525.Az

Milli Qəhrəman əmisinin qisasını alan 19 yaşlı şəhid Sahil Hüseynov


 

Milli Qəhrəman əmisinin qisasını alan 19 yaşlı şəhid Sahil Hüseynov<b style="color:red"></b>

Əsgər Sahil Hüseynov 12 iyun 2001-ci ildə Ağcabədi rayonunun Xocavənd kəndində anadan olub. Əslən Xocavənd rayonundandır. İlk təhsilini kəndin əmisi, Milli Qəhrəman Sadiq Hüseynov adına 1 saylı tam orta məktəbində alıb. Subay idi. O, 2019-cu ildə həmin məktəbi bitirib və hərbi xidmətə yollanıb. 2020-ci ilin 12 iyulundan başlayan Tovuz döyüşlərində Sahil də iştirak edib, döyüş tapşırığını yerinə yetirib.

Şəhid anası Hüsenova Həcər qızı deyir ki, Sahil çox mehriban uşaq idi. Həm də işgüzar idi:

" Hamının qeyrətini, namusun çəkən uşaq idi. Harasa gedəndə körpəlikdən deyirdi mənə tapança alın. Hərbçi olmaq istəyirdi. İdmanla məşğul olurdu. O çox güclü oğul idi. Qol güləşdirmədə dəfələrlə qalib olmuşdu. Heç kimi incidən uşaq deyildi. Kiminsə imkanı olmasa, aparıb yardım edirdi. O, əsgər gedəndə bütün pal-paltarın aparıb ehtiyacı olan insanalara paylamışdı.

Güləriz, mehriban, səmimi uşaq idi. O, sirr tutmağı çox gözəl bacarırdı. Tovuz döyüşlərinə gedəndə bizə heç nə deməmişdi, orada böyük qəhrəmanlıqlar etmişdi mənim övaldım. Milli Qəhrəman Polad Həşimov həmin döyüşlərdə balamın yanında şəhid olmuşdu. Oğlum onun əsgəri olmuşdu. Allah rəhmət eləsin, o, Sahili çox istəyirdi. Döyüşlərdə Sahil avtomat götürürüdü, yanındakı dostu isə plomyotla döyüşürdü. Onu vurduqdan sonra Sahil həmin plomiyotu götürüb düşmənin onlarala canlı qüvvəsini məhv etmişdi. Heç qorxusu yox idi, heç nədən, hətta ölmüdən belə. Yaralanan  dostu deyir ki, Sahil qaç bu ərazidən sənə nəsə olmasın. Həmin yaralını  texniki döyüş ərazisindən çətinliklə də olsa, çıxa bilir. Ancaq Sahil qabağa gedir. Əsgər yoldaşı deyir, mən həmin ərazidən çəkiləndən sonra həmin yeri minatanlarla vurdular.. Yəqin Sahil də orada şəhid oldu.

Üç qardaş idilər. Ortancıl idi, amma sanki qardaşlarının böyüyü idi. Həmişə zəng edəndə deyirdi, ana Yasinin xətrinə dəyməyin.

Allah bütün şəhidlərimizə rəhmət eləsin! Allah bütün analara səbr, qazilərimizə cansağlığı versin. Birdə müharibə olmasın. Anaların gözü yaşlı qalmasın. Vətənimiz həmişə azad olsun! Allah Ali Baş Komndanımıza cansağlığı versin!"

Şəhid atası Hüseynov Habil bəy deyir ki, 2020-ci il oktyabr ayı idi. Təxmini ayın 9-u u yanında idim.  Demişdi ki, mənə isti paltar gətir. Pal-paltar, yemək aparmışdım, yedi-içdi. Bir az səhhəti narahat idi, istiliyi vardı. Komandiri dedi ki, yerli kənd xəstəxanasına yollayım, get orada yat. Dedi sonra deyərlər dostlarını tək qoydu. Qətiyyən! Mən buradayam, əsgər yoldaşlarım, komandirlərimin yanında.

Oğlum hərbi sirri çox qoruyurdu. Azad etdikləri əraziləri demirdi. İrəliləyirik, hər şey yaxşıdır deyirdi. Mənə anası, qardaşını tapşırırdı. O, döyüşə girdiyini, problemlərini heç vaxt bizə yox, böyük qardaşı Yasinə deyiridi.

Son dəfə Füzuli istiqamətində gedərkən yolda zəng eləyib ki, döyüşə gedirik, evdəkilərə heç nə demə, anam-atam narahat olmasın. Hər şey yaxşı olacaq, özünüzə yaxşı baxın..."

Hazırda ailəsinin yaşadığı küçəyə şəhidin adı verilib. Ağcabədi rayonu Xocavənd kəndində adına park salınıb, orta məktəbdə də adına sinif otağı var.

27 sentyabr 2020-ci ildən başlayan Vətən Müharibəsində də iştirak edən əsgər Sahil Hüseynov xüsusilə, Füzuli döyüşlərində iştirak edərək döyüş tapşırığını yerinə yetirib. O, 11 oktyabr 2020-ci ildə Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndində düşmənin minaatandan açdığı güllə nəticəsində şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən Sahil Hüseynov ölümündən sonra "Vətən uğrunda" , "Döyüşdə fərqlənməyə görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

Ruhun şad olsun, şəhid qardaşım!

 

 





26.01.2023    çap et  çap et