525.Az

Azərbaycanlı alimin monoqrafiyası gürcü dilində çap olunub


 

Azərbaycanlı alimin monoqrafiyası gürcü dilində çap olunub<b style="color:red"></b>

Tbilisinin "Universal" nəşriyyatında AMEA Geologiya və Geofizika İnstitutunun əməkdaşı, geologiya-mineralogiya elmləri doktoru, BDU-nun Faydalı qazıntılar kafedrasının  mərhum professoru Cəbrayıl Azadəliyevin "Dağlıq Qarabağın geologiyası və faydalı qazıntıları" kitabı-monoqrafiyası gürcü dilində çap olunub.

Monoqarafiyada mürəkkəb geoloji quruluşu və zəngin yeraltı sərvətləri ilə zəngin olan  Dağlıq Qarabağın strukturasında geoloji-tektonik mövqeyi, struktur-formasioan zonalar üzrə antiklinorilərin, sinklinorilərin, köndələn çökəklərin, qalxıntıların quruluşu tədqiq olunub.

Monoqrafiyada Kiçik Qafqaz regionunun Azərbaycan Respublikası hissəsində (Naxçıvan Muxtar Respublikası istisna olunmaqla) yerləşən faydalı qazıntı yataqları, onların geologiyası, genezisi ilə yanaşı, faydalı qazıntı kütləsinin ehtiyatı haqqında məlumatlar öz əksini tapıb.

C.Azadəliyevin Kiçik Qafqazın Lok-Qarabağ və Göyçə-Həkərə struktur formasion zonalarında mövcud olan filiz və qeyri-filiz faydalı qazıntı yataqlarını öyrənmək məqsədilə uzun illər ərzində apardığı genişmiqyaslı kompleks tədqiqatların müsbət dalğası Naxçıvan Muxtar Respublikasından da yan keçməyib. O, 1971-1990-cı illərdə Araz və Misxana-Zəngəzur struktur-formasion zonaları hüdudlarında Naxçıvan MR-in cənub-şərqində Ketam-Kilitdən başlayaraq şimal-qərbində Batabata qədər geniş dağlıq ərazidə Azərbaycan MEA Geologiya İnstitutunun xətti ilə genişmiqyaslı elmi-tədqiqat işləri apararaq, müxtəlif genetik tiplərə mənsub filiz faydalı qazıntı yataqlarını və filiz təzahürlərini onların əmələgəlməsinin geoloji-struktur və fiziki-kimyəvi şəraitlərini, müxtəlif filizəmələgətirən prosesləri, filizətrafı dəyişilmələri, mineral tərkiblərini - onların tipomorf əlamətlərini öyrənib, birbaşa axtarış kriterilərini işləyib hazırlayib, eyni zamanda regionunun müxtəlif sahələrinin faydalı qazıntılar üzrə perspektivli olmasını müəyyən edib.

Qeyd edək ki, C.Azadəliyev 300-dən çox elmi əsərin, o cümlədən, 5 monoqrafiyanın, dərsliklərin, dərs vəsaitlərinin, eləcə də bakalavriantlar və magistrantlar üçün tədris proqramlarının müəllifidir. O, 25 elmi hesabatın, o cümlədən, 10 təsərrüfat müqaviləli işinin elmi rəhbəri və məsul icraçısı, "Azərbaycanın geologiyası" çoxcildiyinin (rus dilində) VI cildinin (2003, 2005) redaksiya heyətinin üzvü, "Azərbaycanın geologiyası" III cildliyində (2015) "Bərk faydalı qazıntılar" bölməsinin müəllifi olub.

 





10.02.2023    çap et  çap et