525.Az

Bizim Türkiyəmiz, dünyanın Türkiyəsi - Nəsiman Yaqublu yazır


 

Bizim Türkiyəmiz, dünyanın Türkiyəsi - <b style="color:red"> Nəsiman Yaqublu yazır</b>

Türkiyədə baş verən zəlzələnin törətdiyi faciələrdən hamımız üzgünük. Yüzlərlə insan itkisi, dağıntılar, faciənin hər ölçüdə miqyasının genişliyi bizi dərindən kədərləndirir. Lakin doğma Türkiyəmizin bu ağır sınaqdan çıxa biləcəyinə bütün varlığımızla inanırıq. Və bu çətin günlərdə biz hamımız Türkiyəmizin yanındayıq.

Türkiyə yalnız bizim - türklərin, müsəlmanların Türkiyəsi deyil. Türkiyə bu gün bütün dünyada haqqı əzilən, hüquqları tapdanan, yaşadığı torpaqları işğalda qalan insanların, xalqların Türkiyəsidir. Bu narahat dünyamızda Türkiyənin səsi dünyanın hansı guşəsindən eşidilmir?

Milli mənsubiyyət baxımından Türkiyə bir millətin (türk millətinin) hüdudlarını aşaraq dünyada yaşayan bütün millətlərin müdafiəçisinə çevrilməkdədir. Dini baxımdan Türkiyə yalnız müsəlman toplumunun deyil, digər inanclara məxsus xalqların da xilaskarıdır.

Yaşadığımız XXI əsrin mürəkkəb şərtləri daxilində Türkiyə bu zamanlara qədər dünyanın aparıcı dövlətləri olan güc mərkəzlərinin, yaxud beynəlxalq qurumlarının gerçəkləşdirə bilmədiyi mövqeni ortaya qoydu. BMT-nin, Avropa Şurasının, Avropa İttifaqının, digər nüfuzlu beynəlxalq qurumların işini Türkiyə uğurla gerçəkləşdirməyə başladı. Son hadisələrdə -  Rusiya-Ukrayna savaşında isə Türkiyə yürütdüyü düzgün siyasətlə dünyanın taxıl ehtiyacının ödənilməsinin təminatçısına çevrildi.

Türkiyə güc mərkəzinə çevrilməyə başladı və bunu bəzi Avropa ölkələri kimi etmədi, yəni "xristian klubu" yaratmaqdan uzaqlaşıb milliyyətindən, dinindən asılı olmayan "birlik və qurumlar" formalaşdırdı. Dünyanın haqqı tapdanan xalqları Türkiyəni sevməyə başladı.Və bu xalqlar  dünənki zamana qədər  ümid yeri kimi baxdıqları ABŞ-ı, Fransanı və digər ölkələri yox, Türkiyəni seçdilər. Əslində, Türkiyə köhnəlmiş beynəlxalq qurumların (BMT, Avropa İttifaqı və s.) yeni forma və məzmunda real görüntüsünə çevrilməyə başladı. Türkiyə haqlı olaraq Rusiya-Ukrayna savaşında maksimum dərəcədə neytrallıq nümayiş etdirib hər iki tərəfi danışıq masasına - sülhə dəvət edə bildi.

Türkiyənin səsi Bosniyadan, Kosovadan, Suriyadan, Liviyadan, İraqdan, Qarabağdan, Əfqanıstandan eşidilməyə başladı. Bu həm də əməli fəaliyyətə çevrildi. Bəzi bölgələrdə savaşı dayandırmağı bacardı. Qarabağda isə 30 illik işğala son qoyulmasında Türkiyənin əvəzsiz xidmətləri var.

Bu fəaliyyəti nə ABŞ, nə Fransa, nə də dünyanın beynəlxalq qurumlar yerinə yetirdilər. Türkiyə "söz" dövlətinə yox, "əməl" dövlətinə çevrildi. Əslində, Türkiyə BMT-nin Təhlükəsizlik Şurasının (beş aparıcı üzvü olsa da - ABŞ, Böyük Britaniya, Fransa, Çin və Rusiya) "de fakto" üzvünə çevrildi.

Türkiyə "insan haqları" adı ilə oynayan ABŞ-a, Fransaya, İsveçə adi bir məntiqi bunu izah etməyə çalışdı: terroru dəstəkləməmək. Çünki heç bir "insan haqqı və hüququ" anlayışı günahsız insanların həyatına son qoyan "terrordan" önəmli ola bilməz.

Türkiyənin qətiyyətli mövqe və davranışı köhnə qaydalarla yaşamağa vərdiş etmiş dünya güclərini zamanınca silkələməkdə və ayıltmaqdadır: yəni dünyanı belə yanaşmalarla  idarə etmək olmaz. Maraqlıdır ki, Türkiyəni sevənlərlə yanaşı, onu sevməyənlər də tədricən onunla hesablaşmağa başlayır.

Bu gün Türkiyə ağır sınaq qarşısındadır. Dünyanın çoxlu saylı dövlətləri, üzvü olduğu NATO ölkələri onun yanındadır. NATO-da Türkiyəyə sayğı olaraq bayraqlar yarıya endirilib. Dünyanın hər guşəsindən "Türkiyənin yanındayıq" sözləri eşidilməkdədir.

Türkiyə bizimdir, Türkiyə dünyanındır. 

 





09.02.2023    çap et  çap et