525.Az

"Deyirdi, toya hazırlaş, ancaq qismət olmadı" - Şəhid anası


 

"Deyirdi, toya hazırlaş, ancaq qismət olmadı" - Şəhid anası<b style="color:red"></b>

Şəhid Mirzəcan Araz oğlu Orucov 2001-ci il 14 sentyabrda Şamaxı rayonun Sis kəndində anadan olub. Ailənin tək övladı idi.O, 2020-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. Vətən müharibəsinə qədər Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edirdi. 2020-ci ildə 27 sentyabr Vətən müharibəsi başlayanda Mirzəcan 11 ayın əsgəri idi.

Şəhid anası Həsənova Südabə xanm deyir ki, Mirzəcan çox gülərüz və çılğın uşaq idi:

“Deyirdi, əsgərlikdən gəlim, qayıdandan sonra evi düzəldərik, gəlib evlənəcəyəm. Sevdiyi qız var idi. 12 yaşından bəri işləyib balam, çox zəhmətkeş idi. 6 yaşından atasız böyüyüb. Demək olar ki, balamın bütün arzuları ürəyində qaldı. (Red. ağlayır)

Bu bizim üçün böyük dərddir, ancaq şərəfli ölümdür. Evin tək oğlu idi, ondan başqa övladım yoxdur, ondan başqa heç kimsəm yoxdur. Elə bir şey yoxdur ondan qala ki, mən təskinlik çəkim...

Orta məktəbdə ancaq şeir oxuyurdu. Çox sevirdi şeir oxumağı. Evə gələndə də həmişə gülə-gülə gələrdi. Mən işləyirdim, deyirdi, ana, səni ucalara qaldıracağam.

Oğlum qonşularla da çox dost idi. Hər kəsə, böyüklə böyük, kiçiklə kiçik kimi davranardı. 2020-ci ildə dostları ilə Mirzəcanı yola saldıq. O gedəndə bizimlə ağlaya-ağlaya sağollaşdı. Çox bağlı idi dostlarına ailəsinə...(Red. ağlayır)

Mən burada Şamaxı rayon İcra hakimiyyətindən şəhid ailələri ilə iş şöbəsindən çox razıyam, onlar izin verməyiblər mən təklik, tənhalıq çəkəm.
Mənə deyirdi, mən şəhid olsam? ağlamarsan. Çox çətindir, Mirzəcansız keçən hər günüm, hər saatım, hər dəqiqəm çox çətindir..."(Red.ağlayır)
Şəhidin əsgərlikdə sevgilisinə yazdığı bir neçə misranı sizə təqdim edirik:

Qəmli gecə
Məni Sevdiyini çox inkar etmə,
Gözlərin inandı sevdi bu gecə
Sarıldım boynuna dedim ki, getmə,
Sənə lap yazığım gəldi bu gecə.

Şəhid anası Həsənova Südabə xanım deyir ki, tez-tez telefonla danışardıq. And içməsinə getdik. Dedim, icazə alım, gedək evə, istəmədi:

"And içməsindən sonra ancaq 1 dəfə gördüm  balamı. O, topçu idi. Deyirdi, ana, get evi təmir etdir, qızılları al, toya hazırlaş. Gəldim, aldım, ancaq qismət olmadı balama bəylik...

2020-ci il oktaybrın 4-ü günü axşam saat 19:30-da danışdım balamla. Dedi, ana, mən şəhid olsam, ağlama! Balamın şəhid xəbərini gəlib qonşuya deyiblər ki, Mirzəcan şəhid olub. Sonra oktaybrın 6-ı günü bizə zəng gəldi ki, Mirzəcan şəhid olub. Yenə də inanmadım. 7 oktyabrda şəhid oldu balam. 11 oktyabrda isə balam torpağa tapşırıldı...

Vətən sağ olsun, mənim oğlum Vətənə görə şəhid olub! İstənilən saat mən burada kimə yığsam, bizim şəhid ailəsi olaraq həmişə qayğımıza qalıblar, köməyimizdə dayanıblar. Allah şəhidlərimizə rəhmət eləsin, mənim balam da onun içində".

Şəhidin adına Şamaxı şəhərində bulaq kompleksi və küçə var. 

Azərbaycan Ordusunun əsgəri olan Mirzəcan Orucov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində Suqovuşanın və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Mirzəcan Orucov oktyabrın 7-də şəhid olub. Şamaxı Şəhidlər Xiyabanında dəfn olunub. 

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən Mirzəcan Orucov, ölümündən sonra "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə" medalları və "Üçüncü dərəcəli Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. Şamaxı Şəhidlər xiyabanında dəfn olunub.

Ruhun şad olsun, igid qardaşım!

 





03.02.2023    çap et  çap et