525.Az

Nostradamusun görücülüyü və bu günümüz - Qəzənfər Paşayev yazır


 

Nostradamusun görücülüyü və bu günümüz - <b style="color:red"> Qəzənfər Paşayev yazır</b>

Mişel Nostradamusun külliyyatını ilk dəfə Azərbaycan dilində oxuculara təqdim etdiyim "Nostradamusun möcüzəli aləmi" kitabımın (Bakı, "Təhsil", 2007, 760 səh.) çapından cəmisi 15 il keçməsinə baxmayaraq, görücünün bəhs etdiyi, lakin açılmasına ehtiyac duyulan xeyli sayda əlamətdar hadisələr baş verib.

Buraya "İlham Əliyev haqqında Nostradamusun görücülüyü", "Qarabağ müharibəsi", "Azərbaycan-Ermənistan münasibətləri", "Rusiyanın Ukraynaya təcavüzü", "Putinin hakimiyyəti dövründə çoxlu qan tökməsi", "İngiltərənin Avropa Birliyini tərk etməsi", "Balkanlarda Xorvatiya ilə Serbiya arasında gərginlik və səbəbkarlar", eləcə də çağdaş həyatımızda baş verən digər hadisələr daxildir.

Deyilənləri və oxucuların arzusunu nəzərə alaraq kitab üzərində yenidən işləmək qərarına gəldim. Keçmişlə bağlı olan, o qədər də maraq doğurmayan katrenləri kitaba daxil etməyəcəyik. Bununla belə, tarixdə xüsusi əhəmiyyət kəsb edən hadisələr və şəxsiyyətlərlə bağlı katrenləri saxlamağı planlaşdırdıq. Tarix ibrət məktəbidir. İnsanlar ondan faydalana bilərlər. İndilikdə 20 ildən çox abunəçisi olduğum "525-ci qəzet"də Nostradamusun görücülüyü ilə bağlı silsilə yazılar verməyi, bəzi məqamları oxucuların nəzərinə çatdırmağı münasib bildim.

Bütün zamanların ən görkəmli görücüsü, XVI əsrdə yaşamış müstəsna şəxsiyyət Mişel Nostradamus (1503-1566) həm zəmanəsində, həm də çox-çox sonralar dünyada labüd olaraq baş verəcək əlamətdar hadisələri qabaqcadan görmüş və gördüyünü bəyan edərək gələcək nəsillərə əmanət qoymuşdur. Görücünün dahiyanəliklə bəyan etdikləri vaxtı çatdıqca möcüzəli şəkildə yerinə yetmiş və gerçəkləşməkdə davam edir. O, digər görücülərdən fərqli olaraq nəinki baş verəcək əlamətdar hadisələri, onların vaxtını, hətta özündən əsrlərlə sonra dünyaya gələcək bəzi tarixi simaların adlarını və hakimiyyət müddətini də tam dəqiqliyi ilə göstərmişdir.

Nostradamusun minə qədər katrendə (dördlük) bəyan etdiklərindən bir neçəsini oxucuların diqqətinə çatdırıram.

Görücü Napoleonun hakimiyyətinin 14 il çəkəcəyini (7 k 13), quduzluq və qara yara peyvəndlərini kəşf edən Pasteri yarımallah adlandıracaqlarını (1 k 25), Fransada De Qoll adlı birisinin üç dəfə rəhbər seçiləcəyini (9 k 33), Almaniyada dili əlində cida olan dəlidən daha qorxulu olan Hitlerin 11 il hakimiyyətdə olacağını, çox qanlar tökəcəyini, axırda ordusunun da, özünün də məhv olacağını (5 k 29), onun başına nə gələcəyini heç kimin bilməyəcəyini (3 k 58), İspaniyada Riveradan sonra hakimiyyətə Frankonun gələcəyini (9 k 16), o, Böyük Britaniyanın (3 k 70), ABŞ dövlətinin yaranacağını (1 k 50), Putinin doqquz il əmin-amanlıqla hökmranlıq edəcəyini, sonra onda qan tökməyə hərislik baş qaldıracağını, onun ucbatından böyük xalqın məhv olacağını, özündən daha çox tanınmış şəxs tərəfindən öldürüləcəyini (2 k 9), eləcə də 70 dövlətin müharibəyə girişməsi ilə III Dünya müharibəsinin başlayacağını (1 k 15)  və s. göstərmişdir.

Şübhə etmirəm ki, Nostradamusun "Şərq səltənəti" adlandırdığı Sovet İttifaqı ilə bağlı dedikləri azərbaycanlı oxucular üçün də maraqlı olacaqdır. Görücü 27 iyun 1557-ci ildə Fransa kralı II Henriyə, əslində gələcək nəsillərə ünvanladığı "Açıqlama"da yazmışdır: "Oktyabr ayında böyük inqilab olacaq. Çoxları deyəcəklər ki, bu, indiyə qədər baş vermiş inqilabların ən dəhşətlisidir. Sanki həyat məhvərindən çıxacaq. Yer üzünü zülmət bürüyəcək... Krallıqlar məhv olacaq. Bütün bunlar Yeni Babilistanın meydana gəlməsinə, iyrənc əxlaqsızlığa, çox pis mənəvi düşkünlüyə gətirib çıxaracaqdır... Kilsələrdə, məscidlərdə, ibadətgahlarda elə oyunlar çıxaracaqlar ki, gözdən və əldən məhrum olmuş qırmızılar da, ağlar da bunun dəhşətli nəticələrini görə bilməyəcəklər... Heç kim tarla və evlərin həqiqi sahiblərindən neçə nəfərin sağ qalacağını müəyyən edə bilməyəcək.

Onlar törətdikləri cinayətlərə görə cəzadan qurtara bilməyəcəklər. 73 il 7 ay davam edən hakimiyyət əllərindən alınacaqdır" (Bax: Nostradamusun möcüzəli aləmi. "Təhsil", 2007, s.721).

Burada bizim üçün anlaşılmayan bir şey yoxdur. "Krallıqlar dağılacaq" məfhumu altında "ölkələr müstəqilliyini itirəcək və SSRİ yaranacaq", "Yeni Babilistan - çoxmillətli materialist sovet dövləti", "Şərq səltənəti" - "sovetlər ölkəsi" mənasında işlənmişdir.

Adamı heyrətə gətirən odur ki, görücü sanki müasirimiz olub. Bizimlə bərabər bu ağrılı-acılı olayları yaşayıb, müşahidə edib. Nostradamus Sovet hakimiyyətinin 73 il 7 ay çəkəcəyini də peyğəmbərcəsinə, tam dəqiqliyi ilə göstərmişdir. 27 oktyabr 1917-ci il (köhnə təqvimlə) tarixdən 1991-ci ilin avqustuna qədər olan vaxtı nəzərə alsaq, düz 73 il 7 ay edir.

Əsrlərlə adı əfsanəyə çevrilən, dünyanın möcüzə şəxsiyyəti Nostradamusun Azərbaycanla bağlı katrenlərinin olub-olmaması da maraq doğurur.

Oxucunu intizarda saxlamadan deyim ki, görücünün Azərbaycanla bağlı bir neçə katreni (dördlüyü) vardır. Bu katrenlərdə Nostradamusun dövründən tutmuş zəmanəmizə qədər baş verən tarixi hadisələrdən və tarixi şəxsiyyətlərdən söz açılır.

Onlardan dördü bu günümüzlə - ikisi Qarabağ müharibəsi ilə, ikisi isə Ulu öndərimiz və Prezident İlham Əliyevlə bağlıdır.

Günümüzdə baş verən Rusiya-Ukrayna müharibəsi, Putinin qan tökməyə hərisliyi,  İngiltərənin Avropa Birliyini tərk etməsi, Serbiya-Kosovo problemi və sairə kimi Nostradamusun görücülüyündə öz əksini tapan hadisələrdən də söz açacağıq. Lakin bu dəfə Qarabağ müharibəsindən bəhs edən katrenlərdən bəhs edəcəyik.

Senturiya 5, katren 91-də (5 k 91) Nostradamus göstərmişdir:

Mars Şir bürcündə, Saturn isə Dolça bürcündə olanda

Yüngül silahlı Alban silahlı dəstəsini görəndə təəccüblənəcəkdir.

Hər şeydən əvvəl onu deyək ki, Mars Şir bürcündə, Saturn isə Dolça bürcündə 1993-cü il aprelin 27-dən iyunun 23-nə qədər olub. 4-cü sətirdə qədim romalıların "Albanois" adlandırdıqları Azrbaycanla Ermənistan arasında 1993-cü ilin aprel-iyun aylarında baş verən müharibədən bəhs edilir.

Nostradamus azərbaycanlıların yüngül silahla silahlandıqlarını da əsrlərlə öncə görüb.

Yeri gəlmişkən, nostradamusşünas Bardo Kidoqo bu katrendə Azərbaycanla bağlı maraqlı fikir irəli sürüb: "Albaniya deyəndə nədənsə insanlar Balkanları göz önünə gətirirlər. Bu təsəvvür düz deyil. Əslində qədim tarix də, Nostradamus da buna işarə edir ki, Albaniya Qafqaz və İran arasında indi Azərbaycan kimi tanınan ərazidir" (Bax: Bardo Kidaqo. Nostradamus. London, 1994, s.32).

Nostradamusun Qarabağ müharibəsi ilə bağlı görücülüyü 54 saylı katrendə özünü tam çılpaqlığı ilə göstərir:

Saçları qısa qırxmışları (yumrubaşları) silahdan məhrum edəcəklər.

Bu, münaqişənin müddətini xeyli uzadacaq.

İçki atası (içki düşkünü) ildırım sürətli albanlara qarşı kələk işlədəcək.

Özününkülərdən ayrı düşənlər məhv olacaq.

Bu katreni dünyanın ən görkəmli nostradamusşünası Con Houq açmışdır. O yazmışdır: "Qədim Albaniya Zaqafqaziya regionudur. Katren XX əsrin 90-cı illərində baş verən Ermənistan-Azərbaycan münaqişəsindən bəhs edir. 1993-cü ilin aprel-iyun aylarında erməni ordu hissələri özünün həlledici qələbəsini əldə edərək Dağlıq Qarabağı Azərbaycandan ayırdı. Doxsanıncı illərin ortalarında Azərbaycan-Ermənistan münaqişəsi səngidi" (Bax: Con Houq. Nostradamusun külliyyatı. Britaniya, 2001, s.399).

Bu katrenlə bağlı "Nostradamusun möcüzəli aləmi" kitabımda yazmışam: "Pompeyin Qafqaza yürüşünün iştirakçısı Feofan Mitilitsidən üzü bu yana Ptolemey, Strabon, Plutarx başda olmaqla bütün səyyahlar və tədqiqatçılar Qafqaz Albaniyası deyəndə indiki Azərbaycan ərazisini nəzərdə tutmuş və albanların azərbaycanlıların əcdadları olduqlarını göstərmişlər".

Azərbaycan-Ermənistan münaqişəsi hamıya tanışdır. Məlumdur ki, münaqişə ərəfəsində ruslar azərbaycanlıların əlindən ov tüfəngini də alırdılar. Hərbi sursat və müasir silahların olmaması ucbatından atəşkəsə razılaşdıq və katrendə göstərildiyi kimi, münaqişənin müddəti xeyli uzandı. Münaqişəyə son qoyulmadı. Lakin sonralar başqa ölkələrdən silah əldə etdik. Azərbaycan Ordusu ildırım sürəti ilə Füzuli-Cəbrayıl istiqamətində hücuma keçib çox yerləri azad edəndə, ermənilər vahimə içində qaçağa başladılar. Rusiyanın prezidenti Boris Yeltsin (içki düşkünü)  Azərbaycan rəhbərliyinə müraciət etdi və məsələni qan tökmədən həll etməyə söz verdi. Sözarası Rusiyanın Ermənistanla hərbi sazişinin olduğunu da yada saldı. Atəşkəs əldə olunsa da, Nostradamusun göstərdiyi kimi məsələ həll olunmadı. Katrenin 4-cü sətrində söhbət Qarabağda tutularaq Ermənistana aparılan azərbaycanlılardan gedir.

Katrenin 2-ci sətrindən göründüyü kimi, münaqişə bizim xeyrimizə həll olunacaq" (Bax: Nostradamusun möcüzəli aləmi. Bakı, "Təhsil", 2007, səh. 18-19).

Sevinirəm ki, 2007-ci ildə dediyim sözlər yerini aldı. Ali Baş Komandanımız İham Əliyevin inanılmaz strategiyası ilə müzəffər ordumuz 44 günə Qarabağı azad etdi. Möhtərəm Prezidentimizin göstərdiyi kimi, düşməndən on qat artıqlaması ilə qisasımızı aldıq.

 





13.02.2023    çap et  çap et