Ötən ilin sentyabrında Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərinə göndərilən və qısa müddət sonra özünü separatçıların qondarma "dövlət naziri" elan edən Ruben Vardanyan Ermənistana, ordan isə gizli şəkildə Moskvaya qaçıb. Bununla bağlı əvvəlcə Ermənistan mediası məlumat yayıb. Sonra Azərbaycanın "Caliber" teleqram kanalı bildirib ki, Vardanyan rus sülhməramlılarına məxsus çirkli paltarların olduğu yük maşınında aradan çıxıb. "Hraparak" nəşri isə onun hələ də Moskvada olduğunu yazıb. Məlumata görə, onunla bəzi məsələlər aydınlaşdırılır. Təxminən 10 gün əvvəl isə Arayik Arutyunyan Rusiyaya gedib və bir neçə gündür ki, Qarabağa qayıdıb. Nəşr öz mənbələrinə istinadən bildirir ki, Arutyunyanın Moskvada "kifayət qədər yüksək səviyyədə" görüşləri olub.
Qeyd olunur ki, Arutyunyanın tərəfdarları Moskvadan qayıdarkən onun kifayət qədər yüksək əhval-ruhiyyədə olduğunu müşahidə ediblər. Nəşr onu da istisna etmir ki, Rusiyadan qayıtdıqdan sonra Vardanyan "vəziyyəti yumşaltmaq üçün" könüllü istefa verə bilər.
Vardanyan layihəsinin məqsədi əvvəldən bəlli idi. Amma görünən odur ki, bu layihə müəlliflərin ümidini doğrultmadı və iflasa uğradı. Rusiya vətəndaşlığından məhrum edilən erməni əsilli Vardanyanla bağlı planlar böyük idi. Hətta onun Paşinyanın yerinə hazırlandığına dair məlumatlar da yayılmışdı. Bu istiqamətdə birinci addım Xankəndidə oyuncaq rejimin rəhbəri kreslosuna sahiblənmək idi. Amma olmadı. Vardanyan çirkli pulların yuyulmasında, nağdlaşdırılması və ya qeyri-qanuni yolla çıxarılması, qanunsuz silah, narkotik alverində "ad çıxarıb". Rusiyanın marioneti olan bu şəxs hər hansı siyasi savada malik deyil. Ancaq oğurlamaqla, çapıb-talamaqla var-dövlətə sahib olub. Qarabağa gəlməzdən əvvəl guya ordakı insanların vəziyyətini düşünüb bu addımı atdığı barədə yalan açıqlamalar vermişdi. Amma elə Azərbaycan ərazisinə də həm də oğurlamaq üçün gəlmişdi. Laçın yolunda azərbaycanlı ekoaktivistlərin aksiyası onun bu niyyətini yarımçıq qoydu.
Vardanyan düşünürdü ki, Qarabağ ermənilərinin "liderinə" çevriləcək və Azərbaycan onunla danışıqlara gedəcək. Az keçmədi anladı ki, Azərbaycan öz ərazilərində hansısa separatçı meyillərin baş qaldırmasına imkan verməyəcək, erməni əsilli vətəndaşları ilə münasibətlərin nizamlanmasında onu heç vaxt "lider" kimi qəbul etməyəcək.
Azərbaycan Prezidenti İlham Əliyev bununla bağlı demişdi: "Hesab edirəm, vacib odur ki, Ermənistan əslində istədiyini açıq şəkildə elan edir. Əgər onlar Qarabağda ermənilərin hüquqları və təhlükəsizliyi barədə söhbət aparmaq istəyirlərsə, bu, alınmayacaq. Biz bu haqda Qarabağda yaşayan ermənilərlə danışmağa hazırıq, amma Moskvanın göndərdiyi, ciblərində rus xalqından oğurladığı milyardlarla pula sahib Vardanyan kimi insanlarla yox. O, Moskvadan oraya çox aydın gündəliklə göndərilib".
Əslində Vardanyanın Xankəndidə olması Ermənistan-Azərbaycan, Azərbaycan-Rusiya, hətta Ermənistan-Rusiya münasibətlərinə mənfi təsir göstərirdi. Vardanyanın məqsədi, sadəcə, regionda gərginliyi artırmaq, Qarabağ ermənilərini əsarətdə saxlamaq və aldatmaq idi. O, hər vəchlə Qarabağdakı ermənilərə "müstəqil dövlət"də yaşamağı aşılamaq istəyirdi, hətta "Qarabağ erməniləri Ermənistan ermənilərindən nə üçün asılı olmalıdırlar?" kimi bəyanat da səsləndirmişdi. Qeyd etdiyimiz kimi, Vardanyanın niyyəti elə Qarabağa gələndə məlum idi. Amma görünür o, başından, ağlından böyük işə, daha doğrusu separatçılığı təşviq edən, vəziyyəti gərginləşdirəcək layihədə oyunçu olmağa razılıq verərkən, Azərbaycanın prinsipiallığını, bu mövzuda dəyişməz mövqeyini lazımınca dəyərləndirə bilməyib. Vardanyan girdiyi oyunu çoxdan uduzub, sadəcə bunu anlayıb, birdəfəlik Qarabağdan rədd olub getməlidir, başqa sözlə, Moskvadan qayıtmaq barədə düşünməməlidir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsində dediyi sözləri xatırladaq: "Kim istəyirsə, Azərbaycan bayrağı altında Qarabağda yaşaya bilər. İstəməyənlər üçün qapı hər zaman açıqdır. Gedə bilərlər: ya özləri gedə bilərlər, heç kim onlara maneəçilik yaratmayacaq, ya da sülhməramlıların yük maşınlarının tenti altında gedə bilərlər; avtobusla da gedə bilərlər. Yol açıqdır".
Vardanyan da məhz belə gedib, daha doğrusu qaçıb, sülhməramlıların çirkli əşyaları olan yük maşını ilə. Yox, əgər yenidən Laçın yolu ilə Rusiya hərbi kontingentinin nəqliyyat vasitələrində gizli şəkildə Xankəndinə qayıtmağa cəhd etsə, bu, o demək olacaq ki, Moskva hələ də "Vardanyan layihəsini" qapatmaq istəmir. Bu, həm də o demək olacaq ki, Rusiya regionda vəziyyətin sabitləşməsini, sülh prosesinin sözdə dediyi kimi, irəli aparılmasını deyil, gərginləşməyə rəvac verir. Çünki Vardanyan məsələsində Azərbaycan açıq mətnlə öz mövqeyini bildirib. Beləliklə, artıq iflasa uğramış sayılan "Vardanyan layihəsi"nə yenidən nəfəs vermək, onun təkrar gizli yolla heç bir aidiyyatı olmayan Azərbaycan ərazisinə gətirməyə cəhd göstərmək Bakını adekvat addımlar atmağa sövq edəcək.
çap et