525.Az

Şəhid atası: "Şamaxının girəcəyindəki qalanı ata-bala birgə inşa etmişdik"


 

Şəhid atası: "Şamaxının girəcəyindəki qalanı ata-bala birgə inşa etmişdik"<b style="color:red"></b>

Qarabağımızı azad edərək şanlı Zəfəri qanı ilə igidlərimizdən biri də şəhid Əlövsət Seyidxan Oğlu İbrahimovdur. Bu dəfə anası ilə birlikdə bu  qəhrəmanımızın həyat yoluna birlikdə yad etdik.

Şəhid Əlövsət Seyidxan oğlu İbrahimov  1995-ci il 21 apreldə Şamaxı şəhərində anadan olub. 2013-2014-cü illərdə müddətli hərbi xidmətdə olub. 2014-cü ildən Azərbaycan Silahlı Qüvvələrinin giziridir.

Şəhidin anası İbrahimova Natilə xanım deyir ki, onların beş övladı var.
 
"Anam oğlumuza 1941-1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak edən dayımın adını qoymuşdu. Əlövsət dayıma Rusiyada abidə qoyulubmuş qəhramanlığına görə. Bax, o igidlik mənim oğlumda da vardı...
 
Çox arzuları vardı. Deyirdi ailə quracağam. Ev tikmək üçün həyət sahəsi götürmüşdük. Nədənsə balamın müharibədən əvvəl sevdiyi qızla münasibəti alınmadı, evi də, həyatı da yarımçıq qaldı balamın... (Red. ağlayır)
 
Oğlumun  musiqiyə çox marağı vardı. 5 il qarmon təhsili almışdı, çox yaxşı qarmon ifa edərdi. Deyirdi, mən toylara getməyə utanıram. Ailədə atasına heç kəs ürək edib nəsə deyə bilməzdi, həmişə ondan xahiş edərdik ki, desin. O, atası ilə dost idi, çox yaxın sirrdaş idilər, çox sıx bağları vardı.

Qardaşı oğlu İbrahimi çox sevərdi, hər gün onu xəbər alırdı. Nə təzə söz öyrənib, nə danışır? O qədər bağlı idi o balaca İbrahimimizə. Gedəndə öz çantasına qoyurdu, deyirdi gəl səni də özümlə aparım.
 
Şəhid balamın adına ailəmizin şəxsi vəsaiti hesabına abidəsi, bulaq kompleksi var. Adına Şamaxı şəhərində küçə verilib. Məktəb üçün də vəsadət qaldırılıb".
 
Şəhidin atası İbrahimov Seyidxan bəy deyir ki, Şamaxının girəcəyindəki qalanı ata-bala birgə inşa etmişdik: "Yanımda mənə çox köməklik edib. Çox məsulliyyətli, diqqətli uşaq idi. Hər zaman yanımda olmağa çalışırdı. Allah şəhidlərimizə rəhmət eləsin! Qazilərimizə cansağlığı versin! Şəhid atalarına, analarına səbr və can sağlığı versin".
 
Azərbaycan Ordusunun kiçik giziri olan Əlövsət İbrahimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Əlövsət İbrahimov oktyabrın 2-də Murovdağ döyüşləri zamanı şəhid olub. Şamaxı şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən, Əlövsət İbrahimov ölümündən sonra "Vətən uğrunda", "İgidliyə görə" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilib.

Ruhun şad olsun, şəhid qardaşım!

 





04.02.2023    çap et  çap et