525.Az

Güney Azərbaycanda ədəbi tənqid: çağdaş mənzərəyə bir baxış - Esmira Fuad yazır


 

Güney Azərbaycanda ədəbi tənqid: çağdaş mənzərəyə bir baxış - <b style="color:red"> Esmira Fuad yazır</b>

(əvvəli ötən sayımızda)

 

Əziz Səlami şeirdə təkrarçılığın bütün hallarda onun dəyərini azaldan, qınanılan bir cəhət olduğunu ünlü sənətkarların yaradıcılıq örnəklərindəki nümunələrə əsaslanaraq diqqətə çatdırır: "Renuarın yaradıcılığında, uşaqlar, açıq havada yuyunan çılpaq qadınlar bollucadır. Van Qoq bir çox günəbaxan şəkli çəkmişdir. Monetin bir çox tabloları su zanbaqlarındandır. Rodin soyuq mərmər parçalarına qucaqlaşan çılpaq sevgililərin odunu hopdurmuşdur. Vivaldinin, Baxın, Motsartın bir çox bəstələrində eyni melodiyaları eşidirik. Şeirdə də beləmidir? Yox, şeirdə təkrar bəyənilmir, qınanır. Şeirin dəyərini azaldan nədənlərdən biri kimi sayılır... Bir şair bunu bilməli və ondan uzaqlaşmalıdır. Şeirdə təkrir biçimində vurğulamaq vardır, bu, tam başqa bir şeydir və bir şair bunu bacarmış olsa, bundan, çox yerində, çox gözəl yararlana bilər".

Tənqidçinin "Bütün böyük şairlərin bizə ən birinci öyrətdikləri budur ki, onlar dünyamızın böyük şairlərindən öyrənmədən şeirdə olduqları yerə vara bilməzdilər", - fikri dartışmasız qəbul olunası gerçəklikdir.

Ancaq bir gerçək də var ki, bütün bu yorumlardan Güneydə Ana dilinin, doğma türkcənin hazırkı durumundan və sabahından əndişə duyan, rahatsız olan aydınların, üç təəssübkeş Vətən oğlunun könül çırpıntıları duyulur.

Heç kəsin haqqına girməyən, hər bir qələm adamına etdiklərinə, yalnız xalqının, millətinin və onun qonuşduğu dilin aydın gələcəyi naminə göstərdiyi çabalarına görə qiymət vermək cəhdində bulunan H.Qaraçayın, Ə.Səlaminin və eyni zamanda da Eyvaz Tahanın narahatlıqları yansıyır.

Yuxarıdakı yanıtlardan elə düşünülməsin ki, Hadi Qaraçay gənclərimizin dünya, eləcə də Avropa ədəbiyyatı nümunələrini oxumasının, batının-Qərbin klassik musiqisini dinləməsinin əleyhinədir, əsla! O, bütün bunlardan daha öncə, gənclərimizin öz soykökümüzlə bağlı olan əski mədəniyyət abidələrimizi öyrənməyə, "Dədə Qorqud"u, "Oğuznamələr"i, "Divani lüğat-it Türk"ü, "Orxon-Yenisey" yazılarını oxumaq üçün könüllü, həm də borclu olduğunu düşünür.

Qeyd edək ki, ədəbi-fəlsəfi yazı və kitablarını maraqla oxuduğum və yeri gəldikcə sayğıyla örnəklər gətirdiyim Eyvaz Tahanın "Şeir varlığın evidir" tənqidi-fəlsəfi  araşdırması, "Necə yazaq" adlı, Azərbaycan türkcəsinin qrammatikasını öyrədən kitabları həm ədəbi tənqid, həm də elmi-fəlsəfi yanaşma baxımından dəyərli əsərlərdir.

Hümmət Şəhbazinin çağdaş ədəbi proses, poeziya, modern şeir, çağdaş ədəbiyyatımızda maraqlı tendensiyalar, ədəbiyyatın gəlişməsi prosesində tənqidin rolu və sair qonularda qələmə aldığı yazı və söyləşiləri onun bu məsələlərə professionallıqla yanaşmasından soraq verir. Tənqidçinin fikrincə, Azərbaycan ədəbiyyatında modernləşmə dönəmi M.F.Axundzadə, C.Məmmədquluzadə, M.Ə.Sabirlə dirçəlib, lakin siyasiləşmə dönəmi bu prosesə mənfi təsir göstərib. Pəhləvi rejimi, o tayda isə Sovetlər Birliyi isə bu yaradıcı mühiti ikiyə parçalayıb. O tayda yaradıcılıq var, özəlliklə nəsrdə, bu tayda isə qorxu içində çırpınan bir ədəbiyyat yaranıb. Əslində, bizim yaradıcılıq "məhsulumuz" hər millətdən qabaq yaranır, amma hamıdan sonra üzə çıxır. Məsələn, sərbəst şeir yazmağa farslardan qabaq başlamışdıq, ancaq çox sonralar üzə çıxdı. Modern nəsri biz tanıtdırırıq, ancaq məhsulumuzdan başqaları yararlanır və nəticədə onların adı ilə bağlanır. O, ədəbiyyatımızın ən ağrılı yerinin - ədəbi tənqidin iki yüz illik bir tarixinin olmasına baxmayaraq, indiki çağda geri qaldığını, gəlişmədə ləngidiyini üzüntü ilə dilə gətirir: "M.F.Axundzadənin "Nəzm və nəsr haqqında" türkcə, "Kritika" adlı farsca yazdığı məqalə yeni tənqidçiliyimizə böyük örnəkdir. Son yüz ildə barmaq sayı qədər belə tənqidi əsər yazılmayıb. Düzünü desək, bu işi hamı tənqidçidən gözləyir. Ancaq uzağa getməyək, elə Türkiyə ədəbiyyatına baxsaq görərik ki, orada tənqid işi təkcə tənqidçinin üzərinə  düşmür. Türkiyənin tanınmış yazar və şairləri, həmçinin, böyük tənqidçilərdir. Əhməd Haşim, Məlih Cevdət, Orhan Vəlidən tutmuş Camal Süreya, Attila İlhan, İlhan Berk, Hilmi Yavuz, Ənis Batur, Orhan Pamuka qədər. Yəni bunlar yaradıcılıqla yanaşı nəzəri cəhətlərə də diqqət göstərirlər. Təəssüf ki, bizdə belə deyil. Hər şeyi tənqidçidən umuruq. Bəs özümüz? Çıxan kitablar haqda fikir söyləmək çox çətindir? Səbəb də bir-birimizi izləməməkdə, oxumamaqdadır. Heç kim inciməsin, bu gün hamımız, başda Hümmət Şəhbazi olmaqla, bir-birimizi oxumuruq. Yeni nəşrlər haqqında bir abzas belə, danışmağa sözümüz yoxdur. Oxuduqca suallar yaranar, bu isə tənqidçiliyin bünövrəsidir. 70-ci onillikdə mütaliəmiz daha professional idi. Təəssüf ki, o dönəmdə yazıb-yaradanlar da bu günün xəstəliyinə düçar olublar. Bu gün dünya tənqidçiliyində "ədəbi tənqid" adında bir anlayış əvvəlki önəmini itirib. Hər nə varsa, "nəzəriyyə"dir. O anlayışın əvəzinə "nəzəriyyə" sözündən istifadə olur. Bunun da səbəbi var: bir əsərdən yazan və ya danışan şəxs yalnız o əsərin bədii keyfiyyətləri ilə məhdudlaşmır, bununla yanaşı, fəlsəfədən, psixologiyadan, sosiologiyadan bəhrələnir. Məsələn, Rolan Bartı oxuyanda konkret hansı sahədən danışdığı bilinmir. O, hər şeydən bəhs edir: ədəbiyyatın içində fəlsəfədən, fəlsəfənin içində ədəbiyyatdan, müəyyən detallara sosioloji aspektdən baxır və s.".

Açığı, gənc və istedadlı şair Elşən Böyükvənd də problemin kökünün Güney Azərbaycan ədəbiyyatının "ən axsaq yerlərindən birində, yəni onun hərtərəfli şəkildə araşdırılmamasında və yaranan əsərlərə "tənqid gözlüyü arxasından baxılmamasında olduğunu bildirir. O, inamla qeyd edir ki, "ədəbiyyatımızın bu problemini yeni nəfəs və düşüncə ilə meydana ayaq basmış gəncliyimiz aradan qaldırmalıdır. Bildiyiniz kimi, hələ də bizim Güney ədəbiyyatımızı düzgün şəkildə araşdıran tənqidçilərimiz ortaya çıxmayıbdılar. Buna görə biz gənclər bu boşluğu doldurmağa çalışmalı və öz üzərimizdə işləməliyik. Nəsrimizin gəlişmə prosesi və kökü barədə, habelə çağdaş şeirimizin bütün ədəbi özəlliklərini araşdırmadığımıza görə, bu günün gənc ədəbiyyatçısı bir çox problemlərlə üzbəüz qalmaqdadır..." 

Əksər tədqiqatçılar və qələm adamları, ümumiyyətlə, Azərbaycan ədəbiyyatında tarixən poeziyanın üstünlük təşkil etdiyini dönə-dönə vurğulamış, səbəblərini şərh etməyə çalışmışlar. Bu mənzərə "Azərbaycan şairlər yurdudur" istilahında da çox aydın yansıyır. Ancaq böyük Vətənimizin Quzey parçasında durum fərqlidir və güclü nasirlərimizin roman yaradıcılığı burada nəsrin hansı səviyyədə inkişaf etdiyinin göstərgəsidir. Elşən Böyükvəndin Azərbaycan türkcəsində Güneydə roman yaradıcılığının zəif inkişaf etdiyini açıqlayan fikirləri çılpaq gerçəyi sərgiləyir: "Ana dilində yazmamaq, yaxud iki və bir neçə dildə yazmaq məsələsi Batı ölkələrində olduğu kimi, Doğu ölkələrində də görünən məsələdir. Güney Azərbaycanda 1360-cı illərə (hicri) qədər təkcə 5 cild boşqaba qoymalı roman kitabının olmamasının əsas səbəbi Rza Bərahəni, Səməd Behrəngi və Q.H.Səidinin bacarıqsızlığı, laqeydliyi və Ana dillərinə "sevgi və şuur" bəsləməməyin sonucu kimi görmək, İranın çağdaş siyasi-ictimai tarixini yaxşı oxumamaq və bu məsələyə qərəzli və qeyri-elmi yanaşmağın sonucudur, məncə. Yuxarıdakı tarixə qədər Ana dilimizdə roman yazmaq istəyən yazıçı Türk dili dənizində dalğıclıq (qəvvaslıq) etməli idi, amma Pəhləvilərin Ana dilimizə tutduqları divanın içində roman yazmağa heç bir imkanatın olmaması və Ana dilimizdə roman kitablarının yoxluğunu unutmamalıyıq. Ənis Batur "Ana dil, Ögey dil və Ötəki dil" başlıqlı məqaləsində Dante, Petrarka, Bekket, Paund, Nabokov, Konrad və Kundera kimi öz Ana dillərində yazıb-yazmayan, ikidilli və çoxdilli yazarlardan danışır, amma  Güney Azərbaycan yazıçıları kimi, yazısından öfkəli bir qoxu duyulmur. Osmanlı dövrü və çağdaş Türkiyə yazarları barədə danışarkən məsələyə ideolojik xarakter verməkdən çəkinir. Güney Azərbaycandan fərqli olaraq hər iki dövrün yazarlarının (Osmanlı və  yeni Türkiyə dövrü) öz Ana dillərində təhsil almaq imkanına malik olduqlarına heç bir şübhə yoxdur.

Güney Azərbaycanda ən əsas problemin Ana dili məsələsi, ikinci problemin isə ədəbi tənqidin zəifliyinin olduğunu bildirən Ruqiyyə Kəbiri də vəziyyətin səbəbini Ana dilində təhsilin olmaması ilə izah edir və söyləyir ki, professional tənqidçimiz olmaması səbəbindən əsərlər ciddi halda tənqid olunmur. Ədəbi tənqid boşluğu, mühafizəkar və patriarxal psixologiya, öy məni-öyüm səni cərgələri və başqa nədənlərin ucbatından ədəbiyyatımızın durumu biz gəncləri çox kədərləndirir".

Problemə obyektiv yanaşan və Güneydə əsl, qərəzsiz, obyektiv ədəbi tənqidin formalaşmasını istəyən və bu amacla da çabalayan aydınlarımızın fikirlərinə söykək Mirzə Fətəli Axundzadənin "Kritika" məqaləsi əsasında Tokio Universitetinin professoru İrəc Parsinejadın qələmə aldığı "M.F.Axundzadənin ədəbi tənqidi" adlı yazısındadır: "Tənqid şairləri məcbur edəcək ki, ictimai məzmunu olmayan əsər yazmaqdan əl çəkib, əsl həyatdan bəhs edən əsərlər qələmə alsınlar. Tənqid eyni zamanda, nəsr yazanları sövq edəcək ki, "Qafiyə axtarmaqdan, uşaqsayağı mübaliğələrdən və gülünc müqayisələrdən tamamilə əl çəkərək" arzuolunan mövzularla məşğul olsunlar..." 

 

 





13.02.2023    çap et  çap et