525.Az

"İran rejiminin mahiyyəti  terrorla qurulub, terrorla da davam edir"


 

MAŞALLAH RƏZMİ: "REJİM DAXİLİ ETİRAZLARA GÖRƏ ÖZÜNÜ TƏHLÜKƏDƏ GÖRÜR VƏ MÜMKÜNDÜR Kİ, YENƏ TERROR AKTINA ƏL ATSIN"

"İran rejiminin mahiyyəti  terrorla qurulub, terrorla da davam edir"<b style="color:red"></b>

Azərbaycanın Tehrandakı səfirliyinə terror hücumundan iki həftəyə yaxın vaxt keçməsinə baxmayaraq, İran tərəfi hadisənin araşdırılması istiqamətində heç bir ciddi addım atmayıb. Əksinə, terror aktını ört-basdır etmək üçün müxtəlif nağıllar uydurur. Amma həm terror aktından dərhal sonra, eləcə də bir neçə gün əvvəl Azərbaycanın Xarici İşlər Nazirliyinin yaydığı videogörüntülər, hadisənin təfərrüatları ilə bağlı açıqlama hücumun öncədən planlaşdırıldığını, İran polisinin terrorçuya mane olmaq üçün hər hansı addım atmadığını bir daha ortaya qoydu.      

Fransada yaşayan cənubi azərbaycanlı siyasi təhlilçi Maşallah Rəzmi mövzu ilə bağlı "525"ə açıqlamasında bildirib ki, İrandakı hazırkı hakimiyyət normal  hakimiyyət deyil: "Ona görə də hakimiyyət daxilində müxtəlif qruplaşmalar var. Onlar üstünlük əldə etmək üçün bir-birləri ilə döyüşürlər. İranın ali rəhbəri adlandırılan Xamenei 84 yaşa keçib, düşünürlər ki, o öləndən sonra hansı qüvvə hakimiyyəti ələ alacaq. Buna görə də həmin qruplaşmaların siyasəti qonşu ölkələrlə əlaqə baxımından bir-birindən fərqlidir. Bəzi güc qrupları fikirləşirlər ki, əgər qonşu ölkələrlə iqtisadi  münasibətlər genişlənsə, İran beynəlxalq təhdidlərin, sanksiyaların qarşısında davam gətirə və qonşu ölkələrin hesabına ehtiyaclarını təmin edə bilər. Digərləri isə bu fikrə müxalifdir. Onlar düşünürlər ki, əgər qonşu ölkələrlə iqtisadi münasibətlərin güclənməsini istəyən qüvvə qələbə qazansa, ifratçı qrupların əl-ayağı bağlanar. Ona görə də hakimiyyət daxilindəki qruplaşmaların siyasətləri bir-biri ilə fərqlidir. Nəhayət, Azərbaycan səfirliyinə qarşı terror aktının hakimiyyətdəki ən ifratçı qruplar - pastarlar tərəfindən təşkil olunduğunu demək olar. Onların Azərbaycanla problemləri var".

Siyasi təhlilçi söyləyib ki, Azərbaycan işğaldakı torpaqlarını azad etdikdən sonra orada talançılıqla məşğul olanların əli kəsildi və daha qeyri-qanuni əməllərini həyata keçirə bilmirlər: "İkincisi, düşünürlər ki, əgər Zəngəzur dəhlizi açılsa, İran tamam mühasirəyə düşür və buna görə də dəhlizin açılmasına qarşı əllərindən gələni edirlər. Üçüncüsü, Azərbaycan inkişaf edir və bu, Güney Azərbaycan üçün bir nümunədir,  istəyirlər ki, Azərbaycanla münasibətləri gərginləşdirməklə güneylilər Quzey Azərbaycana çox yaxınlaşmasınlar. Hər halda terror aktının müxtəlif səbəbləri ola bilər. Bu, hakimiyyətin içində güc davası aparanların istəyi ilə olub".

M.Rəzmi İsrail amilinə də toxunub. Onun sözlərinə görə, İran mətbuatında Azərbaycanın İsraildə səfirlik açmasına işarə edilir, hadisənin pastarların və İranın təhlükəsizlik qüvvələrinin reaksiyası olduğu istisna edilmir: "Amma nümunələr var, bundan əvvəl, Bəhreyn də, BƏƏ də İsrail ilə münasibət qurub, səfirlik açılıb, İran eyni reaksiyanı göstərməyib. Ona görə görə burda ayrı məsələlərin olduğunu düşünmək mümkündür. Amma dediyim kimi İran mətbuatında bu məsələyə işarə olunur. İranda bir sıra qruplar bu əməli törətmək istəyirdilər. Zəngəzur dəhlizinin açılmasının qarşısını almaq, həmçinin, güneylilərlə Quzey azərbaycanlıların münasibətini kəsmək terrora əncam vermədə əsas dəlil ola bilər".

Siyasi təhlilçi əlavə edib ki, İran rejimi 44 ildə terror siyasəti həyata keçirib: "Təbii ki, indi çətin vəziyyətə düşüb. 5 aydan çoxdur ölkədə rejimin əleyhinə etirazlar keçirilir. Ona görə hökumət qorxuya düşüb və terror əməllərinə əl atır".

Azərbaycana qarşı İran tərəfindən yeni terror aktlarının baş verə bilməsinə gəlincə, o deyib ki, Azərbaycan hökuməti buna hazırlıqlı olmalıdır: "Eyni zamanda nə Rusiya, nə Türkiyə icazə verəcək ki, İran hökuməti Quzey Azərbaycanda böyük terrora əl atsın. İran Qafqazda siyasətin əsasən Rusiya ilə koordinasiyalı şəkildə aparır və Rusiyanın icazəsi olmadan İran Qafqazda heç bir müstəqil iş görə bilməz. İkincisi, Türkiyə ilə Azərbaycan çox yaxın münasibətlərə malikdir və İran elə vəziyyətdə deyil ki, Türkiyə ilə üz-üzə gəlsin. İranın təhdidlərinə hazır olmaq lazımdır. Rejim daxili etirazlara görə özünü təhlükədə görür və buna görə də mümkündür ki, yenə terror aktına əl atsın. Çünki bu hakimiyyətin mahiyyəti  terrorla qurulub və terrorla da davam edir".

M.Rəzmi xatırladıb ki, bir həftədən çoxdur Xoyda zəlzələ olub, 7500-dən çox ev dağılıb və ya zərər çəkib, insanlar qışın şaxtasında evsiz-eşiksiz, çadırsız, isti geyim olmadan küçələrdə qalırlıar. Hökumət onların ehtiyacını ödəmək əvəzinə əraziyə silahlı qüvvələr gətirib, onlar da şaxtada maşınlarla insanların üzərinə su atır, onları daha pis vəziyyətə salır. Güney Azərbaycanın ayrı-ayrı şəhərlərindən Xoya gəlib kömək etmək istəyənlərin yolunu bağlayır, maşınları geri qaytarırlar, deyirlər ki, hər kəs yardımı təhvil versin və dövlət bu işi görəcək. Amma dövlət heç nə etmir. İnsanların bu rejimə etimadı, ümidi yoxdur. Nə hökumət özü kömək edir, nə də icazə verir ki, azərbaycanlılar kömək etsin. Daha əvvəl qonşu ölkələrdən -  Azərbaycan və Türkiyədən kömək təklifi də qəbul edilmədi. Çünki rejim istəmir ki, onlar gəlib görsünlər ki, regionlar necə geridə qalıb, kəndlər xaraba vəziyyətindədir, insanlar ağır şərtlər altında, fəlakət həddində yaşayırlar. Hökumət dünyada özün qüdrətli bir rejim kimi göstərir, içəridə isə milləti ac saxlayır, kəndlərin hamısı viran olub. Bu, insanlıq faciəsidir. İran bundan əvvəl də Cənubi Azərbaycan ərazisində baş vermiş zəlzələlər zamanı heç bir addım atmayıb. Həmin zəlzələlərin fəsadları hələ də qalır.

M.Rəzmi xatırladıb ki, Xoyda son üç ayda üçüncü zəlzələ baş verib: "Birinci zəlzələdə dağıdılan evlər hələ bərpa olunmayıb, insanlara çadırlar verilməyib. İndi də hökumət heç nə etmir. Ən dəhşətlisi budur ki, Xoyun valisi deyir ki, zəlzələyə görə nəzərdə tutulmuş büdcə başqa istiqamətə, İraqda imamların qəbirlərinin bərpasına, qızıl örtüyü çəkilməsi üçün xərcləmişik və  zəlzələdən xəsarət çəkənlərə büdcəmiz yoxdur. Yəni İranda milləti bu cür ac saxlayırlar, zəlzələ olanda yardım etmirlər, əvəzində o büdcəni İraqda imamların qəbirləri üçün xərcləyib oranı abad edirlər. Hər halda orda xərcləməsələr  də valilər aradan çıxaracaqdılar".

 

 





09.02.2023    çap et  çap et