa Holdinq, Kapital Bank və s.) təqaüd alan tələbələrin sayı isə 41 nəfər olub.

Prorektor universitetdə kənar qurum tərəfindən aparılmış maliyyə auditinin müsbət nəticələri, kommersiya yönümlü Ömürboyu təhsil mərkəzinin təşkil etdiyi kurslar və qrant layihələrindən əldə olunan gəlirlər və s. barədə məlumat verib.
UNEC-in qeyri-təhsil haqqı gəlirlərinin artırılması, tələbələrin yataqxanadan istifadə imkanları barədə təkliflərlə çıxış edib.
Hesabat dinlənildikdən sonra 2023-cü il üzrə hədəflər barədə fikir mübadiləsi aparılıb.

Sevinc Qarayeva 

 





08.02.2023    çap et  çap et